Ordubadın qədim və ucqar yaşayış məntəqəsi Bistin görkəmi son illərdə tanınmaz dərəcədə dəyişmişdir. Muxtar respublikanın hər yerində olduğu kimi, burada da tikinti-abadlıq işləri günbəgün genişlənir. Naxçıvan şəhərindən 90 kilometr aralı yerləşən bu kəndə geniş və abad yol çəkilir. Burada 120 yerlik ikimərtəbəli orta məktəb fəaliyyət göstərir. Məktəbin müəllimləri də kəndin yetirmələridir. Kənddə mədəniyyət, ticarət mərkəzləri, həkim ambulatoriyası, klub, kitabxana, gözəllik salonu şəhərdəkilərdən fərqlənmir. Kəndarası darısqal yollar sökülərək geniş küçələrə çevrilib. Kifayət qədər torpaq sahəsinə malik olan kəndli təsərrüfatında saf nemətlər yetişdirilir, maldarlıq, meyvəçilik, qoyunçuluq, arıçılıq həm də əlavə gəlir mənbəyinə çevrilib.
Bir qonaq kimi, burada məni valeh edən ilk növbədə ziyalıların uğurlarıdır. Əməkdar müəllim, Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, 6 şeirlər kitabının müəllifi, 55 il kənd məktəbində dil – ədəbiyyat fənnindən dərs deyən, yüzlərlə şagirdinin ali təhsilə yiyələnməsində xüsusi xidməti olan Sadıq Xanəliyev təkcə kənd ziyalısı olaraq qalmır. Onun şəxsi kitabxanasında dörd minədək kitab var. Bu unikal bilik xəzinəsi nəinki respublikamızda, onun hüdudlarından kənarda da yaxşı tanınır.
Vaxtilə Bist məktəbində dostluq klubu yaratmış Sadıq Xanəliyevin müəllim və şagird qrupu Bakı, Moskva, Sankt – Peterburq, Kiyev, Minsk, Tbilisi, Daşkənd, Almatı şəhərində, Böyük Vətən müharibəsində viran edilən Brest, Volqoqrad, Kursk, Xatın döyüş yerlərində, ali və orta məktəblərdə olarkən ən görkəmli elm və mədəniyyət xadimləri ilə sıx əməkdaşlıq etmişdir. Sadıq müəllimə öz dəst-xətti ilə avtoqraf yazılmış kitabların müəllifləri arasında Nobel mükafatı laueratı Mixail Şoloxov, Sosialist Əməyi qəhrəmanları Rəsul Həmzətov, Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rəhimov, Süleyman Rüstəm, Çingiz Aytmatov, Oljas Süleymenov, Sergey Smirnov, Konistantin Simonov, 60-dan çox Sovet İttifaqı qəhrəmanlarından, yüzlərlə marşal, general, admiral, kosmonavtlardan, zəhmətdə uğur qazanmış əmək adamlarından avtoqraf, xatirə yazılmış bu kitabların qarşısında Sadıq müəllim borclu qalmamışdır. O, rus Ukrayna, belarus, özbək, qazax, tacik, eston, gürcü, qırğız yazıçı və şairlərə , görkəmli şəxslərə Azərbaycan klassiklərinin əsərlərini bağışlamaqla ədəbiyyatımızın təbliğində çox böyük işlər görmüşdür. Ulu öndər Heydər Əliyevin Sov.İKP MK-nın Siyasi Bürosundan uzaqlaşdırıldığı vaxtlarda Naxçıvan şəhərində yaşayarkən Sadıq müəllim ulu öndərə həsr etdiyi 7 bəndlik “Silinməz” şeiri ilə onun qarşısında məhəbətini ifadə etmişdir.
Sadıq müəllim həm də çox zəhmətkeş bir insandır. BDU-nun fiologiya fakültəsini bitirməzdən əvvəl aqranom ixtisasına da yiyələnmişdir. Həyətində can dərmanınadək bitirib-yetirib. Ulu öndər onun bu fədakarlıqlarından xəbər tutanda öz fotoşəklinin arxasına:
“ – Hörmətli Sadıq Şahsuvar oğlu Xanəliyevə Əliyevdən xatirə” avtoqrafını yazıb vermişdir. Sadıq müəllim deyir ki, ömründə dəfələrlə görüşdüyü onlarca marşal, general, kosmonavtların qarşısında həyəcan keçirməmişəm. Ancaq 76 yaşımadək iki dəfə çox müntəzir hala düşmüşəm. Biri VII sinifdə oxuyarkən xalq şairi Səməd Vurğun Naxçıvanda “Böyük bağ” deyilən yerdə camaatla izdihamlı görüş keçirəndə mən də uşaq marağı ilə izdihamın arasından keçə-keçə şairin qənşərinə gəldim. Uçunduğumu görəndə dedim sizin “Zəncinin arzuları” poemanızdan bir parçanı qənşərinə əzbər öyrənmişəm. Mənə söz verdilər. Şeiri elə ürəkdən əzbər dedim ki, qartal baxışlı şair məni çiyninə qaldırıb alqış qoparan iştirakçılara göstərdi. İkinci həyəcanım ulu öndərin qarşısında 54 yaşımda uşağa dönüb əllərimi yanıma salaraq “Silinməz” şeirini deməyim oldu. Bu halımı görən, gözlərində imman ifadəsi olan ulu öndər müəllim uşağın əlini sıxan kimi mənim əlimi sıxıb minnətdarlıq etdi.
Vətəndə hər yerdə
sevirlər səni,
Sadiq ürəklərdən
bu eşq silinməz.
Mən tərif yazmıram,
qınama məni,
Vətən tarixindən
adın silinməz.
Sadıq müəllimin kimlər şəxsi qonağı olmayıb? -Akademik Ziya Bünyadov, Naxçıvan rəhbərlərindən Kamran Rəhimov, Səkinə Əliyeva, Zülfi Hacıyev, digər qonaqlardan Hacıbala Abutalıbov, Hüseyn İbrahimov, kosmonavt Leonov, SSRİ Yazıçılar İttifaqının katibi olmuş Oleq Şetinski düz beş dəfə 35 nəfərlik ukraynalı müəllim və məktəblilər Bistdə bir ay Sadıq müəllimin qonağı olaraq bu qeyri-adi kitabxana ilə yaxından tanış olublar.
1986-cı ilin yanvar ayının 9-da “Pravda” qəzeti o dövrün nəhəng ölkəsində bu yeganə kitabxana haqqında SİTA-nın məlumatını baş məqaləsində xüsusi işıqlandırdıqdan sonra belə bir nadir kitabxananın mühafizəsini təşkil etmək üçün Ordubaddan Bistə məxsusi xətt çəkilmişdir. İndi Bistdə tikilən mədəniyyət mərkəzində kitabxana binası da var. Ordubad yerli hakimiyyət orqanları Sadıq müəllimin bu nadir kitabxanasını işıqlı binaya köçürmək niyyətindədir. Çünki köhnə, primitiv, saman-suvaqlı binada kitablar da “eroziyaya” məruz qala bilər. Sovet Vətən Müharibəsi Veteranları Şurasının sədri, marşal Batov və məşhur təyyarəçi Aleksey Meresyevin bu kitabxanaya, şəxsən Sadıq müəllimə bağışaladıqları hədiyyə, bəlkə Moskvanın özündə yoxdur. Bu hədiyyə İkinci cahan müharibəsində fransız pilot, Sovet İttifaqı Qəhrəmanı, 3 min dəfədən çox alman təyyarələri ilə səmada döyüş keçirən Piyer Puatın idarə etdiyi qırıcı təyyarənin və Parisdəki Eyfel qülləsinin maketləridir. Sadıq müəllim deyir ki, marşal Batov öz iş otağında bu maketləri hər iki ayağı protez olan Sovet İttifaqı Qəhrəmanı, “Əsil insan haqqında povest” əsərinin baş qəhrəmanı Aleksey Meresyevlə birlikdə təqdim edərkən toxunduqları məsələ bir dünya sevincimə səbəb oldu. Marşal dedi ki, “sizin ordubadlı alim, akademik Yusif Məmmədəliyevin kəşf etdiyi təyyarə yanacağı alman təyyarələrindən də 3 kilometr yüksəkliyə qalxıb onlara üstdən aşağı hücum etməyə imkan vermiş, dünyanı faşizm əsarətindən xilas etməyə yol açmışdır. Ona görə də 3 min dəfə döyüşdə iştirak edən bu qırıcı təyyarənin maketini Ordubada bağışlayırıq.”
Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Söhrab Tahir, Zəlimxan Yaqub, Məmməd Araz, Əziz Şərif, Hüseyn Abbasov, Akim Abbasov, Əli Vəliyev, Cabir Novruz və digər onlarca mədəni irsimizin görkəmli nümayəndəsi 30-40 il əvvəl gəncliyində yaradıcılıq bəhrəsi olan əsərləri Sadıq müəllimin kitabxanasının ən qiymətli eksponatlarıdır. Sadıq müəllim deyir ki, kitabxanada bircə canlı avtoqrafı olmayan dahi Nizami Gəncəvinin “Xəmsə”sidir. Dahi şairin yazdığı kimi:
Dünyada nə qədər
kitab var belə,
Çalışıb onları
gətirdim ələ.
Oxudum-oxudum,
sonra da vardım,
Hər gizlin xəzinədən
bir dürr çıxardım.
1967-ci ildən Naxçıvandakı M.S Ordubadi adına, 1968-ci ildən Bakıdakı M.F Axundov adına kitabxanaların üzvlük vəsiqəsini indi də saxlayıram. 1971- ci ilin payızında bir aydan çox Moskvadakı Mərkəzi Kitabxanada da elmi ezamiyyətdə olmuşam. Hazırda Şahbuz şəhər və yaşadığım Ayrınc kənd kitabxanasının da oxucusuyam. Ancaq Sadıq müəllimin Bistdəki kitabxanasının sehrindən-mehrindən hələ də çıxa bilmirəm. Xalqımızın dünyada tanınan mənəvi irsi, heç şübhəsiz, ilk növbədə kitabla da bağlıdır. Ta daş üzərinə yazılan dövrlərdən bu günədək bilik mənbəyi olan kitaba borcluyuq.
Qaşdar ƏLİYEV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvi, Ordubad rayonu, Bist kəndi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.