“Dərslik portalı”nın təqdimat mərasimi keçirilmişdir

 

Dekabrın 16-da “Kempinski Badamdar” otelində Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) birgə layihəsi olan “Dərslik portalı”nın təqdimat mərasimi olmuşdur.

Təqdimat mərasimində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, TQDK-nın sədri Məleykə Abbaszadə, müstəqil ekspertlər, dərslik müəllifləri, dərsliklərin çap edildiyi nəşriyyat evlərinin rəhbərləri, AMEA-nın mütəxəssisləri və digər müvafiq qurumların əməkdaşları iştirak etmişlər.

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 aprel tarixli fərmanına əsasən, yaradılmış “Dərslik portalı”nın ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi işinə xidmət etdiyini bildirmişdir. Nazir qeyd etmişdir ki, portalda yerləşdirilmiş rəylərlə bağlı sorğulara Təhsil Nazirliyi tərəfindən dərslik müəllifləri, TQDK tərəfindən isə dərsliklərin monitorinqində iştirak etmiş ekspertlər mütəmadi olaraq aydınlıq gətirəcəklər.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda yeni dərsliklərin yaradılmasına, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin olunmasına böyük diqqət yetirilir. Dərsliklərlə yanaşı, təfəkkürün və şəxsiyyətin inkişafına yönəlmiş, yeni kurikulum və İKT əsasında təhsilverənlər üçün təlim metodologiyaları, metodiki vəsaitlər, didaktik materiallar və digər təlim vasitələrinin hazırlanmasını stimullaşdıran mexanizmlər də yaradılmalıdır.

Nazir qeyd etmişdir ki, dərsliklərin keyfiyyəti, mövzusu və hazırlanması prosesi haqlı olaraq təhsil ictimaiyyətinin və cəmiyyətin bütün təbəqələrinin hər zaman diqqət mərkəzindədir: “Bir çox hallarda demək olar ki, dərslik müəlliflərinin yanaşmaları ilə onları təhlil edən təhsil ictimaiyyətinin nümayəndələri, ekspertlər və valideynlərin yanaşmalarında olan fikir ayrılığı, fərqlilik, bu məsələ ətrafında olan qızğın diskussiyalar məqsədlərin fərqli görünməsi anlamına gətirib çıxarır. Əslində, reallıq ondan ibarətdir ki, məqsəd eynidir. Təhsil prosesində iştirak edən hər bir valideyn, müəllif və ekspertin bir məqsədi var ki, daha keyfiyyətli dərslik təhsil sisteminə gətirilsin. Biz bu sahədə məsuliyyət daşıyan qurumlar kimi sivil fikir mübadiləsi, təhlil, iş prosesi üçün şərait yaratmalıyıq. Bu baxımdan portal böyük ümidlər verir”.

Hər zaman dərsliklərin ümumi keyfiyyətinin təkmilləşdirilməsi üçün addımlar atılmalıdır. Bu sahədə birinci məsələ təhsil sistemindən kənarda olan, lakin müvafiq elmi və peşəkar biliklərə malik müəlliflərin müəyyənləşdirilməsi, həvəsləndirilməsidir. Yalnız elmi biliklərə malik olan müəlliflərin bu işlə məşğul olması kifayət etmir. Burada bir çox ixtisaslaşmış mövzular ortaya çıxır. Bunlara uşaq psixologiyası, dərsliklərdə vizual yanaşmalar, müəlliflərin bu gün tətbiq olunan məzmun tələbləri, standartlarla tanışlığı, dərsliklərin təhlili prosesində təhsilalanın, valideynin, müəllimin və ya ekspertin fikri ilə dərslik müəllifinin fikri arasında ziddiyyət təşkil edə bilən məsələlər daxildir.

Azərbaycanın ali təhsil müəssisələrində çalışan mütəxəssislərin orta məktəb dərsliklərinin hazırlanması prosesində iştiraka cəlb olunmasının əhəmiyyətinə toxunan nazir bununla bağlı ali məktəblərin rəhbərləri ilə ətraflı müzakirələr aparıldığını bildirmişdir: “Dərsliklərin hazırlanmasında iştirak etməklə, ali təhsil müəssisələrinin müəllimləri, peşəkar işçiləri əlavə gəlir mənbələri əldə edəcəklər”.

Daha sonra tədbirdə “Dərslik portalı”nın yaranma zərurəti, mahiyyəti, strukturu, istifadə qaydaları haqqında fikirlər bildirilmiş və müvafiq müzakirələr aparılmışdır.

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında