İmtahanların keçirilməsində şəffaflıq və obyektivlik təmin olunur

 

 

 

Ölkəmizdə ali təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində konkret tədbirlər həyata keçirilir, tədris müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminatının daha da yaxşılaşdırılması üçün müvafiq işlər görülür. Bütün bunlar, heç şübhəsiz,  tədris prosesinin yaxşılaşdırılmasına imkan yaradır. Xatırladaq ki, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiya edilməsi ilə əlaqədar olaraq  bütün imtahanlar yeni, mütərəqqi prinsiplər əsasında aparılır. Bu da öz növbəsində imtahanların keçirilməsində şəffaflığın təmin edilməsinə və tələbələrin biliyinin daha obyektiv qiymətləndirilməsinə imkan yaradır.

 Hazırda ölkəmizin bütün ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyasının qızğın çağıdır. Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun 11 dekabr 2013-cü il tarixli 914 nömrəli əmrinə əsasən, 2013-2014-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi üçün bütün ali məktəblərdə imtahan qərargahları yaradılmışdır. Xatırladaq ki, qərargahların yaradılmasında əsas məqsəd imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməkdən ibarətdir.

Ölkəmizin ən qocaman ali təhsil müəssisələrindən sayılan,  məktəb və məktəbəqədər tədris müəssisələri üçün müəllim və tərbiyəçilərin  hazırlanmasında müstəsna rolu olan Azərbaycan Dövlət Pedaqoji Universitetində bu baxımdan həyata keçirilən tədbirlər diqqəti cəlb edir. Təhsil nazirinin müvafiq əmrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə universitetin rektoru,  AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Yusif Məmmədovun əmrinə əsasən, professor Edil Eyvazovun rəhbərliyi ilə 11 nəfərdən ibarət imtahan qərargahı yaradılmışdır.  Qərargahın tərkibində ADPU-nun əməkdaşları: professorlar İramin İsayev, Əzizxan Tanrıverdiyev, Ramiz Əliyev, eləcə də  digər tanınmış və nüfuzlu alimlər fəaliyyət göstərirlər. Xatırladaq ki, qərargahın fəaliyyət dairəsinə 2013-2014-cü tədris ilinin payız semestri dövründə akademik borcların ləğvində, həmçinin  imtahanlarda tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, imtahan prosesinin gedişi zamanı daxil olan ərizə, şikayət və təklifləri operativ araşdırmaq  kimi mühüm məsələlər aiddir. Qərargahın normal fəaliyyəti üçün ayrılmış iş otağına telefon xətti çəkilmiş, növbətçilik cədvəli yaradılmışdır. Professor  E. Eyvazovun bildirdiyinə görə, qərargah üzvləri mütəmadi şəkildə imtahan zallarında olur, onlara ünvanlanan  müraciət və təkilflərlə bağlı müvafiq qeydlər aparırlar. Bütün bu məsələlər isə hər həftənin şənbə günündə müzakirə edilir və müvafiq qərarlar qəbul olunur. Bundan əlavə, imtahanların təşkili və keçirilməsi ilə bağlı əgər hər hansı bir tələbə ərizə ilə müraciət edərsə, o zaman qərargah bunu dərhal araşdırıb səlahiyyəti daxilində qərar çıxarır. İmtahandan aldığı qiymətlə razılaşmayan tələbələr isə fakültələr və universitet üzrə yaradılmış münaqişə komissiyalarına müraciət edirlər. İmtahanların on gündən artıq davam etməsinə baxmayaraq, hələlik qərargaha elə bir ciddi şikayət daxil olmamışdır.

ADPU-nun tədris-metodika şöbəsinin müdiri, dosent  Namiq Hacıyev bildirdi ki, hazırda universitetin əyani şöbəsində 24 ixtisas üzrə  6190 tələbə təhsil alır ki, onlardan da 91 nəfəri əcnəbi vətəndaşlardır. Bundan əlavə, universitetin qiyabi şöbəsində 9 ixtisas üzrə 1858 tələbə təhsil alır. Magistratura pilləsində isə  əyani və qiyabi yolla  təhsil alanların sayı 890 nəfər təşkil edir. Təhsilin bu yüksək pilləsinin əyani şöbəsində  49 ixtisas üzrə, qiyabi şöbədə isə 24 ixtisas üzrə kadr hazırlanır. Artıq 6 ilə yaxındır ki, universitetin əyani şöbəsində tələbələr kredit sistemi əsasında təhsil alırlar. Həmin tələbələr bütün imtahanları test üsulu ilə verirlər. Artıq bir neçə ildir ki, qiyabi şöbədə də imtahanların analoji üsulla aparılmasına başlanılmışdır. Hazırda yalnız qiyabi şöbəsinin  beşinci kurs tələbələri üçün  imtahanlar  ənənəvi sistemlə, yazılı şəkildə  aparılır. Onu da deyək ki, kredit sistemi artıq özünü tam doğrultmuş, imtahanların test üsulu ilə aparılması tələbələrin dərin razılığına səbəb olmuşdur.

Qeyd etdiyimiz kimi, ADPU-da tələbələrin biliyinin düzgün qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə semestr və buraxılış imtahanları yeni üsulla, informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmaqla keçirilir. Bu məqsədlə universitetdə beş kompyuter imtahan zalı yaradılmışdır. Həmin zallarda yerləşdirilmiş 180 kompyuter vasitəsilə gün ərzində 1500-1600 nəfər tələbə imtahan verə bilir. İmtahanlara nəzarəti gücləndirmək məqsədilə bütün zallarada xüsusi kameralar quraşdırılmışdır. İmtahan zalında yanaşı oturan müxtəlif fakültələrin tələbələri, həm də  ayrı-ayrı ixtisaslar üzrə imtahan verirlər ki, bu da onların bir-birinə kömək etməsinin qarşısını almaq məqsədi daşıyır. Birinci mərtəbədə yerləşən  kompyuter zallarında test üsulu ilə keçirilən imtahanların gedişi ilə tanış olduq. İmtahan-nəzarət qrupunun rəhbəri Qulaməli Balaşov  dedi ki, hər bir tələbəyə imtahan verdiyi fənndən  5 cavab variantından ibarət  25 sual təqdim olunur. Tələbənin düzgün cavablandırdığı hər bir sual 2 balla qiymətləndirilir. Beləliklə də, tələbənin imtahanqabağı topladığı balla imtahanın nəticəsi cəmlənərək yekun qiymət müəyyənləşdirilir və bu, dərhal komyuterin ekranında öz əksini tapır. 

ADPU-nun tarix fakültəsinin dekanı, professor Oqtay Sultanov bildirdi ki, universitet rektorunun  müvafiq göstərişi ilə bütün fakültələrdə və kafedralarda imtahan sualları müasir testhazırlanma texnologiyasına tam uyğunlaşdırılıb. Belə ki, imtahan prosesində tələbələrin biliyinin yoxlanması zamanı istifadə olunan test sualları  təkcə yaddaşa yox, həm də məntiqi təfəkkürə əsaslanır ki, bu da prosesin getdikcə təkmilləşdirilməsinə dəlalət edir. Təsdiq olunmuş test imtahan sualları noyabr ayından etibarən universitetin adpu.edu.az saytında yerləşdirilir. Professorun fikrincə, bu addım, həm də gələcək distant təhsil üçün, bir növ, hazırlıq, bazanın yaradılması deməkdir. Onu da deyək ki, tələbələr aralıq imtahanlarını (kollokvium) verərkən də  universitetin elektron bazasında yerləşdirilmiş həmin suallardan istifadə edirlər. Bu da semestr imtahanlarına daha  yaxşı hazırlaşmağa imkan yaradır. Yeri gəlmişkən, tələbələrin test suallarını cavablandırarkən  göstərdikləri nəticələr dərhal universitetin elektron bazasında yerləşdirilir ki, bu da hər bir valideynə övladının imtahanda əldə etdiyi nəticə ilə tanış olmağa imkan verir. 

Universitetin dördüncü mərtəbəsindəki imtahan zallarında ayrı-ayrı ixtisaslar üzrə  qiyabi yolla təhsil alan sonuncu, beşinci kurs tələbərinin yazılı imtahanları keçirilirdi. Bütün zallarda imtahanların gedişinə  nəzarəti gücləndirmək üçün kamera quraşdırılmışdı. İmtahan prosesinə mümkün  müdaxilə və ya tələbələrə kömək etməyə cəhd hallarının qarşısını almaq məqsədilə qeyri-ixtisas müəllimlərindən ibarət nəzarətçilər qrupu  prosesi diqqətlə izləyirdilər.  Söhbət etdiyimiz tələbələr imtahanların keçirilməsi üçün yaradılmış şəraitdən razılıqlarını bildirdilər.

Yeri gəlmişkən, 2011-2012-ci tədris ilinin yaz imtahan sessiyasından etibarən Dövlət Pedaqoji Universitetində imtahanların yeni bir metod tətbiq edilməklə iki mərhələdə keçirilməsinə başlanmışdır. Belə ki, universitetin elmi şurasının qərarı əsasında “yaxşı” və “əla” qiymət almaq istəyən tələbələr elektron test üsulu ilə imtahan verdikdən sonra komyuterin müvafiq düyməsini basmaqla elə həmin gün eyni fəndən yazılı imtahana buraxılmaq imkanı əldə edirlər. Xatırladaq ki, bu metodun tətbiq edilməsindən əsas məqsəd tələbələri əzbərçilikdən, şablonçuluğa meyillilikdən uzaqlaşdırmaq, imtahanlara daha ciddi şəkildə hazırlaşmağa sövq etmək, eyni zamanda, onlarda fikirlərini yazılı şəkildə ifadə etmək bacarığını formalaşdırmaqdan ibarətdir.

Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilovun bununla bağlı fikirləri  prosesin mahiyyəti və üstünlüyü barədə tam fikir formalaşdırır. O dedi: –Müasir dövrdə gənc kadrların hazırlanmasında yaradıcı təfəkkürün inkişafı mühüm amillərdəndir. Təfəkkürün inkişaf etdirilməsinin isə müxtəlif yolları vardır. Onlardan biri də yazı mədəniyyətidir. Hər bir yaxşı mütəxəssis öz biliyini yazılı şəkildə ifadə etməyi bacarmalıdır.  Belə ki, yazı yetişəcək gənc kadrların yaddaşını, hafizəsini möhkəmləndirir, düşüncəsini inkişaf etdirir, öyrəndiklərini təqdim etməyə geniş imkan yaradır. Yazılı imtahan, həm də gənc kadrların bir ziyalı kimi formalaşmasına səbəb olur. Əsl ziyalı   müasir təlim texnikalarından düzgün istifadə etməklə yanaşı, kamil danışığı və fikrini, biliyini yazı ilə ifadə etməyi də bacarır. Bu mənada gələcəyin mütəxəssislərinin üzərinə böyük məsuliyyət düşür. İxtisasından asılı olmayaraq hər bir müəllim səlis nitqi ilə yanaşı, biliyini yazı vasitəsilə də ifadə etməyə borcludur. Bir sözlə, şifahi nitq mədəniyyəti ilə səliqəli yazı bacarığı vəhdət təşkil etməlidir. Aydın, səlis danışıq qabiliyyəti və  savadlı yazı mədəniyyəti isə müəllimin müvəffəqiyyət qazanması üçün başlıca şərtdir.

Bəs, tələbələrin təkrar yazılı imtahanlara münasibəti necədir? Günel Səmədzadə universitetin pedaqogika və psixologiya fakültəsinin 3-cü kursunda oxuyur. Deyir ki, qiyabi şöbəsinin  tələbəsi olduğu üçün aylıq təqaüd almır. Amma bununla belə, öz biliyini və hazırlıq səviyyəsini tam yoxlamaq məqsədilə komyuter imtahanından sonra könüllü olaraq yazılı imtahan vemək qərarına gəlib. Əvvəlki semestr imtahanlarını da bu qayda ilə verən G. Səmədzadə komyuter imtahanında qazandığı nəticələri təkrarlamağa müvəffəq olub. İmtahan zalındakı digər tələbələr də bu addımı yalnız onların xeyrinə olan bir amil kimi dəyərləndirdilər. Onu da öyrəndik ki,  humanitar ixtisaslar üzrə imtahan verən tələbələrdə bu prosesə maraq daha böyükdür.

Hazırda universitet daxilində, eləcə də tədris auditoriyalarında və imtahan zallarında yaradılmış səliqə-sahman göz oxşayır. Bütün bunlar isə universitetdə inzibati-təsərrüfat işlərinin yüksək səviyyədə təşkil olunmasından xəbər verir. Universitetin inzibati-təsərrüfat işləri üzrə prorektoru, hüquq üzrə fəlsəfə professoru Səfər Hüseynovun rəhbərlik etdiyi qurum unuversitet daxilində və imtahan zallarında səliqə-sahman yaradılması ilə yanaşı, otaqların informasiya-kommunikasiya texnolgiyaları ilə yüksək səviyyədə təşkili ilə bağlı işlərin öhdəsindən də layiqincə gəlir... 

Mirbağır YAQUBZADƏ, 
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında