Təhsil siyasəti: sabaha qoyulan kapital

 

 

 

Milli təhsilimizin inkişafında yeni mərhələ başlanmışdır. Cənab Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixdə imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi bu yeni mərhələnin əsas stimulverici amilidir. Bu sənədin priambulasında deyilir: “ Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir”.

Bu strategiyanın qəbul olunması üçün son illər ölkəmizdə təhsilə göstərilən dövlət qayğısi münbit şərait yaratmışdır. Ulu öndər Heydər Əlyevin müəllifi olduğu Təhsil İslahatının ötən on ildə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davamlı olaraq həyata keçirilməsi nəticəsində təhsilin normativ-hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində geniş tədbirlər həyata keçirilmişdir. Həmin məqsədlə müxtəlif şəhər və rayonlarda 2500-ə yaxın məktəb binası tikilmiş və mövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri uğurla aparılmışdır. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənmişdir.

Son on ildə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ardıcıl tədbirlər həyata keçirilib, nəticədə mühüm irəliləyişlərə, modernləşməyə, çağdaş dünyanın tələblərinə uyğun standartlara, bir sözlə, olduqca böyük uğurlara nail olunub. Ölkəmizdə son 10 il ərzində Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında aparılmış islahatlar, görülmüş tədbirlər, qazanılmış nəticələr bundan sonrakı illər üçün də dərin nikbinlik yaradır. Gəlin, təhsilin ayrı-ayrı istiqamətləri üzrə qazanılmış uğurları nəzərdən keçirək. Təhsil xərcləri 6 dəfə artırıldı. 2003-cü ilin statistik göstəricilərinə əsasən, dövlət büdcəsindən təhsilə ayrılan xərclər təxminən 243 milyon manat səviyyəsində idi. 2013-cü ildə bu rəqəm 1,5 milyard manata yüksəlmişdir. İnvestisiya xərcləri isə 2004-cü ildəki 5 milyondan 2012-ci ildə 420,9 milyon manata çatmışdır.

Bu dövr ərzində qəbul olunmuş dövlət proqramlarında təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi əsas istiqamətlərdən idi. Məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi 11 fevral 2004-cü il tarixli Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramında əksini tapdı. Eyni zamanda, “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı (2005-2009-cu illər)” bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etmiş oldu. Bölgələrin sosial-iqtisadi inkişafı sahəsində tədbirlərin davam etdirilməsini nəzərdə tutan “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə inkişafı Dövlət Proqramı”nda da bir sıra sahələrlə yanaşı, təhsil infrastrukturunun müasirləşdirilməsi məsələsinə xüsusi yer ayrıldı. Ölkə üzrə məktəb infrastrukturunun müasirləşdirilməsi nəticəsində 1 milyon şagirdin (bütün şagirdlərin 80 faizi) təlim şəraiti yaxşılaşdırılmışdır.

Neft kapitalını insan kapitalına çevirməyi strateji hədəf kimi qarşıya qoyan Prezident İlham Əliyev qısa zamanda Azərbaycanın Avropa ali təhsil məkanına inteqrasiyasını təhsil siyasətinin prioritetlərindən birinə çevirdi. Azərbaycan 2005-ci ildə rəsmən “Avropa ali təhsil məkanına”- Boloniya prosesinə qoşuldu. Boloniya Bəyannaməsinə qoşulmaqla ölkəmizdə 1993-cü ildən həyata keçirilən ikipilləli ali təhsil sisteminin inkişaf etdirilməsi, bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq ali təhsil istiqamətlərinin yeni siyahısının hazırlanması, istiqamətlər üzrə dövlət təhsil standartlarının hazırlanması istiqamətində mühüm işlər görülmüşdür. İlham Əliyevin ötən 10 illik prezidentlik müddətində ölkəmizin Boloniya prosesinə qoşulması ilə əlaqədar əvvəlcə (2006-2007-ci tədris ili) 10, daha sonra (2007-2010-cu illər) isə 27 dövlət ali məktəbində bütün ixtisaslar üzrə kredit sisteminin (AKTS) tətbiqinə başlanılıb. Ölkə başçısı İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” 31 yanvar 2008-ci il tarixli sərəncam imzalanmış, 22 may 2009-cu il tarixində “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” təsdiq edilib.

Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən 10 iyul 2009-cu il tarixində fəaliyyət planı qəbul edilmiş, həmçinin, mövcud normativ-hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə onlarla yeni əsasnamə, qərarlar, təlimatlar və digər sənədlər qəbul edilib.

Məktəbli uşaqların dərsliklərlə tam təmin edilməsi problemi artıq həll olunmuşdur. Prezident İlham Əliyev bu problemin aradan qaldırılmasını “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”na daxil etdi. Proqramın qəbulundan sonra 2003-2005-ci illər ərzində ümumtəhsil məktəblərinin I-XI sinif şagirdlərinin dərsliklərlə pulsuz təminatı yerinə yetirildi. 2005-2006-cı tədris ilində ümumtəhsil məktəblərinin I-XI sinif şagirdlərinin dövlət vəsaiti hesabına dərsliklərlə təminatı uğurla başa çatdırılmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra postsovet məkanında orta məktəb şagirdlərinin dövlət vəsaiti hesabına dərsliklərlə təminatını reallaşdıran yeganə ölkə oldu. Dərsliklərin dövlət hesabına nəşri üçün hər il milyonlarla manat sərf olunur.

 Təhsil Nazirliyi tərəfindən hazırlanan “Ümumtəhsil məktəblərinin dərsliklə təminatı Proqramı (2006-2015-ci illər)” çərçivəsində hər il dərsliklər yeni tədris proqramlarına uyğun yenilənir və çap olunaraq məktəblərə pulsuz paylanır. 2003-2013-cu illərdə Azərbaycan və rus dillərində ümumilikdə 40 milyona yaxın dərslik çap edilərək məktəblilərin istifadəsinə verilmişdir. Gürcüstanın təlimi Azərbaycan dilində olan məktəbləri I-XI sinif dərslikləri və dərs ləvazimatı ilə pulsuz təmin edilmişdir. Dağıstanın Azərbaycan məktəblərinə, səfirliklər vasitəsi ilə Amerika, Hollandiya, Macarıstan, İngiltərə, Kanada, Rusiya, Ukrayna, Belarus, Almaniya və Orta Asiya Respublikalarında fəaliyyət göstərən “Bazar günü” məktəblərinə də hər il dərslik və dərs vəsaitləri göndərilir.

 Elektron təhsilə doğru atılan addımlar da təqdirəlayiqdir. Prezident İlham Əliyev təhsilin inkişafının əsas istiqamətlərini müəyyən edərkən informasiya və kommunikasiya texnologiyalarının ümumtəhsil məktəblərində tətbiqini ön plana çəkmişdi. 2005-ci ildən etibarən təhsil sistemində bilavasitə keyfiyyətin yüksəldilməsinə xidmət edən informasiya-kommunikasiya texnologiyaları (İKT) tətbiq edilməyə başlanıldı. Məhz bu dövrdə Azərbaycanın bütün ümumtəhsil məktəbləri kompyuterləşdirildi, ilk dəfə olaraq elektron tədris resursları təcrübəyə gətirilərək təlim prosesində və idarəetmədə İKT geniş tətbiq olunmağa başlanıldı. Bu dövr ərzində təhsilin informasiyalaşdırılması sahəsində 2005-2007 və 2008-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı təsdiq edilmiş, onların həyata keçirilməsi nəticəsində ölkənin ümumtəhsil məktəblərində hər 20 şagirdə bir kompyuter nisbəti təmin olunmuşdur, halbuki 2004-cü ildə hər 1063 şagirdə bir kompyuter düşürdü.

 2003-cü ildən bu vaxta qədər ümumtəhsil məktəblərində işləyən 112 mindən çox müəllim informasiya və kommunikasiya texnologiyalarına dair xüsusi təlimlərdən keçmişdir ki, bu da bütün pedaqoji kadrların 69 faizini təşkil edir. 1700 məktəb genişzolaqlı sürətli internetlə təmin olunmuş, internetə qoşulan məktəblərin miqdarı 2004-cü ildəki 1,5 faizdən 2013-cü ildə 37 faizə yüksəlmişdir. 50 təhsil müəssisəsində “Elektron məktəb” layihəsinə başlanmışdır. Yaradılan DATA mərkəz, elektron tədris resursları bazası, vahid təhsil portalı səmərəli idarəetməni təmin etmişdir.

Xaricdə təhsil alan gənclərimizin sayı da artmaqda davam etmişdir. Rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacını ödəmək üçün gənclərin xaricdə təhsil alması dövlət siyasətinin əsas prioritetlərindən oldu. Prezident İlham Əliyev gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə" 2007-cı il 16 aprel tarixində sərəncam imzaladı. Ümumiyyətlə, Dövlət Proqramının qəbulundan keçən 6 il ərzində 1824 nəfər azərbaycanlı gənc dövlət vəsaiti hesabına xaricdə təhsil almağa göndərilmişdir. Onlar dünyanın 27 ölkəsinin ən nüfuzlu ali məktəblərində təhsil almışlar və hazırda almaqdadırlar. Proqramın şərtlərinə əsasən, həmin tələbələrin bütün xərcləri dövlət tərəfindən ödənilir.

Uğurla həyata keçirilən Dövlət Proqramı və eləcə də digər təhsil formaları üzrə demək olar ki, Avropa ölkələrinin əksəriyyətində, ABŞ, Kanada, Rusiya, Türkiyə, Çin, Yaponiya, Cənubi Koreya və digər ölkələrdə minlərlə Azərbaycan vətəndaşı təhsil alır. Xarici ölkələrdəki gənclərimiz təhsil almaqla yanaşı, həm də Azərbaycan xalqının təmsilçisi, onun qədim mədəniyyətinin, adət və ənənələrinin təbliğatçılarıdır.

Ucqar kənd məktəblərində kadr probleminin həllində həyata keçirilən tədbirlər sırasındadır. Ucqar kənd məktəblərində kadr çatışmazlığı probleminin həllinin önəmini nəzərə alaraq “Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 22 iyun 2004-cü il tarixli qərar imzalandı, 4 noyabr 2004-cü il tarixli sərəncam ilə “2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı” təsdiqləndi. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyun tarixli qərarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2006-cı il tarixli qərarı imzalandı. Prezident İlham Əliyevin imzaladığı qərara əsasən, respublikanın kənd rayonlarında yerləşən ümumtəhsil məktəblərinin pedaqoji kadr tələbatını ödəmək məqsədilə dövlət ali və orta ixtisas məktəblərini pedaqoji ixtisaslar üzrə bitirərək, dövlət sifarişinə uyğun konkret iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti davam etdirən gənc mütəxəssislərə kommunal xidmətlərini ödəmək üçün kompensasiya verilməsi nəzərdə tutuldu. 2005-2012-ci illərdə ümumilikdə 8500 müəllim stimullaşdırıcı tədbirlər tətbiq edilməklə ölkənin ucqar kənd məktəblərinə göndərilmiş, hələ sovet dövründən ciddi problem kimi mövcud olan ucqar kənd məktəblərinin müəllimlərə kəskin ehtiyacı ödənilmişdir.

Etiraf etmək lazımdır ki, Azərbaycanda peşə təhsilinin nüfuzu aşağı düşmüşdü. Peşə təhsili verən tədris müəssisələrinin maddi-texniki bazası ciddi surətdə zəifləmiş və bu sahə müstəqilliyin əldə olunmasından sonra demək olar ki, diqqətdən kənarda qalmışdı. Gənclər arasında da peşə təhsilinə maraq azalmışdı. Prezident İlham Əliyevin iqtisadiyyatın çoxşaxəli inkişafına yönəlmiş islahatlarının öz nəticələrini verməsi, Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkəyə çevrilməsi iqtisadiyyatın müxtəlif sahələrində ixtisaslı işçilərə tələbatı artırdı. Bu da peşə təhsilinin dirçəldilməsi, iqtisadi və sosial baxımdan səmərəli texniki peşə təhsili sisteminin formalaşdırılması, peşə təhsili verən müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi zərurətini meydana çıxardı. Bu zərurətdən irəli gələrək Prezident İlham Əliyev “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramını (2007-2012-ci illər)” qəbul etdi. Dövlət Proqramı çərçivəsində 20-ə yaxın texniki peşə təhsili müəssisəsi əsaslı təmir edildi, 2 peşə-tədris mərkəzi yaradıldı, 14 müəssisə zəruri avadanlıqla təmin olundu. Son 20 ildə müxtəlif peşələr üzrə ilk dəfə olaraq 24 adda dərslik hazırlandı. Dövlət Proqramının icrası peşə təhsili müəssisələrinə şagird axınını sürətləndirdi, həmin pillədə təhsil alanların sayı 23 mindən 27 minədək yüksəldi.

Son 10 il ərzində ölkəmizin əldə etdiyi sosial-iqtisadi inkişaf hər bir azərbaycanlının ailəsində, evində hiss olunmağa başladı. Əhalinin gəlirlərinin artması ailələrin təhsilə etdiyi yatırımlarda da hiss olunmağa başladı. Yüksək standartlara cavab verən, müasir, çoxistiqamətli inkişafa yönəlik təhsil verən özəl təhsil ocaqlarının yaranması da sosial sifarişdən irəli gəlirdi. Artıq cəmiyyətin maddi təminatı yeni standartlarda təhsilə təlabat yaradırdı, əhalinin böyük bir hissəsinin maddi problemlərini həll etməsinin nəticəsi idi ki, orta statistik azərbaycanlı övladının təhsilinə investisiya yatırmağa əvvəlki illərlə müqayisədə daha artıq dərəcədə maraqlı idi. Beləliklə də, yeni, daha yüksək standartlara cavab verən özəl təhsil müəssisələri yaradılmağa başlandı.

Yeni məktəb-liseylərin yaradılması, fəaliyyətlərini daha da genişləndirməsi də bu tələbatın məntiqi davamı idi. Göründüyü kimi, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar, modernləşdirmə, quruculuq işləri ölkəmizdə təhsilin keyfiyyətini yüksəldir, dövlətimizin başçısının dediyi kimi “iqtisadi kapital insan kapitalına çevrilir”.

 Eyni zamanda qeyd edək ki, anoloji tədbirlər təkcə təhsil sahəsində yox, bütün sahələrdə ardıcıl xarakter daşıyır, ölkə iqtisadiyyatının güclənməsi, maliyyə imkanlarımızın genişlənməsi bütün digər sahələrin inkişafını stimullaşdırır, çoxşaxəli inkişaf konsepsiyası təhsil sektorunda da özünü göstərir, ümumilkdə iqtisadiyyatımızın artması təhsil sahəsində də dinamizmə, infrastrukturun, maddi-texniki bazanın, eləcə də kadr və metodolji resursların güclənməsinə təkan verir.

Son dövrlər Təhsil Nazirliyində aparılmış kadr dəyişikliyi təhsilin keyfiyyətcə yeniləşməsi istiqamətində aparılan islahatları sürətləndirmişdir. Təhsil sistemində yaradılan sağlam, şəffaf mühit deməyə əsas verir ki, cənab Prezidentin sərəncamı ilə təsdiq olunmuş Milli Strategiya böyük uğurla reallaşacaq və Azərbaycan təhsili inkişaf etmiş ölkələrin göstəriciləri səviyyəsinə yüksələcək. Ölkə rəhbərinin milli təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu deməyə əsas verir ki, Azərbaycan təhsili neft kapitalının insan kapitalına çevrilməsi üçün öz müstəsna rolunu şərəflə yerinə yetirəcək.

Biz təhsil işçiləri milli təhsilimizin hamisi cənab İlham Əliyevi xalqın inamını qazanaraq yenidən ölkə Prezidenti seçilməsini ürəkdən alqışlayır, dövlət başçımıza Azərbaycanımızın çiçəklənməsi yolunda böyük uğurlar, möhkəm can sağlığı arzulayırıq.

Möhsüm ALIŞOV,

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun tədris işləri üzrə prorektoru

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında