Noyabrın 1-də “Four Seasons Hotel Baku” mehmanxanasında III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Tədbirdə Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov çıxış edərək Beynəlxalq Forumun əhəmiyyətindən danışmışdır.
Rektor demişdir ki, artıq üçüncü ildir ki, Azərbaycan bu cür mötəbər tədbirə ev sahibliyi edir. Keçənilki Forumdan fərqli olaraq bugünkü tədbirdə daha çox qonaq iştirak edir. Ümumilikdə Forumda 70 ölkədən 800-ə yaxın qonaq vardır. Onların sırasında dünyanın siyasi həyatına təsir edə bilən sabiq prezidentlər, Nobel mükafatı laureatları və digər ictimai-siyasi xadimlər vardır.
“Dəyirmi masa”da isə dünyanın 28 ölkəsindən 70-dən çox nümayəndə iştirak edir. Bu rəqəmlər tədbirin əhəmiyyətinin göstəricisidir. Qonaqların arasında universitet rektorları, prorektorlar, Senat sədri və üzvləri, institut direktorları, akademiklər, professorlar, agentlik və şirkət sədrləri, media nümayəndələri, meriya üzvləri vardır.
Ən çox nümayəndə Rusiya, Ukrayna və İordaniyadandır. O cümlədən “dəyirmi masa”da Bakı Dövlət Universitetindən 40 nəfər alim və müəllim iştirak edir.
Sonra “dəyirmi masa” “Fundamental elmlər sahəsində innovasiyalar”, “Elm və təhsilin inteqrasiyası: təhsilin elmi innovasiyalar əsasında inkişafı”, “Fundamental və ictimai elmlərin inteqrasiya tendensiyaları” mövzusunda bölmə iclasları ilə davam etmişdir.
Fizika üzrə Nobel mükafatı laureatı Corc Fidcerald Smutun (ABŞ) moderatorluğu ilə keçən “Fundamental elmlər sahəsində innovasiyalar” mövzusunda birinci iclasda Minilliyin Layihəsi Rusiya Mərkəzinin direktoru Nadejda Qaponenkonun “XXI əsrdə rəqabətqabiliyyətliliyin təmin olunması üçün nanotexnologiya sahəsində fundamental elmlərin innovasiyaları” mövzusunda çıxış etmişdir.
N.Qaponenko ilk növbədə tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirmişdir. O demişdir ki, qloballaşan dünyada elmin, təhsilin inkişafı ilə yanaşı nanotexnologiyaların, biotexnologiyanın inkişafı da aktualdır. İndi çox az dövlətlər var ki, elmi innovasiyalara diqqət yetirməsin. Bakıda belə bir tədbirin çox yüksək səviyyədə təşkili bir daha sübut edir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu sahəyə xüsusi diqqət və qayğı göstərir.
Məruzəçinin sözlərinə görə, nanotexnologiyanın, biotexnologiyanın inkişafı və sənayedə tətbiqi rəqabətədavamlı məhsul istehsalının həcmini artırmaqla yanaşı, istehsalat itkilərinin azalmasında mühüm rol oynayır.
Sonra Bakı Dövlət Universitetinin hesablama riyaziyyatı kafedrasının müdiri, professor Qalina Mehdiyevanın “İnformasiya-kommunikasiya texnologiyaları sahəsində innovasiyalar və onların təhsilin inkişafında rolu” mövzusunda məruzəsi dinlənilmişdir.
Xanım Q.Mehdiyeva demişdir ki, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində innovasiyalar təhsilin, biznesin və iqtisadiyyatın inkişafının əsas istiqamətlərindən biridir. İnnovasiya insanın intellektual fəaliyyətinin, yaradıcılıq prosesinin, kəşflərin və ixtiraların son məhsuludur. İKT sahəsində innovasiya texnologiyalarına ilk növbədə İnternet texnologiyalar: saytlar, bloqlar, İnternet-serverlər, İnternet-portallar, İnternet-mağazalar, elektron kitabxanalar və açıq elektron ensiklopediyalar, habelə interaktiv saytlar və proqramlar, yerli və beynəlxalq qlobal axtarış sistemləri aiddir.
İKT-nin müasir nailiyyətlərinə əsaslanan qlobal informasiya infrastrukturunun formalaşması prosesi insan fəaliyyətinin get-gedə daha yeni sahələrini əhatə edir, planetimizin bütün guşələrinə nüfuz edir.
Azərbaycanda da İKT sahəsinin inkişafına yönəlmiş fəal tədbirlər həyata keçirilir, o cümlədən orbitə yeni peyklər buraxılması üzrə iş aparılır.
2013-cü il fevralın 8-də Fransanın Kuru kosmodromunda Azərbaycan özünün “Azerspace-1” adlı ilk telekommunikasiya peykini orbitə buraxmışdır. Azərbaycanın milli peykinin olması keyfiyyətli və etibarlı rabitəni, teleyayımı nizamlamağa, telekanalların sayını artırmağa imkan verəcəkdir. “Azerspace-1” peyki həm də Avropa ərazisini əhatə etməyə yönəlmişdir. Bu məqsəd reallaşdıqda Azərbaycan Avropadan və Asiyadan telekanalların tranzit yayımını həyata keçirə biləcəkdir.
Yeni təhsil infrastrukturunun formalaşması qərarlar qəbul edilməsi sahəsində elmi cəhətdən əsaslandırılmış strategiya işlənib hazırlanmasını tələb edən mürəkkəb prosesdir. Bu vəzifələrin həyata keçirilməsi və müasir texnologiyaların istifadəsindən arzu edilən effektə nail olmaq ənənəvi təhsil sistemi çərçivəsində qeyri-mümkündür.
Təhsil və elmi fəaliyyətin inteqrasiyasının məqsədləri elmi araşdırmaların kadr təminatı, təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsildə yeni biliklərdən, elm və texnikanın nailiyyətlərindən istifadə edilməsidir.
İnformasiya-kommunikasiya texnologiyalarının müxtəlif sahələrdə geniş tətbiq edilməsi, internetin geniş yayılması son zamanlar tədris prosesinin təşkilinin və onun idarə edilməsinin yeni metodlarının yaradılmasını, informasiya, bilik və bacarıqların nəsildən-nəslə ötürülməsini tələb edir.
Sonra Q.Mehdiyeva bir sıra təkliflər irəli sürmüş, müasir İKT-dən istifadənin üstünlükləri barədə fikirlərini bölüşmüşdür.
“Nanotexnologiyalar və nanoelmlər proqramlarının universitet təhsil proqramlarına inteqrasiyası” mövzusunda məruzə ilə çıxış edən Rumıniyanın Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin müdiri, professor Eden Mamut demişdir ki, bu gün şəbəkənin 12 ölkədən 117 üzvü vardır. Bu ali təhsil ocaqları elmi innovasiyaların, nanotexnologiyaların, biotexnologiyaların tətbiqinə, informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi maraq göstərirlər. Çünki bu sahələrin inkişafı artıq həyatın bir hissəsinə çevrilmişdir və bunlarsız həyatı təsəvvür etmək olmur.
BDU-nun alimləri - üzvi kimya kafedrasının professoru Ülviyyə Həsənovanın “Elm və təhsilin inteqrasiyasında elmi innovasiyaların rolu və onların təhsil prosesi ilə qarşılıqlı əlaqəsi”, mikrobiologiya kafedrasının müdiri, professor Qənbər Qənbərovun “Biologiya sahəsində innovasiyalar: nanobiotexnologiyanın son nailiyyətləri”, tarix fakültəsinin dekanı, dosent Azad Rzayevin “Elmi innovasiyalar əsasında distant təhsilin inkişafının nəzəri və praktik problemləri” mövzularında məruzələri dinlənilmişdir.
Akademik Abel Məhərrəmovun sədrlik etdiyi ikinci bölmə iclasında “Elm və təhsilin inteqrasiyası: təhsilin elmi innovasiyalar əsasında inkişafı” mövzusu ətrafında müzakirələr aparılmışdır.
Rektor A.Məhərrəmov “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi qloballaşma şəraitində cəmiyyətin inkişafının əsas amili kimi” mövzusunda məruzə ilə çıxış etmişdir.
O demişdir ki, elmi innovasiyalar və onların təhsil mühitinə köçürülməsi məsələsi qloballaşma şəraitində cəmiyyətin inkişafının əsas amillərindən biridir və onun müzakirə predmeti olması təsadüfi deyildir. Cəmiyyətin yüksəliş meyilləri, xüsusən də inkişaf etmiş ölkələrin iqtisadi sıçrayışlarının əsasları araşdırılarkən məlum olur ki, bu inkişafın səbəbləri sırasında elmi innovasiyaların tətbiqi ön sırada dayanır. Heç bir təbii resurs, ticarət dövriyyəsi, kənd təsərrüfatı və s. elmi innovasiyaların gətirdiyi iqtisadi gəlirlərlə müqayisə edilə bilməz.
Elmi innovasiyaların sürətlə inkişaf etdiyi bir dövrdə bizim toplaşdığımız “dəyirmi masa” da müzakirəsi zəruri olan və bizi narahat edən elmi innonasiyaların təhsil mühitinə transferinin əsas istiqamətlərinin müəyyən edilməsi, yaranan problemlərin həlli üçün fikir mübadiləsi və təkliflərin müzakirəsi ilə bağlıdır.
Bu gün Azərbaycanda məhz bu istiqamətləri əhatə edən dövlət siyasəti aparılır, iqtisadi potensialı intellekt kapitalına çevirmək sahəsində mühüm işlər görülür. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, biz gələcəyimizi neft amili üzərində qura bilmərik, bu təbii resursdur, 50 il, 100 ildən sonra tükənə bilər, iqtisadiyyat elm üzərində qurulmalıdır. Bu baxımdan dünya elm və təhsilinə inteqrasiya üzrə Dövlət proqramları qəbul edilmişdir, bir neçə istiqamətdə iş aparılır. Bir neçə gün bundan əvvəl, oktyabrın 24-də dövlətimizin başçısı tərəfindən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edilmişdir.
A.Məhərrəmov demişdir ki, elmi innovasiyaların təhsil mühitinə transferi qloballaşma şəraitində cəmiyyətin inkişafı üçün olduqca zəruri amildir və biz bu Forumda bu məsələnin həlli üçün yollar müəyyən etməliyik.
Moskva Dövlət Humanitar-İqtisadiyyat İnstitutunun rektoru Vaqif Bayramov “Elmi innovasiyalar və onların təhsil mühitinə köçürülməsi”, Polşa Respublikası parlamentinin üzvü Yan Kazmerçak “Qiymətləndirmə texnologiyası: təhsil problemləri”, Ukrayna Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasının prezidenti, professor Yuriy Kovbasyuk “Ukraynada dövlət-idarəetmə kadrlarının peşə hazırlığı sistemində elm, təhsil və praktikanın inteqrasiyası”, BDU-nun iqtisadi və sosial coğrafiya kafedrasının professoru Çingiz İsmayılov “Təhsilin müasirləşdirilməsi və yaradıcı düşüncənin inkişaf etdirilməsi ölkənin innovasion gələcəyi kimi”, italiyalı senator Gianini Stefania “Beyin hərəkətdə. Daha yaxşı bir cəmiyyət üçün beynəlxalq əməkdaşlıq və tələbə mobilliyi haqqında”, İngiltərənin Saffolk Universitetinin rektoru, professor Mayk Saks “Elmi innovasiyalar və onların təhsil mühitinə köçürülməsi: peşələrarası işçi halı” mövzularında məruzələrlə çıxış etmişlər. Ukraynanın T.Şevçenko adına Kiyev Milli Universitetinin rektoru, Milli Elmlər Akademiyasının akademiki, fəlsəfə elmləri doktoru, professor Leonid Quberski məruzələrdə səslənən məsələlərlə bağlı fikirlərini bildirmişdir.
BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyevanın sədrliyi ilə keçən üçüncü bölmə iclası “Fundamental və ictimai elmlərin inteqrasiya meyilləri” mövzusuna həsr olunmuşdur.
İclasda Belarus Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru Anatoli Lazereviçin “Sosial modernləşmənin müasir modellərində elm və təhsil”, Almaniyanın Köln Tətbiqi Elmlər Universitetinin professoru Reza Talebi Dəryaninin “Bolonya prosesi kontekstində mühəndislik dərəcəsi üzrə təhsil proqramlarının Azərbaycan universitetlərində tətbiqi”, BDU-nun kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri Kamil Səlimovun “Hüquq-mühafizə orqanlarının fəaliyyətində fundamental elmlərin müasir inteqrasiyasının xüsusiyyətləri”, Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi yanında Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi Səttar Majitovun “XX əsrdə Qazaxıstanda tarix elminin inkişafı meyilləri”, BDU-nun alimləri - hüquq fakültəsinin dekanı Əmir Əliyevin “Qloballaşma şəraitində hüquq elminin inkişafında inteqrasiyanın rolu”, nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti İsmət Əhmədovun “Yeni texnologiyaların yaranmasında ictimai və fundamental elmlərin rolu və inteqrasiyası”, mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri Anar İsgəndərovun “Tarixi tədqiqatlarda riyazi metodların rolu” mövzularında məruzələri dinlənilmişdir.
Çıxışlarda bildirilmişdir ki, Forumun keçirilməsi müasir təhsilin inkişaf etdirilməsinə, bu sahədə birgə kadrların hazırlanmasına, yeni layihələrin tətbiqinə, ölkələr arasında təhsil sahəsində əlaqələrin genişləndirilməsinə xidmət edir. Artıq üçüncü dəfə keçirilən Forum bir daha təsdiq edir ki, təhsilin müasirləşməsi və inkişaf etdirilməsi Azərbaycan hökumətinin əsas prioritet istiqamətlərindən biridir.
Tədbirdə məruzələr ətrafında geniş müzakirələr aparılmışdır.
Sonda Forumun yekun sənədi - Bəyannamə qəbul olunmuşdur.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.