İnsan kapitalının formalaşdırılması təhsilin ümdə vəzifəsidir

 

 

 

Dövlətimizin təhsilə xüsusi önəm verməsini, gənclərin biliklərə can atmasını fəxarətlə, qürur hissi ilə qeyd edirik.

Azərbaycanın müstəqillik illərində qazandığı misilsiz nailiyyətlər, bütün sahələrdə baş verən müsbət dəyişikliklər, iqtisadi islahatların dərinləşməsi, regionların potensialının hərəkətə gətirilməsi, cəmiyyətin idarə olunmasında demokratik dəyərlərin əsas tutulması, beynəlxalq aləmdə ölkənin nüfuzunun getdikcə artması Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsinin parlaq təzahürüdür.

Çətin və şərəfli yol keçən Azərbaycan təhsili bu gün yeniləşmə və  inkişaf dövrünü yaşayır. Təhsil sisteminin qarşısında kamil insan yetişdirmək, dövrün tələblərinə uyğun kadr hazırlamaq kimi məsul və şərəfli vəzifələr durur. Təhsilin keyfiyyətini yüksəltmək, onun dünyanın qabaqcıl təhsil sisteminə qovuşmasını sürətləndirmək məqsədilə ali təhsil müəssisələri Boloniya prosesinə qoşulmuşdur. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Nə təbii ehtiyatlar, nə coğrafi vəziyyət yox, məhz inntellektual potensial, məhz elmin səviyyəsi ölkənin tərəqqisini müəyyən edir, təmin edir və ölkəni inkişaf etmiş ölkələr sırasına çıxarır.”

Biliklərə əsaslanan informasiya cəmiyyətinin formalaşması təhsil, elm müəssisələri qarşısında yeni vəzifələr qoyur, yeni təlim və idarəetmə üsullarının tətbiqini zəruri edir. Dövlətimizin başçısı cənab İlham Əliyev neft kapitalının insan kapitalına çevrilməsini ümdə vəzifə kimi önə çəkərək ölkəmizdə milli intellektual potensialın gücləndirilməsi, elmin, təhsilin problemlərinin həlli istiqamətində kompleks tədbirlər həyata keçirir.

 Elmin vəzifəsi yeni biliklər əldə etməkdirsə, təhsilin məqsədi bilikləri cəmiyyətə çatdırmaqdır. Elm və təhsil vəhdət halında daim yeniləşir və inkişaf edir. Təhsilin və elmin inkişafı bir-biri ilə üzvi şəkildə bağlı olduğu kimi, ölkənin iqtisadi inkişafı da elmin və təhsilin inkişafını şərtləndirir.

 Elmin və təhsilin inkışafı ümumi inkişafımızla yanaşı, siyasi qərarların, dövlət proqramlarının elmi şəkildə əsaslandırılması, hazırlanması və həyata keçirilməsi üçün də çox vacibdir. Bu gün təhsil və elm müəssisələri həm məzmun, həm də formaca zamanın tələblərinə uyğun yenidən qurulur.

Təhsil infrastrukturunun yeniləşməsində, güclü insan kapitalının formalaşmasında Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri qeyd olunmalıdır. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri və internat məktəbləri” proqramları çərçivəsində həyata keçirdiyi layihələr Azərbaycan təhsilinə sanballı töhfələr vermişdir.

Görkəmli dövlət xadimi, akademik Ramiz Mehdiyevin ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan kitablarında, məqalə və çıxışlarında dövrün xarakterik xüsusiyyətləri, yeni dünyagörüş, dəyişən meyarlar, bütün sahələrdə elmin və intellektual amilin rolu öz dolğun əksini tapmışdır.

Universitet elmlə təhsilin qovuşduğu müqəddəs bir məkandır. Respublikamızın ən böyük sərvəti olan görkəmli alimlərin elm və təhsil məktəbləri, əsasən, universitetlərdə  cəmləşmişdir. Gənc nəsil sağlam düşüncəyə, vətənpərvərliyə məhz universitetdə yiyələnir.

Respublikada təhsil sahəsində aparılan islahatların nəticələrini Lənkəran Dövlət Universitetinin də timisalında aydın görmək olar. Lənkəran Dövlət Universiteti 22 il əvvəl 200 tələbə ilə fəaliyyətə başlamışdır.  O vaxt müəllimlərin əksəriyyəti Bakıdan dəvət olunurdu. Tədris prosesi dəvət olunanların qalma müddətinə uyğunlaşdırılırdı.

2005-ci ilə qədər universitetin sabit dərs cədvəli olmamış, tədris prosesi müasir tələblərə uyğun qurulmamışdır. Bəzi müəllimlərin Bakıdan vaxtında  gələ bilməmələri,  çarəsizlikdən orta məktəb müəllimlərinin tədris prosesinə cəlb olunması çoxlu çətinliklər yaratmışdır. Tələbələr təcrübəsiz müəllimlərin ümudinə qalmış, universitetdə tədris mühiti olmamışdır. Elmi tədqiqatlar əksər müəllimləri əhatə etməmiş, elmi hesabatlar formal xarakter daşımışdır.

Universitetin korpusları 1970-ci illərdən xeyli əvvəl tikilmiş, tədris üçün uyğunlaşdırılmış binalarda yerləşmişdir. Elmi kitabxana hədiyyə olunmuş kitablar hesabına formalaşmış, müasir tələbləri ödəmək səviyyəsində olmamışdır. İnformasiya texnologiyaları bazası, laboratoriyalar formal xarakter daşımışdır. Tədris prosesinin universitet tələblərinə uyğun qurulması, tədris mühitinin formalaşması və elmi tədqiqatların səviyyəsinin yüksəldilməsi üçün ciddi islahatlar aparılmış və müəyyən nəticələr qazanılmışdır. Hazırda universitetdə “Təbiyyat”, “Humanitar və pedaqoji elmlər”, “İqtisadiyyat və idarəetmə” ilə yanaşı, son zamanlar təşkil olunmuş “Əlavə təhsil” fakültəsi də fəaliyyət göstərir.

Universitetdə 1600 nəfər tələbənin təhsili ilə 75 müəllim məşğul olur. Təhsil ocağında 11 kafedra, 14 laboratoriya və mərkəz, Heydər Əliyev Muzeyi və İdarəçilik Məktəbi, qapalı və açıq idman zalları, stadion, tərcümə mərkəzi, elmi kitabxana, elektron kitabxana, qonaq evi, yataqxana, müasir elektron-təhsil şəbəkəsi fəaliyyət göstərir.

Son illər Lənkəran Dövlət Universitetinin maddi-texniki bazası gücləndirilmiş və müasirləşdirilmişdir. İnzibati bina, əsas tədris korpusu, elmi kitabxana, iclas zalları, qapalı idman zalı, tələbə yataqxanası tamamilə yenidən qurulmuş, idman meydançası tikilmiş, binalar əsaslı təmir edilmişdir. Ərazidə abadlıq, quruculuq işləri aparılmışdır. Korpuslar müasir inventar və avadanlıqlarla, qızdırıcı sistemlə təchiz olunmuşdur. Elektron kitabxana, məlumat mərkəzi, yataqxana yeni dərs ilində istifadəyə veriləcəkdir. 

Bir sıra mərkəzlər qazanılan qrantlar hesabına təşkil olunmuşdur. Müasir elektron təhsil şəbəkəsi NATO qrantı, tərcümə mərkəzi TEMPUS qrantı hesabına qurulmuşdur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi komputer laboratoriyasını universitetə hədiyyə etmişdir.

Kafedra və fakültələr yenidən formalaşdırılmış, tədris planları, tədris sənədləri, kargüzarlıq normaları qanunun tələbləri səviyyəsində qurulmuşdur. Universitet Avroasiya Universitetləri Assosiasiyası, Xəzəryanı Dövlətlərin Universitetləri Assosiasiyası və Qafqaz Universitetləri Birliyinin üzvüdür. Bu assosiasiyalar çərçivəsində və müstəqil şəkildə dünyanın 100-ə yaxın universiteti ilə tədris, elm, tələbə və müəllim mübadiləsi aparılır. Qazanılan qrantlar hesabına universitetin müəllimləri dəfələrlə Avropanın qabaqcıl universitetlərində qısa və uzun müddətli təcrübədə olmuşlar.

  Elmi işlərin təşkilində ciddi islahatlar aparılmışdır. Əvvəllər əgər 5-6 ildə bir nəfər dissertasiya müdafiə edirdisə, son 4-5 ildə hər il 5-6 nəfər elmi dərəcə alır. Universitet bu yolla özünü kadrlarla təmin edir. Bakıdan dəvət olunan müəlimlərin  sayı 65 faizdən 15-20 faizə enmişdir.

Tədris prosesinin keyfiyyətinin artırılmasına, neqativ halların aradan qaldırılmasına diqqət artırılmışdır. Tədris planlarının müasirləşdirilməsi ilə yanaşı dərslərə nəzarət, tədris materiallarının işlənməsi, onların kitabxanada kağız və elektron formada saxlanılması, açıq dərslərin kafedrada, fakültədə, rektorluqda, elmi şurada müzakirəsi, qabaqcıl müəllimlərin həvəsləndirilməsi, kredit sisteminin tam bərqərar olması üçün ardıcıl tədbirlər görülür.

Universitetdə ciddi intizamla yanaşı, tələbə və əməkdaşlara xüsusi qayğı göstərilir. Tələbələrə adlı təqaüdlər verilir, müəllim və tələbələrin yaradıcılığı həvəsləndirilir. İnformasiya texnologiyalarının tətbiqinə, xarici dillərin mənimsənilməsinə, vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. 

Universitetdə keyfiyyətə nəzarət və müəllimin özünüqiymətləndirmə sistemi fəaliyyət göstərir. Müəllimlərin tədris, elmi və metodik fəaliyyəti qiymətləndirilir və bu xüsusi vəsaitdən verilən ödəmələrdə nəzərə alınır.

İmtahanların düzgün təşkili, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi diqqət mərkəzindədir. İmtahan  sualları, ən azı, bir ay əvvəl universitetin saytında yerləşdirilir.

İmtahan sessiyası zamanı, xüsusilə imtahanlardan sonra tələbələrin yazılı cavabları seçmə yolu ilə təkrar yoxlanılır, qeyri-obyektivliyə yol vermiş müəllimlər cəzalandırılır. Nəticələr geniş təhlil olunur.

Son 6 ildə münaqişə komissiyasına və operativ qərargaha daxil olan müraciətlərdə tələbələrin qiymətinin azaldılması göstərilməmişdir. Ərizələrdə yalnız bir neçə əlavə balın güzəşt olunması xahiş olunur. Təəssüf ki,  bu sahədə aparılan işlər hələ də lazımi nəticə verməmişdir. Bu istiqamətdə səylər daha da artırılmalıdır.

2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə Lənkəran Regional Elm Mərkəzi açılmışdır. Mərkəzin fəaliyyəti universitetlə  əlaqəli şəkildə qurulmuşdur.

Artıq 8 ildir ki, universitetin üç seriyadan ibarət “Elmi xəbərlər”i və topluları nəşr olunur. Bu jurnal və toplular Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən müdafiəyə çıxarılan doktorluq dissertasiyalarının elmi nəticələrinin nəşri üçün tövsiyə olunmuşdur.

 Son 7 ildə universitetdə 6 beynəlxalq və 5 respublika səviyyəli konfrans keçirilmişdir. 2006-cı ildə ilk dəfə olaraq universitetdə Kanada, Rusiya, Türkiyə və Çinin nüfuzlu elm ocaqlarının iştirakı ilə beynəlxalq elmi video konfrans təşkil olunmuşdur. Konfransların işində tanınmış alimlər, respublikanın dövlət rəsmiləri, siyasətçilər iştirak etmişlər.

Əvvəlki illərlə müqayisədə universitetə tələbə qəbulu planı iki dəfə artırılmışdır. TQDK-nın keçirdiyi qəbul imtahanlarının nəticələrinə görə  birinci mərhələdə bütün yerlər  dolur. Universiteti bitirmiş bakalavrlar ölkənin nüfuzlu ali məktəblərinin magistraturasına yüksək balla qəbul olunurlar. Məzunların bir qismi dövlət qulluğunda çalışır. Universitet bu göstəriciyə görə respublikada öncül yerlərdən birini tutur. Təhsil Nazirliyinin vakant müəllim ştatlarını tutmaq üçün keçirdiyi müsabiqədə universitetin məzunları birinci yerdədirlər.

Universitetin tələbə gəncləri respublika gənclər hərakatının qabaqcıl dəstələrindən biridir. Onların arasında respublika yarışlarının, olimpiadaların qalibləri çoxdur.

Yeni dərs ilinin başlanması ilə əlqədar bəzi təkliflərimi də söyləmək istərdim. Təhsil sahəsində mövcud qanunvericiliyin və Əmək Məcəlləsinin xüsusi şəkildə tətbiqinə, qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac vardır.

Təhsil müəssisələrinin maddi-texniki bazası vahid proqram əsasında əlaqəli şəkildə gücləndirilməlidir. Qiymətləndirmə və monitorinq işinin bütün ali məktəblərin birgə səylərilə aparılması daha yaxşı nəticələr verəcəkdir.

Respublikamızda elm və təhsili keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün istedadlı gənclərin bu sahələrə cəlb olunması çox vacibdir. Bu gün gənclər daha çox əmək haqqının yüksək olduğu özəl qurumlara üstünlük verirlər. Müəllimlərin, elm sahəsində çalışanların əmək haqları əhəmiyyətli dərəcədə artırılmalıdır.

Dərslik və tədris ədəbiyyatının, texniki vasitələrin, elektron məlumat daşıyıcılarının istifadəsində dönüş yaradılmalıdır. Bu gün kitab bazarındakı qarışıqlıqdan baş açmaq çox çətindir. Elm və təhsil yolunda ilk addımlarını atan gənclər səhvlərlə  dolu, səthi və dayaz məzmunlu kitabların təsirindən çaşqın vəziyyətə düşür, bəzən yanlışlığa yol verirlər.

Ümummilli lider Heydər Əliyevin “Lənkəran Dövlət Universiteti təhsil və elm ocağı olmaqla, həm də bölgənin böyük mədəniyyət mərkəzidir” kəlamını daim uca tutan universitet kollektivi qarşıda duran vəzifələri yüksək işgüzarlıqla, böyük həvəslə həyata keçirmək üçün bütün səylərini səfərbər edəcək, Azərbaycan təhsilinin inkişafına öz layiqli töhfələrini verəcəkdir.

Asəf İSGƏNDƏROV,          
Lənkəran Dövlət Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor,
əməkdar elm xadimi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında