AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun 15 yaşı tamam olur. El arasında, bu rəqəmlə bağlı, adətən, deyirlər ki, bu bir igidin ömrüdür. Bəziləri ömrün bu çağını dəliqanlılıq, yaxud yeniyetməlik dövrü kimi də səciyyələndirirlər.Bəli, bu cür də ifadə etmək olar və hesab edirəm ki, institut əməkdaşlarının elmi nailiyyət və şücaətlərini ehtiva edən belə bir bənzətmədə heç bir mübaliğə yoxdur. Nədən? Səbəblər də az deyil. İkicə faktı diqqətinizə çatdırmaq istəyirəm.
Ulu öndər Heydər Əliyevin qayğısının, diqqət və himayəsinin “barını dadanlar” sırasında Elmlər Akademiyasının da adı var. Ölkənin alim və ziyalıları unutmuş deyillər ki, AXC-Müsavat cütlüyünün iqtidarı dönəmində Elmlər Akademiyasının bir qurum kimi ləğv edilməsi ilə bağlı intensiv fikirlər səslənirdi. Yəqin ki, bu belə də olacaqdı... tarixin oxu dəyişməsə idi.
AMEA-nın 2011-ci il aprelin 26-da keçirilmiş illik yığıncağında çıxış edən Prezident İlham Əliyev həmin günləri xatırlayaraq demişdir: “...Azərbaycan müstəqilliyə qovuşanda isə müxtəlif fikirlər var idi. Hətta, - siz yəqin ki, bunu yaxşı xatırlayırsınız, - 1992-ci ildə akademiyanın ləğvi barədə, bağlanması haqqında təkliflər irəli sürülmüşdür. Əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtmasaydı, yəqin ki, akademiyanın taleyi çox acınacaqlı ola bilərdi. Məhz Heydər Əliyevin Azərbaycan elminə bütün dövrlərdə göstərdiyi diqqət və qayğı nəticəsində elmin inkişafı sürətlə aparılırdı”.
“Sosial-iqtisadi və mənəvi inkişafda elm ölkənin mühüm ehtiyat mənbəyidir” - söyləyən Heydər Əliyev hələ 1970-80-ci illərdə Azərbaycanın müasir və müstəqil, güclü bir dövlətə çevrilməsi üçün elm strategiyasını işləyib hazırlamış və onu uğurla həyata keçirməyə başlamışdı.
Çox da uzaq olmayan belə bir tarix də yadımızdadır ki,1997-ci il yanvarın 31-də AMEA rəhbərliyini və aparıcı alimlərin bir qrupunu qəbul edən ulu öndər elm sahəsində islahatların aparılmasının vacibliyini xüsusi vurğulamış, Azərbaycanın inkişaf strategiyasının əsas müddəalarını və Milli Elmlər Akademiyasının bundan irəli gələn vəzifələrini müəyyənləşdirmişdir.
Həmin vaxtdan başlayaraq Azərbaycan Milli Elmlər Akademiyası ümummilli liderimizin tövsiyələrini rəhbər tutaraq islahatların aparılması, onun idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi, elmi-tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi, kadrların məsuliyyətinin artırılması, elmi idarə və elmi xidmət müəssisələrinin işinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə bir sıra qərarlar qəbul etmiş və konkret tədbirlər həyata keçirmişdir.
İnsan Hüquqları İnstitutunun yaradılması da unudulmaz insan Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Belə ki, o həmişə ədalətin, haqqın yanında olmuş, Azərbaycan vətəndaşlarının şəxsi rifah və hüquqlarını yüksək qiymətləndirərək bütün dəyərlərdən uca tutmuşdur. Bu böyük şəxsiyyətin institutumuz və onun kollektivi üçün taleyüklü səciyyə daşıyan 1998-ci il 30 noyabr tarixli sərəncamında deyilir: “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respubliukası Prezidentinin 1998-ci il 22 fevral tarixli fərmanına uyğun olaraq qərara alıram: İnsan hüquq və azadlıqları probleminə dair elmi-tədqiqat işlərinin aparılması, elmi tövsiyyələrin hazırlanması və bu sahədə hüquqi biliklərin dərinləşdirilməsi məqsədilə Azərbaycan Elmlər Akademiyasının nəzdində İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu yaradılsın".
İlk nömrəsi 1993-cü ildə işıq üzü görən “Dirçəliş” jurnalı da 1995-ci ildən etibarən məhz ulu öndər Heydər Əliyevin xeyir-duası ilə nəşrini bugünədək davam etdirməkdədir.
Yenə də bu gün düz 15 ildir ki, biz Elmlər Akademiyasının mehriban ailəsində, digər elmi müəssisələrlə çiyin-çiyinə yol gəlirik. Belə bir faktı da xatırlamadan keçinmək mümkün deyildir ki, ömrümüzdən keçən bu 15 il həm də müxtəlif əməkdaşlıq və tərəfdaşlıq çətiri altında baş tutan saysız görüşlərin, ünsiyyətlərin, tanışlıqdan doğaraq dostluğa çevrilmiş insani təmasların rəmzi ildönümüdür.
Artıq beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq qəbul olunan və məmnunluqla etiraf edilən faktdır ki, Bakı tək iqtisadi məsələlərlə, mədəni irslə, idmanla bağlı deyil, eyni zamanda elmin ən müxtəlif sahələri, daha çox da müasir təmayüllü konseptual istiqamətlərlə əlaqədar tədbirlərin sıx-sıx keçirildiyi paytaxta çevrilib.
İnstitutumuz da nəticə etibarilə Azərbaycanın elmi-mədəni irsinin təbliğinə və inkişafına xidmət edən, elmi inteqrasiyanın nümunəvi örnəyinə çevrilən tədbirlərin keçirilməsinə töhfəsini vermişdir. Təkcə elə son illər ərzində institut elmi fəaliyyətlə yanaşı, beynəlxalq əlaqələrini də genişləndirmiş, ölkənin elmi-mədəni və ictimai-siyasi həyatında fəal iştirak etmişdir. Bütövlükdə, bəşəriyyət üçün bütün münasibətlərin fövqündə və prioriteti kimi səciyyələndirilən insan hüquqları sahəsində fəal və məhsuldar elmi araşdırmalarını davam etdirən tədqiqat müəssisəsi 1999-2013-cü illər ərzində 100-dən çox seminar, treninq və konfrans keçirmişdir. Bu tədbirlərdə Avropa Şurası, NATO, ATƏT, Avropa Birliyi, Birləşmiş Millətlər Təşkilatının aparıcı ekspertləri, Avropa ölkələrinin parlament üzvləri iştirak etmişlər. İnstitutun elmi işçiləri, aspirant və dissertantları tərəfindən bir sıra mühüm layihələr işlənilmiş və dərc edilmişdir. Bunlardan Azərbaycanda ombudsman təsisatının yaradılması, məhkəmə və penitensiar sistemlərdə, sosial siyasətdə islahatlar, qaçqınların və məcburi köçkünlərin, əlillərin, yetkinlik yaşına çatmayanların hüquqları üzrə, ekoloji problemlərlə bağlı bir sıra hüquqi sənədlərin hazırlanmasını göstərmək mümkündür.
Müasir qloballaşmanın bəlkə də ən müsbət örnəklərindən biri inteqrasiyadır. Elmi tədqiqat, elmi müzakirə və mükalimələrdə əməkdaşlığın lokomotiv rolunu qabartmağa, zənnimcə, ehtiyac yoxdur. Məhz belə bir təcrübədən, rasional istinad mənbəyindən çıxış edərək institutumuz beynəlxalq tərəfdaşlarla əməkdaşlığın kifayət qədər əlverişli, faydalı və səmərəli nümunələrini ortaya qoymaqdadır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın” bəndlərinə uyğun olaraq AMEA-nın İnsan Hüquqları İnstitutu Azərbaycan Hüquq elmi üçün yeni olan “İnsan Hüquqları”, “Bioetika və tibbi hüquq” elm sahələrinin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görmüşdür.
AR Nazirlər Kabinetinin 30 mart 2011-ci il tarixli qərarı ilə instituta ilk dəfə olaraq “Bioetika və tibbi hüquq” ixtisası üzrə (şifr 5616) doktorantura və dissertantura yerləri ayrılmışdır.
“İnsan hüquqları” və insan hüquqlarının mühüm bir sahəsi kimi sosial hüquqlara aid olan “Bioetika və tibbi hüquq” istiqamətində Milli Fəaliyyət Planının göstərilən bəndlərinin icrası üçün əlavə daha beş dərs vəsaitinin hazırlanması üzrə müvafiq işlər aparılmışdır.
2009-cu ildən institut Azərbaycan üçün yeni elmi istiqamət olan Bioetika və tibbi hüququn inkişafı ilə məşğul olmağa başladı, YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan Bürosu yaradıldı. 2010-cu ilin dekabrında isə AMEA rəhbərliyinin iştirakı ilə İnsan Hüquqları İnstitutu və YUNESKO-nun Bioetika Kafedrası arasında əməkdaşlıq haqqında sazişin rəsmi imzalanması keçirildi. Bu tərəfdaşlıq çərçivəsində YUNESKO-nun Baş ofisinin dəstəyi ilə bioetika və tibbi hüquq kursunun tədris prosesinə daxil edilməsi üçün institutun Bakı Dövlət Universiteti və Moskva Dövlət Universitetinin Bakı filialı ilə əməkdaşlığı haqqında müqavilələr də imzalandı.Ötən tədris ilindən etibarən Bakı Dövlət Universitetinin hüquq fakültəsində “Bioetika və tibbi hüquq” ixtisası üzrə fənn tədris edilir.
Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasının məhz Azərbaycanda keçirilməsi YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü baş tutmuşdur. Sessiyanın gedişində dünya ictimaiyyəti bir daha Azərbaycanla tanış oldu, burada bioetikanın inkişafı və digər sahələrdə ölkəmizdə əldə edilən nailiyyətlər haqqında ətraflı məlumat əldə edə bildi.
Ölkə Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planında” AMEA-nın İnsan Hüquqları Elmi-Tədqiqat İnstitutu icra orqanı kimi qeyd olunmuşdur. Ötən müddət ərzində institut tərəfindən Milli Fəaliyyət Proqramına uyğun olaraq bir sıra tədbirlər icra olunmuşdur.
Milli Fəaliyyət Proqramının "İnsan hüquqları sahəsində ixtisaslaşmış milli və beynəlxalq elmi-tədqiqat və tədris müəssisələri ilə əməkdaşlığın təkmilləşdirilməsi" adlı 45-ci bəndinə uyğun olaraq İnstitut AR Prezidenti yanında Ali Attestasiya Komissiyası, YUNESKO qurumları, XİN, Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Çin Xalq Respublikasının Sosial Elmlər və Müasir Beynəlxalq Münasibətlər Akademiyası, Moskva Dövlət Unıversitetinin Bakı filialı, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, DİN-in Polis Akademiyası, Moldova Respublikasının Elmlər Akademiyası, Gürcüstanın Gelat Akademiyası, Ukrayna Dövlət Universiteti, Türkiyənin bir sıra elmi mərkəzləri ilə sıx əməkdaşlıq münasibətləri qurmuşdur.
Bu gün hər bir institutun fəaliyyətinin keyfiyyət və səmərə əmsalı, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin də dediyi kimi, onun beynəlxalq elmi fikrə inteqrasiyasının səviyyəsi ilə ölçülür. İnstitutumuz, bir qədər əvvəl də göstərdiyimiz kimi, yarandığı gündən həm beynəlxalq müstəvidə elmi əməkdaşlıq, həm də beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması istiqamətində fəal, məqsədyönlü və səmərəli iş aparır.
Bütövlükdə, insan hüquqları elə bir həssas sahədir ki, burada islahatların sonu və son imkanları görünmür. Cəmiyyət həyatında müşahidə olunan fundamental dəyişikliklər hüquqi-siyasi islahatların dərinləşdirilməsini, inkişaf etmiş qabaqcıl Avropa dövlətlərinin mütərəqqi demokratik ənənələrinin, mənimsənilməsinə xidmət edən fəal siyasətin həyata keçirilməsini aktual məsələ kimi önə çıxarır.
İnsan Hüquqları İnstitutunda hal-hazırda beş istiqamət üzrə elmi işlər aparılır: “Milli təhlükəsizlik və erməni araşdırmaları”; “Bioetika və tibbi hüquq”; “Sosial və iqtisadi hüquqlar”; “Vətəndaş və siyasi hüquqlar”; “Din və ictimai təhlükəsizlik”.
Günümüzdə kəsb etdiyi aktuallığı nəzərə alaraq din və ictimai təhlükəsizlik sahəsində hərtərəfli elmi-tədqiqat işləri aparılmaqdadır. Bu məqsədlə institumuzda “Din və ictimai təhlükəsizlik” şöbəsi yaradılmışdır. Şöbə işini YUNESKO, İSESKO, ATƏT, Heydər Əliyev Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, habelə digər əlaqədar dövlət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq istiqamətində qurur.
Apardığımız tədqiqatlarda erməniliyin milli mənsubiyyətdən kənar mahiyyəti bir daha müəyyənləşdirilmiş, XVIII əsrdən etibarən din pərdəsi altında təmərküzləşən etnokorporasiya şəklində formalaşan ideologiyanın əsaslarını mifologemlər - sonradan məqsədli şəkildə hazırlanmış saxta mif və rəvayətlərin təşkil etdiyi göstərilmişdir. Həmçinin araşdırmalar nəticəsində yəhudi millətinə qarşı törədilən vəhşilikləri əks etdirən materiallar və sənədlər də əldə edilmişdir.
Tədqiqatlarımızın nəticəsi kimi qeyd olunmuşdur ki, mədəni irsimizə, ekologiyaya vurulan ziyanlar, əsirlərlə bağlı sənədlər toplusu hazırlanmalı və yayılmalı, erməni vəhşiliklərini əks etdirən kitab və jurnallar xarici dillərə tərcümə edilərək beynəlxalq təşkilatlara çatdırılmalıdır.
Ötən illərdə “Beynəlxalq erməni terror şəbəkəsinin formalaşmasında ideoloji mənbələr” mövzusuna dair elmi tədqiqatlar, o cümlədən “Erməni terrorizmi və onun əsas mərhələləri”adlı iş üzrə araşdırmalar aparılmış, həmin araşdırmalar “Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində erməni terroru və azərbaycanlılara qarşı həyata keçirilən soyqırımları” və “Azərbaycan Respublikasına qarşı erməni terrorları”mərhələlərinə daxil edilmişdir. Hazırda bu mərhələlər üzrə planlaşdırılmış tədqiqatlar başa çatdırılmışdır. Problemlə bağlı aparılmış tədqiqat işləri ilə bağlı institutun “Milli təhlükəsizlik və erməni araşdırmaları” şöbəsinin baş elmi işçisi, professor A.İsgəndərlinin ABŞ-da nəşr olunmuş “Realities of Azerbaijan: 1917-1920” adlı monoqrafiyası, “Azərbaycan ərazisində erməni quldur və terror birləşmələrinin törətdikləri cinayətlərə dair faktlar” yaddaş kitabçası, şöbənin əməkdaşları və dissertantları tərəfindən hazırlnanmış məqalələr işıq üzü görmüşdür.
İnstitutda həmçinin “Beynəlxalq informasiya təhlükəsizliyinin təmin olunmasında KİV-in yeri və rolu” problem səviyyəsində tədqiq edilmişdir. “Beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsinin siyasi aspektləri”nə dair elmi tədqiqatlar, o cümlədən “Müasir şəraitdə Azərbaycan Respublikasının informasiya təhlükəsizliyinin təmin olunmasının yolları” mövzusunda araşdırmalar aparılmış və tədqiqatların nəticəsi kimi ”İnformasiya müharibələri və kompüter cinayətkarlığı" adlı kitab və məqalələr çap edilmişdir.
“Milli təhlükəsizlik problemlərinin tədqiqi” ilə əlaqədar 2011-ci ildə “Korrupsiya vətəndaş cəmiyyətinin qurulmasına təhlükə kimi” mövzusuna dair təşkilati işlər, o cümlədən “Beynəlxalq aləmdə korrupsiya ilə mübarizə metodlarının tədqiqi” mərhələsinə daxil olan “Korrupsiya anlayışı və onun ortadan qaldırılma yolları” adlı iş üzrə araşdırmalara başlanmışdır.
“Din və ictimai təhlükəsizliyin aktual problemləri” mövzusunda elmi-nəzəri və praktiki əhəmiyyət kəsb edən konfrans keçirilmiş, eyniadlı kitab nəşr edilmişdir. Ötən il Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar “Xocalı soyqırımı insanlığa qarşı həyata keçirilən ən ağır cinayətdir” adlı Milli Məclisin deputatlarının, alimlərin, xarici ölkə səfirliklərinin nümayəndələrinin və KİV təmsilçilərinin iştirakı ilə elmi sessiya keçirilmiş və eyniadlı kitab təqdim olunmuşdur.
Azərbaycan - NATO əməkdaşlığının perspektivlərinə həsr olunmuş, habelə “Azərbaycan və YUNESKO 20 il: davamlı imkişaf naminə təhlil” mövzusunda beynəlxalq konfranslar keçirilmişdir.
Təkcə belə bir faktı xatırlatmaq kifayətdir ki, institutun elmi potensialı ilə ötən il 11 kitab nəşr olunmuş, müxtəlif nüfuzlu elmi nəşrlərdə 31-i xaricdə olmaqla 78 elmi məqalə çap edilmişdir. Bu il elmi göstəricilərimizin statistikası daha sanballı və böyükdür.
Bir qədər əvvəl də qeyd etdiyimiz kimi, insan hüquqlarının təmin olunması zəruriliyinin birinci variantından, yəni, ilk növbədə iqtisadi siyasətin insanlara xidmət üçün təşkil olunması zərurətindən çıxış edərək, belə bir qərara gəlmək mümkündür ki, Azərbaycan öz daxili potensialından, əlverişli coğrafi mövqeyindən, bu baxımdan Avrasiya dövləti olaraq tranzit mərkəz kimi rol oynamasından istifadə edərək, əldə etdiyi iqtisadi resursları vətəndaşlarının sosial hüquqlarının çoxistiqamətli variantlarla təmin olunmasına yönəldir.
Nəzərə alsaq ki, insan hüquqlarının birbaşa və dolayı yollarla təmin olunmasında tələblərə cavab verən müasir hüquq normaları mühüm rol oynayır, onda, belə bir qənaətə gəlməliyik ki, Azərbaycan dövləti son 10 il ərzində insan hüquqlarının təmin olunması sahəsində siyasətin ardıcıllığını və dinamikliyini saxlamaq üçün özünün resurslarının səmərəli istifadəsi ilə təkmil qanunvericilik bazasının formalaşdırılmasının vəhdətini təşkil etmişdir. Yəni, qanunvericiliyin başlıca hədəfi mövcud resurslardan səmərəli istifadə etməklə yeni resurslara nail olmağın əsaslarını formalaşdırmaqdan ibarət olmuşdur. Ölkəmiz öz qanunvericiliyini həm də gələcək hüquqa yönəltməkdədir.
Bununla əlaqədar İnsan Hüquqları İnstitutu tərəfindən normativ-hüquqi aktların münasibətlərin müasir inkişaf səviyyəsinə uyğunlaşdırılması, mövcud qanunların redaktəsi ilə bağlı “Pasiyent hüquqları haqqında”, “Sosial xidmət haqqında”, “Qida məhsulları haqqında” və “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanun layihələrinə, “Əhalinin sağlamlıgının qorunması haqqında” AR Qanununa bir sıra təkliflər hazırlanaraq Milli Məclisə göndərilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 27 dekabr 2011-ci il sərəncamında AMEA-nın İnsan Hüquqları İnstitutu icraçı orqanlardan biri kimi seçilmişdir.
Bütövlükdə, insan hüquqları elə bir həssas sahədir ki, burada fundamental elmi tədqiqatlar və islahatların sonu və son imkanları görünmür. Cəmiyyət həyatında müşahidə olunan fundamental dəyişikliklər hüquqi-siyasi islahatların dərinləşdirilməsini, inkişaf etmiş qabaqcıl Avropa dövlətlərinin mütərəqqi demokratik ənənələrinin, mənimsənilməsinə xidmət edən fəal siyasətin həyata keçirilməsini aktual məsələ kimi önə çıxarır. Dövlət başçısı İlham Əliyev bunu nəzərə alaraq xüsusi qeyd edir ki, respublikamızın aktiv inkişaf fazasına daxil olduğu indiki mərhələdə demokratik normaların ictimai şüurda möhkəmlənməsinə və qəbuluna daha yaxşı imkanlar yaranmışdır. İnanırıq ki, Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə, insan hüquqları sahəsində mövcud olan bütün problemlər də uğurlu həllini tapacaqdır.
Bir daha vurğulamaq istərdim ki, AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu ölkə və beynəlxalq elmi müəssisələr, ictimai-siyasi təşkilatlar, habelə insan hüquqları kimi bəşəri və fundamental bir dəyərə az-çox töhfə verə biləcək istənilən qurumlarla əməkdaşlığı özünün elmi fəaliyyətinin prioritet istiqaməti hesab edir.
Atalarımızın çox hikmətli bir məsəli var: tək əldən səs çıxmaz. Milli təfəkkür və mentalitetimizin belə bir zəngin məxəzinə söykənərək keçib gəldiyimiz 15 illik zaman məsafəsində əldə etdiyimiz bütün elmi nailiyyətlərin, qazandığımız uğur və nüfuzun əsas səbəbkarlarının ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev olduğunu vurğulamaqla bir ünvanının, səbəbkarının da tərəfdaşlıq etdiyimiz insanlar olduğu qənaətindəyəm. Və belə bir şükranlıq duyğusu içində bizimlə fəal əməkdaşlıq etmiş, irəli sürdüyümüz təşəbbüs və layihələrə ürəkdən çiyin vermiş, dəstəyini əsirgəməmiş, bu yolda sadəcə əlimizdən tutub yanımızda olmuş bütün tərəfdaşlarımızın, seçkin insanların zəhmət və əməyini yüksək qiymətləndirərək onlara dərin hörmət və təşəkkürlərimi ifadə etmək istəyirəm.
Aytən MUSTAFAYEVA,
AMEA İnsan Hüquqları üzrə ET İnstitutunun direktoru, fəlsəfə doktoru, Milli Məclisin deputatı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.