“Azərbaycan: təqvimdə dörd qara gün” kitabı nəşr olunmuşdur

 

 

 

AzərTAc-ın İrandakı xüsusi müxbiri Sabir Şahtaxtının “Azərbaycan: təqvimdə dörd qara gün” elmi kitabı Bakıda - “Nurlan” nəşriyyatı tərəfindən nəşr olunmuşdur. Baş nazirin müavini, professor Əli Əhmədovun rəy verdiyi kitaba ön sözü professor Əlikram Abdullayev yazmışdır. Kitabın baş məsləhətçisi AzərTAc-ın baş direktoru Aslan Aslanov, elmi redaktoru  professor Elman Nəsirovdur.

Kitabın əvvəlində ümummilli lider Heydər Əliyevin  Azərbaycan tarixi ilə bağlı bu dəyərli fikirləri yer almışdır: “Çar Rusiyası 1804-1813-cü illərdə və 1826-1828-ci illər müharibələrindən sonra Şimali Azərbaycanda hakim olduğu zamandan tədricən ilbəil burada öz hakimiyyətini möhkəmləndirib və nəhayət, öz üsul-idarəsini tətbiq edibdir... Ancaq eyni zamanda, bizim tariximiz vardır. Bilirik ki, Azərbaycan hansı ərazidə olubdur. Bunu yaxşı bilirik. Hamımız bilirik və bunu, tariximizi yada salaraq ürək ağrısı ilə deyirik ki, Azərbaycan ərazisi indikindən xeyli böyük, geniş olubdur. Ancaq tarixin müəyyən mərhələlərində bu ərazinin bir hissəsi ermənilərə keçibdir - bir dəfə, iki dəfə, üç dəfə”.

Kitabda ermənilərin azərbaycanlılara qarşı törətdikləri 1918-ci il mart soyqırımının, 1920-ci il aprel işğalının, 1990-cı il 20 Yanvar faciəsinin və 1992-ci il Xocalı soyqırımının səbəblərindən, məqsəd və nəticələrindən  bəhs edilir. Müəllif çoxsaylı tarixi faktlara və siyasi mülahizələrə əsaslanaraq bu qanlı hadisələrin Azərbaycan xalqına qarşı törədilən tarixi cinayətlər olduğunu açıb göstərir. Qeyd olunur ki, niyyət və mahiyyətcə bir-birinin davamı olan bu cinayətlər  sistemli şəkildə həyata keçirilmişdir. Erməni millətçiləri XX əsrin əvvəllərində müsəlman əhaliyə qarşı törətdikləri hərbi cinayətləri həmin əsrin sonunda yenidən təkrarlamışlar. Eləcə də sovet hakimiyyəti illərində SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti ağır sosial-siyasi nəticələr vermişdir. Bütün bunlar xəyali “böyük Ermənistan” ideologiyasının və dünyadakı ikili standartların doğurduğu acı nəticələrdir.

Kitabda erməni millətçilərinin müasir dövrdə dünyanın ayrı-ayrı ölkələrində törətdikləri mütəşəkkil cinayətlərin xronologiyası beynəlxalq informasiya mənbələrindən, o cümlədən erməni, fars və ərəbdilli mətbuat və informasiya mənbələrindən götürülmüş faktlar əsasında oxucuya çatdırılır. 

Müəllif elmi mühakimələrlə əsaslandırır ki, təcavüzkar Ermənistanın və dünyadakı erməni millətçilərinin riyakar əməlləri tarixdə ilk dəfə olaraq ciddi müqavimətə rast gəlmiş, dünya miqyasında ifşa edilmişdir. Bu, Azərbaycanın müstəqilliyi, ölkədə milli hakimiyyətin mövcudluğu, dəqiq inkişaf strategiyası, milli maraqların qorunması istiqamətində atılan qətiyyətli addımlar sayəsində mümkün olmuşdur. Azərbaycan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq normaları əsasında, özünün ərazi bütövlüyünü qorumaq və ölkədə yaşayan bütün xalqların azadlığına zəmanət vermək şərti ilə həll etmək siyasəti yürüdür.  Prezident İlham Əliyev bu barədə danışarkən demişdir: Bizim təcrübəmiz əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər.

Yeni dizaynla - tarixi fotolar və AzərTAc-dan götürülmüş infoqrafikalar əlavə edilməklə Azərbaycan dilində təkrar nəşrə hazırlanmış kitab, eyni zamanda, İranda fars dilində çapa təqdim olunmuşdur.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında