Dünya şöhrətli Azərbaycan bəstəkarı Arif Məlikovun 80 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilmişdir

 

 

 

Dekabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycanın və SSRİ-nin xalq artisti, Dövlət Mükafatı laureatı, “İstiqlal” ordenli, AMEA-nın müxbir üzvü, Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının müdiri, professor Arif Məlikovun 80 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilmişdir.

Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyəti, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi və akademiyanın Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə reallaşmışdır.

Elmi sessiyada çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli bəstəkarın musiqi mədəniyyətimizə verdiyi dəyərli töhfələrdən danışmış, onu Azərbaycan musiqisinin canlı klassiki adlandırmışdır.

Akademik vurğulamışdır ki, A.Məlikov çoxlarından fərqli olaraq şöhrətə gedən yola çox gənc yaşlarında çıxmışdır. Bəstəkar 26 yaşında ikən yazdığı “Məhəbbət əfsanəsi” ilə minlərin, milyonların gözə görünməyən məhəbbətini qazanmışdır. Dünyanın 60-dan çox ölkəsinin səhnələrində tamaşaya qoyulan “Məhəbbət əfsanəsi” baleti təkcə müəllifinə deyil, həm də onun mənsub olduğu xalqa böyük şöhrət qazandırmışdır.

Diqqətə çatdırılmışdır ki, Qara Qarayev kimi dünya şöhrətli Azərbaycan bəstəkarından dərs alan Arif Məlikov musiqimizdə, incəsənətimizdə yeni bir səhifə açaraq təkcə müəlliminin arzu və istəklərini doğrultmamış, həm də əbədi yaşamaq hüququ, haqqı qazanmışdır.

A.Məlikov öz simfoniyaları ilə XX əsrin sonu-XXI əsrin əvvəllərində milli simfonik musiqimizin əsas inkişaf istiqamətini müəyyən etmiş, bu sahədə aparıcı rol oynamış bəstəkardır. Sənətdə ilk addımlarından o, musiqi aləmində bir ulduz kimi parlamış, sahibi olduğu fitri istedadını sonrakı illərdə cilalayıb kamilləşdirdiyi peşəkarlığı ilə tamamlayaraq yeni zirvələrə yüksəlmişdir. O, belə möhtəşəm əsərləri - “Metamorfozlar”, Nazim Hikmətin sözlərinə 2 vokal silsilə, xalq çalğı alətləri orkestri üçün əsərlər, 7 nömrəli simfoniya, “Azərbaycan” balladası, 8 nömrəli simfoniya və digər teatr tamaşalarına yazdığı musiqilərlə çoxdan əbədiyaşarlıq qazanmışdır. A.Məlikov, eyni zamanda, ən populyar Azərbaycan filmlərinə musiqi yazmış bəstəkardır. Onların sırasında “Sehrli xalat”, “Axırıncı aşırım”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və başqalarını xüsusi qeyd etmək olar.

AMEA-nın vitse-prezidenti  qeyd etmişdir ki, Arif Məlikovun musiqisinə həm ulu öndər Heydər Əliyev, həm də dövlət başçısı İlham Əliyev çox böyük rəğbətlə yanaşmışlar. Görkəmli bəstəkarın Azərbaycanın ən yüksək mükafatlarına layiq görüldüyü vurğulanmışdır. Qeyd olunmuşdur ki, dövlətimizin başçısının 2013-cü il 13 sentyabr tarixli sərəncamı ilə Arif Məlikov Azərbaycan mədəniyyətinin inkişafındakı müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir.

Bildirilmişdir ki, A.Məlikov həm də təcrübəli müəllim kimi böyük nüfuz sahibidir. Onun sinfində təhsil alan onlarla istedadlı gənc bəstəkar öz müəllimindən sənətin sirlərini, kompozisiyanın əsaslarını öyrənməklə yanaşı, bunlardan daha vacib olan keyfiyyətləri - Vətənə, xalqa məhəbbət hissini, milli mənəvi sərvətləri göz bəbəyi kimi qorumaq, klassik ənənələrimizi yaşadıb inkişaf etdirmək məsuliyyətini də əxz edir, onun himayəsi altında böyük həyat məktəbi keçir.

Böyük bəstəkar həm də bir vətəndaş kimi Azərbaycanımızın bütün çətin məqamlarında sözünü deməyi, vətəndaşlıq mövqeyini ortaya qoymağı bacarmışdır. Xalqımızın ağır günündə o, qələmə sarılaraq 20 Yanvar faciəsini əks etdirən “İttiham edirəm” kitabını yazmışdır. Dünya şöhrətli sənətkar həmin kitabda bu hadisələrdə günahı olan insanları cəsarətlə ifşa edərək, xalqımızın ağrı-acılarını dünyaya çatdırmışdır.

Tədbirdə “Arif Məlikovun simfonik yaradıcılığı”, “Arif Məlikovun kino musiqisi”, “Arif Məlikovun baletləri” mövzularında məruzələr dinlənilmiş və məruzələr ətrafında fikir mübadiləsi aparılmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında