Dünən Azərbaycan Dövlət Neft Akademiyasında akademik Azad Xəlil oğlu Mirzəcanzadənin 85 illik yubileyinə həsr olunmuş tələbələrin 62-ci elmi-texniki konfransı öz işinə başladı. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin akademiyadakı büstünün önünə gül dəstələri qoydular, Azad Mirzəcanzadənin həyat və fəaliyyətini əks etdirən məlumat guşəsi ilə tanış oldular.
Konfransı giriş sözü ilə açan rektor Siyavuş Qarayev akademik Azad Mirzəcanzadənin elmi fəaliyyəti haqqında danışdı və bildirdi ki, tələbələrin 62-ci elmi-texniki konfransı respublikamızın həyatında baş verən bir sıra mühüm hadisələrlə əlamətdardır. Bir ay öncə Azərbaycanda prezident seçkiləri keçirilib, tam demokratik və şəffaf şəkildə keçirilən bu seçkilərdə İlham Əliyev xalqımızın, o cümlədən, gənclərin böyük etimadını qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Rektor ADNA-nın bütün kollektivi adından cənab Prezidenti təbrik etdi, ona çoxşaxəli fəaliyyətində uğurlar arzuladı.
Siyavuş Qarayev qeyd etdi ki, Azərbaycan son illərdə özünün inkişaf modeli sayəsində böyük uğurlar qazanıb. Eyni zamanda, ümumbəşəri dəyərlərə hörmətlə yanaşan ölkəmiz beynəlxalq miqyaslı tədbirlər keçirməklə də dünyada böyük nüfuz qazanmaqdadır. Belə tədbirlərdən sonuncusu 31 oktyabr-1 noyabrda keçirilmiş 3-cü Bakı Beynəlxalq Humanitar Forumudur. Forumda dünyanın 70 ölkəsindən 800-ə qədər qonaq, o cümlədən, 8 eks-prezident və 15 Nobel mükafatı laureatı iştirak edib. 2013-cü ilin kimya elmləri sahəsində Nobel mükafatçısı, Cənubi Kaliforniya Universitetinin professoru Ariye Varşel ADNA-nın fəxri qonağı olub. “Bu il Neft Akademiyasının məzunu, görkəmli alim, pedaqoq, ictimai xadim, akademik Azad Mirzəcanzadənin anadan olmasının 85 ili tamam olur. Builki konfrans da məhz görkəmli akademikin yubileyinə həsr olunub. Onun məktəbinin tədqiqatları bir çox monoqrafiyalarda ümumiləşdirilib və “reotexnologiya” adlanan yeni elmi istiqamətə çevrilib. Bu istiqamətdə aparılan elmi tədqiqatlar bir sıra xarici ölkələrin mükafatlarına layiq görülüb”,– deyə rektor bildirdi.
Onun sözlərinə görə, Azad Mirzəcanzadənin çoxsaylı elmi nəticələri və çıxışları həm neftin çıxarılması texnologiyasını, həm də neft-qaz yataqlarının işlənməsinin taktika və strategiyasını seçmək üçün qərar qəbuletmədə yeni istiqamətlər yaratmağa imkan verib. Bunlar ABŞ, Böyük Britaniya, Rusiya, Vyetnam və digər ölkələrin dəniz yataqlarının mənimsənilməsi təcrübəsində geniş tətbiq olunub. Akademik Mirzəcanzadə gənc və perspektivli mütəxəssislərin tapılıb üzə çıxarılmasına böyük diqqət yetirib. Onun səyi və bilavasitə iştirakı ilə daim seminarlar, tələbələrlə, orta məktəb, litsey və gimnaziya şagirdləri ilə görüşlər keçirilib və elmin müasir problemləri müzakirə olunub. Bu isə ADNA-nı yüksək elm, istehsalat və idarəçilik ilə əlaqədar qurumlarda ləyaqətlə təmsil edən elmi-pedaqoji və rəhbər kadrların hazırlanmasına imkan yaradıb. Ona görə də ADNA kollektivi və qədirbilən xalqımız müasir dövrün böyük alimi, akademik Mirzəcanzadənin əziz xatirəsini həmişə əziz tutur. Akademik Siyavuş Qarayev əlavə etdi ki, Prezident İlham Əliyevin fərmanı ilə 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunub. Bu münasibətlə ADNA-da da İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi, əksər kafedralarda kompyuter sinifləri yaradılıb və bütün kafedralar multimediya qurğuları və yüksək sürətli internet xətləri ilə təchiz edilib. Bugünkü konfransın proqramına da informasiya-kommunikasiya texnologiyalarına həsr olunmuş elmi işlər daxil edilib. 62-ci elmi-texniki konfransın keçirilməsində əsas məqsəd də bakalavriat və magistratura səviyyəsində elmi yaradıcılıqla məşğul olan gənclərin tədqiqat işlərinin nəticələrini müzakirə etmək, onların arasında informasiya mübadiləsini təşkil etmək və elmi-texniki yaradıcılığa olan maraqlarını stimullaşdırmaqdan ibarətdir. Aktual mövzular ətrafında maraqlı məruzələrlə çıxış edən tələbələr sonda mükafatlandırılacaq. Noyabrın 19-dək davam edəcək konfrans çərçivəsində 476 məruzənin dinlənilməsi planlaşdırılır.
Sonra Milli Elmlər Akademiyasının müxbir üzvü, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyev, Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Alçın Şirinzadə, ADNA-nın fakültə dekanları və tələbələr çıxış edərək Azad Mirzəcanzadənin elmi fəaliyyəti haqqında fikirlərini bölüşdülər və tələbələrin elmi-texniki konfransına uğurlar arzuladılar.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.