Zəngin ənənələri olan təhsil ocağı

 

 

 

90 illik yubileyə hazırlaşan Lənkəran Dövlət Humanitar Kolleci 1924-cü ildən bəri uzun və şərəfli yol keçmişdir. Bu yolda onu bacarıqlı müəllimlər, savadlı tələbələr müşaiyət etmişlər. Ən əsası isə kollec öz fəaliyyəti dövründə ölkəmizə bir çox tanınmış ziyalılar bəxş etmişdir. Onlardan biri də sözügedən təhsil ocağının hazırkı direktoru, 1993-cü ildən YAP-ın üzvü Şaban Şəfiyevdir.

Ziyalı ailəsində dünyaya göz açan Şaban müəllimin 1985-ci ildə fərqlənmə diplomu ilə başa vurduğu  Lənkəran Humanitar Kolleci (o vaxt Pedoqoji Texnikum) onu elmə aparan ilk təhsil ocağıdır.

Kolleci bitirdikdən sonra Lənkəran rayonu Kərgəlan kənd orta məktəbində müəllim işləyərkən ictimai işlərdə fəal iştirakı yenidən onun həyatını doğma təhsil ocağı ilə bağlayır. Texnikumun komsamol komitəsinin katibi seçilən Şaban müəllim elə həmin vaxtdan pedaqogika və psixologiya müəllimi kimi çalışmağa başlayır. Daha sonra mülki müdafiə gərargahının rəisi, psixoloq, pedaqoji təcrübə rəhbəri vəzifələrində çalışır. Bu illər ərzində o təhsilini davam etdirərək Azərbaycan Dövlət Pedoqoji Universitetini və Müəllimlər İnstitutunu bitirir.

Taleyini ədəbiyyatla bağlayan Şaban müəllimin ilk yazısı “Azərbaycan pioneri” qəzetində çap olunmuşdur. Müntəzəm olaraq dövrü mətbuatda çıxış edən müəllif Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Tarixlə üz-üzə” kitabının, yüzlərlə məqalənin müəllifi olan Şaban müəllim daim öz üzərində çalışır. Belə ki, hazırda “Lənkəran bölgəsində məktəb və pedaqoji  fikir tarixinin inkişafı” mövzusunda dissertasiya üzərində işləyir. 

Ötən 90 il ərzində Lənkəran Humanitar Kollecini 52 minə yaxın məzun bitirmişdir. Sevindirici haldır ki, bu məzunların arasında respublikanın görkəmli ziyalıları, əməkdar müəllimləri, məktəb direktorları da var.

Hazırda kollecdə aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır: İbtidai sinif, texnologiya, informatika müəllimləri, təsviri incəsənət və rəsmxətt, musiqi təhsili, fortopiano, xalq çalğı alətləri, xor dirijorluğu, musiqi nəzəriyyəsi, xanəndəlik, mühasibat uçotu üzrə mütəxəssislər.

1167 nəfəri əhatə edən tələbə kontingentinə müxtəlif rayonlardan gənclər daxildir. 8 fənn kabineti, 38 auditoriya, 2 kompyuter kabineti, 120 nəfərlik akt zalı, bufet, idman meydançası tələbələrin ixtiyarına verilib. Bununla belə yeni tədris korpusuna və yataqxanaya ehtiyac var.

Respublikamızda gedən genişmiqyaslı abadlıq və yenidənqurma işləri bu təhsil ocağında da öz əksini tapıb. Məktəbin maddi-texniki bazası gücləndirilib. Auditoriyalar, fənn  kabinələri, laboratoriyalar və kitabxana müasir avadanlıqlarla təmin olunub. Burada görülən işlər tələbələrin elmin sirlərinə yiyələnmələrinə, intellektual fəaliyyətlərinin artmasına xidmət edir.

Dövlətin təhsilə göstərdiyi diqqət və qayğı pedoqoji kollektivi tədrisin keyfiyyətini yüksəltməyə ruhlandırır. Kollektiv rayonun ictimai-siyasi işlərində də yaxından iştirak edir.

Təhsil ocağında ümummilli lider Heydər Əliyevin zəngin nəzəri irsinin öyrənilməsinə, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin təbliğinə xüsusi diqqət yetirilir.

Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə keçirilən “Cənub bölgəsində folklor və musiqi” mövzusunda elmi-praktik konfrans da  maraqla qarşılanmışdır. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festifalı çərçivəsində ilk dəfə olaraq Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından parçalar tamaşaçılar, o cümlədən kollecin müəllim və tələbə heyəti tərəfindən də heyranlıqla qarşılanmışdır.

Humanitar kollecin Azərbaycan Konstitutsiya Məhkəməsinin Konstitusiya Gününə həsr olunmuş hüquq olimpiadasında “Hüquqi dövlətin əsasları” mövzusunda birinci yeri tutması da təqdirəlayiqdir. 90 illik yubileyə hazırlaşan Lənkəran Dövlət Humanitar Kolleci öz nailliyyətlərini daha da genişləndirməkdədır.

Aida ŞÜKÜRLÜ,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında