Təhsilin inkişafı üzrə Dövlət Strategiyası ölkəmizdə bu sahənin inkişafına böyük stimul verəcək

 

 

Azərbaycan  müəllimlərinin XIV qurultayında bu barədə əhatəli söz açılmışdır

Bir çox müəllimlərin və təhsil sahəsində fəaliyyət göstərən ekspertlərin fikrincə, Azərbaycan xalqının 2013-cü ilin oktyabrında keçirilmiş prezident seçkilərində  nümayiş etdirdiyi siyasi iradənin nəticələrindən bütövlükdə ölkəmizin istənilən vətəndaşı yüksək səviyyədə bəhrələnəcək. Bu, gün kimi aydın bir məsələdir. Ancaq pedaqoqlar əlavə edirlər ki, cənab İlham Əliyevin üçüncü dəfə dövlət başçısı seçilməsi daha çox ölkənin təhsil sisteminin inkişafına zəmin yaradacaq.  Bu arqumenti əsaslandırmaq üçün konkret faktlara da istinad edirlər:  Həmin seçkidə qalib gəlmiş dövlət başçımızın andiçmə mərasimindən sonra imzaladığı ilk strateji sənəd  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, ölkəmizdə sahə mütəxəssislərinin keçirdiyi  ilk ali məclis isə müəllimlərin XIV qurultayı olmuşdur.

Burada təsadüfi heç nə ola bilməz. Çünki Azərbaycanı BMT Təhlükəsizlik Şurası kimi mötəbər beynəlxalq təşkilatın sədrliyinə qədər ucaldan, üstündə üçrəngli bayrağımızın təsviri olan rabitə peykimizin kosmosun ənginliklərində dünyanın aparıcı dövlətlərinin peykləri ilə “çiyin-çiyinə” fəaliyyət göstərməsini təmin edən, gənc müstəqil dövlətimizi regionun lider dövlətinə çevirən Prezident İlham Əliyev indi qarşıya daha mühüm bir vəzifə qoymuşdur: Neft sektorundan əldə edilən  kapitalın insan kapitalına çevrilməsi. Bu vəzifənin reallaşdırılması üçün isə ilk növbədə ölkənin təhsil  müəssisələrinin maddi-texniki bazası daha da möhkəmləndirilməli, təhsilin idarə edilməsi müasir dünya standartları səviyyəsinə qaldırılmalı, informasiya - kommunikasiya texnologiyalarından yetərincə istifadə olunmalıdır. Ekspertlərin fikrincə, dövlət başçımızın bu il oktyabrın 24-də imzaladığı yeni Dövlət Strategiyası da məhz həmin məqsədlərə xidmət edəcək.

 Bu strategiya beş mühüm istiqaməti əhatə edir. Təbii ki, həmin istiqamətlərin hər birində bir neçə daxili istiqamətlər də  vardır.  Əsas istiqamətlər  səriştəyə əsaslanan şəxsiyyətyönlü  təhsil məzmununun yaradılmasından, insan resurslarının müasirləşdirilməsindən, şəffaf və səmərəli idarəetmə mexanizminin formalaşdırılmasından, müasir tələblərə uyğun təhsil infrastrukturunun  hazırlanmasından və bu sistemin müasir maliyyələşdirilmə modelinin qurulmasından ibarətdir.  Təbii ki, bu dövlət sənədinin məqsədi, strateji istiqamətləri, strateji hədəfləri,  həmin  hədəflərə nail olmaq üçün nəzərdə tutulan tədbirlər, strategiyanın ümumilikdə həyata keçirilməsi yolları  artıq  bu sahənin mütəxəssisləri tərəfindən öyrənilib və əməli fəaliyyətə başlanılıb.

Müəllimlərin XIV qurultayında geniş hesabat məruzəsi ilə çıxış edən təhsil naziri Mikayıl Cabbarov qeyd etmişdir ki, Təhsil Nazirliyi  Dövlət Strategiyasının icrası istiqamətində bütün maraqlı tərəflərlə, hədəf qrupları ilə faydalı əməkdaşlıq əlaqələri yaratmaq niyyətindədir.  Nazir qeyd etmişdir ki, strategiyada nəzərdə tutulan hədəflərə nail olunması prosesində birgə iş aparılmalı və problemlərin həlli yolları birgə araşdırılmalıdır.  Bu zaman bir məqamı yada salmaq zərurəti var. Belə ki, Azərbaycan təhsilinin ən böyük himayədarı olmuş ulu öndər Heydər Əliyev xatırladırdı: cəmiyyət həyatının bütün sahələrinin problemləri ayrı-ayrılıqda sahə mütəxəssislərinin problemi olsa da, təhsillə bağlı problemlər bütövlükdə cəmiyyətin problemləridir və onların həllində bizim hamımız yaxından iştirak etməliyik. Yəni, təhsil nazirinin bu sahədəki problemlərin həlli yollarını cəmiyyətin müxtəlif sahələrini əhatə edən qurumlarla birgə həll etmək çağırışı da, yeni strategiyanın həyata keçirilməsi prosesində müxtəlif qurumlarla əməkdaşlığa önəm verməsi də təhsilə Heydər Əliyev münasibətinin yaşadılmasıdır.

Qurultayda  geridə qalan illərdəki fəaliyyət barədə hesabat verilməsi ilə yanaşı bugünkü təhsil sistemimiz üçün  nisbətən yeni olan bir sıra məsələlərdən də danışıldı. Məsələn, təhsilin bütün pillələri üzrə kurrikulumların yaradılması, 12 illik ümumi təhsilə keçid, ali məktəblərdə “SABAH” qruplarının (savadlı, bacarıqlı və hazırlıqlı tələbələr) yaradılması, ali məktəblərdə tələbə kontingentinin ən azı 10-15 min nəfərə çatdırılması zərurəti, universitetlərdə müəllimlərin həftəlik dərs yükünün 12 saatdan 18 saata qaldırılmasının vacibliyi, sonuncu dərs ilində 8846 uşağın vaxtından əvvəl birinci sinfə qəbul edilməsi faktı, son dərs ilində əvvəlki illərlə müqayisədə sayca ən çox - 787 nəfər azərbaycanlı gəncin aparıcı xarici ölkələrin ali məktəblərində təhsil almaq hüququ qazanması və bir çox bu kimi məsələlər xüsusi olaraq vurğulanmışdır. Ancaq  həm nazirin, həm də digər natiqlərin nitq və çıxışlarında daha qabarıq şəkildə səsləndirilən  fikir bu olmuşdur ki, son illər   Heydər Əliyev siyasi kursu  Azərbaycan təhsilinin möhtəşəm inkişafını təmin etmişdir. Məhz həmin arqumentə əsaslanaraq ulu öndərin siyasi kursunun milli təhsilimizə verdiyi töhfələrin  qısa tarixini növbəti dəfə yada salmaq istəyirik.

Təbii ki, son on ildə  respublikamızda ən iti sürətlə inkişaf edən və beynəlxalq aləmə inteqrasiyası təmin olunan sahələrdən biri də təhsil sektorudur.   Cənab Prezidentin andiçmə mərasimindəki nitqində qeyd edilir ki, son on ildə ölkəmizdə 2700 məktəb binası tikilib. Yəni ölkəmizin hər bir gəncinin cəmiyyət  üçün gərəkli olan normal vətəndaş kimi yetişdirilməsi üçün daha vacib olan ünvanlar məhz orta məktəblərdir.  Bu gün artıq heç kəsə sirr deyil ki, Azərbaycanın orta məktəbləri maddi-texniki bazanın müasirləşdirilməsi baxımından Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin əksəriyyəti üçün əlçatmazdır. Qeyd etdiyimiz kimi  bu, ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin nəticələridir. Həmin uzaqgörənliyi bəzi konkret faktlarla yada salaq.

Ümummilli liderimizin respublikaya ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkəmizdə 414 məktəbəqədər tərbiyə müəssisəsi, 792 ümumtəhsil məktəbi, 132 texniki peşə məktəbi tikilib istifadəyə verilmişdi.  Nəzərə alaq ki, həmin illər bütün bu işlərin görülməsi üçün Moskvanın razılığı və SSRİ büdcəsindən vəsait ayrılması lazım idi. Heydər Əliyev bütün bunları özünün şəxsi nüfuzu hesabına reallaşdıra bilirdi. Bundan başqa,  ulu öndər ölkə iqtisadiyyatında və cəmiyyət həyatında daha böyük ehtiyac olan ali təhsilli kadrların yetişdirilməsi məsələsini daim diqqət mərkəzində saxlayır və həmin sahədə çox böyük nailiyyətlərə imza atırdı. 1970-80-ci illərdə respublikanın ali məktəblərində 100-dən artıq yeni kafedra, 40-dan çox yeni fakültə açılmışdı.  O dövrdə ölkənin ali məktəblərində 100-ə qədər yeni ixtisas üzrə ali təhsilli mütəxəssislərin hazırlanmasına başlanmışdı. Həmin illərdə  6 yeni ali məktəb yaradılmışdı. Bunlar Azərbaycan Dövlət Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu ( 1973-cü il) , Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu (1973-cü il) , Stepanakert Dövlət Pedaqoji İnstitutu (1973-cü il), Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (1975-ci il) , Azərbaycan Texnologiya İnstitutu (Gəncə, 1981-ci il) və Naxçıvan Dövlət Pedaqoji İnstitutu (1982-ci il) idi. Bundan başqa, həmin illərdə ölkəmizdə 12 yeni texnikum yaradılmışdı ki, bu da orta ixtisas məktəbində təhsil almaq istəyənlərin arzusunun gerçəkləşməsinə əsl yardım idi.

İndi yuxarıda qeyd etdiyimiz paralellərdən birini tapmaq üçün  başqa bir məqama xüsusi diqqət yetirək.  Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin bu il oktyabrın 3-də ölkənin rəsmi mətbuatında yayılmış “Azərbaycan: sosial -iqtisadi inkişafın dünya lideri” adlı geniş hesabatında  oxuyuruq: “ Ölkədə gənclərin ali və orta ixtisas təhsilə kifayət qədər yiyələnməsinə imkan verən dövlət və qeyri-dövlət təhsil müəssisələrinin çoxşaxəli şəbəkəsi yaradılmışdır. 2012-2013-cü tədris ilinin əvvəlinə Azərbaycanın təhsil sistemində 52 ali və 59 orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərmişdir. Onlarda müvafiq olaraq  145,6 min tələbə ali ixtisas və 56 min tələbə orta ixtisas təhsili alır. Son 10 ildə ali təhsil müəssisələrinin kontingenti 21,3 faiz artmışdır.

Dövlət büdcəsindən təhsilin inkişafına ayrılan vəsait ilbəil artır. 2003-cü ildə bu sahəyə 234,8 milyon manat ayrılmışdısa, 2012-ci ildə onun həcmi 1 milyard 453,2 milyon manata çatmışdır. Təhsil xərclərinə büdcədən ayrılan vəsaitin nəzərəçarpacaq dərəcədə artması ölkə başçısının təhsili dövlət siyasətinin əsas prioritetlərinin biri hesab etməsi ilə birbaşa bağlıdır. 2003-2013-cü illərdə Azərbaycanda 7 yeni ali məktəb yaradılıb (Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası, Azərbaycan Turizm İnstitutu, Dövlət Sərhəd Xidmətinin Akademiyası, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Ali Neft Məktəbi, İnformasiya Texnologiyaları Universiteti)”.

Yəqin diqqətli oxucu bilir ki, rəsmi statistikanın bu hissəsini rəsmi qəzetlərdə olduğu kimi verməyimiz səbəbsiz deyil. Məqsədimiz o idi ki, yuxarıda ulu öndər barədə söz açarkən qeyd etdiyimiz  “1970-80-ci illərdə ölkədə 6 yeni ali məktəb açılmışdı” cümləsini yada salaq və cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi  2003- 2013-cü illərdə təhsil sektoruna göstərdiyi qayğının miqyası ilə həmin illərdəki göstəricilərin bir-birini necə tamamladığını xatırladaq.

İndi isə başqa bir paralel axtarmağa cəhd edək. Yeni Azərbaycan Partiyasının yaranmasının 10 illiyi münasibətiylə hazırlanmış “Azərbaycanın dünəni, bu günü və gələcəyi” adlı kitabda  (Bakı, 2002-ci il) ulu öndər Heydər Əliyevin ölkəmizə ikinci dəfə rəhbərlik etdiyi illərdə təhsil sektorunun inkişafına göstərdiyi qayğı və diqqətdən söz açılan məqalədə deyilir: “Ötən illərdə istedadlı uşaq və gənclərin maddi və mənəvi həvəsləndirilməsi məqsədilə onlar üçün “Qızıl kitab”ın təsis edilməsi, Prezident təqaüdlərinin təyin olunması, təkcə 1995-2001-ci illərdə müəllimlərin maaşlarının 9 dəfə artırılması, 1998-ci ildə Azərbaycan müəllimlərinin XI qurultayının keçirilməsi, 6 aparıcı ali məktəbə  ( Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti)  maliyyə müstəqilliyi verilməsi, 2 yeni ali məktəb yaradılması (Milli Konservatoriya və Rəssamlıq Akademiyası) , 7 ali məktəbə universitet statusu verilməsi, 5 ali məktəbin yubileyinin keçirilməsi, 300 nəfərdən artıq təhsil işçisinin fəxri adlarla, orden - medallarla təltif olunması, ali məktəblərə yüksək balla qəbul edilmiş tələbələrə Prezident təqaüdünün verilməsi, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar xüsusi Prezident sərəncamının imzalanması və başqa bu kimi tədbirlər YAP sədri, dövlət başçımız Heydər Əliyevin təhsilə, təhsil alanlara və təhsil işçilərinə böyük qayğı və diqqətinin parlaq təzahürüdür".

İndi isə bugünkü rəqəmlərdən bir neçəsinə diqqət yönəldək. Neft kapitalının insan kapitalına çevrilməsini əsas məqsəd kimi ortaya qoyan möhtərəm dövlət başçımızın xüsusi qayğısı nəticəsində indi Azərbaycanın orta məktəblərində təxminən hər 18  şagirdə bir kompyuter düşür. Xatırladaq ki, 2003-cü ildə orta məktəblərimizdə  təxminən 1100  şagirdə bir kompyuter düşürdü.  Kompyuteri olan məktəblərin (onlar ölkə məktəblərinin 83 faizini təşkil edir)  50 faizinin internetə çıxışı vardır.  Sonuncu tədris ilində 2270 azərbaycanlı gənc dövlət xətti ilə xarici ölkələrin aparıcı universitetlərində təhsil almışdır. Son illərdə Azərbaycanın ali təhsil sisteminə xarici ölkələrdə də inam artmış və bu ölkələrin  vətəndaşları ali təhsil müəssisələrimizə daha çox etibar etməyə başlamışlar. Əgər 2003-2004-cü tədris ilində respublikamızın ali təhsil müəssisələrində 29 ölkədən 1984 əcnəbi tələbə təhsil alırdısa, bu göstərici 2012-2013-cü tədris ilində 46 ölkəni əhatə etməklə 3926 nəfərə çatmışdır.

Bir sözlə, bu gün milli təhsilimizin inkişafında yeni mərhələ başlanmışdır. 

Yuxarıda qeyd etdiyimiz kimi Prezident İlham Əliyevin  oktyabrın 24-də imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” bu yeni mərhələnin əsas stimulverici amilidir. Adıçəkilən sənədin priambulasında deyilir: “ Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir”.

Yazının əvvəlində qeyd etdiyimiz kimi dövlət başçımız ölkədə əldə edilən neft kapitalını insan kapitalına çevirməyi strateji hədəf kimi qarşıya qoyub. Prezident İlham Əliyev  bu məqsədlə qısa zamanda Azərbaycanın Avropa ali təhsil məkanına inteqrasiyasını təhsil siyasətinin prioritetlərindən birinə çevirdi. Azərbaycan 2005-ci ildə rəsmən “Avropa ali təhsil məkanına”- Boloniya prosesinə qoşuldu. Boloniya Bəyannaməsinə qoşulmaqla ölkəmizdə 1993-cü ildən həyata keçirilən ikipilləli ali təhsil sisteminin inkişaf etdirilməsi, bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq ali təhsil istiqamətlərinin yeni siyahısının hazırlanması, istiqamətlər üzrə dövlət təhsil standartlarının hazırlanması istiqamətində mühüm işlər görülmüşdür. Həyata keçirilən Dövlət Proqramı və eləcə də digər təhsil formaları üzrə demək olar ki, Avropa ölkələrinin əksəriyyətində, ABŞ, Kanada, Rusiya, Türkiyə, Çin, Yaponiya, Cənubi Koreya və digər ölkələrdə minlərlə Azərbaycan vətəndaşı təhsil alır ki, bu da  ulu öndər Heydər Əliyevin ən böyük arzularından biri idi.

Bir sözlə, cənab Prezident İlham Əliyevin böyük prinsipiallıq və ardıcıllıqla həyata keçirdiyi Heydər Əliyev siyasi kursu  bu gün Azərbaycanı  dünyanın ən nüfuzlu, regionun isə lider ölkəsinə çevirmişdir.  Əlbəttə, bütün bunlar ölkədə həyata keçirilən  köklü islahatlar nəticəsində mümkün olmuşdur. Təbii ki, bütün islahatların önündə təhsil islahatları gedirsə, o zaman istənilən nailiyyətə imza atmaq mümkündür. Necə ki, Azərbaycan dövri olaraq bu imzaları atır. Azərbaycan müəllimlərinin XIV qurultayında təhsil naziri Mikayıl Cabbarovun dediyi kimi: “Azərbaycanda təhsil dövlət siyasətinin əsas prioritetinə çevrilir”.

İttifaq MİRZƏBƏYLİ,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında