Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində xalq şairi Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilmişdir

 

 

 

 

Noyabrın 28-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində xalq şairi Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Timuçin Əfəndiyev vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığından danışmış,  şairin yüksək bədii-fəlsəfi ümumiləşdirmələrlə səciyyələnən, dərin ictimai məzmunlu lirikasının, ana dilimizin bütün incəliklərini özündə toplamış poetik irsinin gəncliyin mədəni-mənəvi dəyərlərə ehtiram ruhunda formalaşdırılması baxımından müstəsna əhəmiyyətini vurğulamışdır.

Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyev görkəmli şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alaraq “Məmməd Arazın 80 illik yubileyi haqqında” sərəncam imzalamışdır. Bu addım yaradıcı ziyalıların, o cümlədən Məmməd Araz sənətinin və şəxsiyyətinin böyük himayədarı, ulu öndər Heydər Əliyev ənənələrinin müasir şəraitdə uğurlu davamıdır.

T.Əfəndiyev demişdir ki, Azərbaycan Prezidentinin sərəncamının icrası məqsədi ilə paytaxt Bakıda və bölgələrdəki elm, təhsil və mədəniyyət müəssisələrində, yaradıcılıq təşkilatlarında silsilə tədbirlərin keçirilməsinə başlanılmışdır. Bugünkü tədbir də bunlardan biridir.

Elmi sessiyada filologiya elmləri doktoru, professor Gülşən Əliyeva-Kəngərli  “Ağrı yaddaşının poeziyası” mövzusunda məruzə etmişdir.

Məruzədə Məmməd Arazın bütün ömrü boyu Azərbaycan xalqının qüruruna və kədərinə yiyə durduğu, milli poeziyamızın şeir karvanının sarvanı olduğu vurğulanmışdır. Bildirilmişdir ki, Məmməd Arazdan bizə min illik Azərbaycan şeirinin bədii-fəlsəfi ənənələri üzərində ucalmış möhtəşəm şair obrazı, XX əsrdə Sabirdən sonra bəşərin şeir zirvəsində əbədiləşən Füzuli poetik ruhuna ləyaqətli xələf olan Vətən daşına çevrilmiş şair imzası qalmışdır.

Filologiya elmləri doktoru, professor Aqşin Babayev isə “Unudulmaz Məmməd Araz” mövzusunda məruzə ilə çıxış etmişdir. A.Babayev  misilsiz istedadın və təkrarolunmaz yaradıcı ruhun məhsulu olan Məmməd Araz poeziyasından söhbət açmış, onu  müasir dövr Azərbaycan lirikasının poetik zirvəsini fəth edən və bu ucalıqda əbədi yaşamaq haqqı qazanan qüdrətli şair, publisist, filosof və sözün həqiqi mənasında, layiqli vətəndaş kimi səciyyələndirmişdir.

Tədbirdə filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin “Məmməd Araz şeirlərində azərbaycançılıq” mövzusunda məruzəsi dinlənilmişdir.

Qeyd edilmişdir ki, böyük istedadı və poetik bacarığı sayəsində Məmməd Araz Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir və Səməd Vurğun poeziyası ilə ona qədər gəlib çatan klassik şeir ənənəsini və üslubunu təkmilləşdirərək hamının gördüyü və bildiyi, lakin dilə gətirməyi bacarmadığı məsələləri ictimai düşüncənin məhsulu etmiş, Azərbaycanda vətəndaşlıq poeziyasının əsasını qoymuşdur. Şairin “Ayağa dur, Azərbaycan!” şeirinin xalqı sarsılmazlığa, əyilməzliyə, milli qürura, bütövlüyə və birliyə səslədiyi xüsusi qeyd edilmişdir.

Sonda universitetin müəllimləri - əməkdar artist, dosent  Ağalar Bayramov və dosent Nadir Hüseynov şairin bənzərsiz yaradıcılığından nümunələr səsləndirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında