İnsan inkişafı və ekoloji sivilizasiya

 

 

Bügünkü dünyanın ictimai-siyasi, iqtisadi və ekoloji mənzərəsinə baxdıqda bütün inkişafların, tərəqqinin özülündə insan amilinin, insan kapitalının, bir qədər də dəqiq desək, insan zəkası dayandığı görünür. Bu mənada XXI əsri elm-təhsil əsri adlandıranlara haqq qazandırılmalıdır.

Hazırkı dünya durumu nəinki yüz il, heç 50 il qabaqkı dünya deyildir. Əvvəllər ən çox hər bir ölkə öz gələcəyi haqqında düşünür, ölçüb-biçirdi. Bu gün isə bütün dünya ölkələrinin, millət və xalqların gələcəyi, inkişafı bir çox dünya alimlərini düşündürür. Yeni nəzəriyyələr, yeni inkişaf yolları irəli sürülür. Dünyanın bir çox mötəbər alimləri bu gün səylərini bu sahəyə yönəldərək fikir mübadiləsi aparırlar.

Milli qürur hissi ilə söyləyə bilərik ki, bu sahədə çalışan dünya alimlərinin ön cərgələrində Azərbaycan alimi də vardır. Bu, uzun illər ekoloji sivilizasiya konsepsiyası sahəsində nəhəng işlər görmüş akademik Urxan Ələkbərovdur. Yeri gəlmişkən qeyd edək ki, Urxan müəllim hələ 1989-cu ildə “Yaşıl” təfəkkür (demokratiya və istehlak mədəniyyəti) və “yaşıl” iqtisadiyyata əsaslanan və irəli sürüldüyü andan da dünyada geniş əks səda doğurmuş ekoloji sivilizasiya konsepsiyasının müəllifidir. Məhz elmdə yüksək nailiyyətlər əldə etdiyindəndir ki, ətraf mühitin təbii, iqtisadi, sosial və siyasi idarə edilməsi sahəsində beynəlxalq ekspertdir.

Akademik U.Ələkbərovun elmi işlərində bütün dünyanın ekoloji tarazlığı və təbiətin bir hissəsi olan insan durur. İnsan hər şeyə qadirdir. Bu mənada U.Ələkbərov bütün dünyada tanınan və Azərbaycanı dünyaya tanıtdıran alimlərimizdəndir.

Azərbaycan aliminin bəşər gələcəyinin bütün parametrlərdə irəlicədən görməsi, istehlak və istehsal arasında tarazlıq məsələlərinin elmi cəhətdən dəqiq proqnozlaşdırılması bütün dünya üçün həyəcan təbilidir. Alimin araşdırmaları göstərir ki, son 30-40 ildə dünya üzrə istehlak 32 dəfə (!) artmışdır və bu durmadan da artır. Bu isə bəşəri fəlakətə aparır. Ona görə də dünyanın təbiətşünas, cəmiyyətşünas alimləri bununçün səylərini birləşdirməyə çalışırlar. Bax, dünyanın və eləcə də bəşər övladının gələcək taleyini düşünən, yollar arıyan nəhəng elm fatehləri arasında azərbaycanlı alimi U.Ələkbərovun olması sözün həqiqi mənasında, milli fəxarətdir. Akademik U.Ələkbərovun elmi proqnozları, yüksək təfəkkürə söykənən fikirləri dünya elmi tərəfindən həmişə elmə bir yenilik kimi qəbul edilir və  dəyərləndirilir. Məhz buna görədir ki, akademik U.Ələkbərov ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, Niderland və digər ölkələrdə beynəlxalq komitə, rəhbər komitə və şuraların, elmi jurnallarda redaksiya heyətinin rəhbəri və üzvüdür. Dünyanın ən qabaqcıl təhsil ocaqlarında, universitet və akademiyalarında davamlı inkişaf və ekoloji sivilizasiyaya dair mühazirələr oxuyur, seminarlar aparır. Akademik U.Ələkbərovun bir üstün cəhəti də vardır: o, bir çox dünya dillərini, xüsusən də rus, ingilis, türk və s. dilləri mükəmməl bilir.

Akademik U.Ələkbərovu hazırda düşündürən əsas məsələlərdən biri - gənc nəslin zaman və dövrə görə düzgün istiqamətləndirməkdir. Gənclərimiz dünua elminə, dünya təhsilinə inteqrasiya olmaqları ilə bərabər onlar vətənə bağlı olmalı, xaricdə yiyələndikləri elm və təcrübəni öz vətənlərində tətbiq etməlidirlər. Böyük alim bunu istəyir, buna çalışır. Bu günlərdə alimin Azərbaycan dilində yazdığı “Davamlı insan inkişafı və ekoloji sivilizasiyanın əsasları” adlı kitabı nəşr edilmişdir. Müəllif Azərbaycanın dünyanın inkişaf edən ölkələr sırasına çıxmasının səbəbini ölkəmizdə uğurla həyata keçirilən inkişaf strategiyasının nəticəsi olduğunu elmi dəlillərlə göstərir. Alim bu inkişafın təkcə kəmiyyət artımı yox, həm də keyfiyyət artımı ilə müşayət olduğunu göstərir. Böyük bir həqiqətdir ki, təkcə kəmiyyət artımı ilə inkişafa nail olmaq qeyri mümkündür. Burda keyfiyyət də olduqca zəruri bir faktordur. Həm də keyfiyyət cəmiyyətin, onun üzvlərinin, mütəxəssislərin bacarıq və qabiliyyətləri, biliklərinin innovativ göstəricilərini göstərir. Müəllif bunun nəticəsi kimi son on ildə Azərbaycanda ümumdaxili məhsulun (ÜDM) üç dəfədən çox artdığını göstərir. Bu, ölkəmizdə insan inkişafının nəticəsidir. Bunu biz yox, BMT tərəfindən hazırlanmış hesabatlar göstərir. Beynəlxalq təşkilatların dəqiq hesablamaları nəticəsində 2010-cu ildən Azərbaycan inkişaf etmiş dövlətlər qrupuna daxil edilmişdir.

Alim vurğulayır ki, Azərbaycanın belə sürətlə inkişafı göydən düşmə və yaxud kiminsə pay verməsi kimi başa düşünülməməlidir. Bu, hər şeydən əvvəl dövlət başçısının gələcəyi elmi şəkildə proqnozlaşdırmağın, ölkənin potensialının hərtərəfli qiymətləndirmək bacarığının nəticəsidir.

Hazırda ölkəmiz Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasının həyata keçməsi ilə daha da pərvəriş tapır. İnkişafın yeni mərhələsi elm, təhsil və mədəniyyətin tərəqqisi ilə həmahəngdir.

Müəllif inkişafdan danışarkən inkişaf anlayışının anatomiyasını elmi, nəzəri və praktik cəhətdən açıqlayır. İnkişafın həmişə dinamik olduğunu, yəni bu gün dünənə nisbətən öndədir, sabah isə bu gündən irəlidə olacaqdır. İnkişafdan danışarkən alim bir çox ölkələri, məsələn, Avropa ölkələri ilə bəzi Afrika ölkələrini müqayisə edir və göstərir ki, inkişafın inkişafına görə fərq 50 dəfədən çoxdur. Kiçik Avropa ölkəsi Lüksemburq iqtsadi və sosial inkişafı ilə Afrikanın Efiopiya arasındakı fərq nə az, nə çox 80 dəfədən artıqdır. Bəs belə inkişaf, yüksək tərəqqi nəyin hesabına baş vermişdi?! Əlbəttə ki, əqli tərəqqinin, təhsilin, yeni texnologiyanın, infrastrukturun daima yüksələn xətlə getməsinin nəticəsində.

Hər bir ölkədə ümumdaxili məhsulun (ÜDM) həcmi çox vacib göstəricidir. ÜDM nə qədər çox olarsa, ölkədə adambaşına düşən pay da çox olur. Əlbəttə, bu əhəmiyyətli göstəricidir. Lakin bu artım müasir anlamda inkişafın vəziyyətini tam səciyyələndirə bilmir. Baxmayaraq ki, bu inkişafda insan amili, insan faktoru aparıcı qüvvədir. Müəllif qeyd edir ki, İnsan İnkişafı Əmsalı (İİƏ) üç qrup göstəricidən istifadə olunur: sağlamlıq, təhsil və gəlir. Bax bu yenilikdir.

Müəllifə görə insan inkişafı o vaxt tam olar ki, üç əsas faktor birlikdə görünsün. Bunlar: 1) səmərəli iqtisadiyyat, sağlam təbii və əlverişli sosial mühüt; 2) sağlam, uzun və yaradıcı ömür; 3) bilik və bacarıq. Buna görə də dünyada bu gün insan potensialını inkişafın mərkəzinə qoymaq, bu prosesi insana doğru yönəltmək, mövcud problemləri açmaq, həm də mənəvi dirçəlişə yol açmaq əsas məqsəddir.

Cəmiyyətdə bütün inkişafı insan faktorunda görən müəllif dünyanın davamlı inkişaf ideoloqlarının fikirlərini özünün müasir təfəkküründən keçirərək bu gerçəkliyi təsdiq edir. Burada o, Azərbaycan Respublikasının memarı və qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin ölkədə insan amilinin rolunu qiymətləndirdiyini göstərərək yazır: “Vaxtilə ümummilli lider Heydər Əliyev də insan potensialını bütün sahələrdə və hər zaman inkişafın aparıcı lokomotivi, mərkəzi və həlledici amil kimi müəyyənləşdirib. Onun təşəbbüsü ilə hələ keçən əsrin 70-ci illərindən başlayaraq hər il minlərlə azərbaycanlı gəncin respublikadan kənarda yerləşən  aparıcı ali mülki və hərbi məktəblərə göndərilməsi bu siyasətin təzahürüdür...”

Yeri gəlmişkən qeyd

edək ki, Böyük azərbaycanlı Heydər Əliyevin bu sahəyə  göstərdiyi qayğı və diqqəti bu əsərdə qızıl xətlə keçir.

 Son vaxtlar Azərbaycan təhsilində bir çox yeniliklər baş verir və verməkdədir. Bu yeniliklərdən biri də 2001-ci ildən respublikamızın orta və ali məktəblərində davamlı və insan potensialı fənninin tədris edilməsidir. 2003-cü ildə Azərbaycan ümumtəhsil orta məktəbləri üçün bu fənnə aid dünyada ilk dəfə proqramm və dərslik hazırlanmışdır. Bu da bir həqiqətdir ki, bütün bunlar akademik Urxan Ələkbərovun səyi və əməyi nəticəsində baş vermişdir.  Azərbaycandakı bu mütərəqqi hadisə dünyanın marağına səsbəb olmuş, 2005-ci ildə BMT tərəfindən dünyaya  yayılmışdır.

 Görkəmli alim nədən söhbət açırsa, onun necə deyərlər, əlifbasından, anlayışından, inkişafından və bu amilin insan inkişafına nə dərəcədə müsbət və mənfi təsirindən danışır. Bunlar isə onu göstərir ki, müəllif bu sahənin mütəxəssisi, bilicisidir.

 Bu kitab çox qiymətli dərs vəsaiti olmaqla yanaşı həm də təfəkkür vəsait “ müasir Azərbayan elminin inkişafına böyük töhfədir.

 

Musa QULUZADƏ,

tarix elmləri doktoru, Azərbaycan Respublikasının  Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında