Elmimiz yeni uğurlar yolundadır

 

 

Şərəfli tarixi keçmişə, çoxsaylı ziyalılara, tarix boyu əldə etdiyi möhtəşəm elm, sənət və mədəniyyət uğurlarına, zəngin təbiətə, əlverişli geopolitik mövqeyə, müxtəlif təbii resurslara, intellektual insan kapitalına malik Azərbaycan müasir dünyada özünəməxsus yeri, mövqeyi olan güclü dövlətdir və dünyanın  hansı güşəsində yaşamasından asılı olmayaraq hər bir azərbayanlının qürur  mənbəyidir.  Azərbaycan məhfumu dünya azərbaycanlılarını vahid ideya, məqsəd və məram ətrafında birləşdirə bilən müqəddəs, ali dəyərdir!

Təsadüfi deyildir ki, dünya azərbaycanlılarının həmrəyliyinin əsasında dayanan ümummilli ideya məhz azərbaycançılıq ideologiyasıdır. Ümummilli lider Heydər Əliyev tərəfindən  əsası qoyulan bu ideologiyanın mənəvi inteqrativ potensialı sayəsində dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar müqəddəs Vətən məfkurəsi ətrafında sıx birləşmiş, onlarda xalqın, millətin taleyüklü məsələlərinə vahid mövqedən münasibət formalaşmışdır. Azərbaycançılıq məfkurəsinə əsaslanan  xalqımız  özünün milli dövlətçilik ənənələrinə, tarixi və mədəni irsinə söykənən müasir demokratik-hüquqi dövlət quruculuğu yolunu seçərək  bu yolda inamla addımlamaqdadır. Artıq bu gün dünyanın istənilən yerində yaşayan azərbaycanlıların mənafeyini müdafiə edən,  onların vahid ideya ətrafında birləşməsində maraqlı olan müstəqil,  güclü Azərbaycan Respublikası vardır!

İyirmi illik müstəqillik yolu keçmiş Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymaqdadır. Bu baxımdan yola saldığımız 2013-cü il Azərbaycan üçün xüsusilə uğurlu olmuşdur. 2013-cü ildə İlham Əliyevin məqsədyönlü və uğurlu siyasəti nəticəsində ölkəmiz bir sıra beynəlxalq səviyyəli layihələrə imza atmışdır. Respublikamız Azərbaycanın ilk telekomunikasiya peykini -  “Azerspace-1”-i orbitə çıxarmış, Şahdəniz-2 kimi layihələrinin imzalanması ilə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında oynadığı rol daha da yüksəlmişdir. Sözsüz ki, Azərbaycanın yüksələn nüfuzu dünya azərbaycanlılarının daha sıx və möhkəm şəkildə vahid ideya ətrafında birləşməsinə öz töhfələrini verəcəkdir.

Yola saldığımız 2013-cü ili Azərbaycan elmi üçün də uğurlu hesab etmək olar. Bu il hər şeydən əvvəl Azərbaycan Milli Elmlər Akademiyası üçün islahatlarla müşayiət olunan yeni yüksəliş mərhələsi kimi yadda qaldı. AMEA-nın intellektual potensialının inkişafı, onların daha geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirildi.  Müasir şəraitdə elmi işin daha effektiv həyata keçirilməsi üçün elmi potensialla iş sahəsində yeni idarəçilik mexanizmlərinin tətbiqini təmin edən layihələr işlənib hazırlandı. İntellektual gəncliyi ölkənin ümumi inkişaf tempinə uyğunlaşdırmaq, elmimizin gələcək taleyinin etibarlı əllərdə qorunmasını təmin etmək məqsədi ilə gənc alimlərlə bağlı bir sıra addımlar atıldı.

Bizim hədəfimiz Azərbaycan aliminin dünyaya müasir elmi informasiya daşıyıcısı kimi inteqrasiyasına nail olmaqdır. Bu məqsəd xaricdə və Azərbaycanda yaşayan hər bir azərbaycanlı alim və ziyalı qarşısında böyük məsuliyyət qoyur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan elm sahəsində də regionun lider dövlətinə çevrilməlidir. İnanırıq ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıya qoyulan məqsəd və ideyalar tezliklə öz gerçək nəticələrini verəcəkdir.

Qarşıdan gələn 2014-cü ildə Azərbaycan alimlərinin I qurultayının keçirilməsi nəzərdə tutulur. Elmi fəaliyyətin  daha da təkmilləşdirilməsi, alimlər arasında ünsiyyət imkanlarının və elmi mübadilənin yüksəldilməsi üçün atılan bu addım, sözsüz ki, dünyada yaşayan azərbaycanlı alimlərin Azərbaycan Milli Elmlər Akadamiyası ilə sıx əməkdaşlığına öz töhfəsini verəcəkdir. 2014-cü ildə Azərbaycanın elmi potensialı bir tərəfdən dövlətin günü-gündən elmə artan diqqət və qayğısı, digər tərəfdən də özünün daxili intellektual səfərbərliyi sayəsində yeni dövrün tələbləri baxımından daha mütəşəkkil və sistemli xarakter alacaq, respublikanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafında bundan sonra da yaxından iştirak edəcək, dünya elminə öz layiqli töhfələrini verəcəkdir.

Əziz həmvətənlər,  Sizi 31 Dekabr  Dünya Azərbaycanlılarının Həmrəliyi Günü və Yeni il münasibəti ilə ürəkdən təbrik edir və sizlərə Vətənimiz Azərbaycan naminə atdığınız bütün addımlarda uğurlar arzulayırıq! 

 

 

Akif ƏLİZADƏ,

Azərbaycan Milli Elmlər

Akademiyasının prezidenti, akademik

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında