Pekində yazıçılar Hüseynbala Mirələmovun və Viktor Andriyanovun “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabının Çin dilində nəşrinin təqdimatı olmuşdur. Sayca 32-ci xarici dilə tərcümə olunan bu kitab çinli oxucular üçün görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyəti haqqında fundamental mənbə rolunu oynayacaqdır.
Çin Xalq Respublikasının (ÇXR) Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin binasında təşkil edilən mərasimdə Çinin xarici işlər nazirinin müavini Çen Quopin, Cəmiyyətin sədr müavini Li Cianpin, Çinin Beynəlxalq Məsələlər üzrə Araşdırma Fondunun sədri Gan Dequan, Çin Kommunist Partiyasının məsul şəxsləri, Rusiyanın, Qazaxıstanın, Özbəkistanın Pekindəki səfirləri, diplomatlar, elm adamları, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Həmmüəllif, Milli Məclisin deputatı, yazıçı Hüseynbala Mirələmov ilə yanaşı, parlamentin deputatları Aydın Mirzəzadə və İlham Məmmədov da tədbirdə iştirak etmişlər.
Azərbaycanın Çindəki səfirliyinin təşəbbüsü ilə həyata keçirilmiş bu layihə Çin ictimaiyyətini görkəmli dövlət xadimi Heydər Əliyev haqqında daha geniş məlumatlandırmaq, çinli oxucuları Ulu Öndərin siyasi fəaliyyəti ilə yaxından tanış etmək məqsədi daşıyır.
Səfirliyin ulu öndər Heydər Əliyevin 90 illik yubiley tədbirləri çərçivəsində Çin dilinə tərcümə olunmuş kitabın təqdimat mərasimində çıxış edən Çinin xarici işlər nazirinin müavini Çen Quopin Heydər Əliyevin müdrik dövlət və dünya şöhrətli siyasət xadimi olduğunu bildirmişdir. O demişdir ki, Azərbaycanın inkişafı tarixinə misilsiz töhfələr verən Heydər Əliyevin rəhbərliyi altında ölkədəki vəziyyət köklü şəkildə dəyişmiş, Azərbaycan beynəlxalq arenada öz mövqeyini gücləndirmişdir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəsinə və xalqına sadiq böyük vətənpərvər olduğunu qeyd edən Çin xarici işlər nazirinin müavini bildirmişdir ki, dahi siyasət xadimi Azərbaycan-Çin münasibətlərinin inkişafını həmişə diqqətdə saxlamışdır.
Ulu öndər Heydər Əliyevin bir rəhbər kimi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən nadir şəxsiyyət olduğunu vurğulayan Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov demişdir ki, Ulu Öndər hələ sağlığında dünya səviyyəsində tanınan siyasi xadim idi. Bütün həyatı boyu xalqına və Vətəninə xidmət edən Ümummilli Lider həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanın inkişafı, tərəqqisi üçün böyük işlər görmüşdür.
Ölkənin çətin dövründə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev məhz xalqın dəstəyinə arxalanaraq qəbul etdiyi qərarlarla Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.
Ümummilli liderin dost Çin xalqına həmişə böyük rəğbət bəslədiyini diqqətə çatdıran səfir demişdir ki, ulu öndər müstəqil Azərbaycanın Prezidenti seçildikdən bir neçə ay sonra ilk xarici səfərlərindən birini məhz Çin xalq Respublikasına etdi. Bu səfər ölkələrimiz arasında münasibətlərin yeni mərhələsinin başlanğıcı idi.
Tədbirdə Çinin Beynəlxalq Məsələlər üzrə Araşdırma Fondunun sədri Gan Dequan, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədr müavini Li Cianpin və başqaları çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, Ulu Öndərin Azərbaycan-Çin münasibətlərinin inkişafına diqqətindən söz açmışlar. Bildirilmişdir ki, sözügedən kitab çinli oxucuların dahi şəxsiyyət Heydər Əliyevin siyasi irsini daha yaxından öyrənmələri üçün dəyərli mənbə olacaqdır.
Kitabın həmmüəllifi, Milli Məclisin deputatı Hüseynbala Mirələmov görkəmli dövlət xadiminin həyat təcrübəsinin bütün siyasətçilər, sadə insanlar üçün böyük məktəb olduğunu qeyd edərək, onun irsinin təkcə Azərbaycanda deyil, xaricdə də öyrənilməsinin əhəmiyyətini vurğulamışdır. O, “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabının Çin dilində nəşrinin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Çin tərəfinə minnətdarlıq etmişdir.
Qeyd edək ki, Azərbaycanın Çindəki səfirliyinin ulu öndər Heydər Əliyevin 90 illik yubiley tədbirləri çərçivəsində Çin dilinə tərcümə olunan kitabın nüsxələri Çinin elmi tədqiqat institutlarına, kitabxanalara, strateji araşdırma mərkəzlərinə, nüfuzlu ali təhsil ocaqlarına göndəriləcəkdir.
Kitabın Çin dilində olan nəşrinə Azərbaycanın Pekindəki səfiri Lətif Qəndilov və Çinin Beynəlxalq Məsələlər üzrə Araşdırma Fondunun sədri, Çin xarici işlər nazirinin sabiq müavini Gan Dequan ön söz yazmışlar.
Şahin CƏFƏROV
AzərTAc-ın xüsusi müxbiri
Pekin
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.