“Tarixi-mədəni irsin tədqiqi, tədrisi, təbliği, mühafizəsi və diyarşünaslıq işinin təşkilində təhsil müəssisələrinin rolu” mövzusunda konfrans işə başlamışdır

 

 

 

Oktyabrın 25-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) bu ali təhsil ocağının təşkilatçılığı ilə “Tarixi-mədəni irsin tədqiqi, təbliği, mühafizəsi və diyarşünaslıq işinin təşkilində təhsil müəssisələrinin rolu” mövzusunda respublika konfransı işə başlamışdır. 

Konfransın məqsədi Azərbaycan ərazisindəki çoxsaylı tarix və mədəniyyət abidələrinin  hazırkı vəziyyəti, onların tədqiqi, təbliği və mühafizəsində aidiyyəti qurumların, xüsusən də təhsil müəssisələrinin, geniş ictimaiyyətin iştirakı məsələlərinə diqqəti cəlb etmək və bununla, gənc nəslin Vətənə, tarixi-mədəni dəyərlərə məhəbbət ruhunda tərbiyə  olunmasına kömək göstərməkdir.

AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının, elmi-tədqiqat müəssisələrinin, ali və ümumtəhsil məktəblərinin nümayəndələri, dövlət və bələdiyyə qurumlarının təmsilçiləri, bu sahəyə maraq göstərən şəxslər iştirak etmişlər.

Əvvəlcə tədbir iştirakçıları AMİ-nin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət etmiş, ulu öndərin  büstü önünə əklil qoymuşlar.

AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı konfransın plenar iclasında çıxış edərək  ölkəmizdə tarix və mədəniyyət abidələrinin qorunmasına və  tədqiq olunmasına xüsusi diqqət və qayğının göstərilməsindən söz açmışdır. Bildirmişdir ki, elmi-mədəni əhəmiyyətə malik  tarixi abidələrimiz öyrənilir, qədim yaşayış məskənlərində arxeoloji qazıntılar, bərpa və konservasiya işləri aparılır. Qədim qalaların, məbədlərin, tarixi-mədəni irsimizin öyrənilməsi Azərbaycan tarixi haqqında bilgilərimizi daha da zənginləşdirir. Biz dünya xalqlarının mədəniyyət xəzinəsinə tarixi-mədəni irsimizi öyrənməklə qovuşuruq.

Rektor vurğulamışdır ki, ölkəmizə gələn xarici qonaqlar əzəmətli qalalarımıza, qədim məbədlərimizə, incə zövqlə işlənmiş zərgərlik nümunələrinə, məharətlə toxunmuş xalçalarımıza və çoxlu sayda digər sənət nümunələrimizə baxdıqca heyran qalırlar. Bunların hər biri xalqımızın yenilməz qüdrətini, vətənpərvərliyini və estetik duyumunu özündə əks etdirir. Azərbaycanın müxtəlif bölgələrindəki   qalalar, memarlıq kompleksləri,  türbələr və minlərlə başqa abidələrimiz insan əməyinin qüdrətini, sənətkar zövqünün incəliklərini bu gün də qoruyub saxlayır. Bu sənət nümunələri  həm də estetik tərbiyə vasitəsidir. Ümummilli lider Heydər Əliyev mənəvi irsimizin bədii-estetik təsir gücünə əsaslanaraq demişdir: “Estetik təsir vasitələrindən fəal və geniş istifadə olunması ideya-tərbiyə işinin dairəsini genişləndirir, yüksək bədii zövqlər və meyarlar yaradır”.

Müstəqil Azərbaycan dövləti xalqımıza məxsus tarixi-mədəni dəyərlərin mühafizəsinə, tədqiqinə, tədrisinə və təbliğinə çox böyük önəm verir. Lakin təəssüflər olsun ki, torpaqlarımızı işğal etmiş ermənilər qədim Azərbaycan mədəniyyətindən soraq verən abidələrimizin tarixini   saxtalaşdırır və ya onları tamamilə məhv edirlər. Nüfuzlu beynəlxalq təşkilatlar hələ də erməni vandalizminin qarşısını almaqda acizdirlər. Bütün bunlara baxmayaraq, xalqımızın tarixini və mədəni irsini  səylə tədqiq etməli, onların qorunması və təbliği ilə daha geniş miqyasda məşğul olmalıyıq. Tarix və mədəniyyət abidələrimizlə bağlı yazılan kitabların sayı artırılmalı və tədris prosesində onlardan geniş istifadə olunmalıdır.

A.Naxçıvanlı konfransın işinə uğurlar arzulamış, AMİ-nin təşəbbüsü ilə keçirilən bu konfransın ənənə halını alacağına, tədbirdə mədəni irsimizlə bağlı bir çox vacib məsələlərin geniş  müzakirə ediləcəyinə əminliyini bildirmişdir. Qeyd olunmuşdur ki, ikigünlük  konfransda  ümumilikdə 60-dan çox məruzə dinlənilərək müzakirə ediləcəkdir.

Akademik Teymur Bünyadov, Təhsil Nazirliyinin nümayəndəsi Kamil Məcidov, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Arif Əliyev və Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov konfransın tarixi əhəmiyyətindən söz açmışlar.

Bildirilmişdir ki, ən qədim sivilizasiya mərkəzlərindən olan   Azərbaycan zəngin və çoxəsrlik tarixə malikdir. Min illər boyu onun ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olan zəngin mədəni irs formalaşmışdır. Dünyada ən qədim insan məskənlərindən sayılan Azıx mağarasının, daş dövrünə aid yaşayış məskənlərinin kəşfi sübut edir ki, Azərbaycan antropogenez zonasına daxildir. Qədim odlar diyarı bəşəriyyətin ilkin beşiklərindəndir. Azərbaycanda sivilizasiyanın inkişafının əsas mərhələləri müəyyən edilmişdir.

 Son illərdə respublikamızda tarix və mədəni irsin qorunması istiqamətində ciddi işlər görülmüşdür. Otuzdan çox abidədə bərpa-konservasiya, 50-dən çox abidədə elmi-tədqiqat işləri aparılmış, beş tarixi ərazidə qoruqlar yaradılmışdır. Bütün bunlar ölkə rəhbərliyinin tarix və mədəni abidələrə diqqət və qayğısının  parlaq nümunəsidir.

Natiqlər vurğulamışlar ki, qədim və zəngin mədəni irs xalqımızın iftixarıdır. Buraya əsrlərlə yaşı olan xalçaçılıq sənəti, ədəbiyyat, Şərq-Qərb musiqisinin füsunkar harmoniyasını təqdim edən musiqi, həmçinin “donmuş tarix” adlanan Azərbaycan memarlıq abidələri daxildir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyi və təşəbbüsü ilə Azərbaycan muğamı, Novruz bayramı, aşıq, tar ifaçılıq sənətləri, xalçaçılıq UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilmişdir. Tarixi-mədəni irs müntəzəm qayğı tələb edir. Ona görə də, həm ölkəmizdə, həm də sərhədlərimizdən kənarda mədəni irsin qorunması üçün əlimizdən gələni etməliyik.

Gəncləri tariximizi, mədəniyyətimizi, mədəni irsimizi öyrənməyə və qorumağa çağıran natiqlər  onlara xalqımıza məxsus bu sərvətləri layiqincə təbliğ etməyi  tövsiyə etmişlər.

İtaliyalı mütəxəssis Luici Skrinzi Azərbaycanın qədim və tarixi əhəmiyyətli abidələrlə zənginliyindən, səkkiz ildir ki, buradakı abidələrin tədqiqi və bərpası ilə məşğul olmasından danışmış,  Azərbaycanı özünün ikinci Vətəni hesab etdiyini bildirmişdir. Elmi təcrübələrin mübadiləsi baxımından belə konfransların vacibliyini qeyd edən italiyalı qonaq ölkədə gənclər üçün keçirdiyi seminar və kurslardan da söz açmışdır.

Tədbirdə AMİ-nin ictimai elmlər kafedrasının müdiri, professor Qafar Cəbiyevin “Müstəqillik illərində Azərbaycanda tarixi-mədəni irsin tədqiqi, tədrisi, təbliği, mühafizəsi və diyarşünaslıq işinin təşkili sahəsində görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilmişdir.

Sonra konfrans işini  “Tarixi-mədəni irsin tədqiqi, təbliği və mühafizəsi” və “Tarixi-mədəni irsin tədrisi və diyarşünaslıq işinin təşkili”  mövzusunda bölmə iclaslarında davam etdirmişdir.

İclasda Azərbaycan, Türkiyə, İtaliya və İspaniya mütəxəssislərinin mövzuya dair məruzələri dinlənilərək müzakirə edilmişdir.

Konfrans oktyabrın 26-da işini bölmə iclasları ilə davam etdirəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında