Tarix elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mikayıl oğlu Mahmudovun 75 yaşı tamam olur. O, 1939-cu ildə anadan olmuş, 1956-cı ildə orta məktəbi bitirmişdir. 1962-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1966-cı ildə aspiranturanı başa vurmuş və “Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1966-1981-ci illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, ümumi tarix və Azərbaycan tarixi redaksiyalarının müdiri, ensiklopediyanın elmi işlər üzrə baş redaktor müavini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi və dosenti, Bakı Dövlət Universitetində qədim dünya və orta əsrlər tarixi kafedrasının dosenti, daha sonra müdiri, Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekan müavini, sonra isə dekanı vəzifələrində çalışmışdır.
1989-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin elmi şurasında “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı - XVII əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1990-cı ilin noyabrında tarix fakültəsinin xalq hərəkatında fəal iştirak edən bir qrup tələbəsinin universitetdən xaric olunmasına etiraz əlaməti olaraq Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı vəzifəsindən istefa vermişdir.
Azərbaycanın orta əsrlər tarixi, diplomatiya tarixi və ümumdünya tarixinə dair 1000-dək monoqrafiya, kitab, dərslik, dərs vəsaiti, elmi, elmi-publisistik məqalə, dövri mətbuatda dərc olunmuş müxtəlif xarakterli yazılar və s. nəşrlərin müəllifidir. Eyni zamanda, Y.M.Mahmudovun irihəcmli tərcümələri vardır. O, ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın (Bakı-2004) baş redaktoru və “Naxçıvan Ensiklopediyası” (Bakı-2005) redaksiya heyətinin üzvüdür. Həmin ensiklopediyalarda, həmçinin “Azərbaycan Sovet Ensiklopediyası”nda çoxsaylı məqalələri dərc olunmuşdur.
Türkiyə, ABŞ, Rusiya, Yunanıstan, İran, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, İraq, İsveçrə, Belçika, Şimali Kipr Cümhuriyyəti, Pakistan, Xorvatiya, Filippin, İsveç, Macarıstan, İtaliya və başqa ölkələrin müxtəlif şəhərlərində (Ankara, İstanbul, Vaşinqton, Nyu-York, Moskva, Sankt-Peterburq, Kiyev, Afina, Tehran, Seul, Hoseo, Pusan, Kayseri, Təbriz, Zəncan-Sultaniyyə, Vladimir-Suzdal, Bağdad, Cenevrə, Brüssel, Manila, Stokholm, Budapeşt, Venesiya, Roma və s.) keçirilən beynəlxalq elmi simpoziumlarda iştirak və çıxışlar etmişdir.
Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvüdür.
Azərbaycan Respublikası Prezidenti yanında Heraldika Şurasının, “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyası”nın, Azərbaycan Respublikası Milli Məclisi Toponimika Komissiyasının, Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti İdarə Heyətinin, Qafqaz Müsəlmanları İdarəsi elmi-dini şurasının, Azərbaycan Milli Ensiklopediyası baş redaksiya şurasının, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.
Yusif Məmmədəliyev, Rəsul Rza, “Qızıl qılınc”, “Qızıl qələm”, “Samir Əsgərxanov”, “Humay”, “Gənclərin dostu” milli mükafatlarının laureatıdır.
Ölkə üzrə tarix ixtisası sahəsində Dissertasiya Şurasının, Təhsil Nazirliyi Elmi-Metodik Şurası tarix bölməsinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında tarix fənni üzrə elmi-nəzəri seminarın sədridir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Y.M.Mahmudov 2004-cü il sentyabrın 13-dən Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktorudur.
Təcrübəli elm təşkilatçısı olan Yaqub Mahmudov qısa müddət ərzində Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun fəaliyyətində əsaslı dönüş yaratmışdır. Onun təşəbbüsü ilə institutun elmi-tədqiqat planları dəyişdirilərək yenidən işlənmiş, əsas diqqət Azərbaycanın ayrı-ayrı dövrlərdə itirilmiş ərazilərinin tarixinin araşdırılmasına yönəldilmiş, Qarabağ, Naxçıvan, İrəvan, Borçalı, Dərbənd, Cənubi Azərbaycan, Azərbaycan xalqına qarşı həyata keçirilən deportasiyalar və soyqırımları tarixi, habelə Azərbaycan tarixinin qəsdən saxtalaşdırılmış bir çox problemləri əsas və təxirəsalınmaz tədqiqat obyektlərinə çevrilmişdir. Alimin rəhbərliyi, məqsədyönlü fəaliyyəti və bilavasitə iştirakı ilə qısa müddət ərzində işıq üzü görmüş fundamental “Qarabağ tarixi” (6 dildə), “Naxçıvan tarixi” (2 dildə), “Azərbaycan Tarixi Atlası”, onlarca monoqrafiyalar Tarix İnstitutunu akademiyanın qabaqcıl institutları sırasına çıxarmışdır. 30 ildən çox bir müddət ərzində nəşr olunmayan “Tarix İnstitutunun Elmi Əsərləri” Y.M.Mahmudovun gərgin əməyi sayəsində yenidən nəşr olunmağa başlamışdır. İnstitutda doktorantura yolu ilə kadr hazırlığı əsaslı surətdə yaxşılaşdırılmış, nəsillərin əvəz olunması prosesi ümidverici vəziyyətə qaldırılmışdır. Tarix İnstitutunun ölkə miqyasında nüfuzu artmış, beynəlxalq əlaqələri genişləndirilmişdir. Hazırda institutda elmi-struktur islahatlarının yeni mərhələsi başlanmışdır.
Müəllifin “Azərbaycan və Avropa: orta əsrlərdə diplomatik əlaqələr (Ağqoyunlu və Səfəvi dövlətləri dövrü)” (2010) kitabı ABŞ-ın Nyu-York şəhərində ingilis dilində, Rusiya Federasiyasının Moskva şəhərində isə rus dilində, “Azərbaycan və Avropa: Ağqoyunlu dövründə qarşılıqlı əlaqələr (XV əsrin ikinci yarısında)”, “Azərbaycan tarixi: Erkən intibah dövrü (IX əsrin ikinci yarısı - XIII əsrin əvvəli)” monoqrafiyaları ABŞ-ın Los-Anceles şəhərində ingilis dilində nəşr edilmişdir.
Yaqub Mahmudov 2012-ci il oktyabrın 26-da Oksford sammitində Beynəlxalq Sokrat Komitəsi tərəfindən böyük təşkilatçılıq qabiliyyətinə, yüksək peşəkarlığına, rəhbərlik istedadına və liderlik keyfiyyətinə görə “Ən yaxşı baş menecer” fəxri adına layiq görülmüşdür. Avropa Biznes Assambleyasının Sosial Tərəfdaşlıq Cəmiyyəti, Böyük Britaniya və Şimali İrlandiya Patent İdarəsi tərəfindən marketinq məqsədləri üçün 5 illik (20.10.2012 - 20.10.2017) “Best Enterprise” lisenziyası verilmişdir. Onun rəhbərlik etdiyi Tarix İnstitutu 2012-ci il oktyabrın 26-da Oksford sammitində Beynəlxalq Sokrat Komitəsi tərəfindən elmi - tədqiqat fəaliyyətinə görə ən yaxşı müəssisə – “Best Enterprises - 2012” diplomuna layiq görülmüşdür. 2012-ci il iyulun 12-də Dublin Sammitində (Dublin, İrlandiya) böyük elmi nəaliyyətlərinə görə Beynəlxalq Sokrat Komitəsinin “The Name in Science" (“Elmdə ad”) fəxri titulu verilmişdir. Bununla da, Azərbaycanın əməkdar elm xadimi Yaqub Mahmudov dünya elminin inkişafına verdiyi töhfəyə görə medalla təltif edilərək XXI əsrin məşhur elm adamlarının siyahısına daxil edilmişdir. 2013-cü il fevralın 10-da Azərbaycan Kazakları İcmasının “Ataman Anton Qolovatıy” adına ordeni ilə təltif olunmuşdur. 2013-cü il dekabrın 16-19-da Böyük Britaniyanın Oksford şəhərində keçirilən “Elm və təhsil.Yeni imkanlar və istiqamətlər” mövzusuna həsr olunmuş beynəlxalq elmi konfransda milli dəyərlərin qorunması, yüksək rəşadət və dürüstlüyə görə “Kraliça Viktoriya” diplomuna və medalına layiq görülmüşdür.
Yaqub Mikayıl oğlu Mahmudov xalqımızın elm, təhsil, ictimai-siyasi həyatına, müxtəlif elmi məktəblərin yaradılmasına və inkişafına, bütün həyatı boyu doğma Vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan, əzmlə çalışmışdır. Yüksək səviyyəli alim, səriştəli pedaqoq-müəllim, təcrübəli rəhbər işçi, əməkdar elm xadimi, fəal ictimai-siyasi xadim, “Şöhrət” ordeni, “Şərəf” ordeni, Azərbaycan Respublikasının Dövlət Mükafatına və çox sayda müxtəlif mükafatlara layiq görülmüş, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Yaqub Mahmudovun elmi fəaliyyətini yüksək qiymətləndirmiş, onu Azərbaycanın “böyük tarixçisi” adlandırmışdır.
Bundan əlavə, Yaqub Mahmudov fəal ictimai-siyasi xadimdir. Azərbaycan Respublikası parlamentinin deputatı (II, III və IV çağırışlar) kimi ölkənin daxili həyatı və xarici siyasəti ilə bağlı məsələlərdə prinsipial vətəndaşlıq mövqeyi nümayiş etdirən Yaqub Mahmudov prezident seçkilərində ümummilli lider Heydər Əliyevin və İlham Əliyevin vəkili olmuş və bir sıra rəsmi dövlət səfərlərində onları müşayiət etmişdir.
Bu arayışdan sonra biz istərdik Yaqub müəllimin son 10 illdə gördüyü işlərdən danışaq. Təcrübəli elm təşkilatçısı olan Yaqub Mahmudov qısa müddət ərzində Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun fəaliyyətində əsaslı dönüş yaratmışdır. Onun təşəbbüsü ilə institutun elmi-tədqiqat planları dəyişdirilərək yenidən işlənmiş, əsas diqqət Azərbaycanın ayrı-ayrı dövrlərdə itirilmiş ərazilərinin tarixinin araşdırılmasına yönəldilmiş, Qarabağ, Naxçıvan, İrəvan, Borçalı, Dərbənd, Cənubi Azərbaycan, Azərbaycan xalqına qarşı həyata keçirilən deportasiyalar və soyqırımları tarixi, habelə Azərbaycan tarixinin qəsdən saxtalaşdırılmış bir çox problemləri əsas və təxirəsalınmaz tədqiqat obyektlərinə çevrilmişdir.
Yaqub müəllimin rəhbərliyi ilə AMEA Tarix İnstitutunda geniş islahatlar proqramı həyata keçirilir, müxtəlif elmi məktəblər yaradılır, layihələr həyata keçirilir. “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi həmin islahatlar proqramının mühüm tərkib hissəsidir. Azərbaycan tarix elminin gələcəyi üçün son dərəcə gənrəkli olan bu layihənin həyata keçirilməsi, hər şeydən əvvəl, onunla bağlıdır ki, Azərbaycan tarixinin son illərədək öyrənilməyərək qalan çoxsaylı problemlərinin tədqiq olunması institutda diqqət mərkəzinə götürülmüşdür.
2007-ci ildən başlayaraq “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsinin həyata keçirilməsi ilə Azərbaycan tarixinin xüsusi məqsədlərlə təhrif olunmuş və saxtalaşdırılmış səhifələrinin yenidən yazılması, Azərbaycanın müxtəlif tarixi dövrlərdə itirilmiş torpaqlarınnın tarixinin araşdırılaraq bugünkü nəsillərə olduğu kimi çatdırılması Tarix İnstitutunun əməkdaşlarının əsas tədqiqat obyektinə çevrildi. Yaqub müəllim həmin layihə çərçivəsində vaxtilə üzümüzə qapalı olan bu arxivlərdə nəinki işləmək, hətta bu sənədləri olduğu kimi institutumuza gətirib çap etmək imkanını (böyük çətinliklər bahasına) yarada bildi. Azərbaycan tarixi ilə bağlı dünyanın müxtəlif arxivlərində saxlanılan bu qiymətli sənədlər “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi çərçivəsində artıq Tarix İnstitutuna gətirilmişdir. Moskva, Sankt-Peterburq, Dərbənd, Mahaçqala, Tiflis, Krasnovodsk, İstanbul, Ankara, Paris, London, Berlin, Dehli kimi şəhərlərin arxivlərindən əldə olunan bu sənədlər çoxcildli toplular şəklində hazırlanaraq tədqiqatçılara və geniş oxucu kütləsinə təqdim edilməkdədir.
Bu layihənin həyata keçirilməsi Azərbaycan tarixinin araşdırılmayan, öyrənilməsinə qadağalar qoyulan gerçək tarixinin hərtərəfli tədqiqinə geniş imkanlar yaratdı. “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsinin həyata keçirilməsi sahəsində qısa vaxt içərisində institutda mühüm uğurlar əldə olunmuşdur. Həmin layihə çərçivəsində ərsəyə gələn kitab və məqalələri saymaqla qurtarmaq mümkün deyil.
O, Azərbaycan xalqının qatili və soyqırımı cəlladı olan Stepan Şaumyanın və onun əlaltılarının məzarlarının paytaxtımızın mərkəzindən ümumşəhər qəbiristanına köçürülməsi zamanı böyük qeyrət göstərərək bu hadisələri axıra qədər izləmək üçün günlərlə çətin şəraitdə həmin prosesdə yaxından iştirak etmişdi. Dövlət başçımızın bu cəsarətli göstərişi nəticəsində həmin məzarlıqda 26 deyil, 23 cəsədin qalıqları olduğu aşkara çıxdı və bununla illərlə xalqımıza yalan satan daşnak-bolşevik saxtakarlığının üstü açıldı. Məlum oldu ki, Stepan Şaumyan və Tatevos Amiryan kimi soyqırımı qatillərinin cəsədləri həmin məzarlıqda yoxdur!
Yeri gəlmişkən, qısa vaxt içərisində Tarix İnstitutunda ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi və burada məskunlaşdırılması, ermənilərin azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasətini əks etdirən sənəd topluları ilə yanaşı, tariximizə yeni baxış nümunəsi olan, erməni saxtakarlığını tutarlı dəlillərlə ifşa edən ciddi elmi araşdırmalar da ortaya qoyulmuşdur. Biz bu əsərləri də sadalamaq fikrindən vaz keçirik.
Bundan əlavə, az vaxt içərisində Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyəti tarixinin müxtəlif problemləri ilə bağlı ciddi elmi araşdırmalar ortaya qoyulmuşdur.
Onu da qeyd etmək yerinə düşərdi ki, hazırda Tarix İnstitutunda aparılan bu əsaslı islahatlar - milli tariximizin saxtalaşdırmalardan, təhriflərdən təmizlənməsi, Vətənimizin tarixinin yenidən, həqiqətdə olduğu kimi yazılması, dünyanın müxtəlif ölkələrindən qiymətli ilk mənbələrin, çoxsaylı arxiv sənədlərini institutumuza gətirilib nəşr edilməsi ulu öndərin vəsiyyəti və dövlət başçımızın qayğısının nəticəsidir.
Bu diqqət və qayğı olmasaydı, yaxın keçmişdə adının belə çəkilməsi yasaq olunan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunmuş ikicildlik ensiklopediyamız, Milli Tarix Atlasımız, Dövlət Mükafatına layiq görülən “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığının tarixi” fundamental tədqiqatları yazılıb xarici dillərə tərcümə olunaraq dünya ölkələrində yayılmazdı. İndi Tarix İnstitutunun əsərləri Bakı ilə yanaşı, Moskvada, İstanbulda, Ankarada, İslamabadda, Budapeştdə, Kiyevdə, Londonda, Nyu-Yorkda, hətta Los-Ancelesdə də nəşr olunur.
Qətiyyətlə deyə bilərik ki, bu gün AMEA-nın Tarix İnstitutunda aparılan köklü islahatlar, bütün fundamental araşdırmalar, milli tariximizin dirçəldilməsi prosesi, bilavasitə onun rəhbərliyi və layihələri ilə həyata keçirilir.
Bu gün onun rəhbərlik etdiyi Azərbaycan tarixçiləri erməni təcavüzkarlarına qarşı informasiya müharibəsi aparırlar.
Xalqımızın elm, təhsil, ictimai-siyasi həyatına, müxtəlif elmi məktəblərin, xalqımızın milli tarixinin dirçəliş konsepsiyasının yaradılması və həyata keçirilməsinə həsr olunmuş, bütün həyatı boyu doğma Vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan, əzmlə mübarizə apararaq Vətən naminə yaşanan şərəfli ömrün 75-ci baharında onu ən səmimi, ən xoş duyğularla bütün kollektivimiz adından təbrik edirik!
Qədirbilən xalqımız ona – fəal ictimai-siyasi xadim Yaqub Mahmudova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi ölkənin daxili həyatı və xarici siyasəti ilə bağlı gördüyü bütün işlər üçün də minnətdardır. Təhsil və elmi təşkilatçılıq işində - Bakı Dövlət Universitetində, AMEA Tarix institutunda çox sayda elmi kadrların, gənc alimlərin yetişdirilməsi, Azərbaycan tarixinin tədqiqi sahəsindəki sayagəlməz uğurları ilə o, özünə ümumxalq sevgisi qazandırmışdır.
Cəbi BƏHRAMOV,
Tofiq NƏCƏFLİ,
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavinləri, tarix üzrə fəlsəfə doktorları, Güntəkin NƏCƏFLİ, Azərbaycanın beynəlxalq əlaqələri tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.