M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında “Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, MDU-nun Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva, Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Teymur Kərimli, AMEA Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva, Bakı Dövlət Universitetinin ümumi dilçilik kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov və digər tanınmış alim-filoloqlar, tarixçilər, şərqşünaslar, linqivistlər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
“Dəyirmi masa”da çıxış edən Nərgiz Paşayeva oktyabrın 28-də Oksford Universitetinin Şərqşünaslıq Departamentinin dəvəti ilə həmin universitetə getdiyini bildirərək demişdir: “Bir ay əvvəl - sentyabr ayında Oksford Universitetindən 2 professor, şərqşünas alim ali təhsil müəssisəsinin fəaliyyəti ilə tanış olmaq məqsədi ilə Moskva Dövlət Universitetinin Bakı filialına gəlmişdi”.
Rektorun sözlərinə görə, iki saat davam edən görüş zamanı məlum oldu ki, Oksford Universitetində Azərbaycan ədəbiyyatı, tarixi, dili haqqında heç bir fənn yoxdur. Bununla belə, universitetdə gürcü və erməni dilləri tədris olunur.
N.Paşayeva qeyd etmişdir ki, müzakirələrdən sonra bəlli oldu ki, XIX əsrdə erməni dili keçirilirdi, lakin 1965-ci ildən sonra müntəzəm olaraq bakalavr və magistr proqramları səviyyəsində erməni ədəbiyyatı, dili və tarixi öyrənilir: “Bu fənləri o vaxt keçmiş Sovet İttifaqından gələn müəllimlər tədris ediblər. Ancaq hazırda Oksford Universitetində işləyən avropalı alimlər bu proqramı tədris edirlər”.
MDU-nun Bakı filialının rektoru britaniyalı alimlərlə müzakirələr zamanı təklif edib ki, Oksford Universitetinin nəzdində Elmi Mərkəz açılsın və bu Mərkəz gələcəkdə Oksford Universitetinin bir hissəsi kimi tanınsın, qəbul olunsun, gələcək nəsillər bundan istifadə edə bilsinlər.
Rektor demişdir ki, Oksford Universitetinin nümayəndələri bu təklifi qəbul etmişlər. N.Paşayeva Mərkəzin adının Nizami Gəncəvi olmasını təklif etmişdir. Britaniyalı alimlər Oksford Universitetində Nizami Gəncəvinin fars şairi kimi tədris edildiyini vurğulamışlar.
Professor Nərgiz Paşayeva demişdir: “Mən isə onlara Nizaminin simasında qurucu, birləşdirici bir şəxsiyyət gördüyümü bildirdim. Mən Nizaminin simasında millətləri ayıran, etnik fikirləri bir-birinə qarşı qoyan bir sima görmürəm. Nizaminin simasında fərqli fikirləri və yanaşmaları bir araya gətirən bir sima görürəm. Əgər siz razı olsanız, biz bu Elmi Mərkəzi Nizami Gəncəvinin şərəfinə adlandıracaq və işimizi bu prinsiplə, bu siyasətlə, bu yanaşma ilə aparacağıq. Mənə təklif etdilər ki, Mərkəzə Füzulinin adını verək. Mən dedim ki, əlbəttə, Füzuli dahi şairdir, yüksək müstəvidə bir mərkəzin adına layiq böyük simadır. Lakin mən çox xahiş edirəm ki, Mərkəzin adını dəyişməyək, Nizaminin adına olsun”.
Rektor əsas məqsədin Oksford Universiteti kimi tanınmış elmi ocaqda Azərbaycan tarixini, dilini, ədəbiyyatını təbliğ edən Mərkəzin yaradılması olduğunu qonaqların diqqətinə çatdıraraq demişdir: “Yəni əsas məqsəd Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu sübut etmək deyil. Onsuz da Nizaminin əsərləri, fəlsəfəsi, kəlamları, həyatı buna sübutdur”.
Onun sözlərinə görə, belə bir Mərkəzin yaradılmasında əsas məqsəd Sovet dövründə beynəlxalq aləmdə özünü sübut etməyən Azərbaycanın elm və ictimai xadimlərini tanıtmaqdır: “Bunun da obyektiv səbəbləri o idi ki, Sovet dönəmində heç bir ictimai elm sistemi senzuradan azad şəkildə fəaliyyət göstərə bilməzdi. Ümumiyyətlə, tarix, şərqşünaslıq, ədəbiyyatşünaslıq kimi elmlər həmişə təzyiq altında idi”.
N.Paşayeva qeyd etmişdir ki, Azərbaycan alimlərinin, şərqşünaslarının, türkoloqlarının gözəl əsərləri var: “Bu əsərlər Oksford Universitetində tədris edilən kitablardan - almanların, ingilislərin, fransızların yazdıqları kitablardan da elmi dərəcəsinə və elmi nüfuzuna görə əksik deyil. Danışıqlar zamanı məlum oldu ki, universitet əməkdaşlarının bu barədə məlumatı yoxdur. Ona görə də bizim borcumuzdur ki, bunları bir daha həm özümüzə, həm də belə bir müstəvidə Oksford Universitetinin alimlərinə tanıdaq. Onlar bundan sonra irəli sürülən təşəbbüsün gözəl olduğunu bildirdilər”.
Professor Nərgiz Paşayeva demişdir ki, Azərbaycanın elm adamlarının ingilis, fransız, alman dillərində çap olunan və elmi aləmə məlum olan kitabları yox dərəcəsindədir. Bu Elmi Mərkəz açılandan sonra əlbəttə ki, bu elmi problemlərin həllinə aramla, sistemli şəkildə başlanılacaqdır.
Artıq Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması haqqında memorandum imzalanmış və hazırda bu istiqamətdə iş davam etdirilir: “Mənim yəqin ki, bir-iki aydan sonra ora səfərim olacaq və səfər zamanı lazım olan sənədlər hazırlanacaq, toplanacaq, həmin sənədlər əsasında iş gedəcəkdir. Amma son məqam odur ki, bu Elmi Mərkəz fəaliyyətə başlasın”.
N.Paşayeva bildirmişdir ki, Nizamişünaslıq hazırda həllini gözləyən bir elm sahəsidir: “Mən çox istərdim ki, bizim həyatdan köçən çox gözəl alimlərimizin xatirinə bu layihə doğrudan da həyata keçsin. Bu, bizim vaxtilə ədəbiyyatşünaslığımıza töhfə verən alimlərin aqibəti kimi olmamalıdır. Nizami haqqında ən gözəl kitablardan biri Məmməd Əmin Rəsulzadənin yazdığı ”Böyük Azərbaycan şairi Nizami"dir. Nizami Gəncəvi haqqında kitablar çoxdur, amma ən gözəl kitablardan biri budur. Heç bir kitab ingilis və ya fransız dillərinə tərcümə olunmayıb. Bizim mənəvi haqqımız yoxdur ki, alimlərimizi unudaq".
Baş nazirin müavini Elçin Əfəndiyevin fikrincə, Oksford Universitetində belə bir Mərkəzin yaradılması müstəqil Azərbaycan üçün əlamətdar hadisədir: “Belə qədim və tanınmış universitetdə Elmi Mərkəzin açılması dünya ictimaiyyətini Azərbaycanın zəngin tarixi və ədəbiyyatı haqqında məlumatlandırmaq baxımından əla imkan yaradacaqdır”.
E.Əfəndiyev demişdir ki, Mərkəzin dahi Nizaminin şərəfinə adlandırılması isə bizim üçün xüsusi əhəmiyyət kəsb edir: “Nərgiz xanımın hansı çətinliklərlə Mərkəzə Nizaminin adının verilməsinə nail olması, Nizaminin Azərbaycan şairi olmasını elmi baxımdan sübut etməsi mənə məlumdur”. O, professor N.Paşayevanın fəaliyyətini yüksək qiymətləndirmiş və bütün elmi ictimaiyyəti bu istiqamətdə səy göstərməyə çağırmışdır.
Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Tofiq Hacıyev bildirmişdir ki, Oksford Universitetinin nəzdindəki Elmi Mərkəzə Nizami Gəncəvinin adının verilməsi Oksfordun Nizamini Azərbaycan şairi kimi tanımasına dəlalət edir: “Hesab edirəm ki, Azərbaycanın qabaqcıl alimləri bu tribunadan istifadə edərək və bütün dünyada zəngin Azərbaycan ədəbiyyatını təbliğ edərək, Nizaminin yaradıcılığı haqqında sanballı elmi işlər yazmalıdırlar”.
AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Mərkəzin yaradılmasını dünyada Azərbaycanın və Azərbaycan ədəbiyyatının tanıdılması baxımından yüksək qiymətləndirmişdir. O, həmçinin bütün alimləri Mərkəzin daha səmərəli fəaliyyət göstərməsi üçün səy göstərməyə çağırmışdır.
AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi qeyd etmişdir ki, Mərkəzlə işləmək üçün peşəkar kadrları cəlb etmək, Azərbaycan alimlərinin işlərinin ingilis dilində dərc edilməsi üçün zəruri şərait yaratmaq lazımdır.
Qeyd edək ki, Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi məqsədi Azərbaycan və onun yerləşdiyi Qafqaz regionunun tarixi və mədəniyyətinin araşdırılması üzrə Böyük Britaniyada təsis ediləcək ilk elmi tədqiqat ocağıdır.
Müasir Azərbaycanın coğrafi ərazisi minilliklər ərzində bir çox qədim sivilizasiya və mədəniyyətlərin, o cümlədən, hetlərin, əhəmənilərin, selevkilərin, sasanilərin, habelə xristianlığın, yəhudiliyin və islamın kəsişdiyi yer olmuşdur. Mərkəzin məqsədi bu mədəniyyət və dinlərin Azərbaycanın maraqları baxımından öyrənilməsinin təşviq edilməsidir. Bu məqsədlə Mərkəz Oksford Universiteti nəzdində müxtəlif təqaüd proqramları, ictimai tədbirlər, elmi-praktik konfranslar, “dəyirmi masa”lar, akademik mübadilə, tədqiqatların aparılması, o cümlədən müxtəlif tədris və mədəni layihələr həyata keçirməyi nəzərdə tutur. Mərkəzin fəaliyyəti çərçivəsində tələbələrə, elmi tədqiqatçılara, jurnalistlərə, mədəniyyət və incəsənət xadimlərinə və digər sosial qruplara Azərbaycanla bağlı Oksford Universitetində tədqiqatların aparılması üçün birdəfəlik kiçik qrantların ayrılması nəzərdə tutulur.
Mərkəzin mütəmadi həyata keçirəcəyi funksiyalardan biri də Azərbaycan və onunla əlaqədar elmi məlumatların toplanaraq kitabxana fondu və resurslarının formalaşdırılmasıdır.
Həmçinin Mərkəz Oksford Universitetində keçiriləcək tədbirlərin, tədqiqatların və Azərbaycanla bağlı digər fəaliyyət növlərinin təqvimini tərtib edəcəkdir. Mərkəz Böyük Britaniya və Azərbaycan, habelə dünya üzrə elmi ictimaiyyəti yeni resurslar, tapıntılar və yeni imkanlarla bağlı elektron poçt ünvanları vasitəsilə ətraflı məlumatlandıracaqdır.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.