“Əfsanəvi Mixaylo”

 

 

 

Görkəmli tədqiqatçı-jurnalist Şəmistan Nəzirlinin bu yaxınlarda say etibarı ilə 34-cü kitabı – “Əfsanəvi Mixaylo” işıq üzü gördü. Yəqin ki, bu ad mütaliəsevərlərə tanış gəlir, 1983-cü ildə müəllifin eyni adlı kitabını oxuyublar. Lakin indiki əsla təkrar nəşr deyil, üzərində uzun illər boyu səbr və təmkinlə, dönə-dönə işlənilib. Qiymətli faktlar əsasında kitab daha da zənginləşdirilib, partizan Mehdi Hüseynzadənin keçmiş silah, məslək və əqidə dostlarının fikirlərinə, nüfuzlu tədqiqatçıların yazdıqlarına, nadir fotoşəkillərə geniş yer verilib.

Yaxın dostlarına, bacılarına yazdığı məktublardan, müəllifin tədqiqata cəlb etdiyi digər faktlardan da məlum olur ki, Mehdi Hüseynzadənin qeyri- adi şəxsiyyətindən xəbər verən əlamətlər bir sıra xarici dilləri məharətlə öyrənmək, bədii yaradıcılıq, rəssamlıq, yüksək fiziki hazırlıq sahəsində özünü büruzə verib. Müharibə illərində isə sloven, italyan, sovet partizanlarını heyran qoyan, almanları dəhşətə, vahiməyə salan hərbi şücaəti, əfsanəvi, ağlasığmaz qəhrəmanlığı üzə çıxıb.

Müəllif onun əsasən təklikdə, bəzən isə ən yaxın silahdaşları ilə birlikdə göstərdiyi hünəri - yüksək voltlu elektrik transformatorunu, kinoteatrı, hərbi hospitalı, “SS qərargahı”nı... partlatmasını, hərbi maşınları qaçırmasını, çox mühüm sənədləri əldə edib lazımi yerə çatdırmasını, yüzlərlə, bəlkə də, minlərlə faşisti məhv etməsini (partlatdığı təkcə bir binada 270 alman zabiti və əsgəri olub) maraqlı sujet əsasında oxucuya təqdim edir. Bu da Mehdi Hüseynzadənin bənzərsiz qəhrəmanlığına marağı daha da artırmış olur. Bir daha inanırsan ki, almanların Mehdi Hüseynzadənin başına yüksək məbləğ ayırması heç də təsadüfi deyilmiş.

Orasını da xatırladaq ki, Mehdi Hüseynzadənin yüksək insani keyfiyyətləri təkcə göstərdiyi əfsanəvi qəhrəmanlıqlar, hətta, həyatını qurban verməsi ilə deyil, haqqında yazılmış xatirə və şeirlərdə, ilk növbədə, özünün kitaba daxil edilmiş poema və şeirlərində də parlaq boyalarla əks olunub. Məsələn:

Kaş ki bir sarı yarpaq olaydım,

Sabahın yelləri alaydı məni,

Aşaraq o qarlı, uca dağları

Vətən torpağına salaydı məni –

misraları Mehdinin mükəmməl şeirlər müəllifi, kövrək qəlbli qəhrəman olduğunu göstərir.

Kitabdakı materiallar içərisində ən maraqlı və dəyərlisi Mehdi Hüseynzadənin qərargah rəisi olduğu keçmiş “Ruska Çeta”nın komandiri Cavad Həkimlinin qələmə aldıqlarıdır. Mehdi Huseyzadənin bütün dünyanı heyran qoyan qəhrəmanlığını danan, hər şeyi büsbütün öz adına çıxmağa çalışan dönük Mirdaməd Seyidovun yalanlarını o illərin canlı şahidi olan komandir alt-üst edir, tutarlı, etibarlı dəlillərlə saxtakarlığın daşını daş üstə qoymur.

Ümumiyyətlə, kitabın məziyyətləri o qədər çoxdur ki, saymaqla-sadalamaqla başa gəlmir. Bunun üçün əsəri diqqətlə oxumaq zəruridir. Ancaq mən “Əfsanəvi Mixaylo”nun geniş təhlilini yalnız buna görə arxa plana çəkmədim. Etiraf edim ki, resenziyanı yazmaqda başqa bir məqsədim də var.

Təəssüf hissi ilə qeyd edirəm ki, hələ də bəzi televizya verilişlərində, ayrı-ayrı məqalələrdə xalqımızın qəhrəman oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun alman faşistləri tərəfindən öldürüldüyü söylənilir.

Halbuki, məşhur tədqiqatçı Musa Bağırov onun məhz marşal İ.Baqramyan tərəfindən xəyanətkarcasına qətlə yetirilməsini etibarlı dəlillərlə sübuta yetirib. Bu haqda “Xalq qəzeti”ndə Tahir Aydınoğlunun məqaləsi dərc olunub. Baqramyan Həzi Aslanovun hələ öz sağlığında çox böyük şücaətlərinə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim olunmasını əngəlləmiş, onun xidmətlərini süni şəkildə azaltmışdır.  Həmin məqaləni oxumayanlara, bu haqda məlumatı olmayanlara xatırladıram ki, Həzi Aslanova ikinci dəfə qəhrəman adı  verilməsi yanlız Musa Bağırovun inadlı səyi, zəhməti, onun danılmaz hərbi şücaətlərinin şahidi olmuş nüfuzlu sərkərdələri bu işə cəlb etməsi sayəsində mümkün olub.

Nə isə, mətləbdən kənar düşməyək.  Baqramyanın, hətta, belə bir qətllə də ürəyi soyumayıb. O dəfələrlə deyirmiş ki, Azərbaycan xalqı görkəmli hərbi simalar yetirməyə qadir deyil. Belə düşünənlər, ola bilsin ki, yenə də var. Onlara ən tutarlı cavab isə elə “Əfsanəvi Mixaylo”nun özü, orada təsvir olunan hərbi şücaətlərin danılmaz fakt və dəlillərlə təhlilidir. Buna görə də haqqında söhbət açılan kitabın xarici dillərə tərcüməsi və nəşri çox vacibdir.

Başqa bir tədbirin icrası isə ancaq dövlət qayğısı sayəsində mümkündür. O, hansıdır?–Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi partizan Mehdi Hüseynzadənin məzarının uzaq Sloveniyadan gətirilib doğma torpağımızda dəfn olunması. Həm də təxirə salınmadan.

 Mehdi Hüseynzadə həmin haqqı hərbi sahədə fövqəladə istedadı, həyatı bahasına əldə edib. Burada digər bir məsələni də hökmən yada salmaq lazım gəlir. Xüsusən, torpaqlarımızın iyirmi faizinin hələ də erməni işğalı altında olduğu bir vaxtda xalqımızın, ilk növbədə, yetişməkdə olan gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir. İnanırıq ki, Mehdi Hüseynzadənin məzarını Vətənə köçürməklə daha bir müqəddəs ünvanı vaxtaşırı olaraq yüzlərlə, minlərlə insan ziyarət edər və bu, yeni  qəhrəmanlığa təsirli çağırış rolunu oynayar.

Mahmud MAHMUDOV,

Bakı Dövlət Universiteti jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında