Xalq şairi Məmməd Arazın 80 illiyi yubileyinə həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırılmışlar

 

 

Dekabrın 13-də Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” qəzeti və Kaspi Təhsil Mərkəzinin təşkilatçılığı ilə xalq şairi Məmməd Arazın 80 illiyinə həsr olunmuş müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi və görkəmli şair barədə məqalələrin yer aldığı “Haqqın var yaşamağa” kitabının təqdimatı keçirilmişdir.

Elm və mədəniyyət xadimlərinin, ədəbi ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə görkəmli şairin həyat və yaradıcılığından geniş söhbət açılmışdır.

Əvvəlcə xalq şairi Məmməd Araz haqqında film nümayiş olunmuşdur.

Görkəmli poeziya ustasının yaradıcılığından danışan  “Kaspi” qəzetinin təsisçisi, əməkdar jurnalist  Sona Vəliyeva bildirmişdir ki, Məmməd Araz Azərbaycanın əbədiyaşar şairidir. Əbədiyaşarlıq hər kəsə qismət olmur. Belə bir  zirvəyə yüksələnlərin əksəriyyəti sağlığında mənəvi və maddi sıxıntıların imtahanından keçərək bu  mərtəbəyə layiq olduqlarını sübut edirlər. Məmməd Araz  azərbaycançılıq  məfkurəsini yaradan və poeziyanın dili ilə ifadə edən bir şairdir. Ötən əsrin  60-cı illərindən ədəbiyyata gələn görkəmli şairin Azərbaycanla bağlı şeirləri onun yaradıcılığının əsasını təşkil etmişdir.

Sona Vəliyeva demişdir : “Məmməd Araz Vətənini böyük məhəbbətlə sevirdi. Bu böyük sevgini Tanrı sevgisi bilirdi. Onun ruhunun gücü, zəkasının, istedadının parlaqlığı şeirlərinə köçmüşdür və bu gün də bu poeziya nümunələri yolumuza işıq salır”.

  Əməkdar jurnalist  Sona Vəliyeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Məmməd Araz haqqında söylədiyi fikirləri xatırladaraq  bildirmişdir ki, ulu öndər görkəmli şairin bədii irsinin təbliğinə böyük önəm vermişdir.

Tədbirin əhəmiyyətini qeyd edən Sona Vəliyeva  qeyd etmişdir ki, uzun illər ərzində reallaşdırmaq istədiyimiz bu layihədə ustad şairimiz Məmməd Arazın yaradıcılığının tədqiqinə yeni baxışlar əks olunmuşdur. Müsabiqənin şərtlərinə uyğun olaraq təqdim edilən yazılar yeni araşdırma nümunələri olmaqla bərabər, heç yerdə dərc edilməmiş, məxsusi olaraq “Kaspi” qəzetinə təqdim olunmuşdur.

Müsabiqənin məqsədi Məmməd Araz haqqında dərc olunmamış yeni araşdırmaları, xatirələri, orijinal məlumatları toplamaq və onları Azərbaycan oxucularına  çatdırmaqdan ibarət olmuşdur.

Sona Vəliyeva demişdir ki, müsabiqəyə təqdim olunan yazılarda əksini tapan bir-birindən təsirli ifadələrdən həyəcanlanmamaq mümkünsüzdür. Tanınmış və ya ilk dəfə imzasını gördüyümüz şəxslərin yazıları maraqla oxunur. Heç vaxt tədqiqatlarına rast gəlmədiyimiz müəlliflərin məna dərinliyinə görə seçilən yazıları diqqəti cəlb edir.

Qeyd edilmişdir ki, müsabiqəyə təqdim olunan məqalələrdə şairin ədəbi irsi təhlil olunmaqla yanaşı, publisistik fikirlər də yer almışdır. Məmməd Araz yaradıcılığı min illər sonra belə bütün ədəbi fikir adamlarına istedadlarını ifadə etməkdə örnək olacaqdır.

Təqdimat mərasimində “Kaspi” qəzetinin redaktoru Natiq Məmmədli müsabiqənin yekunları barədə məlumat vermişdir. Bildirmişdir ki, cari ilin aprelindən sentyabr ayınadək davam edən müsabiqəyə  80-dən çox yazı təqdim olunmuş, münsiflər tərəfindən  60 yazı seçilmişdir.  Yazılar əvvəlcə “Kaspi” qəzetində dərc edilmiş, sonra həmin məqalələr kitab halında nəşr olunmuşdur. Müsabiqənin mükafat fondu 10 min manat təşkil etmişdir.

Mərasimdə çıxış edən Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas Məmməd Arazın keçdiyi həyat yoluna nəzər salmış, şairin yaradıcılığı haqqında danışmışdır.

Tənqidçi Vaqif Yusifli demişdir ki, yüksək vətəndaşlıq mövqeyi, ideyalılıq və xəlqilik Məmməd Arazın yaradıcılıq yolunu müəyyənləşdirən başlıca keyfiyyətlərdir. Azərbaycan - onun zəngin tarixi keçmişi, bu günü, “Araz dərdi” Məmməd Araz poeziyasının mayasını təşkil edir. “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” deyən şair bütün yaradıcılığı boyu həmin həqiqətə sadiq qalmışdır.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli milli ədəbiyyatımızın inkişafında Məmməd Arazın müstəsna xidmətlərindən danışmışdır.

Bildirilmişdir ki, görkəmli şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alan Prezident İlham Əliyev “Məmməd Arazın 80 illik yubileyi haqqında” sərəncam imzalamışdır. Bölgələrdə xalq şairi Məmməd Arazın 80 illiyi ilə əlaqədar silsilə tədbirlər davam etdirilir.

Mərasimdə Məmməd Arazın qızı, “Ədalət” qəzetinin baş redaktoru, yazıçı-publisist İradə Tuncay çıxış edərək  tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir. 

Sonda qaliblər mükafatlandırılmışlar. Yazıçı-publisist Akif Əli müsabiqənin birinci, jurnalist-publisist Flora Xəlilzadə və şair-publisist Nizami Muradoğlu ikinci, telejurnalist Telli Pənah qızı, professor Şamil Vəliyev, jurnalist Qan Turalı  isə üçüncü mükafatlarına layiq görülmüşlər.

Məmməd Arazın həyat yoldaşı Gülxanım Fətəli qızına fəxri mükafat təqdim olunmuşdur.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında