Məhsəti Gəncəvi haqqında yeni kitab

 

Son vaxtlar XII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, poeziyamızda qadının fikir və mənəvi azadlığının ən ardıcıl mübarizlərindən olmuş rübai ustası Məhsəti Gəncəvi haqqında bir sıra nəşrlər işıq üzü görmüşdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinin qeyd edilməsi haqqında sərəncamı bu böyük sənətkarın həyat və yaradıcılığının tədqiqi, ölkəmizdə və dünya miqyasında təbliği işinin geniş vüsət almasına səbəb olmuşdur. Parisdə - UNESCO-nun Baş Qərargahında Məhsəti Gəncəvinin yubileyinin keçirilməsi, Fransanın Reyms, Muluz şəhərlərində görkəmli poeziya ustası ilə əlaqədar sərgi və mərasimlərin təşkili, Məhsətinin mənəviyyat tarixindəki yüksək yerini əks etdirən silsilə nəşrlər şairənin həm ölkəmizdə, həm də sərhədlərimizdən kənarlarda daha yaxşı tanınıb sevilməsinə meydan açmışdır.

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynovun Məhsəti Gəncəvinin həyat və yaradıcılığından bəhs edən və bu günlərdə nəşr edilən yeni kitabı həmin sıranı bir qədər də zənginləşdirmişdir. Tanınmış məhsətişünas alimin ötən il şairə haqqında monoqrafiyası dünya xalqlarının 20 dilində nəşr edilərək yayılmışdır.

Oxucularla görüşə gələn yeni kitabın isə başlıca məziyyəti ondan ibarətdir ki, bu əsər Azərbaycan dilində əski əlifba ilə təqdim olunur. Beləliklə, Cənubi Azərbaycanda yaşayan milyonlarla soydaşımızın da Məhsəti Gəncəvinin söz aləmi ilə daha yaxından tanış olmaq imkanı yaranmışdır.

Kitabda orta əsrlərdə qələmə alınmış bir çox fars, ərəb, türkdilli məxəzlər əsasında şairənin mükəmməl elmi bioqrafiyası verilir, Azərbaycan intibahının misilsiz nümayəndələrindən olan Məhsəti Gəncəvinin Yaxın və Orta Şərqin ədəbi-fəlsəfi fikrinin inkişafına töhfələrindən bəhs edilir. Məhsəti xanımın yaradıcılığı yalnız Azərbaycan və Şərq ədəbiyyatının deyil, dünya mədəniyyəti kontekstində nəzərdən keçirilir.

Professor Rafael Hüseynovun Məhsəti Gəncəviyə həsr edilmiş kitabı Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində hazırlanmış, “Elm və Təhsil” nəşriyyatında nəfis tərtibatda işıq üzü görmüşdür. 

AzərTAc

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında