“Nuh dastanı”

 

 

 

 

Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, tanınmış yazıçı, şair, publisist, rəssam, heykəltəraş, rejissor Arif Qədimin bu yaxınlarda “Nuh dastanı” adlı poeması (2013-cü il, “Qanun” nəşriyyatı) çapdan çıxmışdır. Bu, müəllifin “Naxçıvan Nuhun yurdudur”, “Bir ömür yaşadım Adəmli, Nuhlu”, “Bir ömrün xatirələri”,"Ağ atlının qisası"adlı kitablarının davamı olaraq beşinci kitabıdır.

Arif Qədimi Naxçıvanın qədim tarixi həmişə maraqlandırmış və bu sahədə qiymətli elmi araşdırmalar aparmış, “Ağ yolun yolçusu”, “Müqəddəs qəbirlər sorağında ”, “ Sirli xalçalar”, “Nuh yurdu”, “Naxçıvan Nuhun yurdudur” kimi dəyərli elmi məqalələrin müəllifi olmuş, “Nuh dastanı” kimi bədii, tarixi, publisistik poema yazmış, “Gəmi qaya” adlı sənədli film çəkmişdir ki, bu film dünyanın bir sıra ölkələrində, o cümlədən ABŞ-da, Kanadada, Avstriyada nümayiş etdirilmişdir.

 Xatırladaq ki, ulu öndərimiz Heydər Əliyev Naxçıvan MR 75 illik yubiley tədbirlərində iştirak edərkən Naxçıvan şəhərində görülmüş tikinti , abadlıq və tarixi abidələrin bərpası işləri ilə də tanış olmuş və Azərbaycan memarlığının möhtəşəm abidəsi olan Əcəmi Əbubəkr Naxçıvaninin yaratdığı Mömünə Xatun türbəsini ziyarət etmişdir. Arif Qədim burada yaratdığı XII əsr Atabəylər dövlətindən bəhs edən muzeyin ekspozisiyası haqqında o zaman Prezidentə maraqlı məlumatlar verdi. Ulu öndərimiz Heydər Əliyev Arif Qədimin apardığı bərpa işlərini, onun səmərəli və yaradıcı fəaliyyətini yüksək qiymətləndirdi və elə oradaca da ona “Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi” fəxri adını verdiyini bildirdi.

Oxuculara təqdim olunan “Nuh dastanı” adlı kitabda bəşəriyyətin yaranması, Adəm peyğəmbər, Nuh peyğəmbər, onların nəsil şəcərəsi və törəmələrinin yer üzünə yayılması haqqında maraqlı məlumatlar verilir.

“Nuh dastanı” müəllifin uzun illər apardığı tədqiqatlar, dini kitablardakı müəyyən sirli detallar, dünya alimlərinin baxışları ilə üst-üstə düşən fikirlər və müəllifin bu qaranlıq tarixə şəxsi baxışları əsasında qələmə alınmış poetik bir əsərdir.

Əsər “İstiqlal” ordenli, əməkdar müəllim 2008-ci ildə 106 yaşında dünyasını dəyişmiş Lətif Hüseynzadəyə ithaf olunmuşdur. Kitabın Lətif Hüseynzadəyə ithaf olunmasının bir anlamı vardır ki, Lətif müəllim Nuh haqqında bir çox dəyərli məqalələrin müəllifi olmuş, Naxçıvanda Nuhun qəbrinin tapılmasında, onun məkanının müəyyənləşdirilməsində xüsusi xidmətləri olmuşdur. Onun uşaqlıq illərində burada “Köhnə qala” , “Nuhtaban” deyilən yerdə Novruz bayramı mərasimlərinin keçirilməsində iştirak etməsi xatirələri, Əlincə qalasından Nuhun Allahın təlqini ilə üzərində “Türk” yazdığı və oğlu Yafəsə təqdim etdiyi daşın (Nuh Yafəsin oğlunu türk adlandırmışdır) təntənə ilə Nuhun qəbri üzərinə gətirilmə mərasiminin nəqli elm və mədəniyyət tariximiz üçün dəyərli mənbə olmuşdur. Arif Qədimin kitabında bu məsələ poetik bir dillə belə təsvir edilir:

“Türk adlı oğlun da orada qalsın,

Türkdən də dünyaya qoy türk yayılsın.

Arif Qədimin kitabında qeyd edildiyi kimi, xalqımızın qədim tarixə malik olmasını sübut edən dəlillərdən biri də qədim zamanlardan Naxçıvanda əhali arasında yayılan əfsanələrlə bağlıdır. Bir əfsanəyə görə, 7500 il bundan əvvəl baş vermiş tufan zamanı Nuh peyğəmbər və ona iman gətirənlərin mindiyi nəhəng gəmi ilk dəfə Naxçıvanda quruya çıxmış və Gəmiqayada dayanaraq burada məskən salmışdır.

Gəminin haralardan keçdiyi, harada dayandığı elə təsvir edilmişdir ki, əfsanənin özü daha da mənalanmışdır:

Məğribdən Məşriqə o yola düşdü,

Gəmiylə fırtına artıq görüşdü.

Gəmi neçə dağı dolandı, keçdi,

“Ağrı”nı, “Kəmki”ni fırlandı, keçdi,

“Aça”nın yanından keçdiyi zaman,

Onun yarğanına toxundu, keçdi,

Nuh dedi: İnan ki, bura dağdır,

Həm də ki, çox uca “Aça” bir dağdır...

Gəmi “Nəsir ” dağda ilişib qaldı... (“Nəsir” - Naxçıvanda “Qapıcıq” dağının ilkin adıdıdır. Quranda zikr olunan Nuhun dayandığı dağ “Qaf-i cudi” adlanır. L.Hüseynzadə belə düşünürdü ki, əcaba “Qaf-i - cudi” dağı “Qapıcıq” dağıdırmı??).

“Nuh dastanı” elmi, tarixi faktlara, etibarlı mənbələrə, dini kitablara əsaslanaraq yazılmış tarixi bir poemadır. Naxçıvanın tarixi ilə məşğul olan tədqiqatçılar, eləcə də kütləvi oxucular üçün əsər çox faydalı ola bilər.

Rüfət HÜSEYNZADƏ,

pedaqoji elmlər doktoru,

professor, əməkdar müəllim


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında