Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

 

 

 

Natiqlik sənətinin tarixi çox qədimdir. Onun yaranması antik dövrün mütəfəkkiri Siserondan başlanır. Natiqlik unikal bir sənət, ilahi vergisi, ikinci “mən” deməkdir. Böyük şəxsiyyət, xüsusilə siyasətçi və diplomat, dövlət başçısı üçün natiqlik olduqca vacibdir. Natiqlik dünya şöhrətli siyasətçi, böyük cəsarət və siyasi iradə, fenomenal yaddaş sahibi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevə məxsus fitri istedadlardan biri, tarixdə onun dövlətçilik təfəkkürünə yol açan vasitə idi. İxtisasca həkim, Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru, Tədris Terapevtik Klinikanın şöbə müdiri Nağdəli Zamanovun “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” (Bakı, “Elm və təhsil” 2013. Elmi redaktoru professor Məsud Mahmudov) monoqrafiyasında ulu öndərin bu sahədəki uğurlu, mənalı fəaliyyətindən bəhs olunur.

Uzun illər Heydər Əliyevin nitqlərini canlı surətdə böyük sevgi ilə dinləmiş həkim - müəllif onun haqqında müşahidə, mülahizə və araşdırmalarını oxucu və mütəxəssislərə təqdim edib. Şübhəsiz ki, kitab Heydər Əliyev şəxsiyyətinə böyük məhəbbətlə yazılıb. Elə bununla da onun barəsində yazılan yüzlərlə əsərdən seçilir. Etiraf edək ki, Heydər Əliyevin natiqlik sənəti yetərincə tədqiq olunmayıb. Bu 480 səhifəlik məzmunlu kitab həmin istiqamətdə atılan uğurlu bir addımdır. Kitab canlı müşahidələr və nəzəri mühakimələrin üzərində qurulub. Müəllif metodoloji baxımdan çox doğru olaraq kitabın birinci fəslini Heydər Əliyevin Azərbaycan dilinin nüfuzunu artırmaq, onun yayılma və işlənmə arealının genişlənməsi, dövlət dili kimi tətbiqi uğrunda ana dili mücadiləsinə həsr edir. Bu baxımdan ulu öndərin bir mülahizəsi maraq doğurur. O, 2001-ci il oktyabrın 17-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 10-cu ildönümünə həsr olunmuş təntənəli mərasimdəki geniş nitqində demişdir: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə, Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük”.

N.Zamanov belə bir cəhətə diqqət yetirir ki, Heydər Əliyev ana dilini bilməyən, bu qədim və zəngin dildə rəvan danışa bilməyən dövlət məmurlarına müəllim tutub dilimizi öyrənməyi tələb edirdi: “Oturun, müəllim tutun, bu dili öyrənin... məgər dünyadan bu dili bilməyə-bilməyə çıxıb gedəcəksiniz? Axı belə şey olmaz”. Ulu öndər gənclərə klassikləri – Nizamini, Füzulini, Nəsimini, Vaqifi, Sabiri, Mirzə Cəlili oxumağı tövsiyə edir. Deyirdi ki, gənclər ana dilimizi yaradan və yaşadan bu söz dühalarını, sənət  korifeylərini oxumasa, oxuya bilməsə “tariximizi bilməyəcək, bizim mədəniyyətimizi bilməyəcək... Milli-mədəni ənənələrimizi bilməyəcək”. Bütün bunları bilməyənin isə vətənpərvər olmağı mümkün deyil. Müəllif belə qənaətə gəlir ki, dilimizə böyük sevgi ilə yanaşan Heydər Əliyev onun taleyi ilə bağlı nikbin olmuşdur. “Öz dilimizi Azərbaycanda hakim dil etməliyik!” - ulu öndərin dil strategiyası, onun dil nəzəriyyəsində prioritet istiqamət belə idi. Kitabda onun mahiyyəti və mədəni-tarixi əhəmiyyəti dəqiq faktlarla izah olunur.

Kitabın ikinci fəslində N. Zamanov ulu öndərin nitqinin izahedici xarakterini təhlil edir. Onun nitqlərinin əhəmiyyəti bunda idi ki, o, ən qədim problemləlr haqqında danışanda belə, dinləyiciyə sual yeri qoymur,  təfsilatları məntiqlə kütləyə çatdırırdı. Bunun üçün o, müxtəlif ifadə tərzlərindən istifadə edirdi. Müəllifə görə bunlardan ən çox işlənən böyük natiqin sual qoyub cavab verməsi, digəri “bilirsiniz” müraciətidir. “Bilirsiniz” modal sözü ilə böyük natiq məsələnin hamıya məlum olduğuna, lakin hələ də bir qism şəxslərin öz fikirlərində qaldığına işarə edir. Heydər Əliyev nitqinin izahedici xüsusiyyətlərindən biri olaraq müəllif onun anlayışlara verdiyi özünəməxsus izahları qeyd edir. Nitqin sual və cavab, başqa sözlə özü ilə dioloq formasından burada da uğurla istifadə olunur. “Diplomat” deyəndə adamın gözünün qabağına nə gəlir? Ən yüksək savadlı, ən yüksək mədəniyyətli, ən gözəl görünüşlü, yaxşı geyimli, yaxşı tərbiyəsi ilə, cəmiyyətdə özünü aparması ilə fərqlənən insanlardır..." Bu sətirləri adi nitq yox, sözlə çəkilmiş portret hesab etmək olar. Bu isə Heydər Əliyev nitqinin başqa bir cəhətini - haqqında danışdığı məsələyə, problemə görüntü vermək, onu real şəkildə əyaniləşdirmək imkanını əks etdirir.

Nağdəli Zamanovun “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” kitabının məziyyətlərindən  biri də odur ki, müəllif onun nitqlərinə yalnız mətn kimi müraciət etmir, qaldırılan problemlərlə vəhdətdə götürür. Bu zaman tək nitqin poetik, leksik-semantik forması yox, həm də Heydər Əliyevin nəzəri fikirləri təhlilə çəkilir.

Ümumiyyətlə, natiqlik sənətində ən çətin psixoloji məqamlar nitqi başlamaq və məntiqlə yekunlaşdırmaqdır. Nitqi elə başlamalısan ki, o dinləyiciyə cazibədar görünsün, o maraqla qulaq assın. Nitqi elə məzmunlu vurğu ilə bitirməlisən ki, dediklərin dinləyicinin yaddaşına həkk olunsun. Heydər Əliyev bu baxımdan böyük məharət sahibi idi. N. Zamanov öz dəyərli kitabına bu məsələni əhatə edən “Heydər Əliyevin nitqində girişlər və sonluqlar” adlı müstəqil bir fəsil daxil etmişdir. Burada müəllif Heydər Əliyev nitqlərinin həm məntiqi təkamülünü, həm də poetik strukturunu açmağa çalışır. Heydər Əliyevin nitq mədəniyyəti dərin fəlsəfi məzmuna, zəngin poetik imkanlara malikdir. Onun siyasi-ideoloji nitqləri milli təfəkkürün dinamikasını əks etdirir. O, məqamı gəldikdə sərt bəyanatlar edir, problemin mahiyyətinə təmkinlə şərh verir, sözünün təsirini artırmaq üçün nikbin, emosional ifadələr işlədir.

Nitqin gözəlliyi mövzuya uyğun parlaq sözlərin seçilməsində və fikirlərin məntiqi sistemindədir. Bu baxımdan Heydər Əliyevin nitqləri əsil nümunədir. Elə buna görə də obyektiv gerçəkliyə istinad edən kitab müəllifi Nağdəli Zamanov dördüncü fəsildə Heydər Əliyev nitqində məntiqi ardıcıllıq problemlərini qoyur. Müəllif doğru olaraq belə qənaətə gəlir ki, Heydər Əliyevin bütün çıxışlarının ana xəttini müstəqillik təşkil edir. Həqiqətən də ulu öndər baş verən həm milli, həm də ümumbəşəri proseslərə Azərbaycanın müstəqilliyi prizmasından  nəzər salırdı. Müəllif belə bir cəhəti də doğru müəyyən edir ki, Heydər Əliyevin çıxışlarındakı məntiqi ardıcıllıq təfəkkürün ardıcıllığından irəli gəlir. Kitabda ümummilli liderimizin nitqindən verilən misallar belə qənaətə gəlməyə imkan verir ki, ulu öndərin nitqlərində məntiqi sistemlilik onun bacarıqla tarixiliyə istinad etməsindən yaranır. Təfəkkürün tarixiliyi əslində dialektikanın başlıca əlamətidir. Həm fəlsəfəyə, həm də elmi və bədii  yaradıcılığa tarixilik dialektikanın kəşfindən sonra gəlib. Tarixilik həm təfəkkürün, həm də məntiqi nitqin meyarıdır.

Kitabın “Heydər Əliyevin nitqində fəlsəfi fikirlər” adlanan beşinci fəsli ulu öndərin natiqlik sənətinin məzmun və mahiyyətini izah edir. Burada ulu öndərin dialektik düşüncə tərzi onun nitqlərinin mənbəyi kimi doğru müəyyən edilir.

Heydər Əliyevin bir mütəfəkkir şəxsiyyət kimi gücü, qüdrəti bunda idi ki, sağlam təfəkkürə, aydın zəkaya malik olan dövlət qurucusu kimi o fəlsəfəyə fəlsəfədən, elmdən, kitabdan gəlmirdi, həyatdan, ondan doğulan dünyagörüşündən gəlirdi. Onun müdriklik barəsində qənaətləri bunu aydın əks etdirir: “Müdriklik təkcə... insanların elmi, biliyi, təhsili ilə bağlı deyildir. Müdriklik insanın fitri istedadıdır, müdriklik həm də insanın həyatı dərk etməsi, gedən proseslərə düzgün qiymət verə bilməsi və ondan özü üçün lazımi faydalar götürməsidir”. Kitabın müəllifi Heydər Əliyevin məruzə və çıxışlarında əksini tapan fəlsəfi fikirlərin xalqa təsir gücünü müəyyən etməyə çalışır. Əslində bu, əsərin əsas məqsədlərindən biridir. O, ulu öndərin nitqlərinin təsir gücü ilk növbədə onların  səmimiyyəti ilə bağlı olması qənaətinə gəlir. Kitabın altıncı fəsli bu məsələyə həsr olunur. “Heydər Əliyevin səmimiyyəti təvazökarlığa söykənir” deyən müəllif, bu səmimiyyətdə həqiqi etiraf olduğu, həmin etirafın böyük idarəçilik və dövlətçilik təcrübəsinə dayaqlandığı qənaətinə gəlir. Fikirimizcə Nağdəli Zamanov  Heydər Əliyev nitqinin təsir gücünü, əməli  əhəmiyyətini artıran digər bir cəhəti də doğru müəyyən edir: bu, qətiyyətdir! Kitabın yeddinci fəsli  bu problemin ifadə və təzahür tərzlərinə həsr olunub. Heydər Əliyev qətiyyəti onun həqiqətə inam və əminliyindən, haqqında bəhs etdiyi problemə dərindən bələdliyindən, gələcəyə tarixi inamından, cəsarətindən və əlbəttə ki, əzəmətli şəxsiyyətindən irəli gəlirdi. Bu qətiyyətdə xalqa güvənmək bacarığı da vardır. Heydər Əliyevin nitqləri güclü məntiqə əsaslanır, onun söylədiyi sözlər çatdırmaq istədiyi məna və məzmunu ən dolğun və təsirli şəkildə ifadə edən sözlər idi. Ulu öndər nitqlərini birbaşa yaddaşa transformasiya edirdi. Onun çıxışlarında özünə əminlikdən doğan bir nikbinlik və duyğusallıq var idi. Bunlar da əslində qətiyyət və səmimiyyətin əlamətləridir. Kitabın səkkiz və onuncu fəsillərində bu məsələlər ulu öndərin məruzə və çıxışlarından seçilmiş faktlar əsasında ədəbi-siyasi təhlilin predmetinə çevrilir.

Heydər Əliyev öz nitqlərində təkcə mövzu deyil, hazırki reallıqdan doğulan problemləri təhlil etmək və dəyərləndirməklə kifayətlənmirdi. Adı dünya tarixinə daxil olmuş böyük bir şəxsiyyət kimi ölkənin inkişafı, millətin tarixi, taleyi ilə bağlı proqnozlar verir, prioritetləri müəyyənləşdirir. Nağdəli Zamanov monoqrafiyanın doqquzuncu fəslində “Heydər Əliyev nitqində proqnozlar” mövzusunu araşdırır.

N. Zamanovun “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” monoqrafiyasının son dörd fəsli ulu öndərin nitqlərinin üslub problemlərinə həsr olunub. Onun nitqlərində elmi üslub, publisistik üslub, məişət üslubu, dini üslub kimi təsnifat aparan müəllif bu böyük şəxsiyyətin güclü fərdi üsluba, natiqlik məharətinə malik olduğunu bütün incəlikləri ilə gələcək nəsillərə çatdırır. Nitqin gözəlliyi və özəlliyi onun üslubundan asılıdır. Heydər Əliyevin nitqləri bənzərsiz üsluba malikdir.

Mənim fikirimcə dünya elmi-ictimai fikrində, ədəbi-mədəni tərəqqidə üç böyük və əsas üslub var: 1) peşəkar üslub; 2) ictimai üslub; 3) fərdi üslub. Nəzəri tarixi funksiyasına görə peşəkar üslub məktəb yaradır, ictimai üslub cərəyan yaradır, fərdi üslub demokratiya formalaşdırır. Heydər Əliyev peşəkar natiq, böyük ictimai-siyasi təfəkkür sahibi, öz güclü fərdiyyəti ilə seçilən şəxsiyyət, davranış və üslub sahibi idi. O, Azərbaycan nitq mədəniyyətinin hazır imkanlarından istifadə etməklə kifayətlənməmiş, şifahi dilimizin hüdudlarını maksimum dərəcədə genişləndirmişdir. Əslində öz dərin məzmunlu parlaq nitqləri ilə qədim və gözəl dilimizin ifadə potensialını aşkara çıxarmışdır. Çünki o, “Kitabi Dədə Qorqud”un dilini, Füzulinin dilini, Xətainin və   Vaqifin dilini, Sabirin və Vurğunun dilini gözəl bilir, öz milli istiqlalına qovuşmuş xalqın hansı dili istədiyini böyük fəhmlə duyurdu. Bu gün Azərbaycan xalqı  Heydər Əliyevin dilində danışır.

Ulu öndərin tarixi-ictimai, milli-mənəvi və dövlətçilik fəaliyyətinin çox aspektli istiqamətlərinin hər biri dərindən öyrənilməlidir.

Nağdəli Zamanovun “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” kitabı dünya şöhrətli siyasətçinin natiqlik sənətinin dərin və fəlsəfi özəlliyini, milli mənbələrini araşdıran monoqrafik tədqiqat əsəridir.

 Nizaməddin ŞƏMSİZADƏ, respublika Dövlət mükafatı laureatı,  filologiya  elmləri doktoru, professor 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında