Bakıda “NATO-nun yeni strateji konsepsiyası və Cənubi Qafqazda təhlükəsizlik çağırışları” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

 

 

Dekabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda “NATO-nun yeni strateji konsepsiyası və Cənubi Qafqazda təhlükəsizlik çağırışları” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.

Konfrans AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun, Azərbaycan Hüquqşünasları Konfederasiyasının, Avrasiya Hüquqşünaslar Assosiasiyasının və Rumıniyanın Azərbaycandakı səfirliyinin birgə dəstəyi ilə təşkil olunmuşdur.

Tədbirin açılışında AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva, Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri Əli Hüseynli çıxış edərək Azərbaycanın beynəlxalq təşkilatlara getdikcə genişlənməkdə olan inteqrasiyasından söz açmışlar. Natiqlər, həmçinin Azərbaycan-NATO əlaqələrinin əhəmiyyətindən, Cənubi Qafqaz geostrateji məkanında yerləşən dövlətlərin təhlükəsizlik problemlərindən və bu regionun Şimali Atlantika təşkilatı üçün oynadığı roldan bəhs etmişlər. Qeyd edilmişdir ki, Azərbaycan NATO ilə əlaqələri yüksək qiymətləndirir. Bu, ölkəmiz üçün xüsusilə, təşkilatın Çikaqo sammitindən sonra yeni imkanların yaranması baxımından daha da prioritet istiqamət təşkil edir.

AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Əfsər Sadıqovun moderatorluq etdiyi “NATO-nun Azərbaycan ilə tərəfdaşlığı: geniş əməkdaşlıq çərçivəsi” adlanan birinci sessiyada Milli Məclisin deputatı, Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Qüdrət Həsənquliyev bildirmişdir ki, hazırda qloballaşma ilə əlaqədar olaraq təhlükəsizlik sektorunda islahatlar aparılması böyük əhəmiyyət kəsb edir.

NATO-nun Cənubi Qafqaz üzrə nümayəndəsi Villiam Lahue Azərbaycanın Şimalı Atlantika Alyansı ilə əməkdaşlığının hazırkı vəziyyətindən və perspektivlərindən söz açmışdır.

Əfsər Sadıqov öz məruzəsində diqqəti regional enerji təhlükəsizliyinin beynəlxalq hüquqi problemlərinə cəlb edərək, regionun əksər dövlətlərinin Dünya Ticarət Təşkilatına üzv olmasının enerji təhlükəsizliyi sferasında əməkdaşlığın ümumi hüquqi bazasının formalaşdırılmasında mühüm rol oynaya biləcəyini vurğulamışdır.

Milli Məclisin deputatları Zahid Oruc və Fazil Mustafa çıxış edərək Azərbaycan-NATO əlaqələrindən danışmış, alyansın bəzi hallarda qlobal təhlükəsizlik məsələlərində passivlik nümayiş etdirdiyi qeyd edilmişdir.

“Cənubi Qafqazda təhlükəsizlik çağırışlarının yaranması” sessiyasında “Qafqazda regional təhlükəsizlik məsələsinə dair”, “NATO-nun Cənubi Qafqaz dövlətləri ilə əməkdaşlığının optimallaşma istiqamətləri”, “NATO-nun yeni strateji konsepsiyası: Cənubi Qafqazda terrorizmlə mübarizənin təmin olunması”, “Cənubi Qafqazda ekoloji təhlükəsizlik sahəsində NATO-Azərbaycan əməkdaşlığı” mövzularında çıxışlar olmuşdur. Müzakirələr zamanı NATO ilə Azərbaycan arasında əməkdaşlığın bir sıra aspektləri ətrafında geniş fikir mübadiləsi aparılmış, təkliflər səsləndirilmişdir.

Konfransın sonunda Aytən Mustafayeva Azərbaycanın hazırda NATO ilə sıx əməkdaşlıq etdiyini, regional təhlükəsizliyin dəstəklənməsi üçün tərəfdaşlıq potensialının və şərtlərinin yaradılması istiqamətində fəal və məhsuldar fəaliyyət göstərdiyini vurğulamışdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında