Neft Akademiyasında Nobel mükafatı laureatı ilə görüş keçirildi

 

31 oktyabr - 1 noyabrda Azərbaycan paytaxtında 70-dən çox ölkədən rəsmi şəxslərin, tanınmış siyasət, elm və mədəniyyət xadimlərinin, Nobel mükafatı laureatlarının iştirakı ilə III Bakı Beynəlxalq Humanitar Forumu keçirildi.

Tədbir iştirakçıları qloballaşan dünyanın reallıqları nəzərə alınmaqla XXI əsrin perspektivləri və çağırışlarını, aktual humanitar problemləri, multikulturalizm məsələlərini müzakirə etdilər. Tədbiri giriş sözü ilə açan Prezident İlham Əliyev toplaşanlara multikulturalizmin alternativi olmayan, ən münasib inkişaf variantı olduğunu, əks halın təcrid və durğunluğa gətirəcəyini bəyan etdi.

Forum çərçivəsində ADNA rektoru, akademik Siyavuş Qarayevlə kimya üzrə 2013-cü ilin Nobel mükafatı laureatı, Cənubi Kaliforniya Universitetinin professoru Arye Varşel arasında səmimi dostluq münasibətləri qurulub. Noyabrın 2-də Azərbaycan Dövlət Neft Akademiyasında professor Arye Varşellə görüş keçirilib. Hörmətli qonağı səmimiyyətlə qarşılayan rektor ona Neft Akademiyasının tarixi, strukturu və nailiyyətləri barədə məlumat verdi. Qonaq təhsil ocağında aparılan elmi-tədqiqat işlərinə, xarici ölkələr üçün mütəxəssis hazırlığına, neft şirkətləri ilə mövcud əlaqələrə böyük maraq göstərdi.

Professor Arye Varşelin professor-müəllim heyəti və tələbələrlə görüşündə çıxış edən rektor Siyavuş Qarayev Nobel mükafatı laureatının tərcümeyi-halı haqqında ətraflı məlumat verdi. Onun sözlərinə görə, Arye Varşel 1940-cı ildə Fələstin mandatı altında olan Sde-Naxumki yaşayış məntəqəsində anadan olub. Əvvəlcə orduda xidmət edib, 1962-ci ildə Hayfadakı Texnion Universitetinə daxil olub. Sonrakı taleyini elmə bağlayan alim İsrailin Veysman İnstitutunda kimyəvi fizika üzrə magistr dərəcəsi və fəlsəfə doktoru elmi dərəcəsi aldıqdan sonra ABŞ-dakı Harvard Universitetində, Cənubi Kaliforniya Universitetində çalışıb. 1984-cü ildən bu universitetin professorudur.

Bioloji molekulların struktur funksiyalarının korrelyasiyasına tətbiqən hesablama metodları, bioloji proseslərin molekulyar modelləşdirilməsi, zülalların mikroskopik elektrostatik modellərinin yaradılması, zülallardakı sərbəst enerjinin həyəcanlandırılması və digər metodlar professor Varşelin əsas tədqiqat obyektləridir. Bu il ona Nobel mükafatı verilib. Bu mükafat Arye Varşelə kimyəvi və bioloji sistemlərin molekulyar modelləşdirilməsinin müasir metodlarının əsasını yaratdığı üçün təqdim olunub. Bu metodlar sayəsində canlı hüceyrələr də daxil olmaqla, ən müxtəlif proseslərin gedişini yüksək dəqiqliklə təsvir etmək mümkün olub.

Azərbaycana səfəri və Bakı Humanitar Forumunun nəticələri ilə bağlı təəssüratlarını bölüşən amerikalı alim Bakının onu valeh etdiyini, Azərbaycanın bir çox ölkələr üçün etibarlı tərəfdaş olduğunu xüsusi vurğuladı. Görüşdən sonra Arye Varşel ADNA-nın tarix muzeyindəki ekspozisiyalarla tanış oldu, Fəxri qonaqlar kitabında qeydlərini etdi.

 

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında