Mən müəllim peşəsindən daha şərəfli peşə tanımıram.
Heydər ƏLİYEV
Ümummilli lider
Bu gün ölkəmizin ictimai-siyasi həyatında davamlı yeniləşmə baş verir. Müstəqil Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf etmiş, bəşəri, demokratik dəyərlərin üstün tutulduğu sivil dövlətlərindən birinə çevrilir. Xalqımızın mədəni intibahını daha da sürətləndirmək, sivil dünya xalqlarının elm, bilik marafonunda qürurverici öncül sıralarda yer alması çox vacibdir.
Zamanın qarşımızda irəli sürdüyü hədəf və çağırışlara yalnız elm və təhsildə uğurlu islahatların həyata keçirilməsi yolu ilə nail olmaq olar. Dünya təcrübəsi də göstərir ki, təhsil bütün zamanlarda tərəqqinin hərəkətverici qüvvəsi olub. Yaxşı haldır ki, son vaxtlar milli təhsilimiz azad, demokratik vətəndaş cəmiyyəti quruculuğu yolu seçmiş Azərbaycanda modernləşmə prosesinin lokomotivinə çevrilir. “Mən müəllim peşəsindən daha şərəfli peşə tanımıram” sözlərini olduqca səmimi və böyük məhəbbət hissi ilə yüksək tribunalardan söyləyən ümummilli lider Heydər Əliyev həyatı boyu müəllimə, ziyalıya daim böyük diqqət və qayğı göstərib.
Ulu öndərin Azərbaycan xalqının parlaq gələcəyinə hesablanmış əbədiyaşar siyasəti başqa sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də xalqımızın azad və demokratik seçkilərdə ortaya qoyduğu vətəndaşlıq mövqeyi ilə artıq üçüncü dəfə dövlət başçısı seçilmiş Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Prezidentinin müasir dövrdə elm və təhsilimizin ən yüksək dünya standartlarına çatdıırılması naminə ölkəmizdə neft kapitalının insan amilinə çevrilməsi siyasətini dövlətimizin inkişaf prioritetlərindən biri elan etməsi, bu istiqamətdə görülən böyük davamlı işlər respublikamızın hazırda dünyanın intellektual mərkəzlərindən birinə çevirməkdədir.
Azərbaycan indi regionda təhsilə ən çox sərmayə qoyan ölkədir. Bu gün dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər yeni məktəb binaları tikilərək istifadəyə verilmir, bizdəki qədər məktəblərin ən müasir İKT ilə təchiz olunmasına diqqət yetirilmir. Nəhayət, son vaxtlar dövlətimizin başçısı tərəfindən Təhsil Nazirliyinin rəhbərliyinə yüksək dövlətçilik, təfəkkürlü, peşəkar kadrların gətirilməsi bu sahəyə verilən böyük dəyərin təzahürüdür.
Hər bir ölkənin dünyada mövqeyini adamların bilikləri və insan kapitalı müəyyənləşdirir. Yeni təhsil naziri hörmətli Mikayıl Cabbarov milli təhsilin inkişafını, bütövlükdə, ölkəmizin sürətli tərəqqisi və demokratikləşdirilməsi kontekstində görür. O haqlı olaraq bildirir ki, “sivil ölkələrdə tərəqqini şərtləndirən əsas kriteriyalar ölkələrin zənginliyi, təhsil sistemi, eyni zamanda, insanların bilikli olmaları ilə ölçülür”.
Azərbaycanın da milli intibahı milli təhsilin yetirdiyi və formalaşdırdığı savadlı, bilikli insanların hesabına mümkün olacaq. Düzgün, milli və bəşəri dəyərlər üzərində qurulmuş milli təhsil konsepsiyasının real icra mexanizminin müəyyən edilməsi vacibdir və bu istiqamətdə daim novator, peşəkar mövqe sərgiləməyi tələb edir. Fikrimizcə, hörmətli nazir məhz belə bir prinsipial və ədalətli mövqe ortaya qoyub.
Yeni təhsil naziri qarşıda duran vəzifə və problemləri tam halında görür və onların vaxt itirlmədən həlli üçün real tədbirlər görür. Lakin nazir “Sual yaranır - biz indiki olduğumuz yerdən olacağımız yerə necə çatmalıyıq?” - deyərək hədəfləri müəyyən etməklə kifayətlənmir. O, bu hədəflərə aparan istiqamətləri də açıqlayır. Onun fikrincə, Azərbaycanın milli təhsil sistemi beş əsas elementdən ibarət olacaq: “Qeyd olunan beş əsas elementdən birincisi müəllimlərdir. Müəllimlərlə bağlı ölkədə ciddi işlər görülməlidir. İkinci, element görülən işlərin mahiyyəti ilə bağlıdır. Yəni, orta məktəblərdə, universitetlərdə gənclərə nələr öyrədilməlidir. Üçüncü element idarəetmə ilə bağlıdır və bu da vacib məsələlərdəndir. Dördüncü element təhsilin infrastrukturu ilə, beşinci element isə resurslarla bağlıdır. Yəni bura maliyyə resursları daxildir”.
Nazir bildirib ki, Azərbaycanda bütün təhsil pillələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi, idarəetmənin təkmilləşdirilməsi, bütün maraqlı tərəflərin cəlb olunmasını təmin edən idarəetmə modelinin yaradılması, təhsil müəssisələrinin müstəqilliyinin artırılması, müasir qiymətləndirmə sisteminin yaradılması, peşə təhsili infrastrukturunun əsaslı şəkildə müasirləşdirilməsi, müəllim hazırlığının gücləndirilməsi, nəticələrə əsaslanan differensial əməkhaqqı və mükafatlandırma sisteminin yaradılması və sair bu kimi məsələlər öz müsbət həllini tapmalıdır.
Bütün bunlar düzgün müəyyənləşdirilmiş vəzifələrdir. Təhsil Nazirliyi tərəfindən son dövrdə həyata keçirilən bir sıra əməli addım yuxarıda açıqlanan hədəflərin kağız üzərində qalmayacağına ümidlər yaradır.
Görülən tədbirlərdən bir neçəsini xatırlamaq yerinə düşər. Son illər bir sıra hallarda şagirdlərin orta məktəbləri bitirmələri və attestat almaları bir müşkülə çevrilmişdi. Biri şagirdi, bəziləri pedaqoqları, digərləri orta məktəblərdə yekun imtahanlarını təşkil edən qurumu günahlandırırdı. Təhsil Nazirliyinin keçmiş rəhbərliyi adi, sağlam məntiqin əksinə olaraq, sanki, orta məktəb məzunlarının bir hissəsinin attestat almasından daha çox almamasında maraqlı görünürdü.
Açıq etiraf edilməyən həqiqət bu idi ki, nazirlik orta məktəb məzunlarının ali və orta ixtisas məktəblərinə qəbulu üzrə test imtahanlarında aşağı nəticələr göstərə biləcəklərindən, bununla da TQDK rəhbərliyi tərəfindən tənqidə məruz qalacağından çəkinirdi. Beləliklə, bu iki dövlət qurumu arasında baş verən və uzun illər davam edən qeyri-sağlam rəqabət milli təhsilin keyfiyyətinə mənfi təsir göstərirdi.
Yeni təhsil naziri ictimaiyyəti çox narahat edən bu problemin çətinlik çəkmədən optimal həlli yolunu tapa bildi. Bütün məzunlara orta məktəbi bitirmələri barədə (qeyri-məqbul imtahan cavabları qeyd olunmaqla) attestat verilməsi qərara alındı. TQDK ilə münasibətdə isə qarşılıqlı ittihamların əksinə olaraq etimad və əməkdaşlıq yoluna üstünlük verildi.
Bundan başqa “2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsilinə dair Dövlət Proqramı” üzrə layiqli namizədlərin seçilməsi prosesi olub. Proqramın icra olunduğu 6 il ərzində ilk dəfə namizədlərlə tam şəffaf şəkildə təhsil alacaqları dildə ali təhsil müəssisələrinin, nazirliklərin, qeyri-hökumət təşkilatlarının əməkdaşlarından ibarət tərkibdə komissiyalar tərəfindən müsabiqələr aparılıb və obyektiv seçim edilib. Bu il əvvəlki illərlə müqayisədə sayca ən çox tələbə - 787 nəfər aparıcı xarici ali məktəblərdə təhsil almaq hüququ qazanıb.
Digər bir məsələ. Uzun illlər cəmiyyətə təlqin olunurdu ki, məktəbin problemləri, o cümlədən maddi qayğıları imkanlı valideynlərin birbaşa yardımı olmadan həll oluna bilməz. “Fond pulu”, “abunə pulu” və sair bu kimi qeyri-populyar tədbirlərə əl atan və ya buna vadar olan məktəblər də, müəllimlər də nüfuzdan düşürdü.
Bir müddət əvvəl Mikayıl Cabbarov birmənalı şəkildə bəyan etdi ki, Azərbaycan dövləti kifayət qədər zəngindir və məktəbin maddi problemlərini özü həll etməyə qadirdir. Belə aydın və konkret münasibətin sərgilənməsi məktəbə və müəllimə mənəvi üstünlük qazandırmaqla bərabər, onu ayrı-ayrı şəxslər və valideynlər qarşısındakı açıq və gizli “öhdəliklər”dən azad edir. Bir sözlə, məktəbi “ələbaxımlılıq” psixologiyasından xilas etmiş oldu.
Bunlar geniş ictimaiyyətə bəlli olan faktlardır. Bəlli olmayan, lakin artıq praktik fayda gətirən onlarla tədbir və addım var ki, bunların hər biri barədə təhsil nazirliyi öz veb səfifəsində geniş məlumat verir.
Qarşıda görüləsi işlər, əlbəttə, daha çoxdur. Vacib planlardan biri müəllim əməyinin düzgün stimullaşdırılmasıdır. Bu zaman, təbii ki, pedaqoqun əməyinə verilən maddi və mənəvi dəyər onun şagird və tələbələrin mükəmməl bilik almaları üçün sərf etdiyi əməyin ölçü və keyfiyyətinə adekvat olmalıdır. Yaxşı müəllimin və yaxud böyük şagird kontingenti olan məktəblərin direktorlarının əmək haqları fərqli, differensial, lakin bütün hallarda ədalətli meyarlarla müəyyən edilməlidir. Bu istiqamətdə nazir müəyyən planlarının olduğunu gizlətmir.
Yeri gəlmişkən, təhsil naziri 2013-cü ildə Bilik Günü ilə əlaqədar keçirilən tədbirlər zamanı müəllimlərin peşəkarlığı, onların karyera inkişafı və fəaliyyətlərinin stimullaşdırılması, yeni metodlara verdikləri önəmə görə əmək haqqının differiensial yanaşma əsasında müəyyənləşdirilməsinin zəruri olduğunu bir daha vurğulamışdı.
Başqa bir mühüm məsələ müəllim kadrlarının davamlı olaraq ixtisasartırma kurslarına cəlb edilməsidir. Bu məsələ Qərb dövlətlərində daim diqqət mərkəzində saxlanılır. Nə gizlədək, bizdə uzun illər təhsil sahəsində kadrların yenidən hazırlığına prinsipsizlik mövqeyindən yanaşılırdı.
Bu il ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu zamanı imtahan vermiş namizədlərin bir qisminin bilik səviyyəsinin kifayət qədər yüksək olmadığı müəyyən olunub. Çıxış yolu kimi, müəllim hazırlığı aparılan ixtisaslar üzrə təhsil proqramlarına yenidən baxılması nəzərdə tutulub. Fikir verin, müəllimlər əvvəllər olduğundan fərqli olaraq birbaşa ittiham olunmur, problemi doğuran səbəblərin aşkar edilərək aradan qaldırılması nəzərdə tutulur. Bu da təhsildə həqiqi dönüş üçün zəmin yaradır.
Bundan başqa, Mikayıl Cabbarovun təhsil sahəsində təkilf etdiyi və həyata keçirdiyi bir çox dəyişikliklər məntiqli və başadüşüləndir. Nazir bildirir ki, Azərbaycanda şagirdlər ildə 32 həftə oxuyurlar. Dünya ölkələrində isə orta hesabla 38 akademik həftə mövcuddur. Bu da o deməkdir ki, hər il bizim şagirdlər digər ölkələrin şagirdlərinə nisbətən 6 həftə az dərs oxuyurlar. Nazirin fikrincə, Azərbaycanda şagirdlərin digər ölkələrin şagirdlərindən 6 həftə az oxuması təhsil proqramını asanlaşdırmır, əksinə, çətinləşdirir.
Son illər bir çox nüfuzlu pedaqoqlar, ziyalılar orta məktəb dərsliklərindəki mətnlərin çətin qavranılan, mürəkkəb olmasından giley edirdilər. Düşünürəm ki, məktəblərimizdə akademik təhsil həftələrinin azlığı da dərsliklərin həddindən artıq “yüklənməsi”nə səbəb olub. Dərsliklərin sadələşdirilməsi mövzunun daha yaxşı qavranılmasına kömək edə bilər.
Nazir haqlı olaraq hesab edir ki, təhsil sistemi bacardığı səviyyədə deyil, tələb olunan səviyyədə mütəxəssislər hazırlamalıdır. Bunun üçün tədris proqramlarının hazırlanmasında tədrisin nəticələri əsas meyar kimi götürülməlidir. Deməli, orta və ali məktəblərdə tədris prosesinin məzmunca yeniləşməsinə nail olmaq vacibdir. Bu vəzifələrin hər biri ali və orta məktəb müəllimlərinin çalışdıqları təhsil ocaqlarına maddi bağlılığını təmin və təşkil etməklə mümkündür. Bu problemlərin bir günün, ya beş günün, hətta bir neçə ayın ərzində həll ediləcəyini düşünmək də sadəlövhlük olardı. Lakin onların həlli istiqmətində ciddi və planlı işlər aparıldığı artıq göz qabağındadır. Azərbaycanın təhsil sistemi ölkəmizin sürətli inkişafı üçün səriştəli kadrlar yetişdirməlidir. Təqdir olunan haldır ki, təhsil naziri bu mühüm vəzifənin öhdəsindən gəlmək üçün məhz professionallarla işləməyə üstünlük verir. O deyir: “Biz əgər qapımızı professionalların üzərinə açsaq, onlar təhsilin yüksəlməsinə öz töhfələrini verəcəklər.”
Təhsil naziri qeyri-peşəkarların təhsilin işinə lüzumsuz qarışmasını da təqdir etmir: “Əgər təhsili düzgün şəkildə idarə edə bilsək, təhsil sahəsi ictimai rəyin girovunda olmayacaq və heç kəsin istək, arzularının girovuna çevrilməyəcək”. Təhsil sisteminin ictimai rəyi qabaqlaması, bütövlükdə cəmiyyətin xeyrinədir. Azərbaycanda yaxın gələcəkdə buna nail olmaq mümkün olarsa, bunu yalnız alqışlamaq olar.
Bəli, bu gün Azərbaycan təhsili keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Milli təhsil sistemini idarə edənlər çalışırlar ki, Azərbaycanda azad vətəndaş cəmiyyətinin qurucuları olan yeniyetmə və gənclər təhsilin bütün pillələrində öz istedadlarını aşkar edə bilsinlər, nəticədə, hər bir fərdin istedadı ümumi milli sərvətə çevrilərək Azərbaycanın tərəqqisinə xidmət edəcək. Bizlərə isə bu işdə əməyi olanlara yalnız uğurlar diləmək düşür.
İbrahim NİZAMİOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.