Azərbaycan gəncləri daim dövlətin diqqət mərkəzindədir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla və yaradıcılıqla davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 6 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və bu Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planının 6.3.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislər üçün qrant müsabiqələrini keçirir. Gənc alim və mütəxəssislərin Fondun qrantları vasitəsilə dəstəklənməsi respublikamızda kadr potensialının artırılması işinə xüsusi töhfə sayıla bilər.
Gənc alim və mütəxəssislərin birinci qrant müsabiqəsi 2011-ci il noyabrın 10-da elan edilmiş, nəticələr isə 2012-ci il martın 20-də açıqlanmışdır. Bu müsabiqə çərçivəsində ümumi maliyyələşdirilmə həcmi 496000 manat olmaqla 25 layihə qalib gəlmişdir. Bu layihələr üzrə ən müxtəlif qurumlardan olan 72 gənc alim və mütəxəssis müvəqqəti yaradıcı kollektivlər şəklində elmi-tədqiqatlarla məşğul olmuş və bir sıra elmi proqramları reallaşdırmışlar. Otuz beş yaşadək olan layihə rəhbər və icraçıları arasında gender bərabərliyi müşahidə edilmişdir.
Qalib layihələrin rəhbər və icraçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 37 institutundan 16-sının, 1 nazirliyin, 2 qeyri-hökumət təşkilatının, 2 özəl müəssisənin, 6 ali təhsil müəssisəsinin tələbələri və əməkdaşlarıdırlar. Bir layihə Naxçıvan, 1 layihə isə Gəncə şəhərində icra olunmuşdur. Hazırda 20 layihə başa çatmış, 5 layihə üzrə işlər isə davam etdirilir.
Gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsinin uğurları nəzərə alınmaqla növbəti 2-ci müsabiqə 2013-cü il fevralın 2-də, Gənclər Günündə elan edilmişdir.
Müsabiqəyə daxil olmuş 50 layihənin ideyalarının obyektiv formada orijinal ifadəsi Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müvafiq qeydiyyatdan keçirilmişdir. 2013-cü ildə elan olunaraq keçirilmiş gənc alim və mütəxəssislərin 2-ci qrant müsabiqəsi çərçivəsində 25 qalib layihə müəyyənləşdirilmiş, bu layihələrin yerinə yetirilməsi üçün 500000 manat məbləğində vəsait ayrılması qərara alınmışdır.
Gənc alim və mütəxəssislərin 2-ci qrant müsabiqəsi üzrə qalib layihələr AMEA-nın bir sıra institut və təşkilatlarında, universitetlərdə, təhsil akademiyalarında, o cümlədən digər dövlət və qeyri-dövlət qurumlarında yerinə yetiriləcəkdir. İcraçılar sırasında Naxçıvan və Gəncədən gənc alimlər də vardır.
Qalib layihələrdən 20-si fundamental - tətbiqi xarakterlidir, 3-ü isə müasir cihaz və avadanlıqlarla təminatı nəzərdə tutur. İki layihə üzrə Azərbaycanda beynəlxalq konfrans keçiriləcəkdir.
Gənc alim və tələbələrin “Fundamental və tətbiqi geologiya elmi: nailiyyətlər, perspektivlər, problemlər və onların həlli yolları” mövzusunda 5-ci Beynəlxalq konfransı cari ilin noyabrın 14-15-də Bakı şəhərində keçirilmişdir. Fizika-riyaziyyat və texnika elmləri üzrə 7 layihə, Yer haqqında elmlər üzrə 4 layihə, kimya elmləri üzrə 4 layihə, biologiya, tibb və aqrar elmləri üzrə 7 layihə, humanitar və ictimai elmlər üzrə 3 layihə qalib olmuşdur.
Noyabrın 8-də müsabiqənin nəticələri açıqlanmışdır. Müsabiqənin nəticələri ilə www.sdf.gov.az internet səhifəsində tanış olmaq olar.
Elmin İnkişafı Fondunun 2012-ci il mayın 8-də təsis etdiyi “Şuşa Qrantı” müsabiqəsinin məqsədi isə Qarabağla bağlı ölkədə aparılan elmi tədqiqatları stimullaşdırmaq, regional və beynəlxalq səviyyədə araşdırmaları təmin etməkdir. Birinci “Şuşa qrantı” müsabiqəsi 2012-ci ildə elan edilmişdir. Hazırda qalib olan 4 layihədən ikisi beynəlxalq xarakterli olmaqla Almaniya və ukraynalı alimlərlə birlikdə uğurla yerinə yetirilir.
Elmin İnkişafı Fondu ikinci “Şuşa qrantı” müsabiqəsini UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birlikdə cari ilin mayın 10-da elan edərək keçirmişdir.
Müsabiqənin məqsədi bütövlükdə Qarabağın tarixinin, bu diyarın qədim və rəngarəng qeyri-maddi və maddi-mədəni irsinin və s. sahələrinin, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, tibbi, bioloji və aqrar məsələlərin, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunmasının və s. kompleks şəkildə elmi əsaslarla dərindən tədqiq olunmasının dəstəklənməsidir.
İkinci “Şuşa qrantı” birgə müsabiqəsinin nəticələri noyabrın 7-də açıqlanmışdır. Müsabiqə çərçivəsində 10 qalib layihə müəyyənləşdirilmişdir. Qalib layihələrin maliyyələşdirilməsi məqsədilə Elmin İnkişafı Fondu tərəfindən 300000 manat həcmində qrant ayrılmışdır.
Elmin İnkişafı Fondu növbəti “Şuşa qrantı” müsabiqələrindən birinin ABŞ-da fəaliyyət göstərən “Qarabağ Fondu” ilə birgə keçirilməsi barədə də razılığa gəlmişdir. Əvvəlki iki müsabiqə üzrə yerinə yetirilən layihələrə dair maraqlı nəticələrin ABŞ-da “Qarabağ Fondu”nun dəstəyi ilə təqdim və təbliğ olunması məsələsi də razılaşdırılmışdır. İkinci “Şuşa qrantı” müsabiqəsi üzrə qalib layihələr AMEA-nın bir sıra institut və təşkilatlarında, ali təhsil müəssisələrində, həmçinin digər dövlət və qeyri-dövlət qurumlarında yerinə yetiriləcəkdir.
Bütün layihələr yerinə yetirildikdən sonra hər bir fundamental-tətbiqi xarakterli layihə üzrə alınmış nəticələri əks etdirən kitab, monoqrafiya və ya atlasın nəşr olunması nəzərdə tutulmuşdur. Bu nəşrlərdən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində də istifadə olunacaqdır.
Dekabrın 11-də “Hilton Baku” otelində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində gənc alim və mütəxəssislərin 2013-cü ildə keçirilmiş ikinci qrant müsabiqəsi və Fondun UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birlikdə reallaşdırdığı 2-ci “Şuşa qrantı” müsabiqəsinin qalib layihələrinin rəhbərləri ilə təqdimat xarakterli ənənəvi görüş keçirilmişdir.
Elmin İnkişafı Fondunun icraçı direksiyasının mətbuat xidmətindən bildirmişlər ki, görüşdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatlar və digər qonaqlar iştirak etmişlər.
Elmin İnkişafı Fondu ənənəvi olaraq bu cür tədbirlərdə uğurlu qrant layihələrinin təqdimatını da keçirir.
Tədbirdə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
Görüşdə çıxış edən Fondun icraçı direktoru Elçin Babayev bildirmişdir ki, 10 ildir cismən aramızda olmayan dahi şəxsiyyətin qurduğu müasir Azərbaycanın nailiyyətləri Ulu Öndəri və onun ideyalarını əbədiyaşar etmişdir. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə elmin inkişafı özünün yeni mərhələsinə qədəm qoymuşdur. Dövlətimizin başçısı elmi ictimaiyyət qarşısında Azərbaycanı regionun elmi mərkəzinə çevirmək kimi konkret vəzifə qoymuşdur. Alimlər üçün yaradılan şərait, maddi-texniki bazanın gücləndirilməsi, kadr hazırlığı, sosial məsələlərin həlli, cəmiyyətdə alim nüfuzunun artması kimi amillər iqtisadiyyat və humanitar sahələrdə, idman, incəsənət və İKT sahələrində olduğu kimi, fundamental elmin də aparıcı sahəyə çevrilməsini labüd edir. Bu istiqamətdə fəal alimlərin alternativ yolla - qrant maliyyələşdirilməsi yolu ilə dəstəklənməsi işini çevik, səmərəli və müasir şəkildə həyata keçirən Elmin İnkişafı Fondunun da özünəməxsus rolu və yeri vardır.
Tədbirdə Fondun fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilmiş və layihə rəhbərlərinə qrant layihələrinin yerinə yetirilməsinin hüquqi-maliyyə aspektləri haqqında məlumat verilmişdir.
Tədbirdə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Gunay Əfəndiyeva, AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Milli Məclisin deputatları Bəxtiyar Əliyev, Musa Qasımlı, Ceyhun Osmanlı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov və başqaları çıxış edərək həyata keçirilən layihələrin böyük əhəmiyyət daşdığını söyləmişlər.
Tədbirdə birinci “Şuşa qrantı” müsabiqəsinin qalibi olmuş “Qarabağ geyimləri” adlı layihənin hesabat tipli təqdimatı da olmuşdur.
Layihənin rəhbəri F.Vəliyev Qarabağın geyim mədəniyyətinin tam elmi-etnoqrafik təhlili və təsviri, tarixi təkamül və inkişaf mərhələlərində geyim dəstlərində baş vermiş keyfiyyət dəyişikliklərini qadın, kişi və uşaq kateqoriyaları üzrə təhlil və nümayiş etdirmişdir.
Gənc alim və mütəxəssislərin birinci qrant müsabiqəsinin qalibi olmuş “Şabalıdyarpaq palıdın dendroxronoloji tədqiqi” layihəsinin elmi nəticələri barədə isə gənc alim Fərid Seyfullayev məlumat vermişdir.
Hər iki müsabiqə mütəmadi olaraq keçirilir. Gənc alim və mütəxəssislərin növbəti müsabiqəsi və 3-cü “Şuşa qrantı” müsabiqəsi 2014-cü ildə elan olunacaqdır.
Dekabr ayının sonunda Fond 2013-cü ildə “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində elan edərək keçirdiyi ikinci müsabiqəsinin nəticələrini də açıqlayacaqdır.
Ümumilikdə, 2013-cü ildə Elmin İnkişafı Fondu 9 müsabiqə elan etmişdir. İldən-ilə Fondun qrant müsabiqələrinin formatı zənginləşir və beynəlxalq əlaqələri genişləndirilir. 2014-cü ildə Fransa, Koreya Respublikası və Qazaxıstanın müvafiq qurumları ilə əməkdaşlıq haqqında sazişlər bağlanacaqdır.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.