Təhsil Nazirliyində “Gələcək nəsillərlə üz-üzə” ümumrespublika inşa müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunmuşdur

 

 

 

Noyabrın 4-də Təhsil Nazirliyində “Gələcək nəsillərlə üz-üzə” ümumrespublika inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.

Təhsil, Rabitə və İnformasiya Texnologiyaları, Gənclər və İdman nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Minilliyin Layihəsinin Azərbaycan Bölməsi - Azərbaycan Futuroloqlar Cəmiyyətinin birgə layihəsi olan və orta məktəblərin IX-XI sinif şagirdlərini, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrini əhatə edən “Gələcək nəsillərlə üz-üzə” inşa müsabiqəsi ölkəmizdə 2007-ci ildən həyata keçirilir.

Müvafiq qurumların nümayəndələrinin, Milli Məclis deputatlarının, müəllimlərin, tələbə və şagirdlərin iştirak etdikləri mərasimdə təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin gənclərin inkişafına daim böyük önəm verdiyini vurğulamışdır.

Müsabiqənin əhəmiyyətindən danışan nazir qlobal çağırışların dəyərləndirilməsinin və gənc nəsil arasında öyrənilməsinin vacibliyini söyləmişdir.

Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova bildirmişdir ki, dünyada gələcəyin araşdırmaları ilə məşğul olan tanınmış təşkilatlar arasında Minilliyin Layihəsi özünəməxsus yer tutur və qlobal uzunmüddətli strategiyaların erkən xəbərdarlıq və təhlili üçün gələcəyin tədqiqatları ilə məşğul olur.

R.Hüseynova hazırda dünyada Minilliyin Layihəsinin 46 bölməsinin olduğunu xatırlatmışdır.   

Eyni zamanda qeyd olunmuşdur ki, “Gələcək nəsillərlə üz-üzə” inşa müsabiqəsinə təqdim edilən yazılar müvafiq 15 qlobal çağırışa uyğun 15 mövzunu əhatə etmişdir.

İnşa müsabiqəsinin əsas məqsədlərindən biri şagirdlərin və tələbələrin bu gün bəşəriyyəti narahat edən qlobal problemlərə olan baxışlarını, onların həmin problemlərin həlli üçün irəli sürdükləri təklif və fikirləri aşkara çıxarmaq olmuşdur.   

İnşa yazılarının mütəxəssislər tərəfindən qiymətləndirilməsi nəticəsində 890 namizəd arasından 15 nominasiya (qlobal çağırış) üzrə I, II və III yerlərə layiq görülmüş 51 nəfər finala çıxmışdır. Onlardan 18-i tələbə, 33 nəfəri isə şagirddir.

Azərbaycanın bütün coğrafiyasını əhatə edən bu müsabiqənin finalçıları sırasında Bakı, Sumqayıt, Gəncə, İsmayıllı, Kürdəmir, Qax, Mingəçevir, Yardımlı, Xızı və Hacıqabuldan olan məktəblilərlə yanaşı, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Tibb Universiteti, Sumqayıt Dövlət Universitetinin tələbələri də təmsil olunmuşlar.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, gənclər və idman naziri Azad Rəhimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ulu öndər Heydər Əliyevin gənclərə daim xüsusi diqqət və qayğı göstərdiyini xatırlatmış, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışlar. 

Müsabiqə qaliblərini təbrik edən natiqlər onlara yeni nailiyyətlər arzulamışlar. 

Minilliyin Layihəsinin Meksika Bölməsinin sədri xanım Konsepsion Olavarrieta və Minilliyin Layihəsinin Tədqiqat Mərkəzinin direktoru Elizabet Floresku müsabiqə barədə fikirlərini diqqətə çatdırmış, onun yüksək səviyyədə təşkil olunduğunu söyləmişlər.

Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim olunmuşdur.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında