Noyabrın 7-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, hüquq elmləri doktoru, professor Fərhad Abdullayevin “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri” kitabının təqdimat mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov kitabın Dövlət Bayrağı və Konstitusiya günləri ərəfəsində çap olunmasının böyük tarixi əhəmiyyət daşıdığını söyləmişdir.
Bildirilmişdir ki, Konstitusiya Məhkəməsinin yaranmasının 15 illiyi münasibətilə oxuculara təqdim olunan bu kitab, hüquqşünasların öz peşə fəaliyyətlərini icra edərkən nəzəri məsələlərlə yanaşı, məhkəmə təcrübəsindən də səmərəli şəkildə istifadə etmək imkanının təmin edilməsi məqsədini daşıyır. Kitabda həm elmi-nəzəri məsələlərə dair məlumatlar verilmiş, həm də mövcud hüquq qaydalarının tətbiqini özündə əks etdirən Konstitusiya Məhkəməsinin qərar və qərardadlarında öz əksini tapmış hüquqi mövqelər sistemləşdirilərək təqdim edilmişdir.
Akademik Abel Məhərrəmov demişdir ki, kitabın hüquq tətbiqedici orqanlar üçün əhəmiyyəti nəzərə alınaraq, nəşrdə mülki, cinayət və inzibati-prosessual qanunvericiliyə dair hüquqi mövqelər ayrıca başlıq altında verilmişdir və hər bir istiqamətdə Konstitusiya Məhkəməsinin mühüm prinsipləri əks olunmuşdur.
Rektor diqqətə çatdırmışdır ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri” kitabı hakimlər, prokurorlar, vəkillər və bütün hüquq ictimaiyyəti üçün faydalı olmaqla yanaşı, tədqiqatçılar və hüquq sahəsində təhsil alan tələbələr üçün də maraqlı mənbədir.
Belə bir sanballı kitabın ərsəyə gəlməsi münasibətilə həmkarlarını, hüquq ictimaiyyətini təbrik edən Milli Məclis sədrinin birinci müavini, BDU-nun Konstitusiya hüququ kafedrasının müdiri, professor Ziyafət Əsgərov əsərdə göstərilən məsələlərin, eyni zamanda, bütün vətəndaşlara aid olduğunu diqqətə çatdırmışdır.
Z.Əsgərov bildirmişdir ki, kitabda Konstitusiya Məhkəməsi təsis olunduğu gündən indiyədək baxdığı işlər, o cümlədən, mülkiyyət, cinayət, prosessual qanunvericiliyi ilə bağlı, inzibati-prosessual hüququ ilə bağlı işlər öz əksini tapmışdır.
Vurğulamışdır ki, Konstitusiya Məhkəməsi kifayət qədər zəngin təcrübəyə malik bir orqandır. Kitabda təcrübi məsələlərlə yanaşı nəzəri məsələlər, o cümlədən Azərbaycanda Konstitusiya nəzarətinin formaları, növləri, bütövlükdə dünya hüquq sistemləri, hüquq institutunun təşəkkül tapması və tarixən formalaşması prosesi öz əksini tapmışdır.
Azərbaycanda Konstitusiya nəzarətinin roman-german hüquq sistemi ilə əlaqədar olduğunu deyən professor kitabın nəzəri və təcrübi, həmçinin hüquq fakültəsinin tələbələri üçün böyük əhəmiyyəti olduğunu vurğulamışdır. Kitabdan istifadə edənlər üçün asan olsun deyə burada qərarların hamısının mənbəyi də göstərilmişdir.
Tədbirdə BDU-nin kafedra müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, kitabın elmi redaktoru Məsumə Məlikova, Milli Aviasiya Akademiyasının Hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev və BDU-nun hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyev çıxış edərək kitabın müasir hüquq elminin hərtərəfli mənimsənilməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulamışlar.
Bildirilmişdir ki, Konstitusiya Məhkəməsi hüququn, xüsusilə də insan hüquqlarına dair normaların beynəlxalq təcrübəsinə böyük diqqət yetirilməklə, öz qərarlarında beynəlxalq hüququn müddəalarına, xüsusilə də Avropa Məhkəməsinin presedent hüququna davamlı istinadlar edir. Bu istinadlar məhkəmənin mövqeyinin zənginləşdirilməsinə və düzgün əsaslandırılmasına xidmət etməklə yanaşı, daha keyfiyyətli qərarlar qəbul edilməsinə səbəb olur. Ona görə də konkret hüquq münasibətləri ilə bağlı Konstitusiya Məhkəməsinin qərarlarında istifadə olunmuş Avropa Məhkəməsi qərarlarının milli hüquqa tətbiqi, habelə bütün oxucular üçün faydalı və maraqlı olacağı nəzərə alınaraq həmin qərarlar əks olunmuşdur. Bunu bir növ müxtəlif hüquq sahələrinin sintezində yazılmış bir tədqiqat əsəri hesab etmək olar.
Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, hüquq elmləri doktoru, professor Fərhad Abdullayev bildirmişdir ki, iki dövlət əhəmiyyətli bayram ərəfəsində təşkil edilmiş bu mərasim gördüyümüz işə verilən yüksək qiymətdir. Bu tədbir bizim işimizə və gələcək fəaliyyətimizə böyük təsir göstərəcəkdir. Biz bu istiqamətdə işlərimizi bundan sonra da davam etdirməyə çalışacağıq.
Fərhad Abdullayev demişdir ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsi olmaqla yanaşı, ümummilli liderimizin Azərbaycan dövlətçiliyi qarşısında əvəzsiz xidmətlərindən biridir.
F.Adullayev Azərbaycan Konstitusiyasının dövlət və hüquq sistemimizə gətirdiyi mühüm yeniliklərdən, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunmasında görülən işlərdən, əldə edilən uğurlardan danışmışdır. Bildirilmişdir ki, 15 il əvvəl - 1998-ci il iyulun 14-də Azərbaycanın dövlətçilik tarixində ilk dəfə olaraq Konstitusiya nəzarəti orqanı fəaliyyətə başlamışdır. Konstitusiya nəzarəti ideyası Konstitusiyanın aliliyinin və birbaşa qüvvəsinin təmin edilməsinin mühüm mexanizmlərindən biri kimi formalaşmış, müasir dövrdə isə demokratik dəyərlərin hakim olduğu hüquqi dövlətin ayrılmaz atributlarından birinə çevrilmişdir.
Kitabın ərsəyə gəlməsi 15 il müddətində Konstitusiya Məhkəməsinin topladığı təcrübə və hüququn müxtəlif sahələrində praktiki əhəmiyyəti olan, yəni bilavasitə Konstitusiya Məhkəməsi tərəfindən baxılan və bu orqanın münasibət bildirdiyi hüquqi mövqelərlə bağlıdır. Biz çalışdıq ki, Konstitusiya Məhkəməsinin 15 illik yubileyi münasibətilə belə bir kitab hazırlayaq və güman edirik ki, onun praktik işçilər, həm də alimlərimiz, tələbələrimiz üçün əhəmiyyəti olacaqdır.
Tədbirə yekun vuran Abel Məhərrəmov “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri” kitabının müəllifinə yeni yaradıcılıq uğurları arzulamışdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.