Türkiyə Respublikasının neft-kimya sənayesinin aparıcı qüvvəsi, İzmir şəhərində yerləşən “Petkim Petrokimya Holdinq A.Ş.”in baş direktoru Sadettin Qorqud şirkətdə çalışan həmyerlilərimizi belə tanıtdı: “Petkim”də azərbaycanlılar uğurla çalışır və çox məsuliyyətli vəzifələr yerinə yetirirlər. Onların hər biri öz sahəsində yaxşı mütəxəssis, işlərini inkişafa uyğun quran, zəhmətkeş insandır. Azərbaycanlı mütəxəssislər xarici dil bilmələri ilə də, şirkətdə əcnəbilərlə ünsiyyət yaradılması istiqamətində də çox böyük işlər görürlər. “Bir millət–iki dövlət”in mənsubları olaraq şirkətimizin gələcək hədəflərinə çatması üçün bizlərə verilən imkanlarla var gücümüzlə çalışırıq”.
Baş direktorun qürurla danışdığı və güvəndiyi bu insanlar sırasında uzun illərdir ki, Türkiyədə fəaliyyət göstərən kimya elmləri doktoru, professor Füzuli Nəsirovun adını çəkməmək mümkün deyil. Füzuli müəllim “Petkim”də çalışan və kifayət qədər geniş tanınan, önəmli bir nüfuza sahib olan həmyerlimizdir. “Füzuli müəllim bütün petkimlilərin ağsaqqaldır!”- bu sözləri isə şirkətin mətbuat katibi Sərxan Aksuyek söyləyir.
“Petkim” ailəsində ilk azərbaycanlı...
Elə ilk andan hiss edirsən ki, üstün insani keyfiyyətləri ilə olduqca səmimi və sadə görünən bu elm adamı, dərin biliyi və mülahizələri ilə ətrafdakılardan daim seçilir və sıravi insan olmadığını ortaya qoyur. İlk tanışlığımız hələ iki il əvvəl azərbaycanlı jurnalistlərin İzmirə səfəri zamanı başlamışdı. “Petkim”i də bizlərə ilk tanıdan, Türkiyənın bu sənaye nəhəngini soydaşlarına təqdim edən baş direktorun elmi məsələlər üzrə müşaviri Füzuli müəllim idi. O, 1952-ci ildə Azərbaycanın qədim paytaxtlarından olan Bərdə şəhərində doğulmuşdur. 1975-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyasını) bitirmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna təyinatla göndərilmiş və o zamandan da burada elmi fəaliyyətini davam etdirməkdədir.
Bu dəfə də onu “Petkim” ailəsində görməyim məni çox sevindirdi. Qardaş Türkiyənin bu kimya nəhəngini Azərbaycanın xaricdə ən böyük layihəsi kimi dəyərləndirən Füzuli müəllim buradakı işlərdən ürəkdolusu danışır:
- Mənim “Petkim” şirkətilə əlaqələrim 1991-ci ildən–elmi ezamiyyətdən sonra başlamışdır. Hələ o zamanlardan Türkiyənin tək və ən böyük neft-kimya məhsulları istehsal edən “Petkim” şirkətinin özəlləşdirilməsi haqqında danışılsa da, bu, 2007-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qismətinə düşdü. “Petkim”in özəlləşdirilməsi olduqca məsuliyyətli, riskli və zəhmət tələb edən bir iş idi. Bu özəlləşdirmə açıq, olduqca şəffaf surətdə həyata keçirildi və SOCAR qalib gələrək şirkətin 51 faizinin sahibi oldu. Sonradan bu pay 67 faizə qədər yüksəldildi ki, bu da SOCAR-ın və Azərbaycan dövlətinin bu layihəyə nə qədər böyük əhəmiyyət verdiyinin göstəricisidir.
“Petkim”in özəlləşdirilməsi layihəsində Azərbaycan Dövlət Neft Şirkətinin – SOCAR-ın qalib gəlməsi həm Türkiyə, həm də Azərbaycan üçün önəm kəsb edən hadisə oldu. Belə ki, Azərbaycan dövləti öz ərazisindən kənarda yüksək vəsait yatıra bilmək imkanlarını dünyaya bəyan etməsilə yanaşı, SOCAR da öz meqalayihələriylə artıq transmilli bir şirkət olduğunu sübut etdi. SOCAR-ın Türkiyəyə yatıracağı sərmayənin miqdarı 17 milyard dollar həcmində nəzərdə tutulmuşdur ki, bunun da 8 milyard dolları “Petkim”-ə yönəldilir. Bir sözlə, “Petkim”in SOCAR-ın tərəfindən alınması Azərbaycan dövlətinin Türkiyə Cümhuriyyətinə qoyacağı yatırımlar zəncirində ilk, eyni zamanda iqtisadi çəkisinə və dəyərinə görə olduqca mühüm bir həlqə oldu.
“Azərbaycanın böyük qayğısını hər zaman hiss edirik”
-“Petkim”dəki fəaliyyətiniz necə qurulub, hansı qayğılarla yaşayırsınız? Bu gün qardaş Türkiyənin bu neft-kimya nəhəngində çalışmağınız ölkəmizə nə verir?
-Yuxarıda qeyd etdiyim kimi mənim “Petkim”lə tanışlığım 1991-ci ildən başlamış və davam edir. Məhz bu tanışlıq imkan verdi ki, SOCAR rəhbərliyinin etimadı ilə “Petkim”də şirkətin təmsilçisi olaraq işə başlayım. Demək olar ki, “Petkim”ə gələn ilk azərbaycanlılardan biriyəm və gəldiyimiz ilk gündən petkimlilərdən sevgi və sayğı görmüşük. Burada özümüzü evimizdəki kimi hiss edirik. Məhz bu səbəbdən də azərbaycanlılar buraya ailələri ilə birlikdə gəlmişlər. Həm SOCAR, həm SOCAR-Türkiyə, həm də, “Petkim” rəhbərləri tərəfindən qarşımızda qoyulan bütün məsələlərin zamanında və yüksək məsuliyyətlə yerinə yetirilməsinə səy göstəririk.
“Petkim” 1965-ci ildən fəaliyyət göstərir və istehsal etdiyi məhsulların yüksək keyfiyyəti, elmtutumlu texnologiyaları ilə yanaşı, həm də üstün istehsal mədəniyyətinə malik bir şirkət olmaqla daim inkişaf etməyimizə və yeni texnologiyalara sahiblənməyimizə imkan yaradır. Şübhəsiz, bütün bunlar imkan verir ki, ümid edək: bu gün “Petkim”də müvəffəqiyyətlə çalışan gənclərimiz sabah SOCAR-ın başqa müəssisələrində də böyük əzmkarlıq və məsuliyyət hissi ilə çalışa biləcəklər. Bu Azərbaycan Respublikası Prezidentinin uzaqgörənliyinin və SOCAR rəhbərliyinin azərbaycanlı gənclərə qayğısının, eyni zamanda,ölkəmizin gələcəyə yönəlik investisiya siyasətinin bariz nümunəsidir. “Petkim”də işləyərək təcrübələrini daha da artıran gənclərimizin sədaları hələ çox uzaqlardan gələcəkdir.
Konkret olaraq özüm haqqında onu söyləyə bilərəm ki, burada baş direktorun elmi müşaviri vəzifəsi mənə “Petkim”in bütün problem və müvəffəqiyyətləri ilə birbaşa əlaqədə olmaq, problemlərin aradan qaldırılmasına mümkün qədər yardım etmək, şirkətimizin gələcək inkişaf perspektivləri ilə bağlı proqramlar və layihələr hazırlanmasını fəal yerinə yetirmək imkanı yaratmışdır. Bu işdə SOCAR rəhbərliyinin böyük etimadının etibara çevrilməsində var gücümlə çalışaraq, vətəndaş borcumu yerinə yetirməkdəyəm. Bu işlərin müvəffəqiyyətində uzun illər çalışdığım AMEA Neft-Kimya Prosesləri İnstitutunda təcrübəli elm adamlarından öyrəndiklərin əhəmiyyəti olduqca böyükdür. Bu gün mənim burada-“Petkim”də olmağım və səmərəli fəaliyyətim dövlətimizin, eyni zamanda, SOCAR rəhbərliyinin Azərbaycan elminə olan etimadının daha bir nümunəsidir. Bu etimadı doğrultmaq isə bizim müqəddəs vəzifəmizdir.
Türkiyənin birinci şirkəti olmaq imkanı...
-“Petkim” perespektivləri ilə Egey bölgəsinə yeni bir həyat gətirdi. Son bir ildə həyata keçirilən layihələr göz önündədir. “Star”ın tikintisi, görkəminə görə ən ünlü universitetlərə bənzəyən Heydər Əliyev adına peşə liseyinin həyata vəsiqə alması bu günün reallıqlarıdır. Daha hansı işlər görülür? Böyük layihələrdəki işləriniz haqqında danışmağınızı istərdik.
-SOCAR-ın “Petkim” layihələri uzun bir dövrü əhatə edir və mərhələ-mərhələ yerinə yetirilməsi nəzərdə tutulur. Bu layihələr içərisində “STAR” neft emalı zavodu ilə yanaşı, Quru Yük (konteyner) Limanı və elektrik stansiyaları layihələri əhəmiyyətli yer tutur. Bunlarla yanaşı, Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Trans Adriatik Qaz Boru Kəməri (TAP) da yüksək maliyyə tutumları ilə dünyanın diqqətini cəlb etməkdədir. Məhz bunun nəticəsində SOCAR-ın Türkiyə təmsilçisi olan “Socar Türkiyə Enerji A.Ş.” şirkətinin, Prezident İlham Əliyevin də bildirdiyi kimi, 2023-cü ilə qədər, yəni Türkiyə Respublikasının qurulmasının 100-cü illiyi təntənəsinə qədər Türkiyənin birinci şirkəti olmaq imkanı gerçəkləşəcəkdir.
Olduqca məsuliyyətli bir işdir və həyata keçirilməsi yüksək yatırımlar, həm də yüksək əzmkarlıq, yüksək iqtisadi bilik, istehsal mədəniyyəti ilə yanaşı, hər iki ölkə rəhbərlərinin dostluq-qardaşlıq münasibəti və xalqlarımız arasındakı milli, dini və dil yaxınlıqları nəticəsində mümkün olacağı heç kimdə şübhə doğurmur. Ulu öndərimiz Heydər Əliyevin təbirincə “Bir millət, iki dövlət olan” Türkiyə və Azərbaycan hər zaman birlikdə olacaqlar və bunun da nəticəsində öz qüdrətlərini daim artıracaqlar. Ulu Atatürkün deyimi olan “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” kəlməsi bugünkü Türkiyə və Azərbaycan arasındakı siyasi, iqtisadi və mədəni əlaqələrdə hər zamankından daha artıq gerçəkləşməkdədir. Azərbaycan dövlətinin Türkiyədə və eyni zamanda, Türkiyə dövlətinin Azərbaycanda yatırdığı sərmayələr hər iki ölkənin nəinki regionda, eyni zamanda, dünyada aparıcı söz sahibi olmalarına imkan yaratmışdır və bu, gündən-günə daha da yüksəlməkdədir.
-Azərbaycanda-Bakıda son dəfə nə vaxt olmusunuz? Ölkəmiz xaricdən necə görünür? Bakı təəssüratlarınızı bölüşmənizi istərdik.
-İşimlə əlaqədar olaraq hər 2-3 aydan bir Bakıya gələrək SOCAR rəhbərliyi qarşısında hesabat verdiyim üçün doğma şəhərimizdən o qədər də uzaq olmuram. Amma, səmimiyyətlə etiraf edim ki, hər səfərim zamanı Bakımızın aydan-aya deyil, gündən-günə dəyişdiyinin fərqindəyəm. Şəhərimizin gündən-günə abadlaşması, gözəlləşməsi hamı kimi məni də sevindirir və qəlbimi qürur hissi ilə doldurur. Əgər buraya müxtəlif tədbirlərdə iştirak etmək üçün Bakıya gələn və onun gözəlliyi qarşısında təəccübünü gizlədə bilməyən petkimli həmkarlarımın, türkiyəli və xarici qonaqlarımızın rəylərini və sözlərini də əlavə etsək, onda sevincimizi və bu şəraiti yaradan ölkə rəhbərliyinə minnətdarlıq hisslərimizi təsəvvür etmək çətin olmaz.
Türkiyə-Azərbaycan əlaqələri qardaşlığımıza ucaldılan ən möhtəşəm abidədir
-Hazırda “Petkim”də çalışan həmyerlilərimizin fəaliyyəti haqqında nə deyərdiniz?
-Bugün “Petkim”də çalışan azərbaycanlıların hamısı gənclərdir, məndən başqa. Onlar ölkəmizin, Türkiyənin və digər xarici dövlətlərin aparıcı universitetlərinin məzunlarıdırlar. Onların arasında ilk iş təcrübəsinə “Petkim”də başlayanlar da, bundan əvvəl həm ölkəmizin iri şirkətlərində, həm də xarici dövlətlərin şirkətlərində bir neçə illər ərzində müvəffəqiyyətlə çalışmış təcrübəli gənclərimiz də vardır. Kimliyindən asılı olmayaraq onların hamısı hansı dövləti və hansı şirkəti təmsil etdiklərini çox gözəl anlayır, üzərlərinə düşən məsuliyyət hissini dərk edərək işlərinə yüksək məsuliyyətlə yanaşırlar.
Azərbaycan dövlətinin və SOCAR rəhbərliyinin etimadını doğrultmağa çalışan bu gənclər elmi biliklərini artırmaq və yeni texnologiyalara yiyələnməkdə bütün əzmləri ilə çalışmaqdadırlar. Ümidvaram ki, bu gənclər əldə etdikləri bilik və qazandıqları təcrübə ilə hələ uzun müddət Azərbaycan dövlətinin iqtisadi və siyasi gücünün artırılmasına öz töhfələrini verəcəklər. Azərbaycan dövlətinə sadiq olmaqla yanaşı, Türkiyəni də ikinci vətən olaraq qəbul edən bu gənclər Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsində yaxından iştirak edir.
- Arzularınız, gözləntiləriniz?
- 1991 və 1996-cı illərdə “Petkim”ə səfərlərimdə bir zaman yenidən Türkiyəyə gələrək uzun müddətli olaraq bu şirkətdə işləyəcəyimi heç ağlıma belə gətirə bilməzdim. Burada mənim uzun illik dostluq əlaqələrim vardır. SOCAR rəhbərliyinin mənə göstərdiyi etimad sayəsində bu gün burada gənclərlə çiyin-çiyinə çalışmaqdayam. Arzum budur ki, SOCAR-ın “Petkim” və Türkiyə yatırımları müvəffəqiyyətlə davam etsin, həm Türkiyəmiz, həm də Azərbaycanımız durmadan elə inkişaf etsin ki, gələcəkdə kimin kimə sərmayə yatırmasından deyil, eyni bir ölkəyə qoyulan sərmayələrdən söhbət getsin.
Hamı kimi mən də istərdim ki, hər zaman Azərbaycanın yanında güclü Türkiyə, Türkiyənin də yanında güclü Azərbaycan olsun. Dillərimiz qarşılıqlı əlaqələr nəticəsində elə inkişaf səviyyəsinə çatsın ki, aramızda anlaşılmayan və yaxud yanlış anlaşılan söz-söhbətlər heç zaman olmasın. Bugünkü Türkiyə-Azərbaycan qardaşlığı bizim nəsillərə ötürdüyümüz ən dəyərli ərməğan və ən möhtəşəm abidədir.
* * *
İzmir şəhərinin günbatan səmtində-Çanaqqala yolunun üstündə yerləşən Əliağa bölgəsi əvvəllər də daha çox sənaye rayonu kimi tanınıb. Köhnə və Yeni Focanın əsrarəngiz təbiətindən və gözəlliklərindən sonra, hisli-tozlu bir sənaye rayonu kimi yadda qalan bu bölgə indi bütün dünyada tanınmaqdadır. “Petkim” layihəsi bu bölgəyə, təkcə qardaş Türkiyədə yox, həm də bütün dünyada olduqca böyük bir sənaye nəhəngi pasportunu qazandırdı. Yaxın və Orta Şərqin ən böyük neft-kimya nəhəngləri bu layihəyə nəinki diqqətlə yanaşır, həm də onunla tərəfdaş olmaq üçün ciddi səylər göstərirlər.
Bu möhtəşəm uğurun ən böyük payçısı isə Azərbaycan dövlətidir və buradakı azərbaycanlı soydaşlarımızın, o cümlədən professor Füzuli Nəsirov kimi elm fədailərimizin gərgin zəhməti, uğurlu töhfələri həmişə ünvanımıza xoş sözlər, böyük uğurlar gətirməkdir. Bunu təkcə müstəqil Azərbaycanın inkişafı və iqtisadi uğurları yox, həm də zəhmətsevər adamlarımızın fədakar əməyi və heç nə ilə ölçülə bilməyən Vətən sevgiləri sübut etməkdədir.
Namiq ƏHMƏDOV,
“Xalq qəzeti”
Bakı-İzmir-Bakı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.