Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildlik tədqiqat əsərinin yenicə çapdan çıxmış 5-ci cildinin təqdimat mərasimi keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər. Sonra AzTV-nin istehsalı olan “Elmira” sənədli filmi nümayiş olundu.
Mərasimi açan Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev sanballı nəşrin ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə layiqli töhfə olduğunu vurğulayaraq roman-tədqiqatın əvvəlki cildlərinin də təqdimatının Masallıda keçirildiyini diqqətə çatdırdı. O, rayonunun çoxsaylı oxucuları adından Elmira Axundovanı əlamətdar hadisə münasibətilə təbrik etdi.
Masallı rayon Mahmudavar kənd tam orta məktəbinin tarix müəllimi Musarza Mirzəyev “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildlik roman-tədqiqatın 5-ci cildi haqqında məruzə etdi.
Qeyd olundu ki, Heydər Əliyevin mənalı və zəngin ömür yolu böyük məktəbdir. Əsərin 726 səhifədən ibarət olan 5-ci cildi ulu öndərin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasındakı fəaliyyətini əhatə edir. Kitabda böyük rəhbərin nəsillərə örnək olan həyatı ilə bağlı maraqlı epizodlar verilmiş, blokadaya alınmış Naxçıvandakı vəziyyət real hadisələr fonunda oxuculara çatdırılmışdır.
Elmira Axundovanın gərgin zəhmətinin nəticəsi kimi ərsəyə gələn bu əsərdə ümummilli lider Heydər Əliyevin fenomenal şəxsiyyəti, onun zəngin, çoxşaxəli həyat və fəaliyyəti ilə bağlı olduqca maraqlı məlumatlar yer almışdır.
Yeni cilddə Masallı rayonunun tanınmış ziyalısı Şirvan Əbilovun Heydər Əliyevlə görüşü barədə də məlumat verilmişdir. Mərasimdə çıxış edən Prezident təqaüdçsü Ş.Əbilov Elmira Axundovanın bu əsərinin həm indiki, həm də gələcək nəsillərin ulu öndər Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini yaxından öyrənmələri baxımından zəngin mənbə olduğunu vurğulayaraq dahi şəxsiyyətlə bağlı xatirələrini dilə gətirdi.
Oxuculardan Göycək Ələsgərova, Sədəf Aqilzadə və Ələşrəf Niftiyev kitabın məziyyətlərindən danışdılar, Elmira Axundovaya ən xoş arzularını çatdırdılar.
Milli Məclisin deputatı Nəriman Əliyev 10 illik gərgin əməyin bəhrəsi olan roman-tədqiqatın müəllifinin yaradıcılıq əzmkarlığını yüksək qiymətləndirdi.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Elmira Axundovanı rayon əhalisi adından 60 illik yubileyi və roman-təqdiqatın 5-ci cildinin çapdan çıxması münasibətilə təbrik etrdi, ona yeni yaradıcılıq uğurları arzuladı.
“Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyinin müəllifi Elmira Axundova əsərin araya-ərsəyə gəlməsində ona köməklik edənlərə təşəkkürünü bildirərək vurğuladı ki, kitabın 5-ci cildi çox qısa bir vaxt kəsiyini - 1990-1993-cü illləri əhatə etsə də, məzmun və həcmcə çox böyükdür. Bu dövr Heydər Əliyevin həyatının ən dramatik, çətin bir dövrü idi. Həmin vaxt həm Azərbaycanda, həm də SSR-i məkanında çox böyük hadisələr baş vermişdi. Respublikamız ölüm-qalım məsələsi ilə üzbəüz idi.
Müəllif dedi ki, kitabda çox eksklüziv materiallar vardır. Burada 100-ə yaxın insan danışmışdır. Mən onlarla şəxsən görüşmüşəm - Heydər Əliyevlə işləmiş və ona doğma olan, ulu öndərlə birgə mübarizə aparmış insanlarla.
Bu günlər YAP-ın yaranmasının 21-ci ildönümü qeyd edilir. Kitabda bununla bağlı bir sıra maraqlı məqamlar da əksini tapmışdır. Kitabın müəllifi qeyd etdi ki, artıq romanın beynəlxalq miqyasda da yayılması prosesi başlanmışdır. Əsər rus dilində 7 cilddir, Azərbaycan dilində də 7 cild olacaq. Dünya oxucusuna isə əsər üçcildlik şəklində təqdim olunacaq. Gələcəkdə “Heydər Əliyev və onun yaxın əhatəsi”, həmçinin “Heydər Əliyev kadr arxasında” adlı kitablar da yazmaq arzusundayam.
Mərasimdə rayonun musiqiçiləri ulu öndər Heydər Əliyevin sevdiyi və ona həsr olunmuş mahnıları ifa etdilər.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.