Adana festivalının Azərbaycan notları və rəngləri

 

 

Qardaş Türkiyədə keçirilən beynəlxalq elm-sənət bayramından gələn xoş sorağımız

Türkiyə Cümhuriyyəti “Altın Oran (Qızıl Nisbət) Düşüncə və Sənət Dərnəyi”nin Adana şəhərində gerçəkləşdirdiyi “Adanaya güc verənlər-I” layihəsi çərçivəsində keçirilən tədbirlərdə Bakıdan getmiş və xaricdə yaşayan soydaşlarımız da fəal iştirak etmiş, xalqımızın zəngin mədəni dəyərlərini iri planda sərgiləmişlər.

 Adanada fəaliyyət göstərən bu sənət qurumu elm-sənət sahəsində bilikləri yayan bir məktəb kimi bölgənin mədəni həyatında mühüm yer tutur. “Adanaya güc verənlər” layihəsinin məqsədi isə mədəniyyətə xidmət edən elm, sənət adamlarını, ziyalı insanların iştirakı ilə örnək tədbirlər keçirmək, gənc nəsli yaradıcılığa, sənətə ruhlandırmaqdır. Müxtəlif ölkələrdən dəvət olunmuş türkdilli mədəniyyət, incəsənət nümayəndələrinin əlvanlıq yaratdığı tədbirə Azərbaycan ziyalıları ölkəmizə məxsus notlar və rənglər qatmışlar.

“Adanaya güc verənlər-I” festifalının təntənəli açılışı mərasimində Adana Böyük Şəhər Bələdiyyə başqanı Zihni Aldırmaz, Ceyhan Bələdiyyə başqanı Hüseyn Sözlü, Adana Valiliyi nümayəndələri, Azərbaycandan dəvət olunmuş kulturoloq-yazıçı Akif  Əli, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Kənan Murtuzov, Amerikada yaşayan Azərbaycan diasporunun nümayəndələri – Nyu-Yorkda fəaliyyət göstərən “Meridian” Beynəlxalq Media Şirkətinin prezidenti Pərvanə Abbaspur, araşdırmaçı-musiqiçi Nailə Beydulla Əziz, İstanbulda yaşayan azərbaycanlı əməkdar rəssam Teymur Rzayev, Adanadakı Azərbaycan Mədəniyyət Dərnəyinin başqanı Yaqub Bulud və başqaları iştirak etmişlər.

Bu barədə redaksiyamıza yazdığı məktubda ətraflı söhbət açan ABŞ-da yaşayan diaspor fəallarımızdan biri olan Pərvanə Abbaspurun festivaldan qeydlərini oxucularımıza təqdim edirik:

– Müxtəlif peşə və sənət sahibi olan 25 türk övladının adı Adanaya təmənnasız xidmət etmiş örnək şəxs kimi bir il öncədən müəyyənləşdirilmiş, onların ömür yolu öyrənilmiş, 25 min ağ-qara fotosu intibah dahisi Karavaccioya məxsus işıq-kölgə effektləri ilə (“Qaranlığı yaran işıq”) çəkilmiş və hər biri barəsində 40 səhifəlik kitab hazırlanmışdı. Açılışda “Altın Oran Düşüncə və Sənət Platformu”nun başqanı və layihənin rəhbəri Haluk Uyğur dedi: “Çoxlu qəhrəmanımız olsa da, ilk mərhələdə yalnız 25 nəfərin 25 min fotosunu, 25 kitabını hazırlaya bildik. Elə bu üzdən layihəmizə “Adanaya güc verənlər-I” adını qoyduq, yəni “davamlı olacaq”- demək istədik. Adanaya təmənnasız xidmət göstərmiş hər kəsin qarşısında sayğıyla baş əyirik.”

Bu qeyri-ənənəvi festival həftə boyu davam etdi. Böyükşəhər Bələdiyyə Teatrının binasında təntənəli açılışdan sonra tədbir “75-ci il” Sənət Qalereyasında şəhərin məşhur memarlarından Mine Limanın tərtibat verdiyi sərgi salonunda davam etdi. 250 foto əsərinin sərgiləndiyi həmin ekspozisiyada 25 məşhurun fotolarını çəkən ustaların yaradıcılığı da yer almışdı. Sərgiyə qatılan layihə qəhrəmanları oxucularla görüşlər keçirir, adlarına hazırlanan foto-bioqrafiya kitablarını imzalayırdılar. Ertəsi gün açıq havada – Abidin Dino adına salonda açılan ekspozisiyada da 25 məşhur şəxsin həyat və yaradıcılığına dair eksponatlar sərgiləndi, kitab bayramı keçirildi. Ünlü yazar Müzəffər İzgü, tanınmış xəttat, rəssam Hatəm Çalışqan da tədbirə qatılmışdı. Sərgi salonunda Mahmut H. Kısakürəyin məşhur “Hacivat - Qaragöz” tamaşası göstərildi.

Soydaşımız məktubunda daha sonra bildirir:

– Festivalda iştirak edən azərbaycanlılar üçün qürurverici idi ki, Adanada mədəniyyətin inkişafına, şəhərin tanınmasına əmək sərf etmiş 25 məşhur şəxs arasında həmyerlimiz, Çukurova Universiteti Dövlət Konservatoriyasının teatr bölümünün qurucusu, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor Cahangir Novruzov da var idi. Layihə çərçivəsində onun haqqında “Adanada bir bahar Cahangir Novruz” adlı kitab nəşr edilmişdi.

 Artıq xeyli vaxtdır qardaş ölkədə yaşayıb-yaradan Cahangir Novruzov bu gün Türkiyədə də istedadlı sənətkar kimi tanınır. Adana şəhəri Çuxurova Universitetində  professor kimi səmərəli fəaliyyət göstərən, gənc teatr kadrlarının hazırlanmasında var qüvvəsi ilə çalışan Cahangir Novruzov iki ölkə arasında mənəvi-mədəni bağların daha da möhkəmlənməsi, əlaqələrimizin inkişafı üçün xidmətlərini əsirgəmir. Adanada düzənlənən beynəlxalq festivalda onun yaradıcılığının da əksini tapması bunun bariz sübutu kimi bizi çox sevindirdi.

“Adanaya güc verənlər-I” layihəsinin möhtəşəm final tədbirində ilk söz hörmət əlaməti olaraq Azərbaycanı təmsil edən ziyalılara verildi. Tanınmış yazıçı-publisist, fəlsəfə doktoru, professdor Akif Əli həmyerlimiz Cahangir Novruzovu böyük yaradıcılıq uğuru münasibətilə təbrik etdi, ona Azərbaycan Teatr Xadimləri İttifaqının təşəkkür məktubunu təqdim etdi. Akif Əli Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə peşəkar teatrımızın 140 illiyinin qeyd olunduğu bir dövrdə məşhur Azərbaycan rejissoru və aktyorunun qardaş ölkədə qazandığı uğurun teatrsevərlərimiz üçün sevindirici olduğunu vurğuladı. Sonda o, Türk dünyasının iki dahi şəxsiyyətindən  Heydər Əliyev və Mustafa Kamal Atatürkdən bəhs edən “Böyük ömrün anları” adlı albomu sənətkara hədiyyə edəndə salonu gurultulu alqışlar bürüdü. Mən isə ABŞ-da yaşayan soydaşlarımız adından şirkətimizdə nəfis tərtibatla hazırlanmış xüsusi plaketi sevimli sənətkarımıza təqdim etdim, ona xoş arzularımızı çatdırdım.

Pərvanə Abbaspurun yazısı bu sözlərlə bitir:

– Beləliklə, bir-birindən mənalı keçən, maraqlı tanışlıqlarla zəngin və bənzərsiz Adana festivalı türkdilli xalqların müxtəlif məkanlardan gəlmiş övladları arasında ruh və amal birliyinin əyani nümayişi kimi xatirələrdə unudulmaz iz buraxaraq, əfsunlu bir Adana gecəsində tarixə qovuşdu. Bu festival həm də onu göstərdi ki, soydaşlarımız dünyanın harasında yaşamasından asılı olmayaraq, doğma Azərbaycanımızı ləyaqətlə təmsil edir, ölkəmizi qədərincə tanıdır, dostlarımızın sayını çoxaldırlar.

Çapa hazırladı: Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.

Şəkillərə iri formatda baxmaq üçün üzərində klikləyin



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında