Müasir mərhələdə həyata keçirilən iqtisadi, sosial, mədəni islahatlar nəticəsində ölkəmiz dinamik inkişaf yolu ilə inamla irəliləyir, onun beynəlxalq nüfuzu getdikcə güclənir. Qlobal enerji-kommunikasiya layihələrinin əsas iştirakçısı kimi Azərbaycanın Qafqaz regionu, Avropa və ümumiyyətlə, müasir dünya üçün önəmi artır. Bir tərəfdən, ölkəmizin davamlı sosial-iqtisadi tərəqqisi, digər tərəfdən isə müasir dünyada gedən qloballaşma, rəqabət və inteqrasiya prosesləri respublikamız üçün bütün sahələr üzrə yüksək təhsilli mütəxəssislərin hazırlanmasına tələbatı artırır. Bütün bunları nəzərə alan ölkə Prezidenti İlham Əliyev təhsil sahəsinin inkişafına böyük önəm verir, onu dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi ön plana çəkir və bu sahədə əsaslı dövlət proqramları həyata keçirir.
Yuxarıda vurğuladığımız arqumentlərə əsaslanaraq təhsil tariximizdə ilk dəfə olaraq on altı inkişaf yönümlü dövlət proqramı təsdiq olunmuş və bu proqramlar uğurla həyata keçirilməkdədir. Təhsilə rəhbərlik edən rəsmilərin göstərdiyi kimi, təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilmiş proqramların reallaşdırılması nəticəsində təhsil infrastrukturunun müasir tələblərə uyğun təkmilləşdirilməsi, təhsilin məzmununun yeniləşdirilməsi və buna müvafiq yeni dərslik siyasəti təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, istedadlı uşaqların aşkarlanaraq inkişaf etdirilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, deinstitutlaşdırma, məktəbəqədər və texniki peşə təhsilinin yeniləşdirilməsi, xaricdə təhsil və digər bu kimi sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur.
Keçən on ilin yekunları göstərir ki, dövrün, zamanın tələblərinə görə müasir dünya təcrübəsi əsas tutulmaqla ümumi təhsilin yeni konsepsiyasının işlənib hazırlanması, məqsəd və vəzifələrin yeni təfəkkür baxımından formalaşdrılması, fənlərin məzmununun konseptual müddəalarının müəyyənləşdirilməsi və fənn kurikulumlarının yaranması, məzmunda standart məfhumunun reallığa çevrilməsi təhsil tariximizdə yadda qalacaq mühüm nailiyyətlərdir. Son illərdə 700 mindən çox şagird, yəni bütün şagirdlərin təxminən 50 faizi müasir tələblərə cavab verən məktəblərdə təhsil almaq imkanı əldə etmişdir. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun, şəxsən onun Prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. Məhz Fondun təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" və "Uşaq evləri və internat məktəbləri" proqramları çərçivəsində son illərdə 226 yeni məktəb tikilmiş, 39 məktəb, 10 uşaq bağçası əsaslı təmir olunmuşdur.
2006-cı ildən başlayaraq mərkəzləşdirilmiş büdcə vəsaiti hesabına Təhsil Nazirliyi, nazir Misir Mərdanov tərəfindən məktəblərin əsaslı təmiri həyata keçirilməyə başlanılmış, 3 il ərzində 300-dək məktəb əsaslı təmir edilmişdir. 2005-ci ildən başlayaraq mərkəzləşdirilmiş vəsait hesabına Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinə yüksək keyfiyyətli avadanlıqlar - şagird masası, yazı lövhəsi, müəllim masası və müəllim stulu verilməyə başlanmışdır. Yeni tikilən və əsaslı təmir edilən məktəblərdən əlavə, son illərdə Proqrama əsasən, 500-dən çox məktəb müasir avadanlıqlarla təmin olunmuşdur.
Ümumtəhsil məktəblərinin istiliklə təminatı sahəsində mövcud olan problemlərin aradan qaldırılması ilə əlaqədar əsaslı tədbirlər həyata keçirilmişdir. Ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəblərinin İKT ilə təminatı Proqramı" ümumi təhsilin inkişafında tarixi nailiyyət kimi qiymətləndirilməlidir. Ümumtəhsil məktəblərinin V-XI siniflərində hər 29 şagirdə 1 kompyuter nisbəti təmin edilmişdir. Ölkəmizin təhsil tarixində ilk dəfə olaraq fənlər üzrə elektron təlim materialları və əyani vəsaitlər hazırlanıb məktəblərə çatdırılmış, 20 məktəbdə "elektron məktəb" layihəsinə başlanmışdır.
Azərbaycan Respublikası təhsil sistemində özünü biruzə verən davamlı inkişaf onun ayrılmaz tərkib hissəsi olan Şəkinin orta ümumi təhsili üçün də xarakterikdir. Ötən illərdə Şəkidə ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi yönümündə xeyli işlər görülmüşdür. Şəki Şəhər 1 saylı və Şəki şəhər 10 saylı məktəblərin hər birinin istifadəsinə 240 yerlik tədris korpusları müasir standartlara uyğun şəkildə inşa olunaraq verilmişdir. Şəhərimizin yeni yaşayış massivində 240 yerlik 6 saylı orta məktəb tikilmişdir. 17 saylı orta məktəbdə əlavə 8 sinif otağı avadanlıqlarla təchiz olunaraq şagirdlərin istifadəsinə verilmişdir. Baş Göynük, Kiçik Dəhnə, Böyük Dəhnə, Aydınbulaq, Dərəcənnət, Çayqaraqoyunlu, Qozlubulaq, Oraban, Kosalar, Aşağı Kəldək, İnçə-Zunud, Vərəzət kəndlərində 3560 şagird müasir məktəblərdə təhsillə əhatə olunmuşdur. Orta Zəyzid kənd məktəbində 4, Köbər Zəyzid kənd məktəbində əlavə 8 sinif otağı tikilmişdir. Birinci Biləcik kəndində 220 yerlik məktəbin inşasına başlanılmışdır. Qətiyyətlə söyləmək olar ki, təhsilə dövlət qayğısı siyasəti ulu öndərdən sonra da - Prezident İlham Əliyevin təsdiq etdiyi "Dövlət Proqramına" uyğun olaraq respublikamızın hər yerində olduğu kimi Şəkidə də uğurla həyata keçirilməkdədir. Bu şərəfli işə Heydər Əliyev fondu, onun rəhbəri, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva görünməmiş miqyasda dəstək verir.
Şəkidə ümumtəhsil məktəblərinin istilik sistemi ilə təchiz olunması diqqət mərkəzində saxlanılmışdır. Hazırda 23 məktəb müasir tələblərə cavab verən istilik sisteminə malikdir. Təbii ki, belə müasir istilik sisteminin mövcudluğu təhsilin keyfiyyətinə müsbət təsir göstərir. Respublika Təhsil Nazirliyi Şəki məktəblərinin tədris avadanlıqları ilə təchiz olunmasına xüsusi diqqət göstərmişdir. Yeni tikilmiş və əsaslı təmir olunmuş bütün məktəblərimiz, inşa olunmuş bütün məktəblərimiz, inşa olunmuş əlavə sinif otaqları ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Hazırda Şəkinin 95 məktəbi kompyuter avadanlıqlarına malikdir. V-XI siniflərdə əhatə olunan 17170 şagirdin istifadəsində 724 kompyuter avadanlığı vardır. Hazırda bizdə 24 şagirdə bir kompyuter düşür ki, bu da arzuolunan göstərici hesab olunur. 20 orta məktəbin internetə çıxışı vardır, şagirdlərimiz limitsiz olaraq bu imkandan çox səmərəli şəkildə faydalanırlar.
Ümumi təhsilin konsepsiyası (Milli kurikulum) sənədinə əsasən ötən dərs ilindən fənn yönümlü yaddaşa əsaslanan təhsil sistemindən şəxsiyyət yönümlü, nəticə yönümlü, tələbyönümlü təhsil sisteminə keçidə başlanmışdır. 2008-2009-cu dərs ilində I siniflərdə dərs deməsi nəzərdə tutulan 182 nəfər, 2009-2010-cu dərs ilində dərs deməsi nəzərdə tutulan 216 müəllim müvafiq olaraq təlim kursları keçmiş, dərslik, müəllimlər üçün dərs vəsaiti, şagirdlər üçün iş dəftərlərindən ibarət dərslik komplekti məktəblərə və müəllimlərə çatdırılmışdır. Yeri gəlmişkən vurğulayım ki, ümumi təhsilin konsepsiyası (Milli kurikulum) mahiyyətinin, hazırda cəmiyyətdə, şəxsiyyətdə və təhsildə baş verən dəyişmələrin, yeniləşmənin, müasirləşmənin məğzinin pedaqoji ictimaiyyətə çatdırılmasında hörmətli nazirimiz Misir Mərdanovun redaktoru olduğu "Kurikulum" jurnalının rolu böyükdür.
Bu bir həqiqətdir ki, ümumi təhsilin davamlı inkişafında müəllimin pedaqoji hazırlığı, yaradıcılığı, müasir dünyaya baxışı, şəxsi təhsili çox mühüm rol oynayınr. Odur ki, yalnız 2009-cu ildə 385 nəfər müəllim və tərbiyəçi ixtissartırma kursundan, 4 nəfər isə "öyrədənlərin öyrədilməsi" kurslarından keçirmişdir.
Şəki Liseyinin müəllimi Aynur Hüseynova Böyük Britaniya səfirliyi və Təhsil Nazirliyinin ingilis dilinin tədrisinin səviyyyəsini yüksəltmək məqsədilə birgə keçirdikləri trenenqdə iştirak etmiş və sertifikat almışdır. Şəhər 8 və 10 saylı orta məktəbin müəllimləri Ülkər Əliyeva və Xatirə Əliyeva Cənubi Qafqaz ingilis dili müəllimlərinin Gürcüstanda keçirilən 5-ci konfarsında iştirak etmişlər. Müəllimlərin təkmilləşməsi üçün 10 fənn üzrə 94, ibtidai sinif müəllimləri üçün isə 27 dayaq məntəqəsi yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatının təsis edilməsi haqqında" sərəncamı əsasında Təhsil Nazirliyinin 2008-2009-cu tədris ilində keçirdiyi müsabiqədə Şəki Şəhər Liseyi və şəhər 5 saylı orta məktəb, 10 saylı orta məktəbin ingilis dili müəllimi Ədalət Musayeva və Şəhər 20 saylı orta məktəbin tarix müəllimi Rahim Həsənov iştirak etmişlər. Fürsətdən istifadə edib mən yarışmaya hər kəsi səsləyirəm, ona görə ki, ümumi işimizə qalibin nəticəsindən çox bu prosesin özü fayda gətirir. Bu prosesdə məktəb və müəllim yeni inkişaf və imkan müstəvisinə yüksəlməyə istiqamətlənir.
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın həyata keçirilməsinin səmərəliliyini artırmaq məqsədi ilə 670 nəfər müəllim və məktəb rəhbəri xüsusi treninqlərdən keçərək müvafiq bacarıqlara yiyələnmişlər. Bu istiqamətdə iş genişlənməkdədir. Təsadüfi deyildir ki, respublikada ilk dəfə olaraq keçirilən "Gənc kompyuter istedadları" müsabiqəsində 11 saylı şəhər orta məktəbinin şagirdləri Musa Lətifli üçüncü, Emil Qafarov dördüncü yeri tutmiuşlar.
Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət proqramı"ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün tədbirlər planı işlənib hazırlanmış, məktəblərimizdə "Kiçik Akademiya"lar, olimpiada mərkəzləri yaradılmışdır. Hər il olduğu kimi 2009-cu ildə də fənn olimpiadalarının rayon turu keçirilərək qaliblər respublika turuna göndərilmişlər. Respublika turunda iştirak edən 16 nəfər şagirddən 9 nəfəri müxtəlif fənlər üzrə mükafatçılar sırasına daxil olmuşlar. Respublika Təhsil Nazirliyi riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə aşkara çıxarılmış istedadlı şagirdlərin arasından ən istedadlılarını müəyyənləşdirmək məqsədilə 2009-cu ilin may ayında Bakıda alim və mütəxəssislərin iştirakı ilə təkrar seçim aparmışdır. 11 saylı şəhər orta məktəbin şagirdi Abduləli Hadızadə yenidən bu seçimdə iştirak etmiş, 100 ballıq sistem üzrə 84 bal toplayaraq respublika birincisi, 7 saylı şəhər orta məktəbin şagirdi Aygün İsmayılova isə biologiya fənni üzrə 56 balla ən yüksək nəticə göstərənlərdən olmuşdur.
Hər il olduğu kimi, 2009-cu ildə də 3 nəfər Şəki məktəblisi ABŞ Departamenti tərəfindən müəyyənləşdirilən orta məktəb şagirdləri üçün təşkil olunmuş FLEX (Gənc liderlər müsabiqəsi) proqramının qalibi olmuşdur. Şəhər 8 saylı orta məktəbin XI sinif şagirdləri Türkan Həsənova və Orxan Yaşarlı, şəhər 18 saylı orta məktəbin XI sinif şagirdi Mehman İsmayıllı cari tədris ilində bir il müddətində ABŞ-da pulsuz təhsil almaq hüququ qazanmışdır. "Uşaq ili"nə həsr olunmuş Azərbaycan Respublikası İnsan Hüquqları Müvəkkilinin təşkilatçılığı ilə keçirilən rəsm müsabiqəsində qalib yerləri Şəki məktəbliləri tutmuşdur.
Azərbaycan Respublikası Sərhəd Qoşunlarının yaradılmasının 91-ci və Dövlət sərhəd xidmətinin yaradılmasının 8-ci ildönümü ilə əlaqədar məktəblilər arasında sərhəd xidməti ilə əlaqədar təsviri sənət, foto sənəti və inşa müsabiqələri təşkil olunmuş, "Vətən sərhəddən başlanır" devizi altında keçirilən müsabiqənin şəhər turunun qalibi olmuş 3 inşa işi qiymətləndirmək üçün Sərhəd Qoşunlarının Respublika Qərərgahına göndərilmişdir. Şəhər 10 saylı orta məktəbin şagirdi Lalə Mikayılzadənin inşası II yerə layiq görülmüşdür. Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Şəki Avtomobil Məktəbində keçirilən "Mahir nişançı" devizi altında atıcılıq yarışında Şəkinin gənc atıcıları zonanın qalibi olmuşdur. Hər il məktəblilər arasında "Cəsurlar", "Vətənin müdafiəsinə hazıram", "Şahin" hərbi idman oyunları keçirilir. Şagirdlərin ali məktəblərə və liseylərə yönəldilməsi məqsədilə sistemli iş aparılır. Təsadüfi deyildir ki, 2009-cu ildə 14 nəfər ali hərbi məktəblərə, 16 nəfər C.Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş, Vətəni qorumağı özlərinə peşə seçmişlər.
Ali məktəblərə qəbulolunma faizinə görə ən yüksək nəticə göstərən bölgələr sırasında Şəki rayonu üçüncüdür. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Şəki rayonun abituriyentlərinin bir qayda olaraq qəbulolunma faizi yüksək olur. 2009-cu ildə abituriyentlərin sayı 1906, TQDK-nin həyata keçirdiyi imtahan əsasında qəbul olunanların sayı 537 nəfər olmuşdur. Qeyri-dövlət xətti ilə Rusiya, Ukrayna, Türkiyə ali məktəblərinə və onların xüsusi hazırlıq kurslarına 51 nəfər qəbul edilmişdir. Şəki məktəblilərinin ana dili, riyaziyyat, fizika, kimya, biologiya, tarix fənləri üzrə göstəriciləri respublika üzrə orta göstəricilərdən yuxarıdır. Ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş abituriyentlərin bölgələr üzrə sayı baxımından Şəki beşinci sırada qərarlaşmışdır. 500-700 intervalında bal toplayanların sayı 98 nəfər, 600-700 intervalında bal toplayanların sayı 22 nəfərdir. Respublika üzrə yaxşı məktəblərin sırasına bu il Şəki Şəhər fizika-riyaziyyat və humanitar təmayüllü Lisey, 5 saylı şəhər, 10 saylı şəhər, 14 saylı şəhər, 18 saylı şəhər, Baş Zəyzid kənd, Orta Zəyzid kənd 1 saylı, Kiş kənd 1 saylı və Turan qəsəbə orta məktəbləri daxil olubdur. Bütün bu göstəricilərin əldə edilməsində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimovun bizə kömək və diqqətinin də böyük rolu danılmazdır.
Bu gün uşaqlarımızın aldıqları təhsilin məzmunu XXI əsrdə insanın və cəmiyyətin qarşısına qoyulan tələblərə cavab verməlidir. Yəqin ki, bu fikir, məncə, heç kimin etirazına səbəb olmaz. Müasir dövrdə elə informasiya bolluğu yaranıbdır ki, şagirdlərə yalnız müəyyən həcmdə biliklərin çatdırılması cəhdləri əvvəlcədən uğursuzluğa məhkumdur. Bu gün təhsil müəssisəsi uşaqlara və gənclərə düşünməyi, zəruri informasiyanı müstəqil şəkildə əldə etməyi, informasiya bolluğu şəraitində düzgün istiqamət götürməyi, analitik düşünmə bacarığını aşılamalıdır. Bizcə, şəkili müəllimlər məhz belə düşünür, bütün bu amillər qəbul imtahanlarının məzmununda da öz tələblərini irəli sürməlidir və sürmüşdür!
Azərbaycan təhsilinin, o cümlədən onun alt sistemi kimi Şəkidə təhsilin davamlı inkişaf yolunda olması hər bir vicdanlı insanı sevindirir. Bu uğurun əsasında ölkəmizdə həyata keçirilən ümummilli liderimiz Heydər Əliyev ideyalarından qaynaqlanan və milli maraqlara söykənən Azərbaycan dövlətinin siyasəti dayanır. Bu müdrik siyasətin daşıyıcısına çevrilmək hər kəs üçün xoşbəxtlikdir.
Firədun İBRAHİMOV, Şəki Şəhər Təhsil Şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, Əməkdar müəllim{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.