Ölkəmizin inkişafı tarixinin son on illik dövrü iqtisadiyyatın davamlı, sürətli inkişafı və çiçəklənməsi kimi xarakterizə olunur. Bu, qısa zaman kəsiyində bütün sahələrdə əldə olunan nailiyyətlərin, dövlət səviyyəsində atılan cəsarətli addımların, uğurlu daxili və xarici siyasətin nəticəsidir. Dövlət başçısının siyasi iradəsi, gələcək perspektivlərə və reallığa əsaslanan uğurlu siyasəti, vaxtında və düzgün qərarlar qəbul etməsi bütün uğurlarımızın təməl prinsipləri olmuşdur. Bu tədbirlər kompleksində milli-mənəvi dəyərlərimizin mühafizəsi və təbliği istiqamətində görülən işlər mühüm əhəmiyyət kəsb edir. Azərbaycan xalqının əsrlər boyu yaratdığı mənəvi sərvətlərin varislik prinsipi əsasında gələcək nəsillərə çatdırılması konsepsiyasının reallaşdırılması təqdirəlayiqdir və xalqımız tərəfindən rəğbətlə qarşılanır.
Xüsusilə, ötən on ildə bu istiqamətdə çox səmərəli layihələr reallaşdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gəldiyi ilk vaxtlardan bu məsələyə xüsusi önəm verdi. Cənab Prezidentin 12 aprel 2004-cü il tarixli “Azərbaycan dilində latin qrafikasi ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqinda” sərəncamı 70 illik sovet dönəmində yaradılan və kiril əlifbası ilə dərc olunan mənəvi dəyərlərimizin müstəqillik dövründə latın qrafikalı əlifba əsasında təhsil almış gənclərimizə çatdırılması kimi mühüm və vacib bir vəzifənin tarixdə görünməmiş böyük uğurla həllinə yönəlmiş cəsarətli bir addım idi. Dünya miqyasında analoqu olmayan bu qərar möhtəşəm bir hümanitar aksiya səviyyəsinə qaldırılaraq böyük uğurla həyata keçirilməyə başlandı. Qısa bir zamanda sovet ideologiya maşınının 70 il ərzində formalaşdırdığı milli mənəvi dəyərlərimizin vacib hissəsi hesab olunan klassik və müasir Azərbaycan və dünya yazıçı və şairlərinin əsərlərindən, lüğətlər və ensiklopediyalardan, elmi-kütləvi ədəbiyyatdan ibarət kitab kolleksiyaları latın qrafikalı əlifba ilə nəşr olunaraq xalqın ixtiyarına verildi.
Bu aksiyanın müvəffəqiyyətlə həyata keçirilməsi XX əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə aparılan diletant dövlət siyasətinin vurduğu yaraların sağaldılması yolunda ulu öndərimiz Heydər Əliyevin başladığı məqsədyönlü siyasətin məharətlə davam etdirilməsinə dəlalət edirdi. Mədəniyyət sahəsində köklü dəyişikliklərin, demək olar ki, başlanğıc nöqtəsi idi. Bu tədbirlərin yekunu yaramaz siyasət nəticəsində kitabdan, bilikdən, mənəviyyatdan uzaq düşən gənclərimizin biliyə, savada, mənəvi dəyərlərimizə qovuşmasına daim çalışan və “Kitab, kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir” deyən xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarının təntənəsi demək idi. Ulu öndər 2003-cü ilin avqustunda kiril əlifbasından istifadə olunmasına dövlət səviyyəsində son qoyulması barədə sərəncam vermişdi. Dövlət başçımız İlham Əliyev isə bu sərəncamın əhəmiyyətini daha da artırdı.
Bu sərəncamın icrası ilə əlaqədar Milli Kitabxananın da üzərinə ciddi vəzifələr qoyulmuşdu. Həmin ədəbiyyatın hər birindən 100 nüsxə Milli Kitabxanaya verilirdi və bizə onların xarici ölkələrin milli kitabxanalarına, beynəlxalq kitab sərgi-yarmarkalarına göndərilməsi və milli elektron kitabxanasının yaradılması tapşırılmışdı. Dövlət başçısının sərəncamının icrası məqsədilə son 10 il ərzində Milli Kitabxanamız on minlərlə ədəbiyyatı xarici ölkələrin milli kitabxanalarına, yüzlərlə beynəlxalq kitab sərgilərinə göndərmişdir və bu iş bu gün də uğurla davam etdirilir. Eyni zamanda, cənab Prezidentin sərəncamı ilə dərc olunan kitabların elektron kitabxanasını yaradaraq kitabxana “www.anl.az” saytı vasitəsilə respublika ərazisində və bütün dünyada təbliğ edir.
Milli mənəvi dəyərlərimizə böyük önəm verən və kitabxana işinə diqqət və qayğısı ilə seçilən hörmətli Prezidentimiz İlham Əliyevin bu istiqamətdə ən uğurlu addımlardan biri də 2008-ci ilin oktyabrında imzaladığı “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq olunması barədə sərəncamı olmuşdur. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və digər əlaqədar nazirliklər tərəfindən böyük uğurla icra olunan bu Dölət proqramı Azərbaycanda kitabxana işinin inkişafında tamamilə yeni bir mərhələ təşkil etmişdir və bu çərçivədə həyata keçirilən tədbirlər ölkəmizdə yeni kitabxana erasının başlanğıcını qoymuşdur.
Həmin Dövlət Proqramının böyük bir bölməsi Azərbaycan Milli Kitabxanasına həsr olunmuşdur və burada Milli Kitabxananın binasında əsaslı yenidənqurma işlərinin aparılmasından başlamış onun maddi-texniki bazasının möhkəmləndirilməsinədək, informasiya-kommunikasiya texnologiyalarının kitabxananın təcrübəsinə tətbiqindən başlamış bütün kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılmasınadək, kitab fondlarının zənginləşdirilməsi və oxuculara xidmət proseslərinin təkmilləşdirilməsi işlərinin görülməsi və nəhayət yeni texnologiyaların tətbiqi sayəsində milli kitabxanamızın dünyanın ən modern kitabxanaları səviyyəsinə qaldırılması nəzərdə tutulmuşdur. Bütün bu tədbirlər kompleksinin uğurla həyata keçirilməsi sayəsində bu gün Azərbaycan Milli Kitabxanası dünyanın ən aparıcı milli kitabxanaları səviyyəsinə qalxmışdır.
Dövlət başçımızın neft gəlirlərinin insan kapitalının inkişafına yönəldilmiş məqsədyönlü maliyyə siyasəti nəticəsində Milli Kitabxanada əsaslı yenidənqurma işləri aparılmış, son nailiyyətlərə əsaslanmış texnologiyaların tətbiqinə əsaslanaraq oxuculara xidmət işinin bütün prosesləri avtomatlaşdırılmış, zəngin kitab fondlarının elektron daşıyıcılara-kompyuter yaddaşına köçürülməsi işləri müvəffəqiyyətlə davam etdirilir. Bu gün Milli Kitabxanaya gələn hər bir oxucu tək şəxsiyyət vəsiqəsini təqdim etməklə elektron oxucu bileti alır və kitabxanaya daxil olaraq elektron kataloqda axtarış apararaq istədiyi ədəbiyyatı bir düyməni sıxmaqla birbaşa sifariş verir. Kitabxananın bütün zallarında wi-fi sistemi vasitəsilə bütöv internet məkanı yaradılmışdır. Bütün bunlar Azərbaycan dövlətinin və onun başçısı hörmətli Prezidentimiz İlham Əliyev cənablarının mədəniyyətimizə, mənəvi dəyərlərimizə, kitaba və kitabxanaya və ən nəhayət milli mənəvi sərvətlərimizin saxlanc yeri olan Milli Kitabxanamıza diqqət və qayğısının parlaq nəticəsidir. Qeyd etməliyəm ki, bu proqramın reallaşması bilavasitə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ilə həyata keçirilmiş və nazirimiz Əbülfəs Qarayevın daim nəzarətində olmuşdur.
2004-cü ildə məhz hörmətli Prezidentimizin şəxsi göstərişi ilə bizim kitabxanaya “Milli Kitabxana” statusunun verilməsi də diqqətiçəkən hal hesab olunmalıdır. Ulu öndərimiz Heydər Əliyevin “Kitaba, kitabxanaya daim hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir” kimi çox qiymətli və mənalı fikrinə əsaslanaraq onun ideyalarını böyük uğurla həyata keçirən layiqli davamçı missiyasını boynuna götürmüş əsl ziyalı bir şəxsiyyət Milli Kitabxanamıza öz layiqli qiymətini vermiş oldu. Bununla xalqımızın şanlı keçmişini və bugününü özündə yaşadan və gələcək nəsillərə ərmağan edən tarixi məxəzləri mühafizə edən və yaşadan Milli Kitabxananın işçilərinin əmək haqqları bir neçə dəfə artmış oldu və qiymətli kitab fondları xalqımızın milli sərvəti elan olunaraq onların dövlət tərəfindən qorunması qanunvericiliklə təsbit olundu. Azərbaycan kitabiyyatının və milli mətbuatımızın arxiv fondunun yaradılması kimi mühüm bir missiya Milli Kitabxananın üzərinə qoyuldu. Kitabxanada iş proseslərinin avtomatlaşdırılması və informasiya texnologiyalarının kitabxana işinə tətbiqinə də bu ildən başlanmışdır. Məhz bu ildən başlayaraq Milli Kitabxananın büdcəsi də bir neçə dəfə artırılmışdır. Bütün bunlar Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin kitaba, kitabxanaya, mənəvi dəyərlərə olan münasibətin nəticəsi idi.
2008-ci ildə Milli Kitabxananın 85 illik yubileyinin dövlət səviyyəsində təntənəli şəkildə keçirilməsi də möhtərəm Prezidentimiz İlham Əliyevin diqqəti sayəsində mümkün olmuşdur. O zaman hörmətli Prezidentimizin Milli Kitabxanamızın 85 illik yubileyində iştirak edən Avrasiya Kitabxanalar Assambleyasının üzvlərinə, kitabxananın kollektivinə və yubiley iştirakçılarına təbrik məktubu ünvanlaması və kitabxananın bir qrup əməkdaşlarına yüksək dövlət mükafatlarının - “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi və onların “Tərəqqi” medalı ilə təltif olunması barədə sərəncamlar imzalaması kollektivin və bütün kitabxana ictimaiyyətinin böyük sevincinə səbəb olmuşdu. Bu yüksək etimaddan ruhlanan kitabxananın kollektivi böyük əzmlə fəaliyyət göstərməyə başlamış və yeni-yeni uğurlar qazanmışlar. Həmin ildən başlayaraq, Milli Kitabxana respublika miqyaslı möhtəşəm tədbirlərin – kitab bayramlarının və sərgilərinin, yeni kitabların təqdimat mərasimlərinin, beynəlxalq miqyaslı elmi konfransların böyük uğurla keçirildiyi məkana çevrilmişdir. Son illərdə kitabxananın nəşriyyat fəaliyyəti də genişlənmişdir:
Ölkəmizin Prezidenti İlham Əliyevin Milli Kitabxanaya verdiyi ən böyük dəyər bu ilin iyun ayında onun “Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında” xüsusi sərəncam imzalaması olmuşdur. Bu sərəncamda “Azərbaycan Milli Kitabxanası cəmiyyətin intellektual-mənəvi potensialının artırılmasında əvəzsiz rol oynamış, elm və mədəniyyət xadimlərinin bir neçə nəslinin formalaşmasına öz töhfəsini vermişdir” - sözləri ölkə rəhbərinin kitabxanamıza verdiyi qiymət kimi dəyərləndirilməlidir. Cənab Prezidentimiz bu şanlı yubileyin dövlət səviyyəsində keçirilməsinə rəvac vermişdir. Sərəncamda yubiley təntənələrinin dövlət səviyyəsində təşkili, yubiley çərçivəsində dünyanın 70-dən artıq ölkəsinin milli kitabxanasının rəhbərlərinin iştirakı ilə beynəlxalq tədbirlərin keçirilməsini təmin etməyi müvafiq icra hakimiyyəti orqanlarına tapşırılmışdır.
Məhz bu tapşırığın icrası olaraq bir sıra yubiley tədbirlərinin, Avropanın 44 ölkəsinin milli kitabxana direktorlarının iştirakı ilə Avropa Milli Kitabxanaları Konfransı (CENL) beynəlxalq təşkilatının 27-ci konfransının, Avrasiya Kitabxanalar Assambleyasının (BAE) 15-ci illik görüşünün və III Beynəlxalq kitab sərgi-yarmarkasının da Bakıda keçirilməsi mümkün olmuşdur. Avropa Milli Kitabxanaları Konfransı beynəlxalq təşkilatının prezidentinin və vitse- prezidentlərinin, Avrasiya Kitabxanalar Assambleyasının vitse-prezidentinin cənab Prezident tərəfindən qəbul olunması xüsusilə hamı tərəfindən rəğbətlə qarşılanmışdır və cənab Prezidentimizin bu görüşdə kitab, mütaliə, kitabxana və bütövlükdə mənəvi dəyərlərimiz haqqında söylədiyi dəyərli fikirlər qonaqlarımızın heyrətinə səbəb olmuş və onlar, Bakıda həyata keçirilən böyük quruculuq işləri, Milli Kitabxananın binasının və orada görülən işlərin möhtəşəmliyi barədə cənab Prezidentimizə dəyərli fikirlərini söyləmişlər. III Beynəlxalq kitab sərgisinin açılış mərasimində iştirak edən qonaqları Azərbaycan xalqının kitaba, mütaliəyə böyük marağı xüsusilə heyrətləndirmişdir.
Yubiley günündə respublikamızın Prezidenti İlham Əliyevin Azərbaycan Milli Kitabxanasının əməkdaşlarının təltif olunması barədə iki sərəncam imzalaması kollektivimizin böyük sevincinə səbəb oldu. Həmin sərəncamlarla kollektivin 14 nəfər üzvünə fəxri adlar, orden və medallar verilmişdir.
Avropa Milli Kitabxanaları Konfransının və Avrasiya Kitabxanalar Assambleyasının prezidentləri Akademik Opera və Balet Teatrında keçirilən yubiley tədbirində Milli Kitabxanaya Dövlət başçısı tərəfindən bu dərəcədə yüksək önəmin verilməsini xüsusi vurğulamışlar və öz təcrübələrində görünməmiş hadisə hesab etmişlər.
Sonda kollektivimizin üzvlərinin və bütövlükdə fədakar kitabxanaçılar ordumuzun əməyinə verdiyi yüksək dəyərə görə hörmətli Prezidentimizə kitabxanamızın bütün işçiləri adından təşəkkürümüzü bildirir və dövlət başçısını növbəti prezident seçkilərində qazandığı möhtəşəm və inamlı qələbə münasibətilə təbrik edir, ona Azərbaycan xalqının səadəti və ölkəmizin çiçəklənməsi naminə daha böyük uğurlar, yeni-yeni nailiyyətlər arzulayıram!
Kərim TAHİROV,
Azərbaycan Milli Kitabxanasının direktoru, əməkdar mədəniyyət işçisi, dosent
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.