Heydər Əliyev dühasının xronikal-illüstrativ salnaməsi

 

 Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin taleyinə mənsub olduğu xalqın xilaskarı olmaq  yazılmışdı. Bu böyük tarixi missiyanı yerinə yetirmək üçün Tanrı ona səxavətlə hər şey vermişdi: fenomenal yaddaş, yaraşıqlı sima, böyük dövlətçilik təfəkkürü, dönməz siyasi iradə, ən başlıçası, öz xalqına və Vətəninə sonsuz məhəbbət! Bütün bu cəhətlər Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin ulu öndərin 90 illiyi münasibət ilə “Renessans” nəşriyyatında çap etdirdiyi möhtəşəm “Heydər Əliyev adına foto albom”da öz əksini tapıb.

Layihənin rəhbəri və “Zamanın fövqündə” adlı ön sözün müəllifi, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, məsləhətçi nazirin birinci müavini Vaqif Əliyev, mətnin müəllifləri Vaqif Bəhmənli və Ələddin Əsədzadədir. Kitab həm ictimai -siyasi, həm də mənəvi-fəlsəfi çəkisinə, poliqrafik gözəlliyinə görə möhtəşəmdir. Burada öncə Azərbaycan Respublikasının Prezidenti, Heydər Əliyev yolunun bacarıqlı davamçısı, ləyaqətli varis İlham Əliyevin imzaladığı iki tarixi sənəd yer alır:

“Azərbaycan xalqının ümimmilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin ədəbiləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004 -cü il tarixli fərmanı və “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 21 yanvar 2013-cü il tarixli sərəncamı və Prezident İlham Əliyevin yüksək nəzəri-tarixi məzmunlu fikirləri foto-kitabın konseptual yönünü müəyyən edir.

Şübhəsiz ki, Heydər Əliyevə ən dolğun qiyməti onu hamıdan yaxşı tanıyan, ulu öndərin dövlətçilik ənənələrini uğurla davam etdirən Prezident İlham Əliyev vermişdir: “Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai- siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Azərbaycanın 1969-cu ildən bəri yaşanan dövrü xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur.”

Azərbaycanda Heydər Əliyevin 90 illiyinə həsr olunmuş III Beynəlxalq Kitab Sərgisi kontekstində Gənc Tamaşaçılar Teatrında geniş təqdimatı keçirilən “Heydər Əliyev adına foto albom” ulu öndərin sevimli nəvəsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın babasına həsr etdiyi şeirlə açılır. Munis bir qəlbin dərin məhəbbətini ifadə edən bu şeir kitaba səmimiyyət gətirir, onun romantik pafosunu və cazibədarlığını artırır. Yeni nəşrdə Heydər Əliyevin həyatı, taleyi və böyük əməllərini əks etdirən fotoşəkillər elə yerləşdirilib ki, onlara baxanda ümummilli lideri, sanki, çanlı olaraq görür, onunla təmasda olursan.  Kitabda Heydər Əliyev Fondunun və onun rəhbəri, ölkənin birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti də geniş işıqlandırır. “Heydər Əliyev böyük azərbaycanlıdır, böyük tarixi şəxsiyyətdir, müstəqil Azərbaycanın qurucusudur” – Prezident İlham Əliyevin bu sözləri kitabın leytmotivini müəyyənləşdirir.

Layihənin rəhbəri Əbülfəs Qarayev və müəlliflər adı və əməlləri yüzlərlə kitaba sığmayan Heydər Əliyev fenomeninə, əsasən, mədəniyyət prizmasından yanaşıblar. Onun isə düsturu ulu öndərin dediyi kimi, belədir: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqləndirilir. Bu xüsusiyyətlərdən ən yüksəyi mədəniyyətdir”. Ulu öndərin azərbaycançılıq fəlsəfəsinin ən etibarlı mənbələrindən biri və birincisi Azərbaycan ədəbiyyatı və incəsənəti idi.  Əbülfəs Qarayev “Zamanın fövqündə” adlı ön sözdə bu məsələyə xüsusi önəm verir. “Ədəbiyyata, incəsənətə, bütövlükdə, mədəniyyətə sıx bağlılığı bu böyük şəxsiyyətin fitri istedadından, yaradıcı təbiətindən və milli irsə olan diqqətindən qaynaqlanırdı.

Dahi şəxsiyyət Heydər Əliyev həm Allah vergisi, həm gözəllik duyumu, həm də fəhmi ilə əsl sənəti qiymətləndirməyi bacarır, hər hansı sənət əsərinə, ilk növbədə, bir sənət sərrafı kimi yanaşa biliridi. Ölkənin ictimai- siyasi, sosial-iqtisadi cəhətdən çox ağır durumda olduğu zamanlarda belə Heydər Əliyev mədəniyyət və incəsənətin xalqlar və millətlər arasında heç bir tərcüməyə ehtiyacı olmayan ən yaxşı ünsiyyət vasitəsi kimi rolunu nəzərə alaraq Azərbaycanın zəngin mədəniyyətinin dünyaya inteqrasiyasında və onun təbliğində mühüm addımlar atırdı”.

 Bugünün və gələcəyin oxucuları bu kitabdan aşağıdakıları öyrənib-biləcəklər:

– Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdaraq (15 iyun 1993) ölkəmizdə vətəndaş müharibəsinin qarşısını almışdır, ölkənin parçalanmaq təhlükəsindən xilas etməyə, xalqı bir araya gətirməyə nail olmuşdur.

– Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur, müasir hüquqi və demokratik dövlət yaratmış, vətəndaş cəmiyyəti formalaşdırmışdır.

– O, ölkədə sabitlik yaradaraq “Əsrin müqaviləsi”, Bakı -Tbilisi -Ceyhan, Bakı - Supsa, Bakı-Novorossiysk boru kəmərləri və digər layihələr vasitəsi ilə Azərbaycanın milli neft strategiyasını həyata keçirmiş, milli müstəqilliyin iqtisadi təməllərini formalaşdırmışdır.

– Heydər Əliyev Azərbaycanın milli ordusunu, hərbi doktrinasını, hərbi sənayesini yaratmışdır.

– Ulu öndər milli maraqları əsas tutan xarici siyasətimizi formalaşdırmış, yeni dövrün diplomatiyasının əsasını qoymuşdur.

– İkinci dəfə hakimiyyətə qayıtdıqdan sonra o, Azərbaycan xalqının ən böyük mənəvi sərvəti kimi ana dilimizin nüfuzunu yüksəltmək üçün tarixi fərmanlar vermişdir.

– Heydər Əliyevin Azərbaycan xalqı üçün qoyub getdiyi ən böyük sərvətlərdən biri də azərbaycançılıq təlimidir. O, bütün dünyaya səpələnmiş əlli milyondan artıq həmvətənimizi azərbaycançılıq ideyası ətrafına toplayaraq Azərbaycan diasporunu yaratmağa nail olmuşdur. Dünya Azərbaycanlılarının Qurultayı bunun əyani tarixi ifadəsi idi. Ölkəmizin xarici düşmənlərə idealoji müqavimətini gücləndirmək üçün belə bir diasporun yaranması olduqca zəruri idi. Heydər Əliyev onu təşkilati cəhətdən yaratdı və idealoji arsenalla silahlandırdı.

– Ümummilli lider dünyadakı tarixi reallığı dəqiqliklə nəzərə alan müdrik strategiyası ilə türk birliyinin təməllərini qoymuşdur.

“Heydər Əliyev adına foto albom” kitabında bütün bunlar əyani faktlarla göstərilir, xüsusi bir məntiqlə yerləşdirilmiş fotoşəkillərlə nümayiş etdirilir. Kitabdakı mətnlərin və fotoşəkillərin çıxış nöqtəsini belə bir mənalı və məntiqli deyim müəyyən edir: “Heydər Əliyev tarixi dəyərləndirdi, bu günü yaratdı, gələcəyə yol göstərdi”.

Kitabın ilk bölümü “Keçmişə ehtiram dövlətin ləyaqətidir” adlanır. Və bu bölmədə Heydər Əliyevin tarixi xidmətlərini əks etdirən nəzəri müddəalar yer alır. “Heydər Əliyev adına” adlı digər bölümdə ulu öndərin adını əbədiləşdirən onun tarixi əməllərini yaşadan ünvanlardan bəhs olunur.

“Dünya ondan danışır” bölmündə ulu öndərin dünya dövlətlərinin rəhbərləri ilə görüşlərini əks etdirən fotoşəkillər və bu görüşlərin məzmunu, tarixi və siyasi, diplomatik əhəmiyyəti haqqında məlumatlar yer alır. “Yaxın-uzaq ünvanlar” hissəsində onun adını əbədiləşdirən ölkələr haqqında müxtəsər qeydlər verilir. Canından artıq sevdiyi Azərbaycanın elə bir regionu, rayonu, tarixi güşəsi yoxdur ki, Heydər Əliyev orada olmasın, xalqla görüşməsin, təsərrüfat, mədəniyyət obyekti tikdirməsin. Haqqında danışdığımız 500 səhifəlik, iri formatlı, möhtəşəm kitabın yarısını əhatə edən “Hər qarışda izi var” bölümü ulu öndərin regionlarda əbədiləşmiş xatirəsinə ehtiram ifadə edən parklardan, Heydər Əliyev Mərkəzi adlı muzey məkanlardan bəhs edir.

Bütün bu cəhətlər “Heydər Əliyev adına foto-albom”a ensiklopedik xarakter verir, ulu öndərin obrazını canlandırmağa imkan yaradır, ölməz rəhbərə olan ümumxalq məhəbbətini və onun xalqa, Vətənə sevgisini əks etdirir.

Gülşən ƏLİYEVA – KƏNGƏRLİ,
filologiya elmləri doktoru, professor

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında