Müasir dünyada sürətlə inkişaf edən qloballaşma və regionallaşma prosesləri zəngin tarixi ilə dünya mədəniyyətinə böyük töhfələr vermiş Türk Cümhuriyyətlərini də hərtərəfli əhatə etmişdir.
XX əsrin son onilliyində sovet imperiyasının süqutu, dünyanın bloklara bölünməsinin aradan qaldırılması soyuq müharibəyə son qoydu, böyük bir coğrafi bölgədə geosiyasi vəziyyəti kökündən dəyişdirdi. Bəşəri tərəqqi üçün dünya təsərrüfatı sisteminin bütün həlqələri arasında qarşılıqlı faydalı hərtərəfli əlaqələrin daha da dərinləşməsi yolunda geniş imkanlar yarandı. Bu coğrafi məkanda Xəzər hövzəsinin zəngin neft yataqlarının mühüm bir hissəsinə nəzarət edən Orta Asiya və Qafqazın yeni müstəqil dövlətləri özünəməxsus yer tutur. Dünyanın neft xəzinəsi sayılan İran körfəzindən sonra öz əhəmiyyətinə görə ikinci yerdə duran bu regionda neft ehtiyatı 30 milyard ton, qaz ehtiyatı isə onlarla trilyon kubmetr təşkil edir. Mütəxəssislərin hesablamalarına görə, XXI əsrin ikinci yarısında orta illik neft hasilatı burada 100 milyon tona çata bilər. Uran və digər mühüm filiz növləri, qızıl ehtiyatı, habelə pambıq parça istehsalı imkanları nəzərə alındıqda regionun əhəmiyyəti daha da artır.
Türkdilli Cümhuriyyətləri arasında regional əməkdaşlığın inkişafında 2013-cü ilin avqust ayında keçirilən dövlət başçılarının zirvə görüşü mühüm bir layihənin həyata keçirilməsi üçün növbəti bir mərhələdir və Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qəbələdə baş tutmuş zirvə görüşündə iqtisadi əlaqələrin gücləndirilməsinə, nəqliyyat və gömrük münasibətlərinin inkişaf etdirilməsinə, üzv-dövlətlər arasındakı qarşılıqlı ticarət və investisiya axınlarının artırılmasına və birgə layihələrin həyata keçirilməsinə mühüm diqqət yetirildi.
Analitiklərin fikrinə görə, türkdilli dövlət başçılarının Qəbələ zirvəsində qəbul edilmiş qərarlara görə gələcəkdə ortaq dövlət qurumlarının yaradılması baş verə bilər. Bütün bunlar türk ölkələrinin vahid iqtisadi məkan, sonradan isə gələcəkdə vahid siyasi məkan yaradılmasını gündəliyə gətirmək üçün çox vacib cəhddir. Qətiyyətlə demək olar ki, Qəbələ sammiti türk dövlətlərinin təşkilatlanması yönündə atılmış növbəti bir addımdır. Burada mühüm olan məqam hazırda türk respublikalarının ortaq türk əlifbasının və ortaq türk ordusunun yaradılması ilə bağlı danışıqlardır. Analitiklərin fikrinə görə, Sammit həm də Azərbaycan dövlətinə verilən dəstək kimi qiymətləndirilməlidir: “Ortada qonşu ölkələri narahat edən layihə mövcuddur. Azərbaycan və Türkiyə arasında çevik hərbi qüvvələrin formalaşdırılması ilə bağlı müzakirələr var. Artıq Gürcüstan dövləti də bu layihəyə maraq göstərir. Bu məsələ Rusiya dövlətini və siyasi dairələrini də narahat etməyə başlayıb. Türkiyə bir NATO dövlətidir, əgər bu gün Türkiyə belə bir layihədə iştirak edirsə, deməli, bu NATO və ABŞ-ın razılığı ilə baş verir. Bu, Avroatlantik blokun öz müttəfiqlərini qorumaq üçün ortaya atdığı bir layihədir. Bu mənada, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası BMT Baş Assambleyasına “Daha yaxşı bağlantı və telekommunikasiya tranzit marşrutları üçün əməkdaşlığı inkişaf etdirmə” başlıqlı qətnamə layihəsi təqdim etmişdir. Layihə regional əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Trans-Avrasiya İnformasiya Super Magistralı (TASİM) haqda “67/194 saylı qətnamə”nin davamı olan bu layihə Avrasiya Bağlantı İttifaqının (ABİ) təsis olunmasını təklif edir. ABİ informasiya-kommunikasiya texnologiyaları istifadəsi sahəsində regional və beynəlxalq əməkdaşlığı asanlaşdırmaq məqsədi daşıyır.
Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, türkdilli dövlətlər arasında turizm sektorunda birgə əməkdaşlığın böyük perspektivi vardır. O göstərmişdir: “Bu, çox dəyərli məsələdir. Ölkələrimizdə və ya xaricdə türk dünyasının turizm potensialı ilə bağlı sərgi keçirilə bilər. Eləcə də beynəlxalq sərgilərdə birgə təqdimatla çıxış edə bilərlər. Bu, praktik nöqteyi-nəzərdən ölkələrimizə turizm axınını gücləndirmiş olar”.
Türkdilli dövlətlər arasında tranzit daşımalar sahəsində əməkdaşlığın da böyük perspektivi vardır. Azərbaycan artıq Xəzərin şərq sahilində yerləşən ölkələr üçün tranzit ölkə rolunu oynayır. Nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məqsədilə həm ikitərəfli, həm üçtərəfli formatda işlər həyata keçirilir”. Bu baxımdan Avropa və Asiyanı birləşdirən və 2014-cü ildə istifadəyə veriləcək Bakı-Tiflis-Qars dəmir yolu xətti böyük əhəmiyyətə malikdir. Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın hazırda Xəzərdə qurduğu dəniz limanı bölgənin ən böyük limanı olacaqdır: “Mərhələlərlə bu limanın yük qəbulu 10 milyon tondan 20 milyon tona çatacaq. Bu da Xəzər dənizi üzərindən ötürülən yüklərin həcmini artıracaqdır”.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Qəbələ görüşündə türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafının vacibliyini vurğulayaraq göstərmişdir: “Hazırda altı müstəqil türkdilli ölkə arasında ticarət dövriyyəsinin həcmi 1 trilyon 150 milyard dollar təşkil edir. Lakin bu rəqəm ölkələrimizin potensialını əks etdirmir. Biz iqtisadi münasibətlərimizi daha da gücləndirməli, ticarət dövriyyəsini artırmalıyıq”.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçıları türkdilli dövlətlər arasında ticarət və investisiyaların artımına böyük əhəmiyyət verirlər. Onlar özəl biznesi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının işçi qruplarında aktiv iştirak etməyə, Dünya Türk İş Şurasını öz üzvləri arasında iqtisadi əməkdaşlığı sadələşdirməyə çağırıb, o cümlədən dörd ölkənin ixraca və sərmayələrə cavabdeh olan strukturları arasında qarşılıqlı anlaşma haqqında memorandumun imzalanmasının əhəmiyyətli olduğunu vurğulamışlar. Dörd ölkə rəhbəri, o cümlədən iyulun üçündə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyinin nəqliyyat nazirlərinin görüşlərinin yekununa dair hesabatı və nəqliyyatın inkişafı barədə bəyannaməni və Aktau, Bakı və Samsun limanları arasında əməkdaşlıq haqqında qarşılıqlı anlaşma haqqında memorandumu dəstəkləyirlər. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri, habelə regionda daşımaların potensialını artırmaq üçün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iştirakçıları arasında mövcud olan nəqliyyat infrastrukturunun işlənmə effektivliyinin artırılması məqsədilə cavabdeh strukturların bu sahədə səylərinin artırılmasını vacib hesab edirlər. Həmçinin, əsas hissəsi Bakı-Tbilis-Qars dəmiryolu olan Qafqaz və Mərmərə dənizi vasitəsilə Mərkəzi Asiya və Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin böyük əhəmiyyəti, o cümlədən “Silk Wind” layihəsinin qısa, təhlükəsiz və iqtisadi cəhətdən səmərələli olduğu xüsusi qeyd edilmişdir. Dövlət başçıları habelə türkdilli ölkələr arasında gömrük əməkdaşlığının genişləndirilməsinə və gömrük strukturlarının rəhbərlərinin öz fəaliyyətlərini koordinasiya etmələrinə, gömrük üzrə işçi qrupunun yaradılmasına böyük əhəmiyyət verirlər. Onlar sərnişin və yükdaşımalarının sadələşdirilməsi və tranzit potensialının artırılması və idxal və ixrac prosedurlarının sadələşdirilməsi üçün mexanizmlərin yaradılması və inkişaf etdirilməsinə, müasir texnologiyalarla mübadilə sisteminin tətbiqinə böyük ehtiyac olduğunu xüsusi vurğulayıblar. Türkdilli diasporlar arasında əməkdaşlıq layihəsi haqqında təşəbbüslər də əhəmiyyətlidir. Türkdilli dövlətlərlə əməkdaşlığın genişlənməsi istiqamətində gedən proseslərdə fəal və səmərəli iştirak Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir.
“Bir millət, iki dövlət” idealının nümayəndələri olan Azərbaycan-Türkiyə əlaqələri türkdilli dövlətlərin iqtisadi əməkdaşlığının onurğa sütununu təşkil edir və regional əməkdaşlıgın genişlənməsi üçün mühüm əhəmiyyət kəsb edir. 13 noyabr 2013-cü ildə Ankarada keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasından sonra yeddi müqavilə və protokollar imzalanmışdır.
Baş nazir Rəcəb Tayyib Ərdoğan 13 noyabr 2013-cü ildə Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə qeyd etmişdir ki, hazırda iki ölkə arasında ticarətin həcmi 4,2 milyard dollara çatmışdır. Gələcəkdə bunun 15 milyard dollara çatdırılması nəzərdə tutulmuşdur. Səfər zamanı mühüm strateji obyektlər yenidən dəyərləndirilmiş və bu sahədə yeni layihələr haqqında da fikir mübadiləsi aparılmışdır.
İki ölkə arasında strateji əhəmiyyətə malik olan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur. Bunlardan biri müzakirə edilən TANAP layihəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, həmin layihənin həyata keçirilməsi Avropanın enerji xəritəsini tamamilə yenidən quracaqdır. Bu xəritədə Türkiyə və Azərbaycanın rolu xüsusi yer tutacaqdır. Çünki TANAP layihəsi dünya miqyasında enerji layihələri arasında ən böyüklərdən biridir. Bu məsuliyyəti, bu siyasi yükü, maliyyə yükünü Türkiyə və Azərbaycan öz üzərinə götürmüşdür. Biz burada da birgə səylərlə liderlik nümayiş etdirdik. Bizim liderliyimiz sayəsində bir çox ölkələr fayda götürəcək. Çünki bugünkü dünyada enerji siyasətini xarici siyasətdən ayırmaq mümkün deyildir. Biz bütün işləri birgə qururuq, birgə müzakirə edirik. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının mahiyyəti və üstünlüyü ondan ibarətdir ki, bu toplantılar əsnasında bir çox məsələlər öz həllini tapır. Bu tarixi layihə ilin sonuna qədər başa çatdırılacaq və 2014-cü ilin əvvəlində təməlinin qoyulması nəzərdə tutulur. Bakı-Tbilisi-Ceyhan layihəsi və “Şahdəniz” layihəsi Azərbaycan-Türkiyə və ümumiyyətlə Türkdilli dövlətlərin iqtisadi əməkdaşlığının aparıcı istiqamətidir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi uğurla həyata keçirilir, regional əməkdaşlığı yeni yüksək mərhələyə çatdıracaqdır. Bunlar “Marmaray” layihəsi ilə birləşəcəkdir. “Marmaray” layihəsi ilə birləşdikdən sonra da Bakı-Tbilisi-Qars dəmir yolu xəttini əhatə edəcək şəkildə Pekindən Londona qədər dəmir yolu şəbəkəsi olacaqdır. Eyni zamanda, İğdırdan Naxçıvana təbii qaz kəmərinin çəkilməsi ilə əlaqədar görüləcək işlər də planlaşdırılır. Hətta İğdır ilə Naxçıvan arasında dəmir yolu şəbəkəsinin yaradılması ilə bağlı məsələ də müzakirə edilir.
Türkiyə və Azərbaycan dövlətləri Trans-Anadolu və “Cənub” dəhlizi layihələrinin həyata keçirilməsi məsələsində də ciddi mövqe nümayiş etdirir. “Marmaray” layihəsi ilə birgə Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi Qərbi Avropadan çıxan bir qatarın birbaşa Xəzər sahillərinə, oradan isə Aktau və Türkmənbaşı limanlarından Pekinə çatmasını da mümkün edəcəkdir. Bu da, təbii ki, qlobal və regional əməkdaşlıq proseslərinə böyük fayda verəcəkdir.
Azərbaycanda fəaliyyət göstərən türk iş adamlarından indiyə qədər alınan vergi rüsumları 1270 dollar idi. Ankarada qəbul edilən qərara əsasən, həmin məbləğ 50 dollara endirildi. Elm adamları, tələbələr və iş adamları üçün Azərbaycan güzəştli viza rejimi tətbiq edəcəkdir. Dövlət başçıları, siyasət və elm adamları Türkiyə və Azərbaycan arasında qarşılıqlı sərmayə qoyuluşu prosesinə yüksək qiymət verirlər.
Azərbaycan Prezidenti İlham Əliyev Ankaradakı görüşlərində xüsusi vurğulamışdır: “Azərbaycanın xaricə qoyulan və qoyulacaq ən böyük sərmayələri Türkiyəyə qoyulacaq sərmayələrdir. Türkiyədən Azərbaycana qoyulan sərmayələr bizim iqtisadi inkişafımızı sürətləndirir. Bu sərmayələr qarşılıqlı etimad, inam, dostluq, qardaşlıq üzərində qoyulan sərmayələrdir. Mən deyəndə ki, bizim münasibətlərimizin təməlində qardaşlıq dayanır, bax, həyata keçirilən layihələr bunu təsdiqləyir. Qardaşlıq, dostluq əbədidir, əbədi olacaqdır. XXI əsr ı dünyasının əsri olacaqdır. Türkiyə və Azərbaycan bu istiqamətdə liderlik rolunu öz üzərinə götürüb və əminəm ki, biz birgə səylərlə gələcəkdə də böyük uğurlara imza atacağıq.”
Dünyamalı VƏLİYEV, iqtisad üzrə elmlər doktoru, AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri,
Sulduz Məhərrəmov, Şərqşünaslıq İnstitutunun doktorantı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.