Dekabrın 27-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının təsis konfransı
keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademiyanın rəyasət heyətinin 17 oktyabr tarixli qərarından sonra 42 elmi müəssisə və təşkilatda gənc alim və mütəxəssislər şuralarının yaradıldığını və bu qurumlara sədrlərin seçildiyini bildirmişdir. Diqqətə çatdırmışdır ki, məqsəd gənclərin elmi fəaliyyətini stimullaşdırmaq, onların elmin inkişafındakı rolunu daha da artırmaqdır.
Qeyd olunmuşdur ki, son 10 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu gənclər siyasəti nəticəsində istedadlı və yaradıcı gənclərə, gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir.
Hazırda ölkəmizdə öz sahələrində püxtələşmiş orta yaşlı alimlərin çoxluq təşkil etdiyini bildirən AMEA-nın prezidenti demişdir ki, gənclər həmin alimlərin təcrübələrindən faydalanmaqla çox ciddi uğurlara imza ata bilərlər.
Akif Əlizadə vurğulamışdır ki, Gənc Alim və Mütəxəssislər Şurası gələcəkdə məktəblərdə elm guşələri yaratmalıdır. Bu guşələrin yaradılması gənclərin elmə maraqlarının artırılmasına, onların bu sahəyə axınına təkan verər. Akademik gənclərin elmə cəlb edilməsini AMEA-da aparılan islahatların prioritet istiqamətlərindən olduğunu demişdir. Nəzərə çatdırmışdır ki, gənclər üçün Prezident mükafatının təsis olunması, “Gənc alim” analitik-informasiya sisteminin yaradılması, Gənc Alim və Mütəxəssislər Şurasının təsis olunması AMEA-nın gənclər siyasətinin əsasını təşkil edir.
Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov ölkəmizdə gənclərin elmə maraqlarının artırılması üçün real təşəbbüslərə və təkliflərə ehtiyac olduğunu, alimlərin orta yaş həddinin endirilməsinin vacibliyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, 5 il bundan əvvəllə müqayisədə ölkəmizdə akademiklərin və akademiyanın müxbir üzvlərinin sayı azalmışdır. Onların yerini dolduracaq gənc mütəxəssislər indidən hazırlanmalıdır. Alimlərin sayının süni surətdə artırılmasının yolverilməz olduğunu deyən Elnur Aslanov bildirmişdir ki, bunun üçün əlverişli mühit yaradılmalıdır.
Prezident Administrasiyasının şöbə müdiri qeyd etmişdir ki, bu gün Azərbaycanda milli tərəqqinin əsas yükü dövlətin üzərinə, təxminən 10 faizi isə özəl sektorun payına düşür. Halbuki elmdəki uğurlu nəticələrin praktikada tətbiqində özəl sektor həlledici rol oynamalıdır. Azərbaycan iqtisadiyyatında bu gün özəl sektorun böyük potensialı vardır. Özəl sektor elmin inkişafına daha çox investisiya qoymalıdır.
Elnur Aslanov bildirmişdir ki, tədqiqatçıların beynəlxalq tədbirlərdə iştirakının təmin edilməsi olduqca vacibdir. Gənc alim və mütəxəssislər beynəlxalq və regional səviyyələrdə rezonans doğuracaq, diqqəti cəlb edəcək aktual mövzuları işləməlidirlər.
Prezident Administrasiyasının şöbə müdiri demişdir: “Əksər hallarda xaricdə təhsil alan və elmi tədqiqatlar aparan gənclərimızin 90 faizi Azərbaycan ilə bağlı mövzuların araşdırılmasına can atır. Araşdırmaların 75 faizi isə Dağlıq Qarabağ münaqişəsinə həsr olunur. Mən demirəm ki, bu məsələ xaricdə təhsil alan tələbələr tərəfindən araşdırılmamalıdır. Əlbəttə, araşdırılmalıdır. Lakin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı azərbaycanlı tələbə tərəfindən hansısa bir Böyük Britaniya universitetində araşdırma aparmaq və bunun nəticəsində öz elmi işini müdafiə etmək həddindən artıq asandır. Çünki azərbaycanlı münaqişənin səbəb və nəticələrini, haqlı tərəfin mövqeyini çox rahat şəkildə izah edə bilir. Azərbaycanlı tələbələr daha çox bu məsələlərə xarici alimləri cəlb etsələr, bu araşdırmaları onların fikirləri və sözləri ilə yazdırsalar daha faydalı olar. Eyni zamanda, azərbaycanlı alimlərin və mütəxəssislərin dünyada mövcud olan digər problemləri araşdırmaları da çox müsbət nəticələr verər. Təbii ki, bu məsələlərin üzərində düşünməyə ehtiyac vardır”.
Elnur Aslanov hazırda dünya üzrə 3 milyarddan çox insanın internet istifadəçisi olduğunu bildirmişdir. Qeyd etmişdir ki, proqnozlara görə, 2020-ci ilədək bu göstərici 5 milyard nəfərə çatacaqdır. Bu gün Azərbaycanda internetə çıxış problemi yoxdur. Ölkədə hər 100 nəfərdən 70-i internet istifadəçisidir. Mobil internetdən istifadə edənlər isə daha çoxdur. Buna görə internetdən daha səmərəli faydalanmağa ehtiyac vardır.
İnternetdən istifadədə Vikipediyanın imkanlarından danışan şöbə müdiri vurğulamışdır ki, 30 milyondan çox ensiklopedik məqaləyə malik bu sosial şəbəkə 286 dildə fəaliyyət göstərir. Hər ay 100 milyonlarla istifadəçi bu şəbəkədən məlumatlar əldə edir. Vikipediyanın Azərbaycan bölməsində isə 65 min 800 istifadəçi fəaliyyət göstərsə də, onlardan cəmi 500-ə yaxını fəaldır. Bu isə çox azdır. Təəssüf ki, sosial şəbəkələrdə də intellektual diskussiya boşluğu hiss edilir. Azərbaycana qarşı əsassız ittihamlara verilən adekvat cavabları, reaksiyaları yetərli saymaq olmaz.
Elnur Aslanov bildirmişdir ki, bu gün Azərbaycan öz brendlərini, müasir standartlarını yaradır. Lakin xarici ölkələrdə humanitar mövzularda Azərbaycan modelinin tədqiqi, təbliği sahəsində nəşr olunan elmi məqalələrin sayı ürəkaçan səviyyədə deyil. Gənc alimlərimiz bu məsələlərdə həmyaşıdlarına nümunə olmalıdırlar. Onlar təkcə intellektləri ilə deyil, həm də dünyagörüşləri, şəxsiyyəti, hadisələrə, proseslərə düzgün və səlis yanaşmaları, bir neçə xarici dildə sərbəst danışmaları ilə fərqlənməlidirlər. Təəssüf ki, bu gün Azərbaycanın ingilis dilində nəşr olunan və xarici ölkələrdə də populyarlıq qazanmış elmi jurnalları barmaqla sayılacaq qədər azdır. Buraya gənc alimlər üçün ayrıca internet səhifələrinin kasadlığını, onların vahid informasiya bankının yoxluğunu da əlavə etmək olar.
Prezident Administrasiyasının şöbə müdiri demişdir ki, indi dünyaya çıxmaq çox asandır. Əvvəlki illərdə mövcud olan çətinliklər aradan qalxmışdır. Hər bir gənc alimin işləmək, istedadını, biliyini, elmi yeniliyini göstərmək üçün meydan açılmışdır. Biz bu sırada öz yerimizi tutmalıyıq. Azərbaycan gənclərinin bu gün dünyanın məşhur universitetlərində, elm mərkəzlərində əldə etdikləri nəticələr onu deməyə əsas verir ki, gənc alimlərimiz intellektual göstəricilərinə, bilik və bacarıqlarına görə heç də xarici həmyaşıdlarından geri qalmır, əksinə, bəzən onları üstələyirlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev isə ölkəmizdə elmin inkişafı üzrə dövlət siyasətindən, gənc alimlərə göstərilən diqqət və qayğıdan danışmışdır.
Qeyd edilmişdir ki, son bir ildə AMEA-da aparılmış köklü islahatlar nəticəsində elmlə məşğul olan gənclərimiz üçün hər cür şərait yaradılmışdır.
Elçin Babayev gənclərə onlara göstərilən etimadı doğrultmağı, Vətənimizin, xalqımızın rifahı və xoşbəxt gələcəyi üçün çalışmağı tövsiyə etmişdir.
Elmin İnkişaf Fondunun ən böyük məqsədlərindən birinin Azərbaycanda alınan elmi nəticələrin dünya miqyasına çıxarılması olduğunu vurğulayan Elçin Babayev gənclərimizi qrant müsabiqələrində daha fəal olmağa çağırmışdır.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və başqaları gənclərlə bağlı görülən işlərdən danışmış, Şuranın gələcək fəaliyyətində uğurlar arzulamışlar.
Çıxışlarda Azərbaycanın gənc alimlərə böyük ehtiyacı olduğu vurğulanmış, yeni yaradılan Şuranın gənclərin elmi-intellektual inkişafında aparıcı rol oynayacağına əminlik ifadə olunmuşdur. Qurumun təsis edilməsi gələcəklərini elmə bağlayan gənclərin həyatında mühüm hadisə kimi qiymətləndirilmişdir.
Sonra səs çoxluğu ilə Gənc Alim və Mütəxəssislər Şurası təsis edilmişdir.
Bilik və bacarığı ilə fərqlənən 52 fəal gənc Şuraya üzv seçilmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.