Görkəmli alim, peşəkar cərrah, qayğıkeş müəllim

Mirəsədulla Mirqasımov – 130

 

Odlar yurdunun şöhrətli alimlərindən, görkəmli cərrahlarından, səhiyyənin və ali tibb təhsilinin mahir təşkilatçılarından biri də 30 ilə yaxın bir dövrdə Azərbaycan Dövlət Tibb İnstitutunda kafedra müdiri vəzifəsində çalışmış, Ümumdünya Cərrahlar və Uroloqlar cəmiyyətləri Rəyasət Heyətinin fəxri üzvü, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü və ilk prezidenti, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Mirəsədulla Mirələsgər oğlu Mirqasımovdur.

1908-ci ildə gimnaziyanı Bakıda “əla” qiymətlərlə bitirdikdən sonra Ukraynanın Odessa şəhərinə gedən gənc Novorossiysk Universitetinin  tibb fakültəsinə daxil olmuşdur. Ali tibb təhsilini 1913-cü ildə uğurla başa vuran M.Mirqasımov bir müddət Odessadakı Yevangeliya alman şəhər xəstəxanasındakı cərrahiyyə klinikasında bacarıqlı cərrah kimi püxtələşmişdir.

1916-cı ildə yetkin cərrah kimi Vətəni Azərbaycana qayıdan M.Mirqasımov əvvəlcə Bakıdakı bir neçə xəstəxananın cərrahiyyə şöbəsində ordinator vəzifəsində çalışıb. Bacarıqlı praktik həkim-cərrah kimi ölkədə nüfuz qazanan gənc 1923-cü ildə Bakı Dövlət Universitetinin tibb fakültəsi rəhbərliyinin diqqətini cəlb edib və  operativ cərrahlıq və topoqrafik anatomiya kafedrasına dəvət edilib. Burada o, əvvəl prozektor, sonra isə ordinator vəzifələrində çalışıb. Həmin ildən etibarən tanınmış cərrahın elmi-pedaqoji fəaliyyətinin bünövrəsi qoyulub. M.Mirqasımov həm də tibb fakültəsində elmi-pedaqoji işə cəlb edilən ilk milli kadrlardan biri olub.

Az sonra o, görkəmli cərrah, professor B.K.Finkelşteynin dəvəti ilə hospital cərrahlığı kafedrasına köçürülüb. 1926-cı ildə BDU-nun tibb fakültəsinin hospital cərrahlığı kafedrasının assistenti vəzifəsinə seçilən M.Mirqasımov  elə həmin il  çoxdan bəri tədqiq etdiyi elmi işini başa çatdırmaq məqsədilə Mustafa Topçubaşov, Hacı Qasımov və digər istedadlı gənclərlə birlikdə Almaniyaya elmi ezamiyyətə göndərilib. Berlin, Drezden və Münhen şəhərlərinin klinikalarında 5 ay səmərəli fəaliyyət göstərən M.Mirqasımov elmi işini başa çatdıraraq Bakıya qayıdıb. 1927-ci il fevralın 4-də “cərrahlıq” ixtisasında uroloji xəstəliklər üzrə “Azərbaycanda sidikdaşı xəstəliklərinin öyrənilməsinə dair materiallar” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

M.Mirqasımov Azərbaycanda uroloji xəstəliklər üzrə doktorluq dissertasiyası müdafiə edən ilk milli mütəxəssis kimi səhiyyə tariximizdə özünə layiqli və əbədi yer tutub. İstedadlı alim müvəffəqiyyətlə müdafiə etdiyi doktorluq dissertasiyasının motivləri əsasında 1928-ci ildə monoqrafiya çap etdirib və indi də öz praktiki əhəmiyyətini, aktuallığını itirməmişdir.

M.Mirqasımov 1929-cu ilə kimi kliniki cərrahiyyə, travmatologiya, urologiya, eləcə də ümumi cərrahiyyə ixtisasları üzrə, həmçinin Azərbaycan Dövlət Pedaqoji İnstitutunda normal anatomiya fənnindən praktiki dərslərin tədrisi ilə məşğul olmuş, mühazirələr oxumuş, nəzəri və təcrübi problemlər üzərində genişmiqyaslı elmi-tədqiqat işləri apararaq yeni nailiyyətlər əldə etmişdir. O, 1929-cu ildə tibb fakültəsi nəzdində təşkil edilmiş operativ urologiya kursunun rəhbəri təyin edilmiş, kafedra müdiri vəzifəsinə bərabər tutulan bu məsuliyyətli funksiyanı müvəffəqiyyətlə yerinə yetirmişdir.

1930-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsi əsasında Azərbaycan Dövlət Tibb İnstitutunun yaradılması gənc alimin qarşısında yeni üfüqlər açmışdır. 1930-cu ildə professor elmi adı almış, 1931-ci ildə isə institutun hospital cərrahlığı kafedrasının müdiri vəzifəsinə seçilmiş və həyatının sonuna  qədər (1958) bu vəzifəni şərəflə yerinə yetirmişdir. Həmin illərdə M.Mirqasımovun rəhbərliyi altında cərrahiyyə, travmatologiya, urologiya, sümük-əzələ vərəmi və bir sıra digər mövzular üzrə namizədlik və doktorluq dissertasiyaları yerinə yetirilmişdir.

1936-cı ildə institutun rəhbərliyini yüksək ixtisaslı mütəxəssislərlə möhkəmləndirmək məqsədilə ATİ-nin o zamankı rektoru, professor Əziz Əliyevin təqdimatı və Xalq Səhiyyə Komissarlığının 3 sentyabr 1936-cı il tarixli əmri ilə əməkdar elm xadimi, professor M.Mirqasımov ictimai işlərdə də fəallıq göstərən müalicə-profilaktika fakültəsinin dekanı vəzifəsinə təyin edilmişdir. Bundan sonra fakültənin işində ciddi dönüş yaranmış, həm tədris prosesi, həm gənc milli kadrların elmi işlərə cəlb edilməsi məsələləri, həm də təlim-tərbiyə işləri yüksək səviyyəyə çatdırılmışdır.1938-1940-cı illərdə ATİ-nin rektoru ezamiyyətlərdə olduqda rektorluq vəzifəsinin icrasının M.Mirqasımova həvalə edilməsi onun bacarığına olan inamdan, etibardan irəli gəlirdi.

İkinci Dünya müharibəsi illərində M.Mirqasımovun respublikamızın bir sıra təhliyyə hospitallarında baş məsləhətçi-cərrah kimi fədakarcasına fəaliyyət göstərməsi ona olan el rəğbətini daha da gücləndirmişdi. O, bu müddətdə həmçinin ÜİHİ-nin Rusiyadan Bakıya köçürülmüş hospitalının cərrahiyyə şöbəsinə də rəhbərlik etmişdi.

30-cu illərin əvvəllərində M.Mirqasımovun təşəbbüsü ilə bilavasitə onun şəxsi təcrübəsi əsasında klinikada patoloji anatomiya muzeyinin yaradılması təqdirəlayiq tarixi hadisələrdən sayılmalıdır. M.Mirqasımov 1931-ci ildə ilk dəfə olaraq milli dildə “Ümumi cərrahiyyə” adlı orijinal dərslik yazmış, 1935-1936-cı illərdə rektorluğun tapşırığı ilə “Kliniki cərrahiyyənin tədris proqramı” adlı kitab çap  etdirmişdir. 1935-ci ildə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığının Tibb Təhsili və Tibb Elmi İdarəsi nəzdində təşkil edilmiş metodiki şuranın ilk 10 nəfərlik üzvlərindən birinin bacarıqlı alim, professor M.Mirqasımovun olması, alimin tibb təhsilinin və tibb elminin metodikasını da dərindən bilməsinə dəlalət edir. Xalq Səhiyyə Komissarlığının (XSK) kollegiya üzvü seçilən M.Mirqasımov  müharibə başlanana qədər XSK-nin Elmi-Tibbi Şurasının sədri vəzifəsini bacarıqla yerinə yetirib.

1936-cı ilin fevral ayının 1-də M.Mirqasımov əməkdar elm xadimi fəxri adına layiq görülüb. O, 1938-ci və 1940-1957-ci illərdə 18 il ərzində Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində Dövlət İmtahan Komissiyasının sədri olmuşdur. Akademik M.Mirqasımov rus alimləri ilə, xüsusilə də Leninqrad (Sankt-Peterburq) cərrahlıq və urologiya məktəbinin mötəbər nümayəndələri ilə sıx əlaqə saxlayırdı. Keçmiş Sovet İttifaqının nüfuzlu alimləri M.Mirqasımova olan rəğbət hisslərini gizlətmir, onunla hesablaşır, yaradıcılığına hörmətlə yanaşır, onun zəngin bilik diapazonuna yüksək qiymət verirdilər.

M.Mirqasımov 1938-ci ildən 1945-ci ilə qədər SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının tibb bölməsinin sədri vəzifəsində çalışmışdır. O, 1945-ci ildə mövcud filialın əsasında yenicə təşkil edilmiş Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü və ilk prezidenti seçilmişdir.1947-ci ilə qədər fəaliyyət göstərdiyi bu vəzifədə akademik M.Mirqasımovun təşkilatçılıq istedadı, hərtərəfli biliyə, geniş dünyagörüşünə malik olması özünü daha aydın şəkildə büruzə vermişdir.

M.Mirqasımov doğma ana dilinin bütün incəliklərini dərindən mənimsəməklə yanaşı, alman, ərəb, fransız, fars, rus dillərini də mükəmməl bilir, lazım gəldikdə, bu dillərdə də elmi məruzələr edir, məqalələr yazırdı. O, onlarla çap olunmuş elmi məqalənin, monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifi olub. M.Mirqasımov müxtəlif ölkələrdə keçirilən qurultay, konfrans, konqress və simpoziumlarda 200-dən çox məruzə etmişdir.Alimin rəhbərliyi altında 6 doktorluq, 20 namizədlik dissertasiyası işinin yerinə yetirilməsi onun gənc kadrların boy artımına göstərdiyi qayğının təzahürlərindəndir.

1935-ci ilin may-iyun aylarında Moskva və Leninqrad (Sankt-Peterburq) şəhərlərində elmi ezamiyyətdə olan M.Mirqasımov “Qoca yaşlarda prostat vəzinin xəstəlikləri” monoqrafiyasını tamamlamış və çap etdirmişdir. Onun çap etdirdiyi elmi əsərləri urologiyanın aktual problemlərinə həsr edilmişdir. Dövrün uroloji problemlərinin ən çətin məsələləri bu əsərlərdə öz əksini tapmış, onların elmi şərhinə, optimal üsullarla tədqiqinə geniş yer verilmişdir. Görkəmli alimin bilavasitə rəhbərlik etdiyi doktorluq və namizədlik dissertasiyası işlərinin də mövzularının əksəriyyəti bu sahəyə aid olmuşdur. Onun elmi əsərlərinin toplusu 1962-ci ildə ikinci dəfə yenidən çap olunmuşdur ki, bu da alimin əldə etdiyi nəticələrin gərəkliyinə, dəyərinə verilən qiymətin əyani sübutlarındandır. Akademik M.Mirqasımovun Azərbaycanda urologiya elminin inkişafı yollarında göstərdiyi xidmətlər hazırda da mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir və heç də əbəs deyildir ki, o, Azərbaycanda elmi-təcrübi urologiyanın banisi sayılır.

Alimin qarın yatalağı xəstəliklərinin cərrahi müalicəsinə, bu xəstəliklərin törətdiyi peritonitlərin meydana  çıxması, gedişi və aradan qaldırılmasının öyrənilməsinə həsr etdiyi iki hissədən ibarət “Qarın yatalağı xəstəliklərinin cərrahiyyəsi” adlı monoqrafiyası 1945-1950-ci illərdə işıq üzü görmüş ən dəyərli əsərlərdəndir. O, hələ 1926-cı ildə  Zaqafqaziya cərrahlarının birinci qurultayında “Yerli yoluxmuş yaraların tam tikilməsi məsələsi haqqında” elmi-tədqiqat işinin nəticələri barədə geniş məlumat vermişdir. İkinci Dünya müharibəsi illərində aktuallığını itirməyən bu mövzuya yenidən qayıdaraq praktik həkimlərə düzgün istiqamət verən məqalələr çap etdirmişdir. M.Mirqasımovun həm birinci, həm də ikinci dünya müharibələri zamanı yaralılara yüksək ixtisaslı həkim yardımı göstərərkən, mürəkkəb cərrahi əməliyyat apararaq müxtəlif növ travmalar, ağır güllə, qəlpə yaraları almış əsgərləri həyata qaytararkən topladığı zəngin təcrübə əsasında 1943-cü ildə qələmə aldığı “Hərbi işdə cərrahiyyənin rolu və əhəmiyyəti” adlı kitabçası hərbi cərrahlar üçün stolüstü vəsaitə çevrilmişdir.

Akademik M.Mirqasımov ölkəmizdə görkəmli ictimai xadim kimi də tanınır. O, 1931-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilmiş, 1937-ci ildən etibarən, 20 ilə yaxın müddətdə SSRİ Ali Sovetinin deputatı kimi fəaliyyət göstərmiş.

Alimin tibb təhsili və  elm, səhiyyə sahəsindəki çoxillik səmərəli xidmətləri  yüksək qiymətləndirilib və o, dövlətin orden və medallarına, fəxri fərman və mükafatlarına layiq görülmüşdür. Bakıdakı küçələrdən birinə, eləcə də Respublika Klinik Xəstəxanasına akademik M.Mirqasımovun adının verilməsi onun sənət dünyasına, şəxsiyyətinə olan ehtiramın təcəssümüdür.

1958-ci il iyul ayının 20-də əbədiyyətə qovuşan və bu il anadan olmasının 130 illiyini qeyd etdiyimiz akademik M.Mirqasımov ömrü boyu insanlara sağlamlıq bəxş etmək əzmi ilə yaşayıb.

M.Mirqasımov xatirəsi və irsi Azərbaycan tibb ictimaiyyətinin qəlbində daim yaşayır və nəsildən-nəslə ötürülür.

 

Əhliman ƏMİRASLANOV,
Azərbaycan Tibb Universitetinin rektoru, AMEA-nın Biologiya və Tibb Bölməsinin akademik-katibi, Milli Məclisin deputatı

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında