Təhsil Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədova həsr olunmuş tədbir keçirilmişdir

 

 

 

Yanvarın 25-də 132-134 nömrəli Təhsil Kompleksində bu təhsil müəssisəsinin məzunu, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədova həsr olunmuş tədbir keçirilmişdir.

Məktəbin tarix muzeyində Qarabağ uğrunda döyüşlərdə  qəhrəmanlıq göstərən igid kəşfiyyatçı, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədova həsr edilmiş xüsusi guşə təşkil edilmiş və burada qəhrəmanın həyat və fəaliyyətini, döyüş yolunu əks etdirən kitablar, fotoşəkillər sərgilənmişdir.

AzərTAc xəbər verir ki, ayrı-ayrı qurumların nümayəndələrinin, tanınmış ziyalıların, təhsil işçilərinin və şagirdlərin iştirak etdikləri tədbirdə əvvəlcə doğma Vətən yolunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi anılmışdır.

Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Riad Əhmədovun məzunu olduğu bu məktəb barədə məlumat vermiş, 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, təhsil müəssisəsinin yüksək səviyyədə təmir olunduğunu və müasir avadanlıqla təchiz edildiyini xatırlatmışdır. Məktəbin məşhur məzunları olduğunu vurğulayan S.Xanlarova qeyd etmişdir ki, təhsil müəssisəsi tərəfindən həyata keçirilən “Məşhur məzunlar” adlı layihə üzrə ilk tədbir görkəmli şərqşünas alim, professor Aida xanım İmanquliyevaya həsr edilmişdir. Bu gün layihə üzrə növbəti tədbir məktəbin məzunu, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədova həsr olunmuşdur.

Riad Əhmədovun mənalı və şərəfli ömür, şanlı döyüş yolundan danışan S.Xanlarova vurğulamışdır ki, bu tədbir Azərbaycan gəncləri üçün vətənpərvərlik nümunəsidir.

Azərbaycanımızın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığı ilk illərdən Riad Əhmədov doğma Vətənin və torpağın müdafiəsi uğrunda mübarizənin ön cərgəsində olmuşdur. O, Şuşa, Goranboy, Füzuli, Əsgəran, Ağdam və digər ərazilərimizin müdafiəsi uğrunda fədakarcasına mübarizə aparmışdır.

1992-ci il yanvarın 25-dən 26-na keçən gecə xəyanət nəticəsində uğursuzluqla başa çatan Daşaltı əməliyyatı R.Əhmədovun və onun bir çox silahdaşlarının son döyüşü olmuşdur. Mühasirəyə düşmələrinə baxmayaraq, Riad Əhmədovun başçılıq etdiyi dəstə böyük qəhrəmanlıqlar göstərmişdir.

Tədbirdə məktəblilər doğma Vətənə, torpağa, qəhrəmanlığa, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədova həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Firudin Sadıqov bildirmişdir ki, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov barədə keçmiş zamanlarda danışmaq mümkün deyil. Mən R.Əhmədovu 1982-ci ildən tanıyıram. Bir yerdə işləmişik. O, xalqın, millətin, torpağın düşmənlərini tanıyırdı. Riad Əhmədov məkrli düşmənlərimiz olan erməni millətçilərini  məhv etmək üçün döyüşə getmişdi. O, düşmən qarşısında əyilməzdi, ermənilərin üstünə pulemyotla ayaqüstə gedərdi və ucadan səslənərdi: “Baxın, üstünüzə Riad Əhmədov gəlir”. Riad əsl Azərbaycan kişisi idi.

Tanınmış bəstəkar Faiq Sücəddinov Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun vətənpərvərlik, qəhrəmanlıq, igidlik rəmzi olduğunu vurğulamışdır. O qeyd etmişdir ki, Riad Əhmədov çox işıqlı bir gənc, doğma Vətənini, torpağını, xalqını, millətini, ailəsini sonsuz məhəbbətlə sevən insan idi.

Tanınmış yazıçı-publisist Şərəf Cəlilli dahi rəhbər, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin vətənpərvərliyə daim xüsusi önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox uğurla həyata keçirildiyini bildirmişdir.

Azərbaycanın böyük qəhrəmanlıq tarixindən bəhs edən Ş.Cəlilli demişdir ki, Vətəni vətən, milləti millət edən, onları ucaldan, tanıtdıran Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov kimi igidlər, cəsurlar, fədakarlar, əyilməzlər olmuşlar və olacaqlar. Hər kəs alim, nazir ola bilər, amma hər kəs Milli Qəhrəman, milli lider ola bilməz.

Ş.Cəlilli vurğulamışdır ki, mən Daşaltını görən bir insanam. Şuşada, Murovda qurban verən bir ailənin övladıyam. Biz bütöv Azərbaycan deyəndə Riad Əhmədovu xatırlayırıq. Riad ölməzliyin, əbədiyyətin simvoludur. O, ən ağır, ən çətin, ən qaynar döyüş nöqtələrində düşmənə qarşı böyük mətanətlə vuruşmuşdur. Riad Əhmədovun gözəl bir ailədən çıxdığını xatırladan Ş.Cəlilli qəhrəmanın əbədiyaşar, ölməz olduğunu vurğulamışdır. 

Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun sinif yoldaşları və dostları çıxış edərək igid kəşfiyyatçı ilə bağlı xatirələrini söyləmişlər. 

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun bacısı Mehriban Əhmədova unudulmaz qardaşı ilə bağlı keçirilən tədbirlərdən və onun əhəmiyyətindən bəhs etmişdir. Riad Əhmədovun məzunu olduğu 132-134 nömrəli Təhsil Kompleksi barədə fikirlərini bildirən M.Əhmədova qeyd etmişdir ki, bu məktəb bizim üçün çox doğmadır. Biz bu təhsil müəssisəsində oxumuşuq. Riad bu məktəbdə təhsil almışdır. Təhsil Kompleksi təhsilimizə, ölkəmizə çox böyük töhfələr vermişdir.

Riad Əhmədovun Azərbaycanın ilk milli qəhrəmanlarından olduğunu xatırladan M.Əhmədova bildirmişdir ki, igid kəşfiyyatçını tanıyanlar onu “alovlu vətənpərvər” adlandırırdılar. Riad kimi vətənpərvərlərin həyat və döyüş yolları gənclərə örnəkdir.

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun həyat yoldaşı Elmira Əhmədova demişdir: “Bu gün bizim ailəmiz üçün unudulmaz və əlamətdar bir gündür. Biz Vətənin rifahı, ölkənin müstəqilliyi, xalqın xoşbəxtliyi naminə canını qurban vermiş qəhrəmanlarımızı xatırlayırıq. Hər qəhrəman və qəhrəmanlıq hadisələri fərdidir, lakin onların hər birini böyük ruh yüksəkliyi, ədalətə cəhd, Vətənə məhəbbət duyğusu birləşdirir. Belə yüksək keyfiyyətlər insanda varsa, özünü sınaq məqamlarında göstərir.

Riadın həyatı - vicdan və şücaət, Vətənə təmənnasız xidmət nümunəsidir. Vətənini şəxsi marağından üstün tutan Riad Əhmədov gələcək nəsillərin firavanlığı üçün öz canından keçmişdir. Biz Azərbaycanın bugünkü uğurlu inkişafını görəndə düşünürük ki, qəhrəmanlarımız əbəs yerə canlarından keçməmişlər".

E.Əhmədova vurğulamışdır ki, Riad Əhmədovun ömür yolu və qəhrəmanlığı müstəqil Azərbaycanın gənclərinə nümunə və istiqamət olmalıdır. Onlar da Vətəni və xalqı həmin qəhrəmanlarımız kimi sevməlidirlər. Keçmişimizin qəhrəmanlıq səhifələri Vətənimizin yeni müdafiəçilər nəslini ruhlandıran ən mühüm amildir. İgid kəşfiyyatçının həyat yoldaşı Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun xatirəsinin əbədiləşdirilməsinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.

E.Əhmədova, həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri  Mehriban Əliyevaya xalqımızın milli mənəvi dəyərlərinin qorunması istiqamətində həyata keçirdiyi layihələrə görə minnətdarlığını ifadə etmişdir.

Sonra “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin ekranlaşdırdığı “Qayıt Riad” bədii-sənədli filmi nümayiş etdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında