Təhsil strateji sahədir. Bu gün məktəbə gedən uşaqlar sabah ölkəmizin taleyinə cavabdeh olacaqlar. Onların yaxşı təhsil alması, yetkin vətəndaş kimi formalaşması Azərbaycan dövlətinin başlıca qayğılarındandır. Yeni məktəblərin tikilməsi, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, bununla da sistemin tam təkmilləşməsi üçün ölkəmizdə ardıcıl tədbirlər görülür. Bu istiqamətdə əksər bölgələrimizdə olduğu kimi, Cəlilabadda da görülən işlər diqqətəlayiqdir.
Dünyada təhsil əsri elan edilmiş bu əsrin əvvəlindən Cəlilabadda dövlət proqramı hesabına ondan artıq yeni məktəb tikilərək istifadəyə verilib. Bunlar ötən il təvəllüd tapan şəhər 6 saylı və Gülməmmədli kənd tam orta məktəbləri, eləcə də əvvəlki illərdə istismara buraxılmış Alar, Komanlı, Sadatlı, Günəşli, Xəlilabad, Qarakazımlı, Zopun və Şiləvəngə məktəbləridir. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi üzrə Heydər Əliyev Fondunun vəsaiti ilə akademik Zərifə Əliyeva adına şəhər 7 saylı orta məktəbi, eləcə də Bəcirəvan, Kövüzbulaq, Çünzəli və Cəlayir kənd məktəbləri inşa olunub. Rayon rəhbərliyinin təşəbbüsü ilə, yerli iş adamlarının köməkliyi və digər mənbələr hesabına rayonun Babalı, Zərbəli, Babaxanlı, Cəfərxanlı və Ağdaş kəndlərində daha 5 məktəb tikilib. Yeni təhsil ocaqlarında şagird yerlərinin sayı 8 mindən çoxdur. Əsaslı təmir və əlavə sinif otaqlarının inşası hesabına da şəbəkə təkmilləşir.Ümumilikdə Cəlilabad məktəblərində 40-a qədər sinif otağı tikilərək istifadəyə verilib.
Məktəb infrastrukturunun yeniləşməsi sahəsində Heydər Əliyev Fondunun rolu xüsusi qeyd edilməlidir. Məhz fondun təşəbbüsü ilə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində indiyədək Cəlilabadda 2120 yerlik 6 müasir məktəb inşa olunub.
Hazırda Cəlilabad rayonunda dövlət proqramı üzrə bir neçə məktəbin tikintisi davam edir. Şəhər 2 nömrəli, Sabirabad kənd 1 nömrəli, həmçinin Zəhmətabad, Həziabad və Soltankənd tam orta məktəbləri sentyabrın 16-da istifadəyə verilib. Məmmədrzalı kənd tam orta, eləcə də Mikayıllı və İncilli kənd ümumi orta məktəblərinin inşası məqsədilə isə layihə-smeta sənədləri hazırlanıb.
Ötən yaz Cəlilabad Rayon Təhsil Şöbəsinin fəaliyyəti qənaətbəxş olmayan rəhbərliyi dəyişildikdən sonra bu sahədə canlanma yaranıb. Sağlam ab-hava yaradılmağa başlanıb. Kurikulumun səmərəli tətbiqi, digər mütərəqqi tədris metodlarından istifadə sayəsində təhsilin keyfiyyət göstəriciləri tədricən yaxşılaşır. Müəllimlərin ixtisas təkmilləşməsinə ciddi diqqət yetirilir. Əlbəttə, böyük nailiyyətlərdən danışmaq hələ tezdir. Amma möhkəm təməl qoyulur və inam var ki, ilbəil uğurlar daha aydın nəzərə çarpacaq.
Cari dərs ilində rayonda 126 ümumtəhsil məktəbi, o cümlədən 74 tam orta, 39 ümumi orta, 13 ibtidai məktəb fəaliyyətə başlayıb. Bu məktəblərdə təhsilə 1876 sinif kompleksində 28316 şagird cəlb edilib, onların təlim-tərbiyəsi ilə 2404 nəfər müəllim məşğul olur. Rayonda 5 məktəbdənkənar tərbiyə müəssisəsi–texniki yaradıcılıq mərkəzi, ekoloji tərbiyə və təcrübəçilik mərkəzi, uşaq yaradıcılıq mərkəzi, uşaq-gənclər idman məktəbi və şahmat məktəbi fəaliyyətdədir. Bu müəssisələrin 176 dərnəyində 1435 uşaq məşğul olur. Ötən dərs ilində keçirilən fənn olimpiadalarının respublika turlarında Cəlilabadı təmsil edən doqquz şagird layiqli yerlər tuta bilib. “İngilis dilinun intensiv tədrisi” layihəsi üzrə Təhsil Nazirliyi və “British Council” beynəlxalq təşkilatı tərəfindən bu dili tədris edən müəllimlər üçün ən son nailiyyətləri əks etdirmək məqsədilə Cəlilabadda 46 ingilis dili müəlliminin iştirakı ilə Nizami adına şəhər 1 saylı humanitar və təbiət fənləri təmayüllü məktəb-liseyin bazasında təlim kursları keçirilib.
Rayon təhsil şöbəsinin müdiri Vidadi Dövlətov:
-Bu gün təhsil sahəsində həyata keçirilən inkişafyönümlü layihələrin əsas hədəflərindən biri kimi məktəb şəbəkəsinin optimallaşdırılması və rasionallaşdırılması nəzərdə tutulur ki, burada şəbəkənin səmərələşdirilməsi və təkmilləşdirilməsi önə çəkilir. Təhsil sistemində yeni müasir baxışların formalaşdırılması hazırkı islahatların başlıca məqsədlərindəndir. Dünya təhsilində bərabərhüquqlu subyekt kimi qəbul edilən şagirdyönümlülük meylləri daha önəmli mövqedə dayanır. Təlim-tərbiyə prosesində üstün inkişaf etdirilən əsas istiqamət pedaqoji əməkdaşlıq ideyasının öncüllüyü, müəllimin tərəfmüqabili sayılan şagirdin düşüncə tərzi, təfəkkürü, problemi çözmək bacarığı önə çəkilməli, qarşılıqlı fəaliyyətin təşkili sayəsində praktik tətbiqetməyə daha çox üstünlük verilməlidir. Keyfiyyət və real tələbata uyğunlaşma, o cümlədən “Kurikulum islahatı”nın icrasına nail olmaq əsas vəzifədir.
Gördüyümüz tədbirlər nəticəsində rayon məktəblərində buraxılış imtahanları obyektiv şəkildə keçirilib və şagirdlər bilik, bacarıq və vərdişlərinin real vəziyyətini nümayiş etdiriblər. Ali və orta ixtisas məktəblərinə builki qəbulun nəticələri aparılmış işlərin gerçək yekunu olaraq buraxılış səviyyəsini bir daha əks etdirib. Son beş ilin qəbul nəticələrinin müqayisəsi də nikbinlik yaradır. Burada tendensiyanın artan xətt üzrə getdiyi aşkar görünür. Belə ki, 2009-cu ildə 151, sonrakı ildə 185, inişil 223, ötən il 232, bu il isə 343 məzunumuz ali məktəblərə qəbul olunub. Onlardan 39 nəfəri 500-600 bal toplayıb.
Fərəh doğuran haldır ki, Cəlilabad şəhər 1 nömrəli və 8 nömrəli məktəb-liseyləri, Ocaqlı kənd 1, Alar kənd 1 və Göytəpə şəhər 1 nömrəli tam orta məktəbləri bu vacib sahədə müsbət nəticələri ilə seçiliblər. Cəlilabad şəhər 7 nömrəli, Göytəpə şəhər 2 nömrəli, Kazımabad, Şatırlı və Abazallı kənd tam orta məktəbləri əvvəlki illərlə müqayisədə nəticələrini yaxşılaşdırıblar.
Rayonda yeni fənn kurikulumlarının tətbiqi ilə bağlı bu tədris ilində I-IV siniflərdə dərs deyəcək müəllimlər üçün öyrədici xarakterli beş günlük xüsusi təlim kursları təşkil olunub və bu kurslara 211 müəllim cəlb edilib. Bir həqiqəti unutmuruq ki, ibtidai sinif müəllimləri nə qədər yüksək hazırlıqlı olsa, onların yetirmələri də möhkəm təməl əsasında yuxarı siniflərdə təhsillərini davam etdirərlər.
Son bir ildə həyata keçirilən çoxsaylı tədbirlər, o sıradan fənn olimpiadaları, müsabiqə və yarışlar rayonda təhsilin inkişafına əsaslı stimul yaradıb. Məktəblərimizin bu tədbirlərdə fəal iştirakı, respublika turlarında rayon təmsilçilərinin ardıcıl surətdə mükafata layiq görülmələri bütövlükdə şöbəmizin öncüllər sırasına çıxmasını təmin edib. Başda təhsil naziri Mikayıl Cabbarov, rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov olmaqla qayğısını bizdən əsirgəməyən bütün rəhbər qurumlar uğurlarımızın şəksiz ortaqlarıdır. Əlbəttə, görüləcək işlərimiz daha çoxdur, aradan qaldırılmasını gözləyən problemlərimiz də az deyil. Çalışacağıq ki, bundan sonra etimadı daha da layiqincə doğruldaq.
Cəlilabadda təhsildən bəhs edərkən Azərbaycan Müəllimlər İnstitutunun yerli filialını xatırlamamaq olmaz. Burada 420 tələbəyə 4 ixtisas öyrədilir. Bunlar ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya müəllimliyi, məktəbəqədər təlim və tərbiyə ixtisaslarıdır. Yaşıllıqlar qoynunda qərar tutmuş bu səliqə-sahmanlı ali təhsil ocağı pedaqoji kadrların hazırlanmasına öz töhfələrini verməkdədir. Filialda 3 kafedra yaradılıb: ixtisas fənləri, təbiət və riyazi fənlər, eləcə də ümumelmi fənlər kafedraları. Tələbələrə 9 nəfər fəlsəfə doktoru–dosent, 1 nəfər professor bilik, ixtisas öyrədir. Hazırda məzunların 8 nəfəri fəlsəfə doktoru proqramı üzrə, 5 nəfəri isə elmlər doktoru proqramı üzrə dissertantdır. Magistratura pilləsini bitirmiş 16 məzun məhz bu filialda çalışır.
Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad Filialı həm də cənub bölgəsində qızların ali təhsilə cəlbi sahəsində uğurları ilə öyünə bilər. Burada müqəddəs müəllim peşəsinə yiyələnən tələbələrin əksəriyyəti qızlardır. Bir ailədən bir neçə övladın eyni yerdə təhsil alması ilə bağlı nadir faktlar da məhz bu filiala aiddir. Ötən il diplom almış 59 məzundan 37-si artıq bölgədə müəllim kimi fəaliyyətə başlayıb.
Cəlilabad filialında daim yaddaqalan tədbirlər keçirilir.
Məlum olduğu kimi, böyük sufi mütəfəkkiri Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyi ilə əlaqədar 2013-cü il YUNESKO tərəfindən Bakuvi ili elan edilib. Bu münasibətlə oktyabrda MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutunun təşkilatçılığı ilə filialda yüksək səviyyədə mədəni irs seminarı təşkil olunub. Seminarda Qafqaz Araşdırmaları İnstitutunun direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehmet Rıhtım məruzə ilə çıxış edib. Filologiya elmləri doktoru, professor Minaxanım Təkləli dahi mütəfəkkir Seyid Yəhya Bakuvi (Şirvani) və tariximizin görünməyən tərəfləri barədə sanballı fikirlər söyləyib. Filialın baş müəllimi Şöhrət Namazova, müəllim Şəbnəm Məstəlili, rayonun Xanəgah kənd orta məktəbinin müəllimi Rza Rzayev, MİRAS İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli maraqlı məruzələr söyləyiblər. Seminar iştirakçılarına S.Y.Bakuvi-Şirvaninin “Şəfa əl Əsrar” kitabı hədiyyə edilib. MİRAS-ın fəaliyyətini əks etdirən film göstərilib. Cəlilabadın Sabirabad kənd orta məktəbinin direktoru Haqverdi Nuriyev söz alaraq tələbələrə yaradılan öyrənmək imkanını yüksək dəyərləndirib.
AMİ-nin rəhbərliyi və Cəlilabad Rayon İcra Hakimiyyəti filialda təhsil uğurlarının artması üçün əllərindən gələni əsirgəmir, bu sahənin etibar edildiyi adamlara hər cür köməklik göstərirlər. Əlbir səylər isə fərəh dolu qələbə sevincləri ilə müşayiət olunur.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.