Bakıda MDB ölkələri gənc şərqşünaslarının II qurultayı keçirilmişdir

 

 

 

 

Noyabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) MDB ölkələri gənc şərqşünaslarının “Şərq cəmiyyətləri: ənənə və müasirlik” mövzusunda II qurultayı işə başlamışdır.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, AMEA-nın Şərqşünaslıq İnstitutu və Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Gənc Alimlər Şurasının birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən qurultaya 10 ölkədən 70-ə yaxın gənc tədqiqatçı alim qatılmışdır.

Qurultayın işinə uğurlar arzulayan AMEA-nın prezidenti Akif Əlizadə Azərbaycan şərqşünaslığının dünya şərqşünaslıq elminə verdiyi dəyərli töhfələrdən söz açmışdır.

Şərqşünaslığın Azərbaycanda qədim tarixə və zəngin ənənələrə malik olduğunu söyləyən akademik bildirmişdir ki, tədbirə görkəmli  alimlərimiz Aida İmanquliyeva, Ziya Bünyadov, Rüstəm Əliyev, Həmid Araslı, Vasim Məmmədəliyev, Əbdülkərim Əlizadə və başqalarının tələbələri, yetirmələri qatılmışlar. Tədbir çərçivəsində keçiriləcək 4 bölmə iclasında Azərbaycan şərqşünaslıq elminin inkişaf mərhələlərindən geniş söz açılacaqdır.

AMEA-nın prezidenti demişdir ki, qurultayda gənc alimlərlə yanaşı, MDB-dən 15 tanınmış alim də iştirak edir.

Azərbaycan şərqşünaslarının Rusiya şərqşünaslıq məktəbinin formalaşması və inkişafındakı roluna toxunan A.Əlizadə demişdir ki, bu əlaqələrin qurulmasında görkəmli alimlərimiz Mirzə Kazım bəy və Mirzə Cəfər Topçubaşovun böyük xidmətləri olmuşdur. Əminəm ki, bu tədbir gənc alimlər arasındakı yaradıcılıq əlaqələrinə öz dəyərli töhfəsini verəcəkdir.

Qurultayda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov demişdir ki, Cənubi Qafqaz təkcə Azərbaycanı, Gürcüstanı və Ermənistanı özündə birləşdirmir, o həm də Avropa ilə Asiya arasında körpü rolu oynayır. Azərbaycanın iştirakı olmadan bu bölgədə heç bir iqtisadi və siyasi layihə həyata keçirilmir. Bu gün Azərbaycan Cənubi Qafqazın və dünyanın iqtisadi cəhətdən lider dövlətlərindən biri olmaqla yanaşı, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir.

E.Aslanov vurğulamışdır ki, Azərbaycanda etnik, milli və dini zəmində heç bir problem yoxdur, əksinə burada uzun illərdən bəri tolerant bir mühit hökm sürür. Bu gün Azərbaycan müxtəlif dinlərdən və xalqlardan olan insanların tolerant şəkildə yaşayıb, fəaliyyət göstərdiyi bir məkandır. Burada həm yəhudilər, həm xristianlar, həm müsəlman dinindən olan insanlar mehriban və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu bizim ən böyük sərvətimiz və uğurumuzdur.

Prezident Administrasiyasının şöbə müdiri demişdir ki, Azərbaycan bu gün bütün aparıcı beynəlxalq və regional təşkilatların üzvüdür. Azərbaycan BMT-nin, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının tam, bərabərhüquqlu üzvüdür, həmçinin Avropa İttifaqı, Avropa Parlamenti, NATO ilə əməkdaşlıq edir, müxtəlif qurumların parlament assambleyalarında təmsil olunur.

Elnur Aslanov çıxışında Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin mövcud durumuna da toxunmuşdur. O demişdir: “İşğalçı Ermənistanın təcavüzkar siyasəti nəticəsində 20 ildən artıqdır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonu işğal altındadır. Qarabağ Azərbaycanın tarixi ərazisidir. Bütün dünya da, beynəlxalq təşkilatlar da Dağlıq Qarabağı Azərbaycanın tarixi ərazisi kimi tanıyır, münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həllinin tərəfdarıdır. Münaqişənin tənzimlənməsi istiqamətində müxtəlif beynəlxalq təşkilatların, o cümlədən, BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi vardır. Ancaq çox təəssüflər olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi və hələ də davam edən ikili standartlar nəticəsində Qarabağ münaqişəsi öz həllini tapmamışdır”.

Natiq Ermənistanın hazırda çox ağır və ciddi siyasi-iqtisadi böhranla üzləşdiyini də tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Məhz işğalçılıq və qeyri-konstruktiv siyasət üzündən Ermənistan bu gün Cənubi Qafqazda təcrid olunmuş vəziyyətdədir. Ermənistan Cənubi Qafqazda həyata keçirilən heç bir siyasi və iqtisadi layihədə iştirak etmir. Bunun da səbəbi Ermənistanın işğalçılıq siyasətini və qeyri-konstruktiv mövqeyini davam etdirməsidir. Azərbaycan Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe və rassional yanaşma gözləyir.

MDB ölkələrinin gənc şərqşünaslarının “Şərq cəmiyyətləri: ənənə və müasirlik” mövzusunda II qurultayının işinə uğurlar arzulayan Elnur Aslanov demişdir ki, gənc alimlərin görüşləri nəinki regionda, eləcə də dünyada növbəti uğurlu elmi layihələrin həyata keçirilməsinə təkan verəcəkdir.

Azərbaycanın öz qüvvəsinə arxalanan bir dövlət olduğunu söyləyən SAM-ın direktoru Fərhad Məmmədov demişdir ki, biz qonşularımız üçün heç bir təhlükə törətmirik və hər zaman əməkdaşlığa hazırıq.

Təmsil etdiyi təşkilatın işindən danışan F.Məmmədov bildirmişdir ki, SAM artıq 6 ildir fəaliyyətdədir və bu dövrdə hansı istiqamətlərin dünya ekspertləri üçün maraqlı olduğunu müəyyənləşdirmişdir. Azərbaycan geosiyasi mövqeyinə görə həm Avropada, həm də Asiyada baş verən proseslərin tərkib hissəsindədir, həmçinin türk dünyasında baş verən proseslərin bir parçasıdır.

Rəhbərlik etdiyi quruma Azərbaycanda gedən prosesləri araşdırmaq istəyən yüzlərlə ekspertin müraciət etdiyini söyləyən SAM-ın rəhbəri demişdir ki, biz artıq bir çox ölkələrlə işgüzar və yaxşı dostluq əlaqələri qurmuşuq.

F.Məmmədov qeyd etmişdir ki, Azərbaycan artıq 200 ildir Rusiya ilə yaxın əlaqədədir və 1000 ildən artıqdır İran məkanı ilə bağlantıdadır. Bütün bunlara nəqliyyat, energetika və münaqişələr kimi mövzuları da əlavə etsək, Azərbaycanın ekspertlər üçün niyə bu qədər maraqlı olduğunu anlayarıq. Ölkəmizin region dövlətləri ilə qarşılıqlı faydalı əlaqələrə mühüm önəm verdiyini söyləyən F.Məmmədov, şərqşünaslıq sahəsində də əməkdaşlıq layihələrini nəzərdən keçirməyə hazır olduqlarını vurğulamışdır.

Bakıda olmasından məmnunluğunu ifadə edən Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktor müavini Elqena Molodyakova qurultayın böyük tarixi əhəmiyyət daşıdığını söyləmişdir.

Rusiyalı alim demişdir ki, Azərbaycan ta qədimdən qonaqpərvərliyi, yüksək elmi və mədəni inkişafı ilə seçilmişdir. Sevindirici haldır ki, bu ənənələr bu gün də davam edir. Son illər Azərbaycanda bir-birindən maraqlı beynəlxalq səviyyəli görüşlər, forumlar və konfranslar keçirilmişdir ki, bu da xalqlar arasında dostluq və mehribanlıq əlaqələrinin inkişafına təkan verməkdədir.

Elqena Molodyakova demişdir: “1926-cı ildə bu gözəl Bakıda birinci Türkoloji Qurultay keçirilmişdir. O vaxtdan Azərbaycan şərqşünaslığın və türkologiyanın problemlərinin müzakirə olunduğu araşdırmalar mərkəzinə çevrilmişdir”.

Rusiya EA Şərqşünaslıq İnstitutunun direktor müavini təmsil etdiyi institutun fəaliyyətindən danışaraq, Şərq ölkələrinin elmi mərkəzləri ilə əməkdaşlıqlarından söz açmış və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə də saziş bağlamağın vaxtının çatdığını qeyd etmişdir. Rusiya Şərqşünaslıq İnstitutunun 2018-ci ildə 200 illiyinin keçiriləcəyini diqqətə çatdıran E.Molodyakova, gənc şərqşünasları bu əlamətdar tarixə həsr olunmuş tədbir keçirməyə çağırmışdır.

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva Şərqin müasir hadisələrdə rolunun artdığını qeyd edərək, İsrail-ərəb münaqişəsinin, İraqda, Liviyada, Misirdə, Yəməndə, Suriyada cərəyan edən hadisələrin bütün dünyanın diqqətinin Şərqə cəmlənməsinə səbəb olduğunu bildirmişdir. Bu münaqişələrin tezliklə həll olunmayacağını və Şərqin onilliklərlə bütün dünya ictimaiyyətinin diqqət mərkəzində duracağını söyləyən G.Baxşəliyeva, bunun da Qərbdə Şərq tədqiqatlarının artmasına səbəb olacağını demişdir. Postsovet məkanında şərqşünaslıq elminin əlyazmaların və mədəni abidələrin tədqiqindən başlandığını deyən natiq sonradan müasir şərqşünaslığın əsasən Şərqin iqtisadiyyatına, siyasi hadisələrə, dini cərəyanlara yönəldiyini bildirmişdir. Təcrübəli şərqşünas alimlərin estafeti istedadlı gənc şərqşünaslara vermək imkanının olmasından məmnunluğunu bildirən G.Baxşəliyeva qurultayın da bu elmin inkişafına təkan verəcəyini söyləmişdir.

Professor Gövhər Baxşəliyeva demişdir ki, MDB ölkələrinin gənc şərqşünaslarının “Şərq cəmiyyətləri: ənənə və müasirlik” mövzusunda birinci qurultayı ötən il Moskvada keçirilmişdir. O, zaman növbəti qurultayın Bakıda keçirilməsi qərara alınmışdır.

Qurultay çox böyük əhəmiyyətə malikdir, ona görə ki, bu tədbir Azərbaycan şərqşünaslarının bütün potensiyalının əyani şəkildə üzə çıxmasına təkan verəcəkdir.

İnstitutun direktoru G.Baxşəliyeva vurğulamışdır ki, tədbirdə müasir şərqşünaslıq elminin ən aktual problemləri müzakirə olunacaqdır.

Beynəlxalq Türk Akademiyasının prezidenti Şakir İbayev qurultayda çıxış edərək rəhbəri olduğu elm ocağının fəaliyyətindən söz açmışdır. Demişdir ki, ötən müddət ərzində Beynəlxalq Türk Akademiyası tərəfindən 40-dək elmi kitab çap olunmuş və onların müxtəlif ölkələrdə, eləcə də Azərbaycanda təqdimatları keçirilmişdir.

Qurultayın işinə uğurlar arzulayan qonaq Beynəlxalq Türk Akademiyası tərəfindən müxtəlif dillərdə çap olunmuş “Türkdilli dünya” və “Türk tərbiyəsi” kitablarını Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinə təqdim etmişdir.

Azərbaycan şərqşünaslıq məktəbinin böyük ənənələrindən söz aşan AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, professor Rafael Hüseynov demişdir ki, bu məktəbin yetirmələri hər zaman dünya elminə öz töhfəsini vermişlər.

Alim bu günlərdə başa çatmış üçüncü Bakı Beynəlxalq Humanitar Forumun əhəmiyyətini bir daha qonaqların diqqətinə çatdırmışdır.

Sonra tədbir plenar iclasla davam etdirilmişdir. İclasda  SAM-ın direktoru Fərhad Məmmədov, Moskva Dövlət Universiteti Asiya və Afrika ölkələri İnstitutunun prezidenti Mixail Meyer, Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Şərq Əlyazmaları İnstitutunun direktoru İrina Popova və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən və dinləniləcək məruzələrin aktuallığından söz açmışlar.

Qurultay işini günün ikinci yarısında “Tarixi araşdırmalar”, “Tarixşünaslıq və mənbəşünaslıq” və “Filologiya” mövzularında bölmə iclasları ilə davam etdirmişdir.

Qurultayın ikinci iş gününün birinci yarısında “Tarixi araşdırmalar”, “Filologiya”, “Fəlsəfə, dinşünaslıq, kulturologiya” bölmələrində “Azərbaycan Xalq Cümhuriyyətinin İrandakı səfiri Adil xan Ziyadxanlının siyasi və diplomatik fəaliyyəti haqqında”, “XX əsrin ictimai xadimi Əmir ər-Reyhaninin əsərlərində sosial-siyasi mövzuların işıqlandırılması”, “Xəqani divanında oyun adları”, “Hindistandan müasir tayfa incəsənətinin funksional transformasiyası: rituallardan Avropanın muzeylərinə doğru” və s. mövzularda gənc alimlərin məruzələri dinlənilmişdir. Ümumilikdə bölmələrdə 30-dək məruzə dinlənilmiş, ciddi fikir mübadiləsi aparılmışdır.

Qurultay çərçivəsində təşkil edilmiş “Azərbaycan şərqşünaslığının dünya şərqşünaslıq elminə töhfəsi” mövzusunda “dəyirmi masa”da şərqşünaslarımızın dünya elminə verdiyi əvəzsiz töhfələrdən söz açılmışdır.

Tədbirdə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva, AMEA-nın Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Şərqşünaslıq İnstitutunun şöbə müdiri, professor Vilayət Cəfərov, SAM-ın eksperti Məsiağa Məhəmmədi çıxış edərək Azərbaycan şərqşünaslığının nailiyyətlərindən danışmış, akademik Ziya Bünyadov, professor Aida İmanquliyeva, professor Rüstəm Əliyev kimi görkəmli şərqşünasların elmi fəaliyyətindən söz açmışlar.  

Vurğulanmışdır ki, Ziya Bünyadov adi bir tarixçi, adi bir tarix tədqiqatçısı deyildi. Onun orta əsrlər üzrə apardığı dərin, eyni zamanda orijinal elmi araşdırmaları, ərsəyə gətirdiyi sanballı tədqiqat əsərləri Azərbaycanda tarixşünaslıq elmini daha da zənginləşdirmiş, onu inkişaf etdirərək keyfiyyətcə yeni səviyyəyə qaldırmışdır.

Bildirilmişdir ki, Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı və ilk azərbaycanlı ərəbşünas qadın, elmlər doktoru Aida İmanquliyeva özündən sonra çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə, yeni bir yol açmışdır.

Aida xanım İmanquliyevanın elmi fəaliyyətinin əhatə dairəsi geniş və çoxşaxəli idi. Onun elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcılıq üslubunun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunmuşdur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatının gələcəkdə araşdırılması üçün çox mühüm zəmin yaradır.

Xüsusi qeyd edilmişdir ki, bu gün Vətənimizin müstəqillik yolu ilə inamla irəlilədiyi və dünyanın bütün dövlətləri, o cümlədən də ərəb Şərqi ilə geniş əlaqələr yaratdığı bir vaxtda, bu ölkələrin həyatının hər bir sahəsi ilə daha yaxından tanış olmaq ehtiyacı duyulur və bu ehtiyacı aradan qaldırmaqda Aida xanım İmanquliyevanın elmi əsərlərinin özünəməxsus yeri və əhəmiyyəti vardır.

Natiqlər professor Rüstəm Əliyevin zəngin elmi yaradıcılığından danışmış, onun mənalı ömür yolunun gənc tədqiqatçılar üçün layiqli örnək olduğunu bildirmişlər.

Qurultay işini “Sovet Şərqinin plakatları, 1918-1940" mövzusunda təqdimatla davam etdirmişdir.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə “Cənubi Qafqaz” Elmi-Tədqiqat Mərkəzi (Rusiya) və Türk Akademiyası (Qazaxıstan) arasında əməkdaşlığa dair çərçivə sazişi imzalanmışdır.

Qurultayın sonunda bölmə rəhbərlərinin hesabatları dinlənilmiş və ən yaxşı məruzəçilər mükafatlandırılmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında