“Azərbaycanı dəyişmiş on il (2003-2013)” – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Moskvadakı “QRİF i K” nəşriyyatı tərəfindən çapdan buraxılmış yeni kitabı belə adlanır.
Kitabda son on ildə ölkəmizdə baş vermiş dəyişikliklər təhlil edilir, bu dövrdə qazanılmış böyük nailiyyətlərin bütün panoramı, habelə geosiyasi dəyişikliklər Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycanın inkişafı kontekstində açıqlanır.
Müəllif əsərə “Ön söz”də qeyd edir ki, İlham Əliyevin iki prezidentliyi dövründə ölkədə möhtəşəm dəyişikliklər baş vermiş, Azərbaycan dünyanın dinamik inkişaf etməkdə olan ölkələrindən birinə çevrilmişdir. Akademik Ramiz Mehdiyev vurğulayır: “İqtisadiyyatın görünməmiş yüksəliş göstəriciləri dünya iqtisadiyyatının sanballı simalarının diqqətini cəlb etmiş özünəməxsus rekorda oxşayır”.
Müəllif Azərbaycan fenomenindən bəhs edərək bildirir ki, bu, nadir nümunədir, çünki iqtisadiyyatı 1990-cı illərin əvvəllərində bərbad vəziyyətə düşmüş ölkə olduqca qısa müddətdə əhali üçün ən kiçik məsrəflərlə sovet durğunluq dövrünün çətinliklər səddini aşaraq dünyanın turbulent regionlarından birində özünəməxsus sabitlik adasına çevrilə bilmişdir. Bu halda 20 ildən artıq müddətdə Azərbaycanın Qarabağ regionuna sahib olmaq iddialarından əl çəkməyən, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan qonşu Ermənistanla davam edən ərazi münaqişəsinə baxmayaraq davamlı inkişaf sürəti müşahidə olunur.
Akademik Ramiz Mehdiyev dövlətimizin başçısının xidmətləri sırasında onu da qeyd edir ki, Azərbaycanın yeni rəhbəri ölkəni sürətli inkişafın başlanğıc mərhələsində qəbul edərək bu uğurların artırılmasının optimal yollarını tapmış, həyat fəaliyyətinin bütün istiqamətlərində yüksəliş imkanlarını şaxələndirə bilmişdir.
Müəllif şəxsiyyətin tarixdə və inkişafda rolu barədə mülahizə yürüdərək vurğulayır ki, qeyri-ordinar qabiliyyətlərə malik olan insanlar həqiqətə və yüksək amallara gedən yollarda adi insanların görə və duya bilmədiklərini aşkar edirlər.
Dörd hissədən və nəticədən ibarət olan əsərdə son onillikdə təkcə ölkəmizin və regionun həyatına təsir göstərməklə məhdudlaşmayıb dünyanın geosiyasi xəritəsində öz əksini tapan mühüm hadisələrdən ətraflı bəhs edilir. Kitabda dünyanın ən rəqabətədavamlı iqtisadiyyatları arasında Azərbaycanın aparıcı mövqelərə çıxmasını təmin etmiş iqtisadiyyatın müasir, səmərəli milli modelinin yaradılmasının səbəbləri və şərtləri göstərilir, demokratik proseslərin təşəkkülünə və inkişafına xüsusi diqqət yetirilir.
Əsərdə göstərilir ki, milli demokratik və siyasi təsisatlar millətin və dövlətin inkişafı yolunda böyük bir mərhələ kimi Azərbaycan şəraitinə və ənənələrinə uyğunlaşma nəticəsində həqiqətən səmərə verir.
Azərbaycanın çoxvektorlu sistemli xarici siyasətinin strateji seçimi məsələsinin araşdırılması akademik Ramiz Mehdiyevin əsərində böyük yer tutur. Kitabın son onillikdə ölkənin xarici siyasət kursuna həsr edilmiş hissəsində xüsusi vurğulanır ki, Prezident İlham Əliyevin bu sahədə fəaliyyəti həqiqətən qüsursuz olmuş, qeyri-ordinar yanaşmaların və incə gedişlərin klassik müntəxəbatına çevrilmişdir. Müəllif qeyd edir ki, MDB-dən Cənubi Amerikaya qədər bütün istiqamətlərdə Azərbaycan diplomatiyasının mövqeləri möhkəmlənir, aşkar görünən səmərə verir. Əsərin bu bölməsində Azərbaycanın qonşu dövlətlər və qərbli tərəfdaşlarla münasibətləri, nüfuzlu beynəlxalq təşkilatların fəal və konstruktiv üzvü kimi onun rolunun artması, respublikanın regionda müsbət dəyişikliklərə, planetdə sülhün və sabitliyin möhkəmlənməsinə şərait yaradan təşəbbüsləri geniş təhlil edilir. Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun nizamlanmasında və inkişafında Azərbaycanın rolu məsələsinə xüsusi diqqət yetirilir.
Əsərin ayrıca bir hissəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmişdir. Bu hissədə problemin mahiyyəti, münaqişənin tənzimlənməsinə dair danışıqlar prosesi, Azərbaycan rəhbərliyinin ölkənin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsinə yönəlmiş səyləri ətraflı təhlil edilir.
Akademik Ramiz Mehdiyev dövlətimizin başçısı İlham Əliyevin onillik prezidentlik dövründə fəaliyyətini yekunlaşdıraraq yazır: “Onun fəaliyyəti inqilabi fəaliyyət oldu, çünki bir onillik ərzində böyük ümidlər doğruldu, bu da insanların hakimiyyətə münasibətini müəyyənləşdirir... Bu gün Prezident İlham Əliyevin nadir təşəbbüsləri onun ölkəsinin, regionun, Avrasiya məkanının iqtisadi landşaftını dəyişdirir, zamanın sərt döngələrində öz liderini inamla dəstəkləyən xalqın mənəvi dirçəlişi üçün güclü stimula çevrilir”.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Naşirlərin fikrincə, Azərbaycanın sürətli inkişaf modeli elmi-tədqiqat mərkəzlərində və institutlarda araşdırma predmeti ola bilər.
Bu da maraqlıdır ki, əsərin üz qabığında son 10 ildə Azərbaycanın inkişafını səciyyələndirən rəqəmlər və faktlar göstərilmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.