“Azərbaycanda Araşdırma və Beyin Mərkəzləri (yaranması, inkişafı və perspektivləri)” kitabının təqdimatı ilə bağlı “dəyirmi masa” keçirilmişdir

 

Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) müəllifləri Fərhad Məmmədov və Tahirə Allahyarova, elmi redaktoru və “Ön söz”ün müəllifi siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Aslanovun olduğu “Azərbaycanda Araşdırma və Beyin Mərkəzləri (yaranması, inkişafı və perspektivləri)” adlı yeni kitabın təqdimatı ilə bağlı “dəyirmi masa” keçirmişdir.

AzərTAc xəbər verir ki, SAM-ın direktoru Fərhad Məmmədov tədbiri açaraq kitabın məqsədi barədə danışmışdır. Bildirmişdir ki, əsas məqsəd ölkəmizdə elmə və biliyə əsaslanan cəmiyyətin qurulması, analitik araşdırma mərkəzlərinin dövlətçiliyin inkişafına töhfəsinin artırılması kimi tələbata cavab olaraq  bu sahədə mövcud olan qurumlara dair cəmiyyətdə adekvat təsəvvürlərin olmasını təmin etməyə xidmət etməkdir. Qeyd edilmişdir ki, kitabda hazırda Azərbaycanda olan Araşdırma və Beyin Mərkəzləri haqqında geniş məlumat verilmiş, gələcək üçün müxtəlif təkliflər irəli sürülmüşdür.

F.Məmmədov demişdir ki, biz bu kitabda ilk dəfə Azərbaycanda bu barədə geniş məlumat və Beyin Mərkəzlərinin tam olaraq oturuşmuş şəkildə tərifini verməyə çalışmışıq. Həm də ona səy göstərmişik ki, gələcəkdə onun xüsusi bir ictimai birlik forması kimi sadalanmasında bu kitab bir töhfə olsun.

Bu nəşrdə SAM-ın apardığı və Azərbaycanda Araşdırma və Beyin Mərkəzlərinin, ölkənin mövcud “beyin potensialı”nın reallığı haqqında aydın mənzərənin yaradılmasına imkan verən tədqiqatın nəticələri ictimaiyyətə təqdim edilmişdir.

Kitabda 5 fəsildə “Araşdırma və Beyin Mərkəzi institutu: yaranması və inkişafının tədqiqi məsələləri”, “Araşdırma və Beyin Mərkəzlərinin fəaliyyətinin qiymətləndirmə metodologiyası və meyarları (Qlobal “beyin mərkəzi” reytinqi, regional səviyyəli, Lokal (milli) səviyyəli reytinqlər); “ABM-lərin fəaliyyətinin dəyərləndirilməsinin meyarları”; “Azərbaycanda Araşdırma və Beyin Mərkəzlərinin ümumi mənzərəsi: yaranması, xüsusiyyətləri, təsnifatı, statusu və perspektivləri”; “Azərbaycanda qeyri-dövlət yönlü Araşdırma və Beyin Mərkəzlərinin vəziyyəti və fəaliyyət istiqamətləri, maliyyə, kadr, təşkilati və intellektual resursları”; “Yekunlar. Tövsiyələrin gələcəyi: mümkün ssenarilər və proqnozlar” kimi aktual mövzular təhlil edilmişdir.

Azərbaycanda Araşdırma və Beyin Mərkəzlərinə həsr edilmiş fəsildə ölkəmizdə ABM-lərin tipologiyası və təsnifatının verilməsinə cəhd edilmiş, dövlət yönlü, universitetlərin və partiyaların nəzdində fəaliyyət göstərən ABM-lər, Azərbaycanda qeyri-dövlət yönlü Araşdırma və Beyin Mərkəzləri, ictimai-siyasi, sosial-iqtisadi sahədə fəaliyyət göstərən ABM-lər haqqında araşdırmanın nəticələri barədə məlumat verilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru Vüqar Əhmədov, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin rəhbəri Elman Hüseynov, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun rəhbəri Vilayət Vəliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun rəhbəri Rasim Həsənov, Milli Məclisin analitik informasiya şöbəsi müdirinin müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı katibi Fərasət Qurbanov, Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hatəm Cabbarlı məruzələrlə çıxış etmişlər.

Məruzələrdə vurğulanmışdır ki, bu kitab Beyin Mərkəzləri üçün bələdçi rolunu oynayacaqdır. Kitab, eyni zamanda, Beyin  Mərkəzləri yaratmaq istəyənlər üçün mükəmməl vəsaitdir. Bu kitabla Beyin Mərkəzləri öz perspektivlərini müəyyənləşdirə biləcəklər.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında