Elm sənətlə birləşəndə

 

 

Rəssamlıq  şərəfli  olduğu qədər də  məsuliyyət tələb edən sənətdir.  Bu peşə sahibləri varlıqların nəinki zahirinə, həmçinin varlıqların daxilinə nüfuz etməyi bacarırlar. Rəssamların qəlbi, gözü və bəsirəti sanki bir işıq üçbucağında birləşir.  Sənətşünaslar isə bu sahənin diaqnostikləridir desəm, yəqin ki, səhv etmərəm.  Hələ tələbəlik illərindən  yaxşı tanıdığım   sənətşünas-rəssam  Rafiq Quliyevi daim bu biçimdə görmüşəm.

Rafiq Quliyev ötən dövr ərzində rəssamlıq sənətinin çox mühüm sahələrində müvəffəqiyyət qazanmış  yaradıcı şəxs kimi yaxşı  tanınır.  Dörd kitabın müəllifi olan Rafiq Quliyevin sonuncu kitabı - “Azərbaycan təsviri sənətində tarix və şəxsiyyət” isə xüsusilik təşkil edir.  Bu kitab sadəcə publisistik bir toplu deyil, eyni zamanda   ciddi  elmi axtarışların  nəticəsidir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin “İncəsənət bilikləri” şöbəsinə rəhbərlik edən müəllif özünün təsviri sənət sahəsində qazandıgı  çoxillik elmi-praktiki təcrübəsinə əsaslanaraq rəssam və heykəltəraşlarımız tərəfindən  yaradılmış tarixi tutumlu əsərləri bir araya gətirməklə onların bədii-estetik və mənəvi-tarixi dəyərini müəyyənləşdirməyə çalışmışdır.

Qənaətimizcə, Rafiq Quliyevin tarix və şəxsiyyət mövzusunu maraqlı və oxunaqlı tədqiqat əsərinə çevirə bilməsinin kökündə başlıca olaraq problemin həllini təkcə hadisələrdə və onların gerçəkləşməsinə rəhbərlik etmiş görkəmli şəxsiyyətlərin fəaliyyətində deyil, onun çərçivəsini kifayət qədər genişləndirməsi durur. Kitabın  məzmunundan da görmək olur ki, müəllifin təqdimatında Azərbaycan gerçəkliyində  tarixi yaşadan düşündüyümüzdən də çoxdur. Aydın olur ki,  onlara arzulanan diqqətin olmaması və məntiqli yanaşmanın yoxlugu bu vaxta qədər həmin qaynaqların daşıdığı tarixi-bədii mahiyyəti üzə çıxarmaga imkan verməmişdir. Bu baxımdan “Azərbaycan təsviri sənətində tarix və şəxsiyyət” kitabı problemi dəyərləndirmə və ona  bütünlükdə yanaşma baxımından da başqalarına örnək ola biləcək səviyyədədir.

Kitabın “Ön söz əvəzi” bölümündə Azərbaycan təsviri sənətinin çoxəsrlik tarixinə və zəngin bədii ənənələrinə  verilən dəyərləndirmə yeniliyi və məntiqli şərhi ilə diqqət çəkir. Rafiq Quliyevin miniatürlə bağlı fikirləri onların arasında elmi dəlillərinə görə çox inandırıcı görünür. Etiraf edək ki, miniatürə bu cür elmi yanaşma hələ SSRİ dönəmində milli sənət növlərimizə Avropa və rus-sovet sənətşünaslarının göstərdiyi və bu günə kimi də davam edən “elmi” münasibətlərindən köklü şəkildə fərqlənir. Dediklərimizə əyanilik gətirmək üçün gəlin həmin qeydlərlə tanış olaq: “Çox təəssüf ki, bu vaxta kimi “miniatür” termini daha çox elə avropalıların anlamındakı kimi başa düşülməkdədir. Belə ki, əslində “miniatür” sözü heç də kiçik (??) ölçünün sinonimi olmayıb, bilavasitə, Şərq-müsəlman, o cümlədən də Azərbaycan incəsənətinin özünəməxsus–özündə fəlsəfi-ruhani və mənəvi-estetik dəyərləri qovuşduran və gerçəkliyi dərketməyə xidmət edən bədii-fəlsəfi vasitəsidir. Tədqiqatlar göstərir ki, “miniatür” bir çoxlarının düşündüyü kimi təkcə kitab tərtibatına aid edilən sənət növü və yaxud janr deyil. Onun zamanında təsviri və tətbiqi yaradıcılığın yer aldığı bütün sahələrdə işlənilməsinə əsaslanaraq, demək olar ki, “miniatür” müsəlmanların tapındıqları bədii üslubdur."

Rafiq Quliyevin miniatür üslubunun Azərbaycan təsviri sənətinin tanınma nişanına çevrilməsinin keçdiyi təzadlarla dolu axtarışlar yoluna verdiyi elmi dəyərləndirmənin inandırıcılığı da birmənalıdır. Təbriz məktəbi ənənələrinin “Qacar üslubu” ilə əvəzlənməsi və onun realist-gerçəkçi sənətin ifadə vasitələri ilə zənginləşməsinin bədii ifadəsinə aid nümunələrin timsalında Azərbaycan təsviri sənətinin bir neçə əsrlik mənzərəsini canlandırmaq olar və buna haqqında söz açdığımız kitabı oxumaqla əmin olmaq mümkündür... Müəllif oxucuda əminlik yaradır ki, tarixi janr dedikdə təkcə döyüş səhnələri başa düşülməməlidir. Bu mənada qədim  keçmişimizdən “boylanan” gərgin döyüşlərlə yanaşı maddi- mədəniyyət nümunələri də, hadisələrin gerçəkləşdirən şərtləndirən şəxsiyyətlər də, müxtəlif motivli mənzərələr də, adət-ənənlərimiz və bayramlarımız da tarixi həqiqətin  daşıyıcısı kimi qəbul oluna bilər.

Rafiq Quliyev tarixi tutum daşıyıcısı kimi söz açdığı rəngkarlıq, heykəltəraşlıq və qrafika nümunələrinin reproduksiyalarını kitaba daxil etməklə əyaniliyə nail olmuşdur. Bu sənət nümunələrinin tarixi ardıcıllıqla dəyərləndirilməsi, həm də milli təsviri sənətimizdəki bədii meyllərin və üslubların təkamülünü izləməyə imkan verir.  

Yeni kitabın fəsillərə bölünməsi və tarixi tutumlu əsərlərin “rəngkarlıq”, “qrafika” və “heykəltəraşlıq” bölümlərində təqdimatı oxucunu təsviri sənətin bu növlərində yaradılan  və şərəfli keçmişimizlə baglı əsərlər toplusu ilə konkret tanış olmağına şərait yaradıb.

Heç şübhəsiz, bu kitabın diqqətçəkənliyini şərtləndirən səbəblərdən biri də onun səhifələrində məşhur fırça və tişə ustaları ilə yanaşı, adı hələ sənətsevərlərə yaxşı tanış olmayan müəlliflərin əsərlərinə də diqqət yetirilməsidir. Bu mənada Vaqif Ucatay, Natiq Fərəcullazadə, Fəxrəddin Məmmədvəliyev, Nadir Bayrışov, Nəcməddin Hüseynov, Nizami Hüseynov, Kamil  Kamal və Günay Mehdizadə (hamısı rəngkarlıq), Aytən Şirzadova, Zivərbəy Əhmədbəyov, Tahir Məcidov və  İsmayıl Əvəzovun (hamısı qrafika), Zakir Əhmədov, Nəriman Məmmədov, Nicat Məmmədov, Əlisəfa Əskərov, Nəriman Tağıyev, Səyad Rüstəm, İbrahim Həsənov və Azad Əliyevin adlarını  çəkmək olar.  Kitab müəllifinin Azərbaycan təsviri sənətində tarixi mövzulu əsərləri bir araya gətirməsini və dəyərləndirməsini,  həm də onun ölkəmizin yaradıcı qüvvələrinə ismarıcı kimi qəbul olunur. Belə ki, onun qənaətincə, hər bir sənətkar öz dövrünün aynası olmalıdır. Zamanında bu baş versəydi, onda biz bu gün tariximizin keçmiş və şərəfli səhifələrini yaşadan sənət nümunələri tapmaqda bu qədər çətinlik çəkməzdik. Bu halda heç yeni və tələskənliyi duyulan yeni müsabiqələrin keçirilməsinə ehtiyac da qalmazdı.

Yuxarıda qeyd olunan qısa dəyərləndirməyə əsasən Rafiq Quliyevin “Azərbaycan təsviri sənətində tarix və şəxsiyyət” kitabını öz sanballı elmi tutumuna görə müasir sənətşünaslığımıza layiqli töhfə hesab etmək olar. Qənaətimizcə, kitabda toplanan zəngin informasiyanın elmi tutumu ondan ali və orta ixtisas məktəblərində, bütünlükdə isə gənclərin vətənpərvərlik  tərbiyəsində gərəkli mənbə kimi istifadə etməyə  imkan verir.

Binnət HÜMBƏTOĞLU

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında