Bakı Dövlət Universitetinin müəllimi Fazil Zeynalovun Fransanın məşhur “Harmattan” nəşriyyatında “Azərbaycan Avrasiyanın qovuşuğunda: böyük dövlətlərin çəkişməsi və bir millətin kəşməkəşli taleyi” adlı yeni kitabı nəşr edilmişdir.
Uzun müddət aparılan tədqiqatın məhsulu olan kitab 15 fəsildən və 428 səhifədən ibarətdir. Kitabda müasir Azərbaycanın inkişaf xüsusiyyətləri, perspektivləri, qədim dövlətçilik ənənələri təhlil edilmiş, onun tarixi inkişafın bütün mərhələlərində oynadığı vacib strateji rolu xüsusilə önə çəkilmişdir.
Azərbaycanın Avrasiyanın qovuşuğunda və Avropanı Asiyaya birləşdirən məşhur İpək yolunun üzərində yerləşdiyini vurğulayan müəllif onun həm ticarət, həm də strateji baxımdan xüsusi maraq doğurduğunu və buna görə də daim öz müstəqilliyi üçün mübarizə apardığını qeyd etmişdir. İki min ildən çox bir müddət ərzində Azərbaycan müxtəlif imperiyalar tərəfindən işğala məruz qalmış, lakin heç vaxt milli mənəvi və kimlik dəyərlərini itirməmiş, hər zaman bu mübarizələrdən qalib çıxmış, öz dövlətçilik ənənələrini möhkəmləndirməyə nail olmuşdur.
Müəllif Azərbaycan ərazisində ilkin tarixi dövlətlərin - Manna, Atropatena və Qafqaz Albaniyasının yaranma və inkişaf xüsusiyyətlərinə toxunur, onların müasir Azərbaycan tarixində mühüm rolunu vurğulayır. Min ilə yaxın mövcudluğu olan Qafqaz Albaniyası uzun müddət öz müstəqilliyini qoruyub saxlamış, Azərbaycanın dövlətçilik ənənəsinin zənginləşməsinə xüsusi töhfə vermişdir. Ərəb xilafətinin Azərbaycanı işğal etməsi ilə Qafqaz Albaniyası öz mövcudluğunu itirmiş, lakin azərbaycanlılar mübarizəni dayandırmamışdılar. Məhz, Babəkin rəhbərliyi altında genişlənən Xürrəmilər hərəkatı ərəb xilafətinin zəifləməsinə və yeni Azərbaycan dövlətlərinin yaranmasına təkan vermişdir. Göründüyü kimi, Azərbaycanın dövlətçilik ənənəsi davam etmişdir.
Kitabda səlcuqların Azərbaycanı işğal etməsi və bəzi Azərbaycan dövlətlərinin müstəqilliyinə son qoyulması, lakin yeni Atabəylər dövlətinin yaranması və həmin dövrdə Şirvanşahlar dövlətinin güclənməsi və çiçəklənməsi araşdırılmış, Şirvanşahlar dövləti ilə Gürcüstan arasında olan münasibətlərə aydınlıq gətirilmişdir.
Lakin monqolların Azərbaycana hücumu və Elxanilər (Hülakilər) dövlətinin yaranması Şimali Azərbaycanın elxanilərlə Qızıl Orda arasında döyüş meydanına çevrilməsinə və böyük dağıntılara məruz qalmasına səbəb olmuşdur. Cənubi Azərbaycanda isə geniş quruculuq işləri görülmüşdür. Monqollar dövründən sonrakı hadisələrə, xüsusilə Teymurun Azərbaycanı işğal etməsi və Şirvanşahlar dövləti ilə müttəfiqlik münasibətlərinə toxunan müəllif yenidən meydana çıxan Azərbaycan dövlətlərinə xüsusi diqqət ayırmışdır. Ağqoyunlu dövlətinin əhəmiyyəti Azərbaycan sərhədlərini keçib daha qlobal xarakter almış, Avropa ilə münasibətlər həm ticarət, həm də diplomatiya müstəvisində davamlı şəkildə inkişaf etmişdir.
Kitabda Azərbaycan Səfəvilər dövlətinin yaranması və inkişafı geniş tədqiq edilmişdir. Müxtəlif mənbələrdən istifadə edən müəllif Səfəvilər dövlətinin Azərbaycanın dövlətçilik ənənəsini davam etdirdiyini, Şah İsmayılın isə böyük Azərbaycan sərkərdəsi və şairi olduğunu bütün çalarları ilə göstərmişdir. Şah İsmayılın yaratdığı yeni mərkəzləşmiş dövlət səfəvilər sülaləsinin Azərbaycanı birləşdirmək arzusunun təcəssümü kimi səciyyələndirilir.
Kitabda xanlıqlar dövründə Azərbaycanda cərəyan edən siyasi proseslər, xanlıqlar arasında yaranan münasibətlər və onların xarici təcavüzə məruz qalmaları da yer almışdır. Həmin dövrdə bəzi Azərbaycan xanlıqları vahid dövlət yaratmaq istəklərini və səylərini nümayiş etdirmişlər. Lakin xanlıqlar arasında nisbi güclər tarazlığı və xarici müdaxilələr bu ideyanın reallaşmasına mane olmuşdur. Bu vəziyyət Azərbaycanın iki hissəyə parçalanmasına və Şimali Azərbaycanın Rusiya imperiyasına birləşdirilməsinə səbəb olmuşdur. Rusiya daxilində yaşayan azərbaycanlılar öz hüquqlarının qorunması uğrunda mübarizə aparmışlar.
Müəllif göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə milli dövlətçiliyin tarixində yeni mərhələ başlanmışdır. Kitabda Şərqin ilk demokratik respublikası olan AXC-nin həm Azərbaycan sərhədləri daxilində fəaliyyəti, həm də böyük güc dövlətləri ilə münasibətlərini tənzimləməsi istiqamətində fəaliyyəti öz əksini tapmışdır. 1918-ci il mart qırğınları, ermənilərin ərazi iddiaları, ağqvardiyaçıların və bolşeviklərin təhdidləri, nəhayət AXC-nin süqutunu şərtləndirən amillər müəllif tərəfindən araşdırılmışdır.
Müəllif yazır ki, sovet hakimiyyətinin qurulması ilə ikinci Azərbaycan Respublikası meydana çıxır. Bu dövr Azərbaycan üçün heç də asan olmur. O, bir tərəfdən ermənilərin ərazi iddiaları, digər tərəfdən mərkəzi sovet hakimiyyətinin təzyiqləri ilə üz-üzə qalır.
Sovetlər birliyinin süqutundan sonra yenidən müstəqil Azərbaycan Respublikası yaranır. Müəllif müasir Azərbaycanın müstəqilliyə qovuşmasının çətin yollarını, milli azadlıq mübarizəsini və 20 Yanvar faciəsini araşdırmışdır. O, geosiyasi mühitin həssaslığı və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü kontekstində Azərbaycan dövlətçiliyinin təhlükəyə məruz qalmasını, məhz ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanda sabitliyin bərqərar edilməsini, siyasi və iqtisadi islahatların həyata keçirilməsini, yeni balanslaşdırılmış xarici siyasət kursunun xüsusiyyətlərini təhlil etmişdir.
Kitabda Azərbaycanın enerji resurslarının istismarı, onların nəqli yollarının şaxələndirilməsi və Avropanın qaz təchizatında yeni “Cənub” dəhlizinin açılması haqqında da bəhs edilir.
Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektlərinə toxunulan kitabda, münaqişə tərəflərinin arqumentləri beynəlxalq hüququn prinsip və normaları prizmasından təhlil edilir. Qeyd edək ki, müəllif Dağlıq Qarabağ münaqişəsini dərindən araşdırmış, onun bir neçə il bundan öncə Fransanın məşhur “Harmattan” nəşriyyatında “Dağlıq Qarabağ münaqişəsi: ədalətli sülh, yoxsa qaçılmaz müharibə” adlı kitabı nəşr edilmişdir.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab Azərbaycan haqqında dolğun məlumatlar əldə etmək istəyənlər üçün çox faydalı mənbədir.
Əsgər ƏLİYEV
AzərTAc-ın xüsusi müxbiri
Paris
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.