“Cinayət və cəzanın fəlsəfəsi” kitabının təqdimat mərasimi keçirilmişdir

 

 

 Noyabrın 26-da Bakı Dövlət Universitetində Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun “Cinayət və cəzanın fəlsəfəsi” kitabının təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bildirmişdir ki, kitabın təqdimatının bu ali təhsil ocağında keçirilməsi təsadüfi deyildir. Çünki Azərbaycanda hüquq elmi məhz BDU-da formalaşmışdır.

Rektor bildirmişdir ki, müəllif kitabda cinayətlərin baş vermə səbəblərinin fəlsəfi izahını vermişdir. Qeyd edilmişdir ki, kitab yalnız hüquq fakültəsinin müəllimləri və tələbələrinin deyil, başqa sahələrdə çalışan insanların da marağına səbəb olacaqdır. A.Məhərrəmov kitabın Azərbaycan və ingilis dillərinə də tərcümə olunmasının vacibliyini vurğulamışdır.

Ümummilli lider Heydər Əliyevin “Dövlətə iki amil zərər gətirə bilər: günahkar cəzasız qalanda və günahsız cəzalandırılanda” kəlamını xatırladan BDU-

nun rektoru demişdir ki, professor İ.Rəhimov tərəfindən bu problem hərtərəfli, hüquqi, tarixi planda təhlil edilmiş və ona fəlsəfi əsaslandırma verilmişdir.

Rusiya Federasiyası İstintaq Komitəsinin sədri, professor Aleksandr Bastrıkin, BDU-nun kafedra müdirləri, professorlar Kamil Səlimov və Rüstəm Məmmədov, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki Yuri Qolik, professorlar Mina Hacıyeva, Dmitri Şestakov, Tatyana Nipomniyaşaya, Aleksandr Korobeyev, Xanlar Ələkbərov, Vladimir Catiyev, filosof Elmir Quliyev kitab haqqında fikirlərini bölüşmüşlər. Qeyd etmişlər ki, kitabda cinayət və cəzanın xüsusiyyətləri araşdırılır, cinayət hüququnun problemləri təhlil edilir, cinayətə qarşı mübarizənin yeni yolları nəzərdən keçirilir. Diqqətə çatdırılmışdır ki, hüquq fakültəsinin tələbələri, müəllimləri və bu mövzu ilə maraqlananlar üçün nəzərdə tutulan kitabın rəyçiləri Rusiyanın tanınmış hüquqşünaslarıdır.

Vurğulanmışdır ki, kitabda cinayətin səbəbləri və mənşəyi, cəzanın mahiyyətinə fəlsəfi nöqteyi-nəzərdən yanaşma öz əksini tapmışdır.

Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov tədbirdə iştirak edənlərə minnətdarlığını bildirmiş, bu sahədə fəaliyyətini gələcəkdə də davam etdirəcəyini söyləmişdir. 

İlham Rəhimov bildirmişdir ki, o, kitabda cinayətin və cəzanın mahiyyətini özünəməxsus yanaşma ilə təhlil etmiş, cinayət fəlsəfəsinin izahını vermişdir.

İ.Rəhimov demişdir ki, cinayətin kökünü tam şəkildə kəsmək qeyri-mümkündür, lakin mübarizə aparmaqla onun qarşısını cüzi də olsa almaq olar. Hər bir cəmiyyətdə qanunu pozan insanlar layiq olduqları cəzanı alsalar, cinayətlərin və cinayətkarların sayı da azalar.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, səfirlər, Rusiyanın tanınmış alimləri, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında