Milli poeziyamızın Məmməd Araz möcüzəsi

 

 

Bəli,  məhz  söz möcüzəsi. Məmməd Araz min illər boyu səs-səs, heca-heca,  söz-söz,  ifadə-ifadə,  cümlə-cümlə,  mətn-mətn  tumurcuqlamış,  çiçəkləmiş, bar-bəhərə  dolmuş  ana dilimizin  ən  incə, ən əlvan,  ən tutumlu,  ən  hərarətli  qatı olan  poetik  üslubda  əsl  söz  möcüzəsi  yaratmışdır.

Şairin poeziyamızda  yaratdığı  söz  möcüzələrinin – sözlərin  möcüzəli  aləminin  sirrinə-sehrinə  diqqət  yetirək:

Bu görüş  nə acı  qismətmiş  bizə, 

Elə bil bir kədər gölünə düşdük.

Salamsız, kəlamsız durub  üz-üzə,

Bir xeyli baxışla,  gözlə görüşdük.

Bu vaxta qədər “kədər gölü” ifadəsini kim işlətmişdi? Yaxud,  “baxışla, gözlə görüşdük” deyən  olmuşdumu? İnsan  təəssüfündən doğan  kədərin gözəgörünməz  aləminə görüb-qavradığımız dünyanın  libasını  geyindirməklə  Məmməd Araz yeni  səciyyəli  obraz  yaratmışdır.  Kədərin  qaranlıq  aləminə  işıq  salmaqla  şair  metaforik  möcüzəyə  nail olmuşdur. Sənətkar bu  poetik  keyfiyyəti  zəkasının  gücü  və  duyğularının  hərarəti  ilə əldə etmişdir. Nakam  sevginin  bitirdiyi  barsız  bir  təəssüfün  soyuqluğunun, acılığının,  göynərtisinin  rəsmi  çəkilir.

Məmməd Araz  sözü  irili-xırdalı  bütün  şeirlərdə,  müxtəlif  mövzulu bütün  mətnlərdə, bax belə bir  özünəməxsusluqla  möcüzəli  təsir  bağışlayır. Şairin  sirli poetik  prizması  qeybdən  – naməlumluqdan  səslər,  rənglər, ölçülər,  təzahürlər əks etdirir. Məmməd  Arazın  sənət manifestinin  şahanə bəndlərindən  biri –  “Azərbaycan – dünyam  mənim”  şeirində  söz  sərrafının poetik  prizması  doğma  yurdu  kosmik yüksəklikdən əks etdirir,  dünyaya isə bu  torpağın  gözü  ilə baxır:

 

Azərbaycan – qayalarda  bitən bir  çiçək,

Azərbaycan – çiçəklərin  içində  qaya.

Mənim  könlüm  bu  torpağı  vəsf  eləyərək,

Azərbaycan  dünyasından  baxar dünyaya.

 

Uzaqdan: bir  ulduz topası  kimi göy üzündədi,

Yaxından: bir qaya lampası kimi yer  üstündədi.

Gecənin  qoynunda  yanır  dağ şəhər.

Fəzadan  asılı,  çilçıraq şəhər...

Məmməd  Arazın şair müşahidələri  dəqiq,  bəsirətli olduğundan  poetik  mülahizə  və  qənaətləri  də yığcam  və  çəkilidir.  Onun  söz   möcüzəsinin  poetik  iksiri olan bədii təyinlər tutumlu,  əlvan  və canlıdır.  Bu epitetlər  bəzən  uzaq,  əks  anlayışları yaxınlaşdırır,  qaynaq  edir. Maddi  dünya ilə   mənəvi  aləm  arasında  aparılan  paralellər,  tapılan  oxşarlıqlar, ifadə  olunan  bənzərliklər  təəssüratı  mənzərəyə,  duyğunu  düşüncəyə  çevirir. Məmməd  Arazın  hissiyyatı  obraz  paltarı geyir,  obrazları hissiyyat dalğaları yayır.  Belə bir ovqat, bədii yozum  dağı-daşı  insanlaşdırır, igidi dağlaşdırır,  şairi  qayalara  tapındırır:

 

Dağlar sevgisində bir ulu ata,

Dağlar ərköyünlər atası  deyil...

Hətta  ildırımlar-dağlar çibini,

Dağların  qorxusu,  xatası  deyil.

İgidlər  çiynini  dağlara tikər, 

Şair qayalara, dağlara  söykən!

(“Dağlara söykən”)

Məmməd Arazın  söz  möcüzəsinin poetik  sistemi sadə  olduğu   qədər  də  mürəkkəb,  adi olduğu  qədər  də  mükəmməldir.  Bunu  incələmək,  axıradək  açmaq,  təsnif  etmək, şübhəsiz, ədəbiyyatşünaslar  qrupuna  müyəssər  ola bilər. Şairin əsərlərinin obrazlılıq  dərəcəsini  yüksəldən,  misralarının  əfsusunu, cazibəsini  artıran  bir  cəhət  isə  sözlərin heç vaxt ritorikaya  çevrilməyən  səmimi,  nəğməvari  səslənişi,  duyğu-düşüncələrdəki pak  bir  təntənədir. “Qaraçı” şeiri  bu  baxımdan  forma-məzmun uyarlığının  maksimal həddində misralaşıb:

Şair,  qoyma bu gün  kədər  qolaça,

Dağlar  ucar – dümsələsəm qolayca,

Günəş bu gün  yer  üzündə  qalayçı...

Aşıq qardaş,  alova  düş  qara  çıx,

“Qaraçı”  qal,  “Qaraçı” çal, “Qaraçı”...

Elə buna görə  də Məmməd  Arazın şeirlərinə bir balaca  avaz,  zümzümə  üfürəndə mətn  manqal  kimi  közərir, üşüyən  qəlbləri isindirən bir nəğməyə  çevrilir. Dodaqlarda  nəğmələşmiş “Nə bilim...”,  görün, necə  avaza  çevrilir:

Səndən  mənə  bir ömürlük xatirə,

Məndən sənə nə qalacaq, nə bilim.

Çətin  bir də daş  üstə daş bitirəm,

Niyə  uçdu bu  qalacıq, nə bilim...

Şairin  bir çox şeirləri bu  keyfiyyətinə  görə   aşıq  havalarının  müşayiəti ilə  oxunur, dildə-ağızda gəzir. Söz oyunları isə Məmməd Araz  şeirlərinə çeviklik,  əlavə məzmun  yükü, hikmət gətirir.  Bəzən  eyni  ifadələr   qarşılaşdırılır, toqquşdurulur, bəzən də təkrirləşərək  poetik  ovqatı  şiddətləndirir:

Qiymətli  bir itik saxla  yadında,

Unut məni,  aldat məni,  at məni.

(“Unut məni”)

 

Təəssüf, təəssüf, təəssüf ilə

Qayıda  bilməyən  günə  təəssüf!..

(“Təəssüf”)

Elə də olur ki, bu  söz oyunları  ikiqat qafiyələrlə güclənir:

Gərək  dil susanda əllər danışa,

Əllər bağlananda dillər danışa.

Elə  danışanlar,  ellər  danışa.

Məmməd  Araz  irsi   poetik  axtarışların bütün yönlərində novatorluq  elementləri qazanmışdır. Onun  yaradıcılığı  ideyası ilə xəlqi-humanist,  mövzusuna  görə   çoxsahəli-geniş,  sənətkarlıq  baxımından  özünəməxsus və kamil  bir  poeziya  hadisəsidir.  Məmməd  Araz novatorluğu  çoxəsrlik  şeirimizin  dərin  qatlarından, bədii sözün  yetkin ənənəsindən  qaynaqlandığından  həm də milli  ədəbi novatorluq  faktıdır.  Onun  bənzərsiz,  fitri  poetik  istedadı  əbədi ənənənin ən yaxşı cəhətləri ilə qovuşaraq tamamilə yeni  bir estetik  keyfiyyət  ərsəyə gətirmişdir.

Xalq  şeirindən  rişələnən, Nəsimi – Füzuli – Vaqif – Sabir xətti  üzrə   professionallaşan, Səməd  Vurğunun  timsalında  islah olunub yenidən ümumxalq  poeziyasına  çevrilən  söz  xəzinəmizdə  Məmməd Araz  məhz  Səməd Vurğun  ədəbi  məktəbi  çevrəsində  yetişib  ədəbiyyata gəlmişdir.  Lakin şair  mənsub olduğu  nəslin  əksər  nümayəndələrindən  fərqli  olaraq  bu məktəb  daxilində  öz  poetik üslubunu, fərdi sənətkarlıq  yolunu  yaratmışdır. Məmməd Araz  öz  ustadına  münasibətdə  estetik  məramını  cəsarətlə bəyan  edərək, ənənə-novatorluq tandeminin  yeni anlamını “Səməd Vurğunla söhbət”  şeirində  belə  açıqlamışdır:

Səndən sonra  şeirimizin  xəritəsi  təzələnib,

Ona yeni  şeir adlı 

çox şəhərlər,  kəndlər düşüb.

Yeni-yeni çaylar,  göllər, bəndlər düşüb...

Səndən sonra

Şeirimizə  təzə-təzə  yollar gəlib.

Şübhəsiz,  Rəsul  Rzanın  Böyük  insana yönəlik estetik  baxışı, hər  cəhətdən  sərbəstliyə  can  atan yeni  nəfəsli  poeziyası,  Süleyman  Rüstəm  şeirinin  yurdsevərlik  yönü də Məmməd  Araz  poetik  üslubunun palitrasını zənginləşdirmişdir. “Gəlmədi Rəsul”  şeiri  bu  baxımdan ustada sevginin poetik etirafı kimi  səslənir:

Ölçülərə  boy  verməzdi  əyilməzliyi,

Boz,  qranit  qayalarla  duruşu  təndi.

Göyərtdiyi ölməzliyin, yenilməzliyin

Əkinçisi  Rəsul  idi,  barı  Vətəndi.

Məmməd  Arazın  istənilən  şeiri açmasına çalışdığımız  bu  novatorluğun cövhəri ilə aşılanmışdır.  Onun bir  dənə də  olsun  zəif  şeiri  yoxdur.  Daha  güclü, “yüksək əyarlı”  şeirləri isə həddindən  artıq  çoxdur.  Zaman şairi sağlığında  ciddi  sınaqdan  keçirmişdir.  Məmməd Araz  şeiri  illər boyu  yüksək  poetik  zövqü olanların  qədərincə dadlı,  zəngin  mənəvi qidasına çevrilmişdir. Ortabab  oxucu  bu  şeiri  sonadək   anlamasa  da, qəbul  edə bildikləri də  ona  bəs edir.  Aşağı  səviyyəli oxucular isə  bu  poeziyanın  gerçək  duyğu-düşüncələrə bağlılığını,  xalqın  qəlbinə  xitab olduğunu  dərhal  tuta  bilir, misraların cazibəsinə  düşürlər.  Beləliklə,  Məmməd  Araz  əksər  oxucuların  qəbul etdiyi yazar  kimi son 60 ilin, yaxşı mənada, ən populyar  şairidir.

Məmməd  Arazın poetik  zəkası daşı da,  quşu da,  gülü də,  lalı  da,  karı da –  zərrədən küllədək  hər şeyi duyub-başa  düşə,  ovqata-anlayışa,  mövzuya-obraza  çevirə bilmişdir.  Onun  yaradıcılığında  görünən və  görünməyən  aləmin,  gedilən  və  gedilməyən  dünyanın  köhnə  və yeni  mövzuları, anlayışları  poetik  araşdırma  hədəfi olaraq bizlərə çox  sirləri açıqlamışdır.

Məmməd  Arazın  ötən əsrin 50-60-cı  illərindən  formalaşan  yaradıcılığı   onu  ədəbi  aləmə  istedadlı  şair kimi  təqdim  etmiş,  70-80-ci illər onu  bənzərsiz  bir şair  kimi təsdiqləyib-sevdirmiş, 90-cı illərdən XXI  əsrin  əvvəllərinə – əbədiyyətə  qovuşanadək  olan  dövr isə   ustad  sənətkar  kimi  zirvədə  qərarlaşdırmışdı. Təsadüfi deyil ki, sağlığında  ikinci bir şairə  müxtəlif yaşlı həmkarları  Məmməd   Araz  qədər  ithaf  və  nəzirə  yazmamışlar.  Bütün  varlığı   Azərbaycan  sevgisindən yoğrulmuş, bu  iksirlə  nurlanmış  Məmməd  Araz  sovet dönəmində  ən yaxşı  Vətən övladlarının   qəlbində  yaşayan  və  nəhayət, milli istiqlalımızın  məramına   çevrilən azərbaycançılığın  mükəmməl  poetik  timsalını  və  obrazını yaratmışdır. Məmməd  Arazın  bakir  vətəndaşlığı “Vətən daşı  olmayandan olmaz ölkə vətəndaşı!”  meyarına  tam uyğun gəlir. 

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında