“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası kontekstində insan haqlarının səmərəli müdafiəsi

 

 

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, Qafqaz Universiteti və Türkiyənin Melikşah Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası kontekstində insan haqlarının səmərəli müdafiəsi” mövzusunda Bakıda ikigünlük beynəlxalq elmi konfrans keçirilmişdir. Sosiologiya və Hüquq İnstitutunun akt zalında öz işinə başlamış konfransın ilk iclasını açan institutun direktoru, professor İlham Məmmədzadə müzakirəyə çıxarılmış məsələnin əhəmiyyətindən danışaraq bildirdi ki, tədbirdə Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən insan hüquqları sahəsində tanınmış alim və mütəxəssislər, bir sıra xarici dövlətlərin Bakıdakı səfirləri və diplomatik nümayəndələri iştirak edirlər. O, konfransda iştirak edən Prezident Administrasiyasının şöbə müdiri, professor Şahin Əliyevi, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Əli Hüseynlini, Fransanın Azərbaycandakı səfiri Paskal Mönyeni, Mərakeş Krallığının səfiri Həsən Haminini, Beynəlxalq Hüquqşünaslar İttifaqının sədr müavini, insan hüquqları sahəsində tanınmış mütəxəssis, Azərbaycan Respublikasının əməkdar hüquqşünası, professor İlham Rəhimovu, habeləTürkiyədən və Rusiyadan gəlmiş alimləri tədbir iştirakçılarına təqdim etdi. Bildirildi ki, iki gün davam edəcək konfransda mövzu üzrə 40-dək məruzə və çıxışlar dinləniləcək, ilk növbədə Azərbaycanın, Türkiyənin və Rusiya Federasiyasının qanunvericiliklərinin beynəlxalq hüquq müstəvisi kontekstində müqayisəli təhlili veriləcək və təcrübə mübadiləsi aparılacaq. Konfransa səmərəli müzakirələr arzulayan professor İ. Məmmədzadə iclası açıq elan etdi, məruzə və çıxışlar başlandı. Mövzu ilə bağlı konfransda səslənən fikirlərdən bəzi məqamları təqdim edirik.

 İlham Məmmədzadə, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor:

– Azərbaycan Prezidenti İlham Əliyev gələcəyi proqnozlaşdırmağın zəruri  olduğunu və “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının bizi məhz buna istiqamətləndirdiyini dəfələrlə  vurğulayıb. O, həmçinin dəfələrlə qeyd edib ki, ölkənin tərəqqisi insan kapitalından asılıdır və hər şey insan naminə edilməlidir. Aydındır ki, bu kontekstdə insan hüquqları problemi  xüsusi əhəmiyyət kəsb edir, çünki, həqiqətən, gələcək məhz insandan, onun fəaliyyətindən və niyyətlərindən, əxlaqi normalar seçimindən və qanunlara  əməl etməsindən asılıdır.  Lakin “İnsana aid sahəni necə proqnozlaşdırmalı?” sualı heç də sadə məsələ deyil. Xüsusilə, söz insan hüquqlarından gedən zaman. Axı insan hüquqları haqqında təsəvvürlərin inkişafında hansı dünya trendlərinin olduğu haqqında müəyyən dərəcəyə qədər dəqiq məlumatlara,  dünya siyasəti barəsində  konkret biliklərə,  hüquq elmi,  əxlaq və etikanın, informasiya texnologiyalarının və bir çox basqa şeylərin hansı  istiqamətdə inkişaf edəcəyi haqqında informasiyaya malik olmaq lazımdır. Və əgər  bu gün bir sıra  sahələr üzrə bizim kifayət qədər biliyimiz yoxdursa, bu, inkişafın əsas təmayüllərini proqnozlaşdırmaq üçün bilik və səyləri necə birləşdirmək lazım olduğu xüsusunda müəyyənləşmək, qəti qənaətə gəlmək məqsədi ilə fənlərarası tədqiqatlar aparılmasının,  müxtəlif sahələrdən  alim və mütəxəssislərin cəlb edilməsinin  zəruri  olduğu barədə ciddi düşünmək üçün yalnız  səbəb olmalıdır. İnsana, onun hüquqlarına münasibətin, onun  öz  hüquq və məsuliyyətini dərk etməsinin  dünyanın inkişaf trendlərindən  biri  olduğunu ictimai elmin müxtəlif sahələrindən olan alimlər etiraf edir.  Bununla əlaqədar olaraq  aşağıdakı tezislər  üzərində dayanaq:

Birincisi, araşdırma mövzusu həm Azərbaycan, həm də xarici  ölkə alimləri  üçün ciddi maraq kəsb edir. Türkiyə, Rusiya alimlərinin iştirakı, tanınmış Qərb elmi  mərkəzlərinin diqqəti buna  ciddi  sübutdur. Biz ona əsaslanırıq ki, insan hüquqları məsələsi, hər şeydən əvvəl,  hüquq, fərdi şüur və əxlaqın qarşılıqlı münasibətləri, əlaqələri  sahəsinə aiddir və  təkcə hüquqşünaslar deyil,  həm də filosoflar, sosioloqlar, etiklər və hətta iqtisadçılar tərəfindən təhlil edilməlidir. Amma mətləb yalnız təhlildən yox, həm də bir-birinə çox yaxın elmlərin materialları və məlumatlarından peşəkarlıqla istifadə etməkdən  ibarətdir. Yalnız bu halda onun dəyər yönəliklərinin ciddi transformasiyası, stereotip və davranış standartlarının dağılması dövründə, mədəni özgürlüyünü qoruyub saxlamış hüquq dövləti nəzəriyyəsinin yaradılmasında  əhəmiyyəti dərk  oluna bilər.

İkincisi, Azərbaycan alimləri çox vaxt belə zənn edirlər ki, insan hüquqları məsələsinə münasibətin yenidən formalaşdırılması (islahatı) və dəyişdirilməsi prosesləri yalnız post-sovet məkanında baş verir, halbuki cari dövrdə oxşar proseslər bir çox ölkələrdə, o cümlədən,  Avropada da gedir. Onlar anqlosaks hüquq mədəniyyətinin, ingilis siyasi, hüquq və əxlaq təhsili standartlarının müxtəlif mühitlərə əlavə edilməsi  adlanan  prosesləri ehtiva edir, buna görə də  birgə tədqiqat və təcrübə mübadiləsi sahəsi  təşəkkül tapır. Onu  da nəzərə almaq lazımdır ki, söhbət  həm də  mədəni  özgürlüyün zərərinə olmayaraq hüquq islahatlarını necə aparmaq, hüquqi biliklərdən necə istifadə etmək,  vətəndaşın hüquqi və əxlaqi  şüuruna necə təsir  göstərmək lazım  olduğunun  dərk edilməsindən gedir.

Üçüncüsü, bizcə, humanitar elmlərdə multidissiplinar (çoxfənli) tədqiqatların  aparılması sahəsində müxtəlif ölkələrdən olan həmkarlarımızın  təcrübəsinin,  bu araşdırmaların hüquq elminin, cəmiyyətin mədəniyyətinin inkişafı üçün istifadə edilməsinin elmi əhəmiyyəti vardır. Biz  həm də hesab edirik ki, Azərbaycanda hüquqi islahatlar prosesində ictimai, əxlaqi  və hüquqi şüurun sosial-mədəni komponentləri nəzərə alınmalıdır. Bu nəzərə alınma mexanizminin necə olacağı,  hüquqi və siyasi təhsilin  necə keçirilməli olduğu və s. haqqında düşünmək lazımdır.

Dördüncüsü, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da dəyişiklik və islahatlar  beynəlxalq institutların iştirakı,  güclü dövlətlərin təsiri  ilə  baş verir  və onlar siyasət sahəsinə də  toxunur. Buna görə də ictimai şüura çatdırmaq vacibdir ki, insan hüquqları və əxlaqının münasibəti  problemi hüquqi dəyişikliklər və ölkənin modernləşdirilməsi konteksti ilə bağlıdır. O (bu kontekst), əxlaq və dini, lakin, ilk növbədə, sosial elmlərin köməyi ilə bunları araşdırmaq, ölçmək və dəyişikliklərin ümumi perspektivi, təmayülünü, trendini görmək qabiliyyətini ehtiva edir. Bizim fikrimizcə, şüurda mümkün dəyişikliklərin təhlilinə xüsusi əhəmiyyət vermək lazımdır, çünki onun təsiri vətəndaşların ictimai həyatında özünü əxlaq normaları, stereotip və  standartlar vasitəsilə göstərir. Bundan başqa, adətən, vətəndaş qanunun tələblərinə hüquq normaları ilə  müəyyən əxlaq və ya fərdi şüur konsensusu  yaradaraq riayət edir, bu konsensus olmadan hüquq normalarını  təbii, labüd, həyat fəaliyyəti üçün zəruri qanunlar kimi  dərk etmir.

Və nəhayət, vurğulamaq istərdik ki, bir çoxları belə hesab edir ki, cəmiyyətin həyatında  insan hüquqları kompleksi  ilə  bağlı olan hər şeyin dəyərinin artması   həyatda dövlətin əhəmiyyətinin azalmasına gətirib çıxarır. Bizim fikrimizcə, elmdə “açıq dövlət və hökumət” adlanan gerçəkliyin əhəmiyyəti yalnız artacaq. Azərbaycanda son zamanlar bu istiqamətdə çox işlər görülmüşdür və  belə başa düşürük ki,  ölkə Prezidenti, birmənalı  olaraq, bu  istiqamətdə  siyasətini davam etdirmək əzmindədir.

Murad Şen, Məlikşah Universitetinin hüquq fakültəsinin dekanı, professor:

– İnsan haqları insana sahib olduğu dəyərləri qorumaq,  istismarçılıq, təzyiq hər cür xarici təsirlərə qarşı qorunmaq hüququ verir.  İnsan haqları insana sevgidən güc alır. Sevgi çiçəklərinin  boy atmadığı, fərdiyyətçiliyin hakim olmadığı cəmiyyətlərdə insan haqlarından söhbət gedə bilməz. İnsanın sırf insan olduğu üçün bir sıra hüquqlara malik olması məsələsi uzun dövrlər dövlətlər və hakim zümrələr tərəfindən qəbul edilməmişdir.

Ona görə də bu, çox böyük mücadilələrlə əldə olunmuşdur. İnsan hüquq və azadlıqlarının qorunması üçün  ilk vasitələr ölkələrin ana yasaları olmuşdur. Daha sonra BMT tərəfindən qəbul edilən sənədlər, bəyanatlar, anlaşmalar olmuşdur. Bunlar beynəlxalq aləmdə insan hüquqlarına diqqət yetirilməsində böyük rol oynamışdır. BMT yarandığı gündən insan hüquq və azadlıqlarının qorunmasını özününü prioritet sahəsi elan etmişdir. 1948-ci ildə qəbul edilmiş BMT  “İnsan hüqüqları haqqında” Ümumi Bəyannamə  daha sonra digər beynəlxalq təşkilatlar tərəfindən verilən bəyanatlar, konvensiyalar, sazişlər üçün əsas mənbə  olmuşdur.

Türk mədəniyyətində, yəni  atalarımızın bizə miras qoyduğu milli-mənəvi dəyərlərimizdə insana insan olduğu üçün qiymət verilməsinin vacibliyi ön plandadır. Bu, tarix boyu belə olmuşdur. Türk toplumlarında insan hüquqlarının qorunmasında çağdaş sistemə belə nümunə təşkil edəcək bir cəmiyyət forması mövcud olub. Məlum olduğu kimi, İslam peyğəmbərinin (s) hədislərində, xütbələrində müasir dövr səviyyəsində, hətta ondan daha da yüksək bir səviyyədə insana dəyər verilmiş və insanın insan olduğu üçün ona hörmət göstərilməsi tövsiyə edilmişdir.

Ölkələrimizin inkişafı və xoşbəxt gələcəyi üçün bir sıra dəyərlərin inkişaf etdirilməsi vacibdir. Bu mənada, hüququn üstünlüyü və qanunların müasir dövrün tələblərinə cavab verəcək səviyyədə olması mühüm əhəmiyyətə malikdir.

Əhməd Sanıç, Qafqaz Universitetinin rektoru, professor:

– Əhalinin sürətlə artması, bununla bərabər sosial problemlərin çoxalması dövləti məcbur edir ki, həmin problemlərin həllinə daha çox diqqət yetirsin. Ona görə də dövlət bəzi məsələlərin həllində birbaşa rol oynayır, bəzən isə onu tənzimləyir. Bu baxımdan insan hüquqları dövlətin tənzimlənmə mexanizmi ilə şəxsin hüquqları arasında bir qoruyucu divar mahiyyətindədir. İnsan hüquqları elə sədlər çəkir ki, onların arxasında azad şəxslərin toxunulmazlığı təmin edilmiş olur. Bu,  şəxsiyyətin inkişafı üçün zəruridir. Əslində, insan hüquqlarının təməlində şəxsiyyətə və onun azadlığına hörmət prinsipi dayanır. Türk toplumlarında  tarixən, məsələn, quldarlıq  nümunələri çox nadir hallarda mövcud olmuşdur. Türklər daim azadlıqlarına böyük əhəmiyyət vermiş və  əsarəti qəbul etməmişlər.

1991-ci ildə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra insan hüquq və azadlıqları istiqamətində çox ciddi qanunlar qəbul etmiş, bu məsələyə xüsusi diqqət yetirərək region ölkələrinə nümunə göstərmişdir. Azərbaycan BMT-nin və Avropa Şurasının müxtəlif  konvensiyalarına qoşulmuş, orada müəyyələşdirilən standartları uğurla tətbiq etmişdir. Azərbaycan dünyada ən güclü və effektiv insan hüquqları mexanizmini quran Avropa İnsan Hüquqları Məhkəməsini yuridisiyası altındadır. Azərbaycan eyni zamanda Avropa Sosial Xartiyasının, Avropa İşgəncələr Əleyhinə Konvensiyasını qəbul etmişdir. Azərbaycanda yaradılmış Ombudsman İnstitutu, yeni qurulmuş inzibati məhkəmələr, insan hüquqlarının müdafiəsi sahəsində vəziyyəti xeyli yaxşılaşdırmışdır. Onu da qeyd etməliyik ki, insan hüququ olan təhsil hüququnun təmin olunmasına da Azərbaycanda həssaslıqla yanaşılmışdır. Xüsusilə təhsil sahəsində uğur qazanmış tələbələrin təhsil haqlarının ödənilməsi və tələbələrə təqaüdlərin verilməsi çox yüksək qiymətə layiqdir. Başda Cumhurbaşkanımız İlham Əliyev olmaq üzrə  bütün Azərbaycanın dövlət qurumları insan hüquqlarına çox önəm verir. Bu, çox sevindirici haldır.

 Şahin Əliyev, Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri, hüquq elmləri doktoru, professor:

– İnsan hüquqları mövzusu böyük mövzudur. Amma mən qanunvericiliklə praktiki məşğul olan hüquqşünas kimi bu sahənin implementasiyası barədə danışardım. Bu yaxınlarda cənab Prezidentin andiçmə mərasimindəki nitqində iki əsas məqam xüsusi vurğulanmışdır: korrupsiya ilə mübarizə və sahibkarlığın inkişafı. Tarixi cəhətdən götürsək, bildiyimiz kimi, vaxtilə rus imperiyasına daxil olan Azərbaycan xanlıqlarında özəl daşıma mülkiyyəti forması yox idi. Oktyabr inqlabından sonra isə ümumiyyətlə özəl mülkiyyət anlayışı tam aradan götürülmüşdü. Bu baxımdan Azərbaycan üçün özəl mülkiyyətə hörmət mədəniyyətini yaratmaq bir problem olaraq qalır. Qərbdə belə bir fikir mövcuddur ki, özəl mülkiyyətə hörmət İslam dininə müxalif olan bir məsələdir. Lakin tədqiqatlar onu göstərir ki, hətta xəlifələrin dövründə İslamın əsas prinsiplərindən biri də qanunçuluq və özəl mülkiyyətə hörmətə əsaslanan şərtlər olmuşdur. Bunu Amerika alimləri də təsdiqləyirlər. Bu mənada İslam qanunları Avropanı bir neçə əsr qabaqlamışdır. İngiltərənin ümumi hüquq sisteminə yaxın bir sistem İslam xəlifəliyində mövcud olmuş və bu, sübut olunmuşdur. Hətta XIV əsrdə böyük İslam filosofu İbn Haldun özəl mülkiyyətə, sahibkarlığa hörmətin və dəstəyin İslam dini üçün mühüm olmasını vurğulamış və kompensasiya verilmədən özəl mülkiyyətin hökmdarlar tərəfindən alınması və həddindən artıq vergilərin alınmasını şəriətə və İslam dininə müxalif hesab etmişdir. Bu baxımdan Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifə normativ tənzimləmə üsulu ilə sahibkarlıq mədəniyyətinin formalaşdırılmasıdır. Ən yeni tariximiz də buna əyani sübutdur. Məsələn, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanun işlənib hazırlanmışdır. Bu, keçmiş SSRİ məkanında və Avropada ilk qanundur ki, yoxlamaları məcmu şəklində vahid normativ akt şəklində tənzimləyir. Bu qanunun analoqu yoxdur. İndiyə qədər ölkəmizdə təxminən 18 yoxlayıcı təşkilat mövcuddur və hər bir  təşkilatın yoxlama qaydaları nəinki üst icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunurdu, hətta yoxlayıcı orqan özü-özü üçün qaydalar qəbul edirdi, bu da, əlbəttə, mənafelər ziddiyyəti təşkil edirdi. İki il bundan öncə Ədliyyə Nazirliyinin sistemi çərçivəsində yoxlamaların vahid dövlət reyestri yaradılmışdır. Bu da o deməkdir ki, hər bir sahibkarın işinə müdaxiləni yalnız reyestrdən elektron çıxarış almaq yolu ilə həyata keçirmək olar. Və bütün yoxlamalar bu elektron reyestrdə qeyd olunur. Düzdür, bu qanun qəbul edilərkən bəzi orqanlar buna müqavimət göstərdi. Onlar elə hesab edirdilər ki, bu uğurlu variant deyil, guya, bu sistem işləməyəcək, bu, uğursuz islahatdır. Lakin nəticələr göz qabağındadır. Hamımız şahid olduq ki, bu sistemin faydası çox oldu. Sistemin özəlliyi ondadır ki, dövlət vahid şəkildə bu reyestrdən çıxarışları ümumiləşdirərək nəticə çıxarır. Görə bilir ki, bir sahibkarı il ərzində nəyə görəsə beş dəfə yoxlayıblar, digər sahibkarı bəlkə də 10 ilə yaxındır ki, yoxlayan yoxdur. Və bu addımın məntiqi nəticəsi olaraq adıçəkilən qanun bu ilin iyul ayında Milli Məclisdə qəbul edilmiş və avqust ayında cənab Prezident tərəfindən imzalanmışdır. Bu qanunun mahiyyəti odur ki, bütün sahibkarlar risk qruplarına bölünür. Yüksək, orta və aşağı risk qruplarına. Yüksək risk qrupuna daxil olar sahibkarlar ildə cəmi bir dəfə yoxlanıla bilər. Orta risk qrupuna daxil olanlar isə iki ildə bir dəfə yoxlanıla bilər. Aşağı risk qrupuna daxil olan sahibkar isə üç ildə bir dəfə yoxlanıla bilər. Söhbət təbii ki, plan yoxlamalarından gedir. Yoxlamaların müddətləri də müəyyənləşdirilmişdir: yüksək risk qrupunda yoxlamalar 10 günədək, orta risk qrupunda 5 günədək, aşağı risk qrupunda isə 3 günədək tamamlanmalıdır. Əlbəttə, bu kimi tədbirlər Azərbaycanda sahibkarlığın inkişafında təkan verəcək və bütün yoxlamaların bir qaydada həyata keçirilməsinə təsir göstərəcək.  Burada sahibkarların hüquqi maarifləndirilməsi olduqca zəruridir.

Professor İlham Rəhimli:

– Şahin müəllim, bilmək istəyirəm ki, yoxlayıcı təşkilatlar qanunu pozanda onları necə məsuliyyətə cəlb edirsiniz, ümumiyyətlə, bunun mexanizmi necədir? İkinci sualım isə, deyirsiniz ki, sahibkarlar qanunu bilməlidirlər, lakin bir çoxları bunu bilmirlər. Prezident Administrasiyası və Milli Məclis onların maarifləndirilməsi üçün hansı işləri görmüşdür?

Şahin Əliyev:

– Əvvəla, ilk suala cavabım odur ki, bu qanunun yoxlayıcı orqan tərəfindən pozulması ən yüksək səviyyədə cinayət məsuliyyətinə səbəb ola bilər, minimum halda inzibati məsuliyyətə cəlb edilə bilər. Eyni zamanda, həmin qanunun tətbiqi fərmanında Nazirlər Kabinetinə tapşırıqlar verilmişdir ki, bu qanunun qəbul edilməsi ilə bağlı normativ-hüquqi aktlara dəyişikliklərlə bağlı öz təkliflərini versinlər. Əminəm ki, bu məsuliyyət daha da artacaq və Nazirlər Kabinetindən bizə təqdim olunacaq.Nəzərinizə çatdırım ki,bu qanun 2014-cü ilin martında qüvvəyə minəcək. 2014-cü ilin martına qədər bütün digər qanunverici aktlar bu qanuna uyğunlaşdırılmalıdır və yoxlayıcı orqanların məmurları üçün təlim kursları keçiriləcəkdir.

O ki qaldı qanunun öyrənilməsi ilə dövlətin gördüyü işlərə, ümumiyyətlə, belə bir qayda var ki, bütün inkişaf etmiş ölkələrdə sahibkarlığın hüquqlarının qorunması hüquqşünasların iştirakı olmadan qeyri-mümkündür. Mən hesab eləmirəm ki, bu sahədə sahibkarların maarifləndirilməsi yalnız dövlətin vəzifəsidir. Sahibkarlar ümumiyyətlə hüquq şirkətləri ilə, hüquqşünaslarla mümkün qədər geniş işləməlidirlər ki, öz mənafelərini qanuni yollarla qoruya bilsinlər. Onu da qeyd edim ki, Azərbaycanda  sahibkarlıq mədəniyyəti son 10 ildə xeyli inkişaf etmişdir. Lakin hesab edirəm ki, bu inkişaf yenə də qənaətbəxş deyil. Amma hesab edirəm ki, Azərbaycanda sahibkarların maarifləndirilməsi işi ilə yanaşı, hüquqşünasların köməyindən sahibkarlar istifadə etməlidirlər.

Əli Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru: 

– Azərbaycan 2020-ci ilə qədər ölkənin bütün sahələrdə inkişaf səviyyəsini təmin etməyi qarşıya məqsəd qoymuşdur. Bu prosesin içində, şübhəsiz ki, hüquq islahatları da nəzərdə tutulmuşdur. Əvvəlcə onu deyim ki, parlament qanunları qəbul edəndə Konstitusiyaya və qoşulduğumuz, ratifikasiya etdiyimiz beynəlxalq konvensiyalara söykənir. Əsas etibarilə qanunları qəbul edərkən həm də Prezident fərmanında öz əksini  tapan bir müddəaya əsaslanır: Qanunlar qəbul edilərkən mütləq insan hüquqları baxımından ekspertizadan keçirilməlidir. Milli Məclisin qarşısında duran əsas hədəf budur. Konstitusiya baxımından bizim problemimiz yoxdur. Çünki 1995-ci ildə qəbul etdiyimiz  Konstitusiya öz dövrünün bəlkə də ən mütərəqqi qanunlar toplusu idi. Hətta 1995-ci ildə bu qanunda ölüm cəzasının ləğvi öz əksini tapmışdı. Baxmayaraq ki, həmin dövrdə Avropa Şurasında 40 ildən artıq üzv olan Türkiyədə, Rusiyada ölüm cəzası mövcud idi. Amma Azərbaycanda xüsusi qanunla ölüm cəzası ömürlük həbs cəzası ilə əvəz edildi. Yəni Konstitusiya yaxşı bir baza formalaşdırmışdı. Amma sonradan Avropa İnsan Haqları Konvensiyasının ratifikasiyası bizə konstitusiyaya bir də baxmağa vadar etdi. Biz parlamentdə insan hüquq və azadlıqlarının tənzimlənməsinə dair Konstitusiya Qanununu qəbul etdik. Həmin qanunla biz Avropa İnsan Haqları Konvensiyasının demək olar ki, bütün müddəalarını öz Ana Qanunumuza daxil etdik. Konvensiyanın insan hüquqları ilə bağlı məhdudiyyətlər hissəsi çox ciddi disskusiyalara səbəb oldu. Amma məsələ sadə idi. Biz məhdudiyyətləri qanun çərçivəsində göstərməklə hüquqi özbaşınalıqların qarşısını aldıq. Göstərirdik ki, məhdudiyyətlər ancaq konstitusiyada və qanunda qeyd olunub. Hər hansı bir dövlət və hakimiyyət orqanının nümayəndəsinin, dövlət orqanının  bundan kənara çıxaraq hüququ məhdudlaşdırmaq ixtiyarı yox idi. Baxın, əslində həmin məhdudiyyət insan hüququnu məhdudlaşdırmırdı, insan hüququna olan təcavüzü məhdudlaşdırırdı. Əlbəttə, sonrakı mərhələlərdə bizim vəzifəmiz digər bütün qanunları həm konvensiyaya, həm də Konstitusiyaya uyğunlaşdırmaq olub. Bu gün bizim milli qanunvericiliyimiz Avropa İnsan Haqları Konvensiyasına, demək olar ki, tamamilə uyğundur. Bu gün qarşımızda duran əsas vəzifə növbəti mərhələlərdə qəbul edəcəyimiz,qoşulacağımız Avropa İttifaqı standartlarına uyğun şəkildə qanunun aliliyi, insan hüquqları normalarının müdafiəsi ilə bağlı edəcəyimiz yeniliklərdir. Daha bir faktı qeyd edim ki, bu gün Azərbaycanda MDB ölkələrində olmayan, tutulan və həbs olunan şəxslərin hüquqlarının qorunması ilə bağlı xüsusi bir qanun var. Bu qanun həm də nəinki MDB məkanında, eləcə də bütün Şərqi Avropada mövcud olmayan qanunun tətbiqidir.

Osman Kaşıkçı, Fateh Universitetinin hüquq fakültəsinin dekanı, professor:

– Məsələyə tarixi kontekstdən yanaşmaq istəyirəm. Xüsusilə, Osmanlı dövründə əcdadlarımızın insan haqlarına verdikləri əhəmiyyət barədə söhbət açmaq istəyirəm. Bildiyiniz kimi, Osmanlı imperiyası Uzaq Şərdən, Orta Asiyadan gəlmiş əcdadlarının – qədim türklərin mirası ilə yanaşı, müsəlman olduqları üçün İslamdan aldıqları mirası da birləşdirmiş nadir dövlətlərdən biridir. Dolayısı ilə bu çoxmədəniyyətlilik istər-istəməz hüququn tətbiq olunmasında da müsbət mənada özünü göstərmişdir. Yəni nə qədər ki, dövlətlər müxtəlif hüquq sistemlərindən istifadə edərsə, bir o qədər də geniş uyqulamaya sahib olar. Əski türklər dediyimiz zaman əlimizdə əslində ciddi bir sənəd yoxdur. Çünki müharibələr, yanğınlar bir sıra tarixi mənbələrin məhvi ilə nəticələnmişdir. Ancaq Bilkə xaqanın yazısında yer alan “türk milləti üçün gecə uyumadım, gündüz uyumadım, fəqir milləti zəngin etdim, başqa  millətlər arasında onları çox üstün etdim”– deyərkən hər halda millətimizi maddi mənada zəngin etdiyini nəzərdə tutur, amma bunun səbəbi əsasən onun hüquqi-mənəvi tərəfindədir. Xaqanların və insanların hüquq qarşısında bərabər olmalarını göstərir. Əski türklər bu anlayışla hərəkət etmişlər.

Osmanlı dövlətinin hər hansı insan haqları barədə bəyannaməsi və konvensiyası olmayıb. Ancaq niyə yoxdur? Buna heç ehtiyac da olmayıb. Çünki o vaxta qədər artıq hazır olan mədəniyyətə söykənən bir dövlət qurulmuşdur. Həmin mədəniyyət İslam hüququnun əsaslandığı  “Vida xütbəsi”ndən bəhrələnir.

Peyğəmbər əleyhissalam həmin xütbədə cəmiyyətdə nələrin əhəmiyyətli olduğunu qeyd etmişdir. Təbii ki, biz burada iddia etmirik ki, bu, sırf insan hüquqları ilə bağlı məsələdir. Ancaq qeyd olunan məsələlər cəmiyyətdə münasibətlər sisteminin tənzimlənməsində ədalət prinsiplərinin tətbiqinə üstünlük verilməsinin vacibliyini göstərir. Digər tərəfdən də, baxmaq lazımdır ki, həmin dövrdə hansı hüquqlar daha çox tapdalanırdı. Və hansılarının qanun tərəfindən qorunması vacib idi. Peyğəmbər əleyhissalam məhz bu məsələlərə diqqət yetrir. Bunlardan birincisi əmanətlərlə bağlıdır. O dövrdə insanlar bir-birindən aldıqları əmanətləri mənimsəyirdilər ki, bu da cəmiyyətdə insan hüquqlarının kütləvi pozulması ilə nəticələnirdi. Belə bir cəmiyyətdə hüquq, güvənc, etibar ola bilməzdi. Məhz buna görə də “Vida xütbəsi”ndə bu məsələlərə əməl olunmasının vacibliyi öz əksini tapmışdır. İkinci olaraq iqtisadi baxımdan insanların həyatını asılı vəziyyətə salan faizin - sələmin aradan qaldırılmasına diqqət yetirilmişdir. Bununla həyatını əsarətdə keçirmək məcburiyyətində qalan insanların azadlığa qovuşması asanlaşmışdır.

Digər bir məsələ isə cəmiyyətdə qan davasının yayılması idi. Bu məsələ də “Vida xütbəsi” ilə aradan qaldırılmışdır. Bu insanların yaşamaq hüququna üstünlük verilməsinə dəlalət edir. Başqa bir məsələ isə qadın hüquqlarıdır ki, indiki dövrdə “gender bərabərliyi” ifadəsi ilə  gündəmə gətirilir. Xütbədə qadınların kişilərə əmanət olduğu qeyd olunur. Hətta qadınlara xüsusi diqqət yetirilməsi təkidlə bildirilir. O dövrdə ki cəmiyyətlər üçün bu qeyri-adi, mütərəqqi bir hadisə idi. Bu mütərəqqilik indiki dövrdə belə öz əhəmiyyətini qoruyub saxlamaqdadır.

(ardı var)

Qələmə aldılar:

Qüdrət PİRİYEV,

Anar TURAN,

Rafiq SALMANOV (foto)

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında