Dünya azərbaycanlıları artıq 24 ildir ki, Yeni ili möhtəşəm bir həmrəyliklə qarşılayır, arzu-diləklərin ortaqlığında, sevinc-kədərin ümumiliyində milli birlik nümayiş etdirirlər. Bu il dekabrın 31-dən başlayan bayram şənliklərininin axarında daha bir ilimizin zəhmət, quruculuq nəbzi döyünür.Yeni arzular, yeni hədəflər xalqımıza gəl-gəl deyir. İllərdən keçib gələn murad yolu arzuların qanadında bizi ömrümüzün sabahına doğru aparır.
Son 10 ildə yeni ilimiz əvvəlkilərdən də uğurlu gəlir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən yeniləşmə, hərtərəfli inkişaf xətti bu müddətdə Azərbaycanı tanınmaz dərəcədə dəyişdirmişdir. Bakı şəhəri Şərqin parlaq ulduzu kimi dünyaya şəfəq saçır. Ən ucqar kəndlərimiz belə ümumi inkişafın nişanələri ilə zənginləşir. Azərbaycan milli-mənəvi dəyərlərini çağdaş inkişaf meyllərinə qovuşduraraq dünyada özünü sürətlə inkişaf edən, sivil, tolerant ölkə kimi tanıtmaqdadır. Sosial- iqtisadi inkişafda qazanılan uğurlar ölkəmizi regionun lider dövlətinə çevirmişdir. İnsanların rifahı getdikcə yaxşılaşır. Bütün bunlar ötən illərdəki arzularımızın gerçəkləşməsi nəticəsində mümkün olmuşdur. Xalqımızı irili-xırdalı bütün istəklərinə ulu öndər Heydər Əlıyevin qoyub getdiyi yol qovuşdurmuşdur.
Ölkəmizin uğurları dostlarımızı sevindirir, düşmənləri isə məyus edir, dərdə salır. Azərbaycan haqq yolu ilə irəlilədikcə yurdumuzun bir hissəsini xarabaliğa çevirmiş Ermənistanın özü bərbad olur. Azərbaycanın gücü və qüdrəti bu gün itirilmiş torpaqlarımızı geri qaytarmağa yetərli olsa da, xalqımız uzaqgörən öndərimiz Heydər Əliyevin tövsiyələrini əsas tutaraq ağılsız düşmənin öz gücsüzlüyünü anlayacağı günü gözləyir. Özünü çıxılmazlığa düçar etmiş Ermənistanın sürətlə iflas etməsi Azərbaycanın haqlı və yaxınlaşan qələbəsini mütləqləşdirir. Hamı kimi mən də arzu edirəm ki, 2014-cü il bu həqiqətin təntənəsi ilə tarixə düşsün.
Yaxşı deyiblər ki, arzular inama söykənir, ümiddən su içir. Bu baxımdan son illər xalqımızın doğrulmuş ümidləri onun sabaha olan inaminı da gücləndirmişdir. Soydaşlarımız inanırlar ki, ölkəmizin artan iqtisadi qüdrəti zəruri problemlərimizin həllinə, güzəranın yaxşılaşmasına yönəldilir. Azərbaycan dövləti bu gün nəinki Vətəndə yaşayanların, eləcə də xaricdəki soydaşlarımızın maraqlarnı qoruyan, istəklərini təmin edən başlıca qurumdur. Ona görə də hamı, ilk növbədə, 50 milyonluq xalqımızın yeganə dövlətinin maraqlarının keşiyində olmalıdır. Dövlətimiz nə qədər güclü olarsa, bizim hər birimiz də o qədər qüvvətli, imkanlı olarıq.
Yeni ildə birliyimiz, gücümüz daha da artacaq. Mən xalqın arzu-istəklərinin tərcümani olan söz adamı kimi, yeni ildə balalarımıza atalı-analı böyüməyi, gənclərimizə toy sevinci yaşamağı, qurub-yaradan insanlara zəhmətlərinin bəhrəsini görməyi , yaşlı nəslə övladlarına baxıb öyünməyi arzulayıram. İnanıram ki, hər bir ürəyin arzu-istəyi ötən illərdə olduğu kimi, 2014-cü ildə də canlı əməl olacaq. Sənət adamları isə xalqın xoş günlərindən ilham alıb onların qəlbinə rahatlıq gətirən, zövqünü oxşayan əsərlər yaradaqcalar.
Sonda xalqımızı Yeni ilin gəlişi münasibətilə bir daha təbrik edir, soydaşlarımıza il boyu uğur, sevinc, bir-birindən xoş günlər arzulayıram.
Zəlimxan YAQUB, Xalq şairi
“Şahdağ” Qış-Yay Turizm Kompleksinə gələn turistlər buradakı şəraitdən və qiymətlərdən razıdırlar
Qış turizm mövsümünə uğurla başlamış “Şahdağ” Qış-Yay Turizm Kompleksi turistlərin böyük marağına səbəb olmuşdur.
AzərTAc xəbər verir ki, Qusar rayonu ərazisində dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən kompleksə bayram günlərində turist axını daha da artmışdır. Qış mövsümünə 2013-cü il dekabrın 15-dən başlamış kompleksə 20 gündə 10 mindən çox turist gəlmişdir. Turistlər arasında çoxlu sayda əcnəbilər də vardır.
Buraya birinci dəfə gələnlər üçün kompleksin girişində məlumat məntəqəsi yaradılmışdır. Məntəqədə turistlərə hava şəraiti ilə əlaqədar hansı liftlərin açıq, hansılarının bağlı olması, xizək yollarında qarın vəziyyəti və s. barədə məlumat verilir.
Turistlər bundan sonra kompleksin kassalarına yaxınlaşıb biletləri əldə etməlidirlər. Qiymətlər istirahətin növündən və müddətindən asılı olaraq dəyişir. Cəmi 22 manat ödəyən turist bir gün ərzində kompleksin xizək enişlərindən və kanatlardan istifadə etmək imkanı qazanır. Təcrübəsizlər üçün isə bu qiymət 11 manat nəzərdə tutulmuşdur. Turistlərin istirahət edəcəkləri günlərin sayı artdıqca xidmət daha ucuz başa gəlir. Məsələn, bir günlük istirahət 22 manat olduğu halda, bir həftə istirahət üçün cəmi 91 manat ödəmək lazımdır. Belə olan halda gündəlik xərc cəmi 13 manat təşkil edir.
İstirahət mərkəzində xizək sürmək üçün lazım olan bütün avadanlıq və geyimlərin satıldığı, eləcə də kirayə verildiyi obyektlər fəaliyyət göstərir. Avadanlığı kirayələmək üçün şəxsiyyəti təsdiq edən hər hansı bir sənəd təqdim edilməlidir. “Şahdağ” Qış-Yay Turizm Kompleksindəki şərait və qiymətlər turistləri tamamilə razı salır.
Peşəkar xizəkçilər hazırda kompleksin 7 xizək zolağından istifadə edirlər. Bu zolaqlardan məsafəyə görə ən böyüyünün uzunluğu 2 kilometrə bərabərdir. Turistlər kompleksdə artıq istifadəyə verilmiş 6 kanat yolundan yararlanırlar.
Təcrübəsi olanlarla yanaşı, heç vaxt xizəklə sürüşməyənlər də çəkinmədən “Şahdağ” Qış-Yay Turizm Kompleksinə gələ bilərlər. Burada yeni öyrənənlər üçün xüsusi təcrübə məkanı və peşəkar təlimçilərin olduğu xizək məktəbi açılmışdır. Təlimçilər ödəniş əsasında təcrübəsizlərə qısa müddətdə xizək sürməyi öyrədirlər. Xizək sürməyi öyrənmək üçün bir saata görə böyüklər 5, uşaqlar isə 2,5 manat ödəniş etməlidirlər.
Kompleksdə xizəkçilikdən əlavə yamaclarda snoubord və aeroxizəkdə sürüşmək kimi həyəcanlı imkanlar da təklif edilir.
Uşaqlar üçün oyunlara kvadrosikldə gəzinti və tübinq daxildir.
Bayram günlərində “Şahdağ” Qış-Yay Turizm Kompleksində yerləşən “Zirvə”, “Qaya” “Şahdağ Resort SPA” otellərindəki nömrələrin hamısı əvvəlcədən kirayələnmişdi.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.